Rəşad Həsənov

İqtisadçı ekspert

SAXTA STATİSTİKANIN FƏSADLARI

30.12.2020 / Və ya şəffaflaşma hardan başlamalıdır?

1937-ci ildə Stalin SSRİ əhalisinin siyahıya alınması ilə bağlı Dövlət Planlama Komitəsinə (“Qosplan”) tapşırıq verir. Nəticədə əhalinin 162 milyon nəfər olduğu müəyyən edilir. Lakin Stalin bu göstərici ilə razılaşa bilməzdi. O, hələ 1934-cü ilki çıxışlarında əhalinin 168 milyon olduğunu demişdi. Təbliğat rəqəmləri 1934-1937-ci illərdə SSRİ-də çox “böyük iqtisadi inkişaf” olduğunu “göstərmişdi”. “Necə oldu ki, əhali azaldı?” sualı ortaya çıxacaqdı. Stalin 180 milyon gözləyirdi, qarşısına isə 162 milyon qoymuşdular. Bu hadisə Dövlət Planlama Komitəsinin rəhbərlərinin həbsi və sürgünü, həmçinin yeni siyahıyaalma ilə nəticələndi. Yeni rəhbərlik mesajı almışdı; əhalinin 162 milyon yox, 171 milyon nəfər olduğunu “üzə çıxardı”.

Avtoritar və mütləqiyyətçi sistemlər həmişə statistikanın siyasiləşməsini təşviq edir və onu daha çox təbliğat alətinə çevirirlər. Real vəziyyəti isə heç kim, hətta idarə edənlərin özləri də bilmir. Başqa sözlə, kortəbii idarəetmə aparılır.

İş yerləri pandemiya dövründə də “artıb”

Bu günlərdə Azərbaycan cəmiyyətinin müzakirə etdiyi məsələlərdən biri, İqtisadiyyat Naziri Mikayıl Cabbarovun “martın əvvəlindən ölkədə 80 min iş yeri açılıb” sözləridir. [https://apa.az/az/sahibkarliq-fealiyyeti/Nazir-Gozlnilmz-olsa-da-pandemiya-sraitind-martin-vvlindn-olkd-80-min-is-yeri-acilib-619758] Əslində, Azərbaycan cəmiyyəti rəsmi qurumların şişirdilmiş rəqəmlərinə alışıb. Ancaq bu dəfə camaat məsələyə ənənəvi--susqun münasibət göstərmədi. Çünki 9 aydan artıq davam edən COVID-19 pandemiyasının qlobal iqtisadiyyata, eləcə də Azərbaycana neqativ təsirini hamı görür, bilir. Hətta əksər hallarda reallığı əks etdirməyən rəsmi statistikamız belə, 2020-ci ilin 11 ayında (yanvar-noyabr) iqtisadiyyatın 4.3 % kiçildiyini, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) istehsalının isə 5% azaldığını etiraf edib. O cümlədən, turistlərin yerləşdirilməsi və iaşə sektoru 56.9%, tikinti sektoru 11.3%, bütövlükdə sənaye 4.7% kiçilib [https://www.stat.gov.az/news/source/2020_11ay.zip].

Ancaq M. Cabbarovun bəyanatına bənzəyən rəsmi məlumatların da siyahısını genişləndirmək olar. Məsələn, 2020-ci ilin yanvar-avqust aylarında (bu müddətin 6 ayı, yaxud ¾ hissəsi pandemiya dövrünə düşür) hüquqi şəxslərin mənfəət vergisi üzrə yığımlar 1 milyard 830.5 milyon manat olub ki [https://www.stat.gov.az/news/source/2020_9ay.zip], bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13.4% artıqdır [https://www.stat.gov.az/news/source/2019_09ay.zip].

Təzadlar nəinki yerli ictimayyəti, hətta ixtisaslaşmış beynəlxalq təşkilatları çaş-baş qoyur: Axı bu necə ola bilər?

Əslində nə baş verir?

M. Cabbarov səsləndirdiyi rəqəmlər həqiqətdir, amma yanıltmadır. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən əldə edilən məlumatlar müqavilələrin sayında doğrudan da artım olduğunu göstərir. Bəs pandemiyanın tüğyan etdiyi, iqtisadiyyatın zəiflədiyi dövrdə bu müqavilələrin sayı necə artıb?

