Araz Əliyev

Siyasət təhlilçisi

“QARA QIZIL” MÜASİR İNSAN KAPİTALINA ÇEVRİLİRMİ?

30.11.2024 / Azərbaycanda təhsil və səhiyyə göstəriciləri pisləşir, sosial müdafiə isə yerində sayır


“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim olunur



Son illərdə Azərbaycanda bir çox sahələrdəki könüllülük fəaliyyəti, o cümlədən gənclərlə bağlı layihələr ictimaiyyətə “müasir insan kapitalı” formalaşdırmaq adı altında təqdim edilir. Hələ 2014-cü ildə mediada prezident İlham Əliyevin “qara qızılı insan kapitalına” çevirmək ideyasının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu vurğulanırdı.[1] O biri tərəfdən 2 fevral 2021-ci il tarixində təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində[2] də rəqabətli insan kapitalı məsələsinə xüsusi önəm verildiyi, beş əsas prioriterdən birinə çevrildiyi vurğulanır.

Bəs əslində Azərbaycanda insan kapitalı ilə bağlı real vəziyyət necədir? Doğrudanmı hökümətin icra etdiyi fəaliyyətlər insan kapitalının inkişafına təkan verib? “Qara qızılın insan kapitalına çevrilməsi” ilə bağlı dövlət siyasəti özünü nə dərəcədə doğruldub?

Öncəlikdə qeyd edək ki, insan kapitalı termini işçinin təcrübə və bacarıqlarının iqtisadi dəyərini ifadə edir[3], işçilərin bacarıq və biliklərinin təhsil vasitəsilə investisiyasına əsaslanır. İnsan kapitalı dedikdə insanların həyatları boyu topladıqları və onların istehsal potensialını reallaşdırmağa imkan verən bilik, bacarıq, sağlamlıq və sosial müdafiə şəraiti başa düşülür. Dünya Bankının Azərbaycanda insan kapitalı ilə bağlı hesabatlarında[4] da əsas üç meyar, təhsil, səhiyyə və sosial müdafiə ölkələr üzrə insan kapitalını formalaşdıran zəruri amillər kimi qeyd olunur.

Dünya Bankının hazırladığı Human Capital Index[5] göstərir ki, Azərbaycanın insan kapitalı üzrə indeksi 0.58-dir. Bu göstərici 2010-2020-ci illər arası müddətdə təhsil, səhiyyə və sosial müdafiə sahəsindəki dəyişən indikatorlar nəzərə alınmaqla müəyyən edilib. İndeksdə əks olunan məlumat Azərbaycanda bu gün doğulan uşaqların tam sağlam və keyfiyyətli təhsillə təmin edildikləri vəziyyətlə müqayisədə öz məhsuldarlıq potensiallarının 58 %-ni əldə edə bildiklərini ortaya qoyur. Onu da qeyd edim ki, bu göstərici Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə orta göstəricidən 5 faiz bəndi, Avropa İttifaqı ölkələri üzrə orta göstəricidən isə 16 faiz bəndi aşağıdır.

2020-ci ildən sonrakı dövr ərzində insan kapitalı indeksinin necə dəyişdiyi ilə bağlı konkret rəqəm qeyd etmək çətindir. Lakin bununla belə, son illərdə təhsil, səhiyyə və sosial müdafiə sahəsindəki indikatorlarda baş verən dəyişikliklər, xüsusilə bu indikatorların 2010-2020-ci illər arası dönəmlə müqayisəsi gedişat barədə bəzi nəticələr çıxarmağa imkan verir.

Məktəblərin göstəricləri pisləşir

İnsan kapitalının formalaşdırılmasının ilkin və zəruri şərti insanların keyfiyyətli təhsillə təmin olunması və ortalama təhsil səviyyəsinin yüksəldilməsidir. Lakin Azərbaycanda son illərdə təhsilin keyfiyyəti ilə bağlı aparılan beynəlxalq tədqiqatların (PIRLS, PISA) nəticələri tamamilə fərqli bir mənzərə ortaya qoyur.

Azərbaycanın 2011-ci ildən etibarən iştirak etdiyi PIRLS[6] - Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilir, onların ədəbi təcrübələri və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür. Tədqiqatın 2021-ci il üzrə nəticələrinə[7] əsasən Azərbaycanın göstəricisi 440 bal olub və Azərbaycan tədqiqatda iştirak edən 57 ölkə arasında 35-ci yerdə qərarlaşıb.

Xatırladım ki, PIRLS üzrə daha əvvəlki göstəricilər 2021-ci ilin nəticələrindən bir xeyli yüksəkdir. Statistikaya əsasən 2011-ci ildə Azərbaycanın müvafiq tədqiqat üzrə göstəricisi 462 bal[8], 2016-cı ildə isə 472 bal olub[9]. Göstəricilərin müqayisəsi ötən illər ərzində dördüncü sinif şagirdləri arasında ədəbi təcrübələri və məlumatları əldə edib, istifadə etmək bacarığının əvvəlki dövrlərlə müqayisədə gerilədiyini göstərir.

Başqa tərəfdən, dünya üzrə 15 yaşlı gənclərin oxuma, riyaziyyat və təbiət elmləri səviyyələrinin qiymətləndirildiyi PISA qiymətləndirməsi üzrə göstəricilər də o qədər ürəkaçan deyil. Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı olan PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən üç ildən bir təşkil olunur və 80-dən çox ölkəni əhatə edir. Bu tədqiqat əsasən 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları real həyatlarında istifadə etmək qabiliyyətini qiymətləndirir.

PISA-nın ən son yayımlanan 2018 və 2022-ci illər üzrə göstəricilərini müqayisə edəndə Azərbaycanın göstəricilərinin gerilədiyini müşahidə edirik[10] Şagirdlərin Azərbaycan dilində oxuyub anlamaq üzrə orta göstəricisi 2018-ci ildə 389 bal olduğu halda, 2022-ci ildə bu göstərici 365 bala enib. Riyaziyyat üzrə göstəricilər 2018-ci ilin nəticəsi olan 420 baldan 397 bala, təbiət elmləri sahəsində isə əvvəlki göstərici olan 398 baldan 380 bala enib. Yəni 2018-2023-cü illər üzrə Azərbaycandan olan şagirdələrin öