Toğrul Vəliyev

İqtisadçı

QEYRİ-NEFT İXRACI NƏYİN HESABINA ARTIB?

12.08.2021 / Rəqəmlər qeyri-neft məhsulları ixracının 25% artdığını deyir

Ölkədə qeyri-neft məhsullarının ixracı 25,4% artaraq 908 mln.$ təşkil edib. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu yaxınlarda öz Twitter hesabında yazıb. Onun sözlərinə görə, “ölkə iqtisadiyyatı inamla bərpa olunur”, artım 2021-ci ilin yanvar-may aylarında müşahidə olunub, “ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6% artıb”. Nazirin dediklərini Dövlət Gömrük Komitəsi (DGK) də təsdiqləyir. DGK-nın məlumatına görə, Azərbaycanda 2021-ci ilin yanvar-may aylarında “Qeyri-neft sektoru (2709-2715 mal mövqeləri istisna olmaqla) üzrə ixracın həcmi” 907 558,12 min dollar təşkil edib. Bu da Azərbaycanın ümumi ixracının 12,22%-i deməkdir. Keçən illərlə müqayisədə müvafiq dəyər və pay da artıb

Qeyd etdiyimiz kimi, DGK Xarici İqtisadi Fəaliyyətinin Gömrük Nomenklaturasına uyğun olaraq, “qeyri-neft ixracatı” deyəndə 2709-2715 mal mövqelərinə aid olmayan məhsulların ixracı nəzərdə tutulur. Həmin mal mövqelərinə isə birbaşa xam neft və onun fraksiyaları və təbii qaz aiddir. Müvafiq məhsullardan alınan bəzi digər məhsullar isə qeyri-neft məhsulu sayılır.

Artım hansı səbəbdən baş verib?

Azərbaycanda 2021-ci ilin ilk 5 ayında iqtisadi artım ümumi olaraq 0,8% təşkil edib. Bu, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədir. 2020-ci ilin ilk 5 ayının isə ən azı 2-sini Azərbaycan sərt karantin rejimi şəraitində keçirib. İxracın artımı məntiqli olaraq, iqtisadi artımda da öz nəticəsini göstərməli idi. Bəs niyə göstərmədi? Necə oldu ki, ixracat artdı, amma biz bunu iqtisadiyyatda müşahidə edə bilmədik? Bunu başa düşmək üçün Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təqdim olunan məlumatlara baxaq. Sonuncu məlumatlar bu ilin yanvar-aprel aylarına aiddir. Detallığa qaldıqda DSK-nın məlumatları DGK-nın bu ilin yanvar-may ayına təqdim etdiyi məlumatlardan bir elə fərqlənmir. Ona görə ilk 4 ayı araşdıraq. DGK-nın məlumatına görə, yanvar-aprel aylarında qeyri-neft ixracatında artım 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27% olub.

Cədvəl 1. Qeyri-neft ixracatında 2021-ci illərin yanvar-aprel aylarında ilk TOP-10 (min dollar)

Cədvəl 1-dən göründüyü kimi 2021-ci ildə qeydə alınmış ilk onluq çox müxtəlifdir. Burada həm kənd təsərrüfatı, həm neft-kimya sənayesi, həm də alüminium məhsulları mövcuddur.

Ən çox ixrac olunan pambıqdır

Məlumata görə pambığın ümumi ixracı 96,4 milyon dollar təşkil edib. Fiziki həcmdə 2020-ci ilin eyni dövrü ilə müqayisədə artım 106% təşkil etdiyi halda, gömrük dəyəri cəhətindən artım 117% olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ixracın 51,9 milyon dollarlıq hissəsi özəl “MKT İstehsalat Kommersiya MMC”-nin, 34,6 milyon dollarlıq hissəsi isə dövlətə məxsus olan “Azərpambıq Aqrar Sənaye Kompleksi MMC”-nin payına düşür. Başqa sözlə digər şirkətlərin payına ən azı 9,9 milyon dollarlıq hissə qalır. Azərbaycan həmçinin kiçik həcmdə pambıq parçalar, tullantılar və s. də ixrac edir. (Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac olunur.)

Emal üçün göndərilir, adını “ixracat” qoyurlar

Azərbaycandan ixrac olunan məhsulların siyahısında ikinci yeri qızıl tutur. Azərbaycanda hasil olunan qızıl Dövlət Neft Fondu tərəfindən alınır, emal üçün İsveçrəyə gedir. Faktiki olaraq, ixrac olunmur (sonradan müvafiq məhsul ölkəyə qayıdır), ancaq statistikada ixrac kimi göstərilir. 2021-ci ilədək Azərbaycanda bu sahədə iki şirkət fəaliyyət göstərib: Dövlətə məxsus “Azərgold” QSC və özəl “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”. 2020-ci ildə “Azərgold” lider deyildi. Amma 2021-ci ilin yanvar-may aylarında 42,6 milyon dollarlıq qızıl onun payına düşüb.

Neft-kimya sənayesi məhsulları qeyri-neft sektoruna aid edilib

Azərbaycanın qeyri-neft ixracatının ən maraqlı tərəfi odur ki, onun ən azı 19,2%-i SOCAR və ya ona məxsus olan şirkətlərin payına düşür. Misal üçün, 2021-ci ilin ilk 4 ayında “SOCAR Polymer MMC”-nin (dövlət-özəl tərəfdaşlıq hesab olunur) payına 67,2 milyon dollar, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına isə 67 milyon dollar düşüb. Bildiyimiz kimi SOCAR neft və neft-qaz sənayesi ilə məşğuldur. Müvafiq müəssisələrin istehsal etdiyi məhsullar neft-kimya sənayesi hesab olunur. Məhz müvafiq sənaye müxtəlif polimerlər, propilen və s. istehsal edir. O zaman bu sənaye məhsullarını “qeyri-neft ixracatı” kimi göstərmək nə dərəcədə düzgündür? Əslində xam neftdənsə emal olunmuş məhsulların ixracı daha effektivdir, burda ciddi problem yoxdur. Sadəcə bunların uçotda “qeyri-neft məhsulları” adlandırılması maraq doğurur.

