Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

RUSİYA TAXIL QADAĞASINI AZƏRBAYCANA DA TƏTBİQ ELƏSƏ…

17.03.2022 / Azərbaycan idxal olunan buğdanın 80%-dən çox hissəsini Rusiyadan alır


İlham Əliyev Ağcabədi rayonunun Hindarx qəsəbəsində taxıl biçininə başlanması mərasimində. 03.06.2020



Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, Aİİ-dən kənara isə şəkər ixracına qadağa qoyub. Taxılın qadağası iyunun 30-u, şəkərinki avqustun 31-ə qədər çəkəcək. Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında (https://tass.ru/ekonomika/14068825) belə deyilir: "Rusiya Aİİ ölkələrinə taxıl ixracına, eləcə də üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edir. Bu barədə fərmanı baş nazir Mixail Mişustin imzalayıb… Qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul edilib."

Hökumətin açıqlamasında qadağanın hansı tarixdən qüvvəyə minəcəyi barədə bir söz deyilmir. Mətbuat fərmanın martın 15-dən qüvvədə olacağını yazır.

Rusiyanın taxıl qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya aiddir. Azərbaycanın bu məhsullardan ən çox buğdaya ehtiyacı var.

Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkənin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57%-dir, yəni daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. Və idxal olunan buğdanın 80%-dən çox hissəsini Azərbaycan Rusiyadan alır. DSK-nin məlumatına görə, ötən il buğda idxalı 1,148 milyon ton olub ki, bunun da 1,088 milyon tonu Rusiyadan gəlib.

Rusiyanın taxıl ixracı ilə bağlı qadağasının təsir dairəsi genişlənərsə, Azərbaycan bunun öhdəsindən necə gələcək?

Alternativ axtarmaq lazımdır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov (https://ereforms.gov.az/az/media/xeberler/rusiya-ukrayna-munaqisesi-dunya-bazarinda-bugdanin-qiymetinin-suretle-artmasina-zemin-yaradir-362) müharibənin buğdanın qiymətini sürətlə artıracağını istisna etməyib: “Dünyada buğda ixracının 29%-i Rusiya və Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır. Azərbaycanın taxılla bağlı ehtiyatları bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün ən optimal variant alternativ bazar axtarmaqdır”.

R.Hüseynovun sözlərinə görə, ötən il Azərbaycanda buğda istehsalında hər hektara düşən məhsuldarlıq 31.7 sentner olub: “Son 5 ildə orta məhsuldarlıqda artım müşahidə edilmişdir. Lakin buğda istehsal edən bir sıra qabaqcıl ölkələrlə müqayisə aparsaq, bu rəqəmin aşağı olduğunu görərik. Bu sahədə görüləsi işlər davam etdirilməlidir.

Azərbaycanda əhalinin böyük hissəsinin kalori ehtiyacı çörək üzərindən qarşılandığına görə buğda çox ciddi strateji məhsuldur. Beynəlxalq statistik məlumatlara əsasən, Azərbaycanda un istehsalı 2020-ci ildə adambaşına 84-85 kq olub. İnkişaf etmiş ölkələrdə bu rəqəm 55-65 kq-dır… Azərbaycanda un istehlakının daha çox olması buğdanın ərzaq təhlükəsizliyini saxlamaq üçün önəmli məhsul olduğunu deməyə əsas verir”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da ərzağın, o cümlədən taxılın qiymətinin artdığını elan edib (https://www.fao.org/newsroom/detail/fao-food-price-index-rises-to-record-high-in-february/en). FAO-nun martın 5-də açıqladığı məlumata görə, bu ilin fevral ayında ərzaq qiyməti indeksi bu ilin yanvar ayı ilə müqayisədə 3,9%, 2021-ci ilin fevral ayı ilə müqayisədə isə 24,1% artaraq, 140,7 bəndə çatıb. Bu, yeni tarixi maksimumdur.

FAO-nun taxıl qiyməti indeksi aylıq müqayisədə 3%, illik ifadədə isə 14,8% artaraq, fevralda 144,8 bənd təşkil edib: “Qara dəniz regionunda Ukrayna və Rusiyadan (taxılın iki əsas ixracatçısı) ixraca mane ola biləcək fasilələr fonunda qlobal təchizat qeyri-müəyyənlikləri taxılın qiymətini qaldırıb”.

“Azərbaycanda idxal inflyasiyası qaçılmazdır”

Millət vəkili, iqtisadçı Vüqar Bayramov deyir ki, Rusiya-Ukrayna müharibəsi regionda və eləcə də qlobal bazarda qiymətləri artıq qaldırıb: “Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır.

Rusiyaya tətbiq olunan sanksiyalar, eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan idxal inflyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarında qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.

Azərbaycanda bahalaşma müharibədən öncə başlayıb

Azərbaycanda un və un məhsullarının qiyməti Rusiyanın Ukraynaya müdaxiləsindən öncə—2022-ci ilin əvvəlindən artmağa başlayıb. Yanvarın ilk günlərində 50 kq-lıq un kisəsinin qiyməti 26 manatdan 36 manata, zavod çörəyinin qiyməti isə 50 qəpikdən 65 qəpiyə qalxdı. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bahalaşmanı belə əsaslandırmışdı: “Çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiyadır. Ona görə ki, ən ucuz buğdanı Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik”.

Azərbaycanın baş naziri Əli Əsədov da martın 15-də parlamentdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, Azərbaycan taxılı daha çox Rusiyadan idxal edir və Rusiya ixrac rüsumlarını 28 dollardan 34 dollara qaldırıb: “Ötən il prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.

Unun bahalaşmasına qarşı nə etmək olar?

Parlamentdə çıxışında baş nazir Azərbaycan hökumətinin taxıl məsələsiylə məşğul olduğunu bildirib. Onun sözlərinə görə ölkənin kifayət qədər taxıl ehtiyatı var və hökumət bu ehtiyatın artırılmasına çalışır. “Amma mən detalları burada deməyəcəm,” deyə, nazir görülən tədbirlər haqda əlavə nə isə danışmayıb.

Unun dəyərinin hələ müharibədən əvvəl artması bazarın Rusiyadakı qiymətlərdən, ixrac rüsumlarından nə qədər asılı olduğunu təsdiqləyib. Ona görə də ekspertlər həm idxal ölkələrini, həm də daxili istehsalı (işğaldan qurtarılmış torpaqlar hesabına) artırmağı tövsiyə edirlər.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan