Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

RUSİYA VƏ UKRAYNADAN İDXAL KƏSİLƏRSƏ…

29.03.2022 / Rusiyanın Ukraynaya hərbi təcavüzü Azərbaycanda bir çox məhsulların tədarükündə problemlər yarada bilər


Qadın Donetsk vilayətinin separatçıların nəzarətində olan Volnovaxa şəhərində dağıdılmış tankın yanından keçir. (Foto:Reuters)



Rusiyanın Ukraynaya hərbi təcavüzü Azərbaycanda bir çox məhsulların tədarükündə problemlər yarada bilər. Çünki hər iki ölkə Azərbaycanın həm xarici ticarətində, həm də idxalda önəmli paya sahibdir. Bəzi həyati əhəmiyyətli məhsulların idxalında bu ölkələrdən asılılıq yüksəkdir.

İdxal və ixracda Ukraynanın payı

Ukrayna Azərbaycanın xarici ticarətində yeddinci yeri tutur (2.72 %-lik payla). Ötən il Azərbaycan Ukraynaya 452,5 milyon ABŞ dolları (ümumi ixracda payı 2.04%) dəyərində mal satıb, 470,02 milyon dollarlıq (ümumi idxalda payı 4.02%) məhsul alıb. https://customs.gov.az/uploads/foreign/2021/2021_12.pdf?v=1643353987 Yəni, xarici ticarət saldosu Ukraynanın xeyrinədir.

Bəzi mal qruplarının idxalında Ukrayna əhəmiyyətli pay sahibidir. 2021-ci ildə Azərbaycana gətirilən hər 10 siqaretin təxminən 7-si Ukraynadan alınıb. Ya da belə deyək: Ukraynadan Azərbaycana 12,093 milyon ABŞ dolları dəyəridə 482,7 milyon ədəd siqaret idxal edilib.

Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun idxalının kəmiyyət olaraq 96,9%-i Ukraynanın payına düşüb. Bu, tütün idxalına xərclənən pulun 98,2%-i deməkdir. Yəni, daxili siqaret istehsalı da Ukrayna tütünündən asılı vəziyyətdədir, həm də əhəmiyyətli dərəcədə (Report.az). Bu da o deməkdir ki, Ukraynadan tütün idxalının kəsilməsi Azərbaycanda siqaretin bahalaşması ilə nəticələnə bilər. Artıq Nazirlər Kabinetinin aksiz dərəcələrinin artırılması ilə bağlı qərarı var. 14 mart tarixli qərara əsasən, tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədinin 43 manatdan 46,5 manata, istehlak olunan tütün və tütün məhsullarının 1000 ədədinin 12,9 manatdan 14 manata qaldırılması nəzərdə tutulur. Bu artım da, təbii ki, son məhsulun dəyərinin qalxması ilə nəticələnəcək. https://nk.gov.az/az/document/5994/

Azərbaycana gətirilən dondurulmuş mal ətinin 81,7%-i, toyuq ətinin 71%-i, qozun 69%-i də Ukraynanın payına düşür. Kərə yağı idxalına görə, Ukrayna Yeni Zelandiyadan sonra ikinci yerdə qərarlaşıb.

İxraca gəldikdə, Azərbaycan ötən il Ukraynaya 417 milyon ABŞ dolları dəyərində xam neft (cəmi ixracdakı payı 2,8% olub), neft bitumu (12,5%), neft koksu (3,4%), sürtkü yağları (28,4%), aviasiya yanacağı (10,1%), polietilen (11%), polipropilen (3,2%), nar (6,7%), xurma (6,7%), yaşıl çay (60,9%) tədarük edib.

İdxal və ixracda Rusiyanın payı

Ötən il Azərbaycanın Rusiyaya ixracı Ukraynaya ixracdan 2 dəfədən də çox olub. 2021-ci ildə Rusiyaya 920 milyon 819.53 min ABŞ dolları dəyərində məhsul satılıb. Qeyri-neft ixracında Azərbaycanın əsas tədarük bazarı Rusiyadır. Azərbaycandan bu ölkəyə hesabat dövründə 31 milyon ABŞ dolları dəyərində albalı və gilas (cəmi ixracdakı payı 99,6%), 29 milyon dollarlıq şaftalı (nektarinlər daxil olmaqla--99,2%), 2,5 milyon dollarlıq ərik (98,5%), 157,6 milyon dollarlıq pomidor (98,3%), 3,9 milyon dollarlıq armud (98,2%), 8,7 milyonluq çiyələk (97,9%), 4,9 milyonluq gavalı və göyəm (97,4%), 36,1 milyon dollarlıq alma (96,7%), 38,5 milyonluq kartof (96%), 6,6 milyonluq təzə üzüm (92,7%), 2,7 milyon dollarlıq soğan (71,3%), 49,3 milyonluq fındıq (44,1%), 8,4 milyonluq bentonit gili (86%), 82,2 milyon dollarlıq polipropilen (69%) göndərilib.