Yeri gəlmişkən, müvafiq məhsulların sayı çoxdur. İlk onluqda ən azı 4 məhsul bu və ya digər yolla neft-qaz sənayesi ilə bağlıdır. Məsələn, 2021-ci ildə ixracı azalan elektrik enerjisi Azərbaycanda təbii qazdan istehsal olunur. Əlbəttə ki, elektrik enerjisinin ixracı daha effektivdir. Amma hər bir halda bu da bizim yanacaq sənayimizə aiddir və onu “qeyri-neft-qaz” adlandırmaq çətindir.

Xurmanın ixracı 2 dəfədən çox artıb

Kənd təsərrüfatı məhsullarından ilk onluğa pomidor, fındıq və xurma daxil olub. Maraqlıdır ki, bir neçə ay əvvəl KİV-lər xurma istehsalçılarının pis vəziyyətə düşdüyündən bəhs edirdilər. Amma göründüyü kimi, bu sahə üzrə artım 2 dəfədən çox olub. Amma pomidor və fındıq ixracatı nisbətən azalıb. (2021-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas ixracatçıları qismində “P-Aqro MMC”, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD MMC”, “Critical Fruit MMC” və “Aqrovest MMC” çıxış edib.)

300 mindən 13 milyon dollara

Dəmir və polad sənayesinin də rolu artıb. Ən yüksək artım göstərən məhsul yarımqrupu “Dəmirdən və ya aşqarlanmamış poladdan yarımfabrikatlar”dır. 2020-ci ilin ilk 4 ayı ərzində müvafiq məhsulların ümumi ixrac dəyəri 300 dollar təşkil etdiyi halda, 2021-ci ilin eyni dövründə 13 milyon dollara bərabər olub. Ümumiyyətlə, alüminium və mis məhsulların ixracı artır. Burda dövlətin də payı yüksəkdir. Bu ilin əvvəlindən dövlətə məxsus “Azəralüminium MMC” 45,2 milyon dollar dəyərində məhsul ixrac edib.

“Reeksport”ın payı böyükdür, ancaq haqqında danışılmır

Qeyri-neft ixracında “təkrar ixrac” da vacib rol oynayır. DGK və DSK bunu heç yerdə qeyd etmir, amma ixrac olunan məhsullara baxanda faktı müşahidə edə bilirik. Məsələn, 2021-ci ildə Azərbaycan şəkər qamışından əldə olunmuş şəkər ixrac edib. Bəllidir ki, Azərbaycanda şəkər qamışı mövcud deyil və yaxın gələcəkdə də, yəqin ki, olmayacaq. Amma şəkərin ixracı 4,5 milyon dollardan 13 milyon dollara kimi artıb. Eyni zamanda Azərbaycan öz istehlakı üçün çay idxalçısı olduğu halda, onu ixrac etməyə də müvəffəq olur. Bunlar “re-ixrac” hesab olunur, ancaq heç yerdə göstərilmir.

Bir sözlə, vəziyyət müəmmalıdır. DGK-nin tətbiq etdiyi metodologiyaya baxanda qeyri-neft ixracı artır. Amma onun strukturu əsasən ya xammaldan (pambıq, müxtəlif metallar və s.), ya da neft-kimya sənayesi məhsullarından ibarətdir. Əslinə qalsa, burda pis bir şey yoxdur. Məsələ daha çox dövlətin iqtisadi siyasəti ilə bağlıdır. Onun əsas məqsədi ixracı diversifikasiya etmək və ya ölkə iqtisadiyyatında yaranan əlavə dəyəri artırmaq deyil, sadəcə 2709-2715 mal yarımqruplarına aid olmayan məhsul ixracının həcminin böyüdülməsidir. Bu ixracın nəyin hesabına və necə artırılması artıq heç kimi maraqlandırmır. Yəni, misal üçün, şəkər qamışından istehsal olunan şəkərin “re-ixracının” Azərbaycan iqtisadiyyatına hansı faydası var? Əlbəttə ki, heç bir. Burda yalnız müvafiq şirkət vasitəçilik hesabına qazanc əldə edir. Və ya pambıq ixracını artıran ölkənin geyim və parça üçün tamamilə idxaldan asılı olması nə dərəcədə düzgündür? Yaxud, onsuz da Neft Fondu tərəfindən alınan qızılın ixracda göstərilməsinin formallıqdan başqa nə faydası ola bilər?

Düzdür, iqtisadi siyasət müxtəlif göstəricilər əsasında formalaşmalıdır. Amma bu göstəricilər formallığı yox, reallığı və daha çox keyfiyyəti nümayiş etdirməlidir. Əks halda hər hansı inkişafa nail olmaq mümkün deyil. Əgər DGK və DSK yalnız formallığa nail olmağa çalışacaqlarsa, reallıq və göstərilən rəqəmlər bir-birindən çox fərqlənəcək. Bu da effektiv iqtisadi siyasətinin qurulmasına imkan verməyəcək.