Əlbəttə, prosesin içində olmayanlar üçün statistik təzadın izahı heç də asan deyil, təzad hətta izahsız görünə bilər. Amma bu, izah oluna bilən vəziyyətdir. Yeni iş yerlərinin “artmasını” şərtləndirən faktorları aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Hərəkətə icazə effekti – Pandemiya dövründə evdən çıxmaq icazəsinin şərtlərindən biri, aktiv iş yerinin (pandemiya ilə mübarizə tədbirləri çərçivəsində fəaliyyəti məhdudlaşdırılmayan iş yeri) olmasıdır. Həm də icazənin bu növü vətəndaşa gün ərzində məhdudiyyətsiz hərəkət imkanı verir. Amma yalnız işçi ilə bağlanan əmək müqaviləsi müvafiq elektron məlumat bazasında olduğu təqdirdə, sahibkar öz işçisinə icazə vermək hüququ əldə edə bilir [https://koronavirusinfo.az/az/post/94]. Məhz bu səbəbdən pandemiya başlayandan sonra bir çox şirkət öz illeqal işçilərinin müəyyən qismiylə formal xarakter daşıyan əmək müqavilələri bağladı. Yəni, əslində mövcud olan iş yerləri sadəcə uçota alındı. Bəzi sahibkarlıq subyektləri isə əmək bazarında olan “əlverişli” mühiti də hesaba qataraq, işçi üçün hesablanan məcburi sosial sığorta haqqını da (əksər müqavilələr 250 manat əmək haqqı--minimum əmək haqqı ilə bağlanıb ki, bunun da məcburi sosial sığorta yükü 65 manatdır) maaşdan tuturlar. İşçilər bu şərtlə razılaşmaq məcburiyyətindədirlər, çünki əmək bazarında durum o qədər pisləşib ki, itirilən iş yerini başqası ilə əvəzləmək çox çətindir.

2) Günəmuzd çalışanların çarəsizliyi - Günəmuzd işləyənlər evdən çıxa bilmək üçün dost-tanışdan (sahibkar olanlardan) ona əmək müqaviləsi yazmasını xahiş etmək məcburiyyətində qalıb. Çünki hökumətin pandemiyadan dəstək mexanizmləri çərçivəsində nəzərdə tutulan yardımlar qeyri-rəsmi işçilər üçün deyil. Bu sosial qrupa aid heç bir qərar yoxdur (nə hərəkət icazəsində, nə də birbaşa maliyyə yardımı mexanizmində). Və bu qrup hər şeyə rəğmən evdən çıxmalı, işləməlidir, əks halda ailə gəlirsiz qalır. Odur ki, bu sosial qrupun nümayəndələri əldə etdikləri əmək müqavilələri ilə “icazə.gov.az” portalı üzərindən icazə alıb, həyatlarını riskə atır (virusa yoluxma riskinə), gizli əmək bazarında iş axtarır, çalışırlar. Üstəlik, “qara əmək müqaviləsi bazarı” həmin şəxslər üçün yuxarıda qeyd olunan 65 manatlıq məcburi sosial sığorta xərci yaradır (sahibkar reallıqda işlətmədiyi birinin sığorta xərcini niyə ödəsin ki?) Yəni, günəmuzd işləyən şəxs sığorta xərcini--65 manatı ödəməklə sərbəst hərəkət hüququnu satın alır.

Beləliklə, hökumətin pandemiya ilə mübarizə çərçivəsində hazırladığı dəstək mexanizmləri mövcud iş yerlərinin uçota alınmasını təşviq edib. Bunlar yeni iş yerləri sayıla bilməz. Sayılsa, əmək bazarı haqqında tam yanlış təsəvvür formalaşar.

İqtisadçı Qubad İbadoğlu ehtimal edir ki, yeni əmək müqavilələrinin bağlanması, hökumətin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq etməyə başladığı müvəqqəti sosial iş yerlərinin yaradılması ilə bağlı ola bilər [https://xalqxeber.az/economy/62062-sahibkari-muflisleshdiren-faizler-kreditler-biznesi-de-batirir.html]. İqtisadçı ekspert Rövşən Ağayev isə yerli mediaya belə deyib: “80 min yeni iş yeri ilə bağlı statistikanın real olub-olmadığını birmənalı deyə bilmərəm... Statistika elə olmalıdır ki, media, araşdırmaçılar, ekspertlər onu yoxlaya bilsinlər. Məsələn, 80 min yeni iş yerinin hansı sahələri əhatə etdiyi, hansı peşələr, hansı bölgələr üzrə açıldığı haqda məlumat verilməlidir” [https://sozcu.az/rovsen-agayev-ola-biler-mikayil-cabbarovun-dediyi-kimi-80-min-is-yeri-acilib-bes-ne-qeder-is-yeri-baglanib/].