İdxal mallarına gəldikdə, mənzərə yenə Ukraynayla müqayisədə çox fərqlidir. Azərbaycan bəzi ərzaq mallarına görə Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, ötən il xaricdən alınan ərzaqlıq buğdanın 95%-i (315,2 milyon ABŞ dolları dəyərində), buğda ununun 96,6%-i (1,4 milyon dollarlıq), qarabaşağın 99,98%-i (6,5 milyon dollarlıq), günəbaxan yağının 97,6%-i (71,8 milyon dollarlıq), soya yağının 88,5%-i (2,1 milyon dollarlıq), marqarinin (maye marqarindən başqa) 80%-i (2,1 milyon dollarlıq), qarğıdalının (toxumluqdan başqa) 90,7%-i (6,4 milyon dollarlıq) Rusiyadan idxal edilib.

Rusiya həm də qeyri-ərzaq məhsullarının tədarükü üzrə dominantdır. Məsələn, uzununa doğranmış meşə materialları (iynəyarpaqlı ağaclardan, ağ şam ağacından və ya küknardan) idxalının 95,1%-i (120 milyon ABŞ dolları dəyərində), yapışqanlı faner idxalının 95,5%-i (32,9 milyon dollarlıq), ağac qapılar, onların çərçivələri və astanaların 70%-i (12,4 milyon dollarlıq), ağaclifli plitələrin (MDF) 53,5%-i (25,1 milyon dollarlıq), bunun19 %-i Ukraynanın payına düşür, taxta-şalban (iynəyarpaqlı, digər yarpaqlı ağaclardan) idxalının 49%-i (2,9 milyonluq), bunun da 20,7%-i Ukraynanın payına düşür, ammonium nitrat (silitra) gübrəsi idxalının 87%-i (16,5 milyon dollarlıq), bitumlaşmış kömürün 100%-i (3,3 milyon dollarlıq), paltaryuyan maşınları (tutumu 10 kq quru paltardan çox olmayan) idxalının 68%-i (30 milyon dollarlıq) Rusiyanın payına düşür (Report.az).

Və müharibə nəticəsində bütün bunların idxalında problem yarana bilər, çünki Rusiya hökumətinin daxildə qıtlığın qarşısını almaqdan ötrü ixraca qadağa qoyması ehtimalı böyükdür. Analoji qadağalar artıq qüvvəyə minməkdədir. Misal üçün, Rusiyadan şəkər və taxıl ixracı avqustun 31-nə kimi dayandırılıb.

Rusiyada qazanc azalacaq

Azərbaycanda əhalinin dolanışığına önəmli dərəcədə təsir edən faktorlardan biri xaricdən göndərilən pullardır. Rusiyadan göndərilən vəsaitlərin həcmi xüsusilə önəmlidir. Çünki azərbaycanlıların çoxu Rusiyada işləməyə üstünlük verir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) statistikası da təsdiq edir.

AMB-nin tədiyyə balansı statistikasına əsasən 2021-ci ildə ölkəyə fiziki şəxslərdən daxil olmuş pul baratlarının ümumi dəyəri 1 milyard 133 milyon 391 min dollar olub. Xaricdən daxil olan pul vəsaitlərinin 55%-i (623 milyon dollar) Rusiyadan gəlib. Ukraynadan daxilolmalar isə təxminən 30 milyon dollardır (xüsusui çəkisi 2.6%).

