Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

QEYRİ-NEFT İXRACI ARTIMININ ARXASINDA NƏ DURUR?

08.04.2022 / Azərbaycanın ixracının 86 faizi 10 ölkənin payına düşür


Açıq mənbələrdən foto



Azərbaycan qeyri-neft sektoru üzrə ixracatı artırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 5 milyard 967 milyon 735.21 min ABŞ dolları olub https://ereforms.gov.az/az/media/xeberler/ixrac-icmali-nin-mart-sayi-teqdim-olunub-368. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 130,6 milyon dollar (39,4%) artaraq, 461 milyon 800.76 min dollara çatıb. Ancaq...

2014-cü ildə xam neftin sürətlə ucuzlaşması, 2015-ci ildə Azərbaycan manatının dəyərini qısa müddətdə 2 dəfədən çox itirməsi göstərdi ki, manatın məzənnəsi təbii resurs gəlirlərindən asılı olmamalıdır, bu asılılıqdan qurtarmadıqca, iqtisadiyyatın uzunmüddətli dayanıqlı inkişafı mümkünsüzdür. Azərbaycan hakimiyyəti həmin illərdə qeyri-neft ixracının inkişafına diqqət yetirməyə başaldı və müxtəlif sektorları əhadə edən 12 Strateji Yol Xəritəsi qəbul etdi.

Azərbaycan prezidentinin 2016-cı il, 6 dekabr fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ində qeyd edilirdi ki, qeyri-neft sektoru üzrə ixracın adambaşına 170 dollardan (2015-ci ilin göstəricisi) ən azı 450 dollara qaldırılması (2025-ci ilə) hədəflənir https://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI .pdf .

İxracın 65%-i 3 ölkənin payına düşür

Qeyri-neft ixracı artsa da, bəzi problemlər qalır. Birincisi, həcmin azlığı problemi var. Bu ilin ilk 2 ayında ixracın yalnız 7.74%-i qeyri-neft sektorunun payına düşüb.

Qeyri-neft ixracatının digər problemi coğrafi məhdudluqdur. İqtisadi nəzəriyyələrə əsasən, ixrac hədəflərinin çeşidləndirilməsi strateji əhəmiyyətə malikdir. Yəni məhsulların müxtəlif ölkələrə ixrac olunması zəruridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bunu bir daha sübut etdi. Çünki həm Rusiya, həm də Ukrayna Azərbaycanın xarici ticarətində önəmli paya sahibdir və bu ölkələrlə idxal-ixracın kəsilməsi ciddi iqtisadi problemlərə səbəb ola bilər.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının 65%-i üç ölkənin—Türkiyə (33.20%), Rusiya(25.79) və Gürcüstanın (6.08%) payına düşüb.

Ümumiyyətlə, Azərbaycan 139 ölkə ilə ticarət əməliyyatları aparır. Buna baxmayaraq, ixracatda ən yüksək paya malik olan 10 ölkə, Azərbaycanın ümumi ixracının (2022-ci ilin yanvar-ferval aylarında) 86%-ni təmin edir. Bu rəqəm ölkə ixracatının coğrafi baxımdan çox aşağı səviyyədə diversifikasiya olunduğunu göstərir.

Yenə SOCAR

Qeyri-neft ixracındakı məhsulların bir çoxu neftə bağlıdır. Üstəlik, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Sonrakı şirkətlər: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC.

Qeyri-neft ixracı ilə bağlı ixrac gəlirlərinin əsas hissəsinin bir neçə subyektin əlində cəmlənməsi, qeyri-neft ixracı sektorunun neftdən asılı olması bu sahənin inkişafını əngəlləyən ciddi problemlərdir.