Statistik göstəricilərin keyfiyyətsizliyinin nəticələri

Nazirlər Kabinetinin 4 aprel tarixli sərəncamı ilə təsdiqlənən müdafiə mexanizmlərindən biri də, işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi idi. Hökumət bu mexanizmlə 200 min nəfərə yardım etməyi nəzərədə tuturdu, 70 milyon manat vəsait ayırmışdı [https://nk.gov.az/az/document/5017/]. Çünki, həmin vaxt rəsmi statistika ölkədə qeydiyyatda olan işsiz sayını 100.8 min göstərirdi [https://www.stat.gov.az/news/source/2020_3ay.zip]. Müraciətlər çoxalandan və sosial narazılıq doğuracaq məqamlar nəzərə alınandan sonra proqramın əhatə dairəsi 3 dəfə artırılaraq, 600 min nəfərə [https://president.az/articles/39645] çatdırıldı. Halbuki, bir neçə ay əvvəl (2019-cu il, 01-10 oktyabr) ölkədə ümumi siyahıyalama həyata keçirilmiş [https://apa.az/az/sosial/tahir-budaqov-ehalinin-siyahiyaalinmasi-ile-bagli-hazirliq-isleri-yuksek-seviyyede-basa-catdirilib-552689], bunun üçün dövlət büdcəsindən 23,2 milyon manat vəsait xərclənmişdi [https://sputnik.az/life/20191016/422047099/ehali-siyahiya-alinmadi-sebeb.html], işsizlərin sayı bəlli olmalı idi.

Siyahıyaalma yadınızdadır?

“Əhalinin siyahıya alınması prosesindən xəbərimiz var, ancaq bizim məhəlləyə heç kəs yaxınlaşmayıb. Sorğu vərəqələrinə özləri qondarma adlar yazaraq, işlərini yüngülləşdirməyə çalışırlar.” Bu sözləri bir vətəndaş mətbuata, siyahıyaalma zamanı baş verən maxinasiyalardan gileylənəndə demişdi [https://virtualaz.org/olke/149272]. O zaman sosial şəbəkələrdə təşkil edilən qeyri-rəsmi sorğular göstərirdi ki, ölkə əhalisinin təxminən 80%-i siyahıya alma prosesindən kənarda qalıb [https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/bes-sizin-qapinizi-doyen-olubmu/ , https://jam-news.net/az/az%C9%99rbaycanda-%C9%99halinin-siyahiya-alinmasi-basa-catir-amma-coxlari-prosesd%C9%99n-k%C9%99narda-qalib/].

Əhalinin siyahıya alınması zamanı əldə edilən məlumatlar əmək bazarının tədqiqi, o cümlədən iqtisadi-fəal əhali, məşğul əhali, işsiz əhali, qeyri-fəal əhali haqda məlumatların toplanmasını təmin edir [https://www.stat.gov.az/news/index.php?id=4212]. Başqa sözlə siyahıyaalma düzgün təşkil edilsə, hökumət işsizlər üçün birdəfəlik yardım proqramını daha dəqiq tərtib edər, sonradan gözlənilməyən maliyyə yükü ilə üzləşməz. Bu fakt göstərir ki, dəqiq statistika yalnız təhlilçilər, jurnalistlər və yaxud vətəndaşlara lazım deyil, həmçinin hökumətin özü üçün çox vacibdir. Dəqiq indikatorlar olmadan səmərəli və işlək dövlət proqramı, strategiya hazırlamaq, qanunlar və mexanizmlər yaratmaq mümkün deyil.

Statistika və etimad

Keyfiyyətsiz və siyasiləşmiş statistika müəyyən dövrdən sonra xalqların hökumətlərə etibarını itirir. Rəsmi statistikaya cavabdeh olan baş qurum--Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 10 il ərzində (2009-2019) bir dəfə xalqı inandırmaq, xalqla ünsiyyət qurmaq və qurumun reputasiyasını yüksəltmək şansı əldə etmişdi. 2019-cu ildə, əhalinin siyahıya alınması prosesi zamanı şans yaranmışdı. Ancaq...

Etimadsızlıq sindromu hökumətə bütün sahələrdə, müxtəlif səpkili çətinliklər yaradır. Məsələn, Azərbaycanda insanlar əməyin qanuniləşdirilməsi çağırışına, sahibkarlıq subyektləri bizneslərinin ağardılması çağırışına, yaxud ölkəyə əlavə sərmayə qoyulması çağırışlarına, vətəndaş seçki prosesində iştirak çağırışına adekvat reaksiya vermir. Nəticədə hökumət hətta səmimi olduğu halda ciddi nəticə əldə edə bilmir.

Hazırda koronavirusa yoluxma və yaxud bu yoluxma nəticəsində ölüm statistikasının vətəndaşa ciddi təsir etməməsinin də səbəbi etimadsızlıqdır. Xalq bu məlumatlara inansaydı, hökumətin pandemiya ilə mübarizə tədbirlərinin effektivliyi daha yüksək olardı.

Azərbaycanda inflyasiya, işsizlik, yoxsulluq, ümumi daxili məhsulun artımı tempi və yaxud korrupsiya ilə mübarizə indikatorları heç bir steykholderdə qənaət yaratmır. Çünki, işsizliyin azalmasını əks etdirən statistika, alıcı gücünün artması sahibkarın fəaliyyətində, iqtisadiyyatın böyüməsi ailə təsərüfatlarının gəlirlərində, yaxud sahibkarın yığım və təkrar sərmayə imkanında, korrupsiya ilə mübarizə isə bu kimi halların azalmasında özünü göstərmədiyi müddətdə rəsmi rəqəmlərə inanan olmayacaq.