Rövşən Ağayev

İqtisadçı ekspert

TƏHSİLƏ AYRILAN PULLAR AZALIB. BƏS DİQQƏT?

25.09.2020 / Beynəlxalq ekspertlər Azərbaycanda təhsilə kifayət qədər vəsait xərclənmədiyini deyir

Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin payı azalmaqdadır. Hökumət son illər təhsil xərclərinin artırılmasını əsas hədəf kimi seçdiyini bildirirdi, ancaq rəqəmlər əksini deyir: 2015-2019-cu illərdə Azərbaycanda təhsil xərclərinin bütün büdcə xərclərinə nisbəti 9,9%-dən 8,7%-ə düşüb[1], təhsil xərclərinin ÜDM-də (Ümumi Daxili Məhsulda) payı 2.5-3% intervalında olub. İnkişaf etmiş ölkələrlə müqayisədə bu göstərici aşağıdır. Məsələn, OECD (Organisation for Economic Co-operation and Development—İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri üzrə orta göstərici 5%-dir, bəzi ölkələrdə (Norveç, Böyük Britaniya, Yeni Zelandiya və s.) 6% və daha yüksəkdir[2].

2015-2019-cu illərdə ümumilikdə təhsil xərclərinin məbləğində əhəmiyyətli artım qeydə alınıb[3]. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği 2015-ci illə müqayisədə 2019-cu ildə 591 mln. manat çox olub--2196 mln. manata çatıb[4]. Həmin illərdə təhsil xərclərinin orta illik artımı 9% ətrafında olub. Ancaq təhlil edəndə görürük ki, bu artım tempi ümumi büdcə xərclərinə proporsionaldır.

Ən az vəsait peşə və orta ixtisas təhsilinə ayrılıb

Təhsil pillələri üzrə analiz etdikdə, aydın olur ki, Azərbaycanda təhsil xərclərinin əsas hissəsi orta təhsilə, ən az hissəsi peşə təhsilinin (texniki-peşə liseyləri və kolleclər) maliyyələşdirilməsinə yönəldilir.

Büdcə məlumatları göstərir ki, 2015-2019-cu illərdə təhsil xərclərinin 3-4%-i texniki-peşə və orta ixtisas (kollec) təhsilinə, 9-10%-i məktəbəqədər təhsilə, 10-11%-i ali təhsilə, 54-58%-i orta təhsilə ayrılıb.

Azərbaycanda ali təhsil xərclərinin həm məcmu büdcə xərclərində, həm də ÜDM-dəki payı aşağıdır. 2019-cu ildə ali təhsil xərclərinin büdcə xərclərinə nisbəti 0,9%, ÜDM-ə nisbəti 0,25% təşkil edib. Müqayisə üçün qeyd edək, OECD-ə üzv dövlətlərin bəzilərində (məsələn, Çili, Kanada, Norveç və s.) hökumətin ali təhsil xərclərinin ÜDM-ə nisbəti 1-1,5% intervalında dəyişir[5]. Dünya Bankının ekspertləri də Azərbaycan təhsil sisteminin durumu ilə bağlı analizlərin nəticələrinə istinad edərək təhsil sisteminə yönələn maliyyənin ÜDM-ə nisbətinin aşağı olduğunu qeyd edirlər[6].

Təhsilin İnkişafı Strategiyasına necə əməl olunur?

Azərbaycan hökumətinin 2013-cü ildə qəbul elədiyi Təhsilin inkişafı Strategiyasının prioritetlərdən biri məhz təhsilin maliyyələşdirilməsilə bağlıdır[7]. Sənəddə qeyd edilir ki, təhsil müəssisələrinin maliyyələşdirilməsi onların təqdim etdiyi təhsilin nəticələrindən asılı olmalı, həmçinin adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinə keçid təmin olunmalıdır.

Strategiyanın reallaşdırılması ilə bağlı Fəaliyyət Planına[8] əsasən, 2016-cı ildən başlayaraq, təhsil xərclərinin ÜDM-ə nisbətinin 5-6%-ə çatdırılması nəzərdə tutulurdu. Lakin bu nisbət nəinki artmadı, bir az da azalmağa başladı: 2016-cı ildə təhsil xərclərinin ÜDM-də payı 3% idi, 3 il sonra-- 2019-cu ildə bu göstərici 2,7%-ə endi.

Strategiyanın hədəflərindən biri də, tam orta təhsil xərclərinin adambaşına ÜDM-ə nisbətinin 2 dəfəyədək artırılması idi (2016-2022-ci illərdə). 2016-cı ildə orta təhsil xərclərinin adambaşına ÜDM-ə nisbətinin 11.3% olduğunu nəzərə alsaq (şagird hesabı), rəqəm 2022-ci ilədək 22%-i ötməlidir. Lakin 2019-cu ilin nəticələrinə görə, bu göstəricinin səviyyəsi hətta bir qədər aşağı düşüb-- 10%-dən az olub.

Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində aparılan analiz əsas problemləri üzə çıxarır; təhsil xərclərinin ÜDM-dəki payının aşağı olduğunu, bəzi təhsil pillərinə (peşə təhsili və ali təhsil) çox az vəsait ayrıldığını görürük.

Təhsilin məhdud maliyyə resurslarına malik olması həm orta təhsilin keyfiyyətinin aşağı olmasına (orta təhsil müəssisələrinin PİSA, TIIMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarında əldə etdiyi zəif nəticələrə əsasən), həm ali təhsil müəssisələrinin beynəlxalq univerisitet reytinqlərində əlverişli mövqe qazana bilməməsinə neqativ təsir göstərir.

Bu problemləri nəzərə alsaq, hökumətin təhsil xərclərinin ÜDM-ə nisbətiylə bağlı hədəf göstərici müəyyən etməsi və bunu ortamüddətli büdcə strategiyasına daxil etməsi mühüm şərtdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsi üçün onların elmi büdcəsi əhəmiyyəli səviyyədə artırılmalı, elmi naliyyətlərin kommersiyalaşdırılması yolunda addımlar atılmalıdır.


[1] 2015-2018-ci illər üzrə büdcə məlumatları Hesablama Palatasının rəylərindən götürülüb: http://sai.gov.az/1/reyler/

[3] Azərbaycanda ÜDM-nin həcmi barədə məlumatlar rəsmi statistika orqanının internet mənbəlirndən götürülməklə müəllif tərəfindən hesablanıb: https://www.stat.gov.az/source/system_nat_accounts/

[4] 2019-cu il üzrə büdcə məlumatları Maliyyə Nazirliyinin hesabatından götürülüb: http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/5ebeab18db271.pdf

[7] “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Strategiya”: http://www.e-qanun.az/framework/27274