Hüseyn Nur

Müstəqil jurnalist

TƏHSİL SİYASƏTİNİN “UĞUR” HEKAYƏLƏRİ

18.05.2017 / Hökumət hər il minlərlə abituriyentin zəif nəticələrindən qayğılanmaq əvəzinə, bir neçə gəncin yüksək nəticələrini reklam etməkdədir

Ötən il universitetlərə tələbə qəbulu imtahanında üç şagird maksimum nəticə göstərdi. Yenə də kütləvi informasiya vasitələri həmin şagirdləri təmtəraqlı şəkildə ictimaiyyətə təqdim etdi. Başqalarına nümunə olacaq belə uğur hekayələrinin təbliği bütün hallarda təqdirə layiqdir.

Lakin burada başqa məqsəd güdülür və nədənsə hər il getdikcə daha çox gəncin imtahanlarda olduqca aşağı nəticələr göstərməsi unudulur. Əvəzində isə mətbuat vasitəsi ilə üç-beş uşağın yüksək nəticələrinə ölkənin təhsil sisteminin uğuru donu geyindirməyə çalışırlar. Əlsində isə bu çalışqan uşaqların göstərdikləri yüksək nəticələrin ölkənin təhsili ilə yaxşı mənada heç bir əlaqəsi yoxdur. Səbəbini isə dövlət təhsilinin sisteminə və təhsilə yanaşmasına nəzər salmaqla aydın görmək olar.

Məktəb - dövlətlə valideynlər arasında bir saziş kimi

Britaniyalı filosof Bertrand Rassel dövlətin təhsil fəlsəfəsi ilə bağlı yazırdı ki, məktəb dövlətlə valideynlər arasında bir müqavilə vasitəsidir. Belə ki, dövlət məcburi məktəb təhsili ilə valideynlərə uşaqları məktəbə göndərməyi, onların təlim-tərbiyəsi ilə dövlətin məşğul olmasını təklif edir. Əvəzində isə valideynlər daha çox zamanını dövlət və özəl sektorlarda çalışmağa sərf etməklə, dövlətin ehtiyacı olan işçi qüvvəsinə olan tələbatını ödəyir. Uşaqların dövlət məktəblərində olduğu müddət dövlət onların cəmiyyətə yararlı vətəndaş kimi yetişməsinin qayğısına üstlənir.

Beləliklə valideynlər dövlətin onların qayğısını azaltması nəticəsində qazandıqları zamanı dövlət üçün işləyir və nəticədə həm dövlətin işi gedir, həm də onlar öz normal həyatlarını təmin etmiş olurlar.

Azərbaycan reallığında isə...

Bu mənada Azərbaycanda təhsilin vəziyyəti ilə onun fəlsəfəsi arasında heç bir əlaqənin olmadığını görmək çətin iş deyil. Əslində ölkəmizdə şagirdlər universitetə qəbul olunmaq üçün lazım olan biliyi məktəbdən yetəri qədər ala bilmir. Bu səbəbdən də valideynlər böyük məbləğdə pul xərcləyərək xüsusən də yuxarı siniflərdə onları xüsusi müəllim – repetitor yanına göndərirlər. Beləliklə ali məktəblərə qəbul olunmaq üçün lazım olan bilik və savad məktəbdən kənarda, valideynlərin şəxsi pulları və şagirdlərin şəxsi səyləri nəticəsində əldə edilir.

Nə müəllimlər öz həyatlarını ləyaqətli yaşamaq üçün lazım olan maliyyəni dövlətdən ala bilirlər, nə də şagirdlər onlar üçün gərək olan savadı. Nəticədə valideynlər, müəllimlər və şagirdlər hardasa öz xüsusi razılıqları və fəaliyyətləri nəticəsində hər tərəfi qane edən bir iş birliyinə girirlər. Beləliklə məktəbdən kənarda, dövlət təhsil müəssisəsindən ayrıca fəaliyyət göstərmiş olurlar.

Onu da qeyd edək ki, Azərbaycanda dövlət orta məktəblərində təhsil pulsuz olsa da, valideynlər övladlarının məktəbdəki təhsili müddətində də kifayət qədər pul xərcləməli olurlar. Belə ki, bizdə uşaqlarını məktəbə göndərən ailələrin qayğıları tək onların gündəlik tələbatlarını ödəməklə bitmir. Valideynlər məktəblərdə şagirdlərdən pul qoparmaq adı ilə müxtəlif bəhanələr üçün də əllərini ciblərinə salmalı olurlar.

Nəticədə bütün orta təhsil müddətində, həmçinin ali məktəblərə hazırlıq məqsədi ilə valideynlər daim pul xərcləməli olur. Bütün bunlar isə əslində dövlətin sahiblənməli olduğu öhdəlikləri nə dərəcə yerinə yetirə bilmədiyinin bariz nümunəsidir. Gördünüyü kimi bütün bu təhsil və vətəndaş yetişdirmə prosesini dövlət olduqca səmərəsiz yerinə yetirir. Bunun nəticəsində də valideynlər, müəllimlər və şagirdlərin məktəbdən kənar ayrıca təhsil sistemi formalaşır.

Bəs Universitetlərdə necə...?

Öz gücünə yetişmiş, savadlı gənclər keyfiyyətli ali təhsil ala bilmək üçün də dövlət qayğısına arxalana bilmir. Yerli universitetlərin əksəriyyəti dövlətə məxsus olsa da, buradakı təhsil haqları bahalıqda bir çox Avropa universitetlərini belə geridə qoyub. Pulsuz tələbə sayı da get-gedə azaldılaraq yox səviyyəsinə endirilib. Təhsilin keyfiyyəti və buradakı korrupsiyanın masştabına nəzər salanda, orta məktəblərdəki vəziyyətə hələ şükür etməli olursan. Yeganə ümid xaricdə ali təhsilə olsa da, burada da imkanlar getdikcə daralmaqdadır. Artıq iki ildir ki, xaricdə təhsil dövlət proqramı da maliyyə çatışmazlığı bəhanəsi ilə dayandırılıb.

Dövlət, orta məktəb öhdəliyini yerinə yetirə bilmədiyi şəraitdə belə, öz gücünə yetişmiş savadlı və bacarıqlı şagirdlərə dəstək olmur, onları xaricdə təhsil proqramından da mərhum edir. Ölkədəki ali təhsil sistemi isə savadlı gənclərin öz potensiallarını reallaşdırmağa, gələcəkdə yüksək ixtisaslı mütəxəssislərə çevrilmələrinə imkan vermir. Hökumət isə bütün bunların dövlətin də işə yaramadığını ya dərk etmir, ya da sadəcə bunda maraqlı deyil. Yeni savadlı kadrlar yetişdirmək əvəzinə, mütəxəssisləri xaricdən dəvət etməyə üstünlük verilir və onlara yüksək məbləğ xərclənir. Bununla da, təhsilə xərclənməli olan pullar əksinə yerli kadrların durumunu daha da çətinləşdirməyə, onların işsiz qalmasına, dışlanmasına xidmət etmiş olur. Bu həm də, strateji sahələrdə yerli kadr çatışmazlığına, milli maraqların da yetəri qədər qorunmamasına gətirib çıxarır.

Görünən odur ki, hökumətin həyata keçirdiyi təhsil sistemi dövlət maraqlarından kənar olmaqla, daha çox korrupsiya üzərində qurulub. Nəticədə cəmiyyətimiz üçün faydalı ola biləcək vətəndaşları itirməli oluruq. Ölkənin istedadlı gəncliyi ya beləcə öz istedadını gerçəkləşdirmək haqqından mərhum olur, ya da bacarsa karyerasını xaricdə qurmaq üçün ölkədən gedir. Dövlətin yalnış təhsil siyasəti nəticəsində ölkə özünün mədəni və elmi potensialını itirir. Bütün bu reallıqlar isə bir daha onu göstərir ki, hər il üç-beş gəncin yüksək balla ali məktəblərə daxil olması hələ yüksək təhsil göstəricisi sayıla bilməz. Dövlət təhsili strateji milli maraq məsələsi səviyyəsinə qaldırılmadıqca, bu cür fərdi uğurlar da ciddi əhəmiyyətə malik olmayacaq.