İqtisadçı ekspert Xalid Mikayıl deyir ki, Rusiyanın Ukraynaya müdaxiləsi Azərbaycana göndərilən pulların miqdarına mənfi təsir edəcək: “Dünya Bankı Azərbaycana daxilolmaların 23% azala biləcəyini proqnozlaşdırır. Bu isə Rusiyadan daxilolmaların 156 milyon dollar azlaraq, 525 milyon dollara enməsi deməkdir. Qlobal banklar və iqtisadi təşkilatlar 2022-ci ildə Rusiyada tənəzzül proqnozlaşdırır. Beləliklə, Rusiyadan daxilolmalara təsir edəcək əsas amillər, Rusiyada iqtisadi artımın zəifləməsi, işsizliyin artması, rublun dollara qarşı zəifləməsi ilə daxilolmaların ABŞ dollarında azalması və Rusiyanın “SWIFT” sistemindən kənarlaşdırılmasıdır.”

X. Mikayıl hesab edir ki, Rusiyanın Azərbaycanın qeyri-neft ixracı üçün əsas bazar olduğunu nəzərə alsaq, ölkənin qeyri-neft daxilolmalarının da azalması qaçılmazdır: “Çünki dəyərsizləşən rublun alıcılıq qabiliyyətinin azalması Azərbaycandan Rusiyaya idxalın bahalaşmasına səbəb olur. Ümumi qeyri-neft ixracının üçdə biri və ya 750-800 milyon dolları Rusiyanın payına düşür. Qeyd olunanları nəzərə alsaq, orta ssenaridə həm pul daxilolmaları, həm də qeyri-neft ixracı üzrə daxilolmaların azalması ilə, yəni bu 2 kanal üzərindən daxilolmaların 30-40 % azalması Azərbaycana 400-500 milyon dollar həcmində ziyan vura bilər. Əsas təsirlənən sektorların başında kənd təsərrüfatı sektoru, nəqliyyat, turizm və bank sektorları gəlir. Bank sektorunda Rusiyaya sanksiyalar səbəbindən həm müxbir əlaqələrin kəsilməsi, həm də köçürmələrin azalması ilə gəlirlərin azalması baş verəcək”.

Azərbaycan vətəndaşları geri qayıtsa…

Rusiyada və Ukraynada dəqiq nə qədər Azərbaycan vətəndaşının yaşadığı bəlli deyil. Mediada yazılanlara görə, Rusiyada 3 milyona yaxın, Ukraynada isə bir neçə yüz min azərbaycanlı yaşayır. Bu vətəndaşlar Azərbaycana geri qayıtsalar, hansı problemlər yarana bilər?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, DSK-nın məlumatına görə, 1990-2020-ci illəri əhatə edən 30 ildə Ukraynaya daimi yaşamaq üçün gedənlərin sayı 36.7 min nəfər olub: “Bəzi məlumatlara görə, bu ölkədə 500 mindən artıq azərbaycanlı miqrant yaşayırdı. Ukrayna azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri idi, bu göstəricinin həqiqətə yaxın olması mümkün görünür. Müharibə zonasından təxliyyə edilən azərbaycanlıların sayı artıq 10 minə çatır. Növbəti həftələrdə bu say kəskin şəkildə artacaq. Azərbaycanlıların reemiqrasiyası ilk növbədə Azərbaycana göndərilən remitenslərin (xaricdə qazanılıb göndərilən pulların) azalmasına səbəb olacaq. Bu vəsaitlər bəzi ailələrin tək gəlir mənbəyi idi. Nəticədə belə ailələrin sosial vəziyyəti ağırlaşacaq”.

Ekspertin fikrincə, emiqrasiya, indi isə reemiqrasiya etmək məcburiyyətində qalanların təxminən 85%-nin əmək qabiliyyətli olması əmək bazarında təklifin əhəmiyyətli səviyyədə artması deməkdir: “Bu isə onsuz da pandemiyadan əziyyət çəkən iqtisadiyyat üçün əlavə çətinlik yaradacaq. İşsizlik artacaq, hətta təklifin artması öz növbəsində əmək bazarında əmək haqqının azalması ilə nəticələnə bilər. Geri dönənlərin bir çoxunun Azərbaycanda evinin olmamasını nəzərə alsaq, bu, kirayə bazarında da ələvə tələb yaratmaqla kirayə qiymətlərini artıracaq. Artan işsizlik və yoxsulluq ölkədə kriminal vəziyyətin pisləşməsi ilə nəticələnə bilər. Hökumət gözlənilən bütün bu riskləri minimuma endirmək məqsədi ilə bir an öncə hərəkətə keçməlidir”.

Hökumətin görəcəyi tədbirlər haqda, hələ ki, məlumat yoxdur. Yalnız Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib ki, Azərbaycanda əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyatlar yaradılıb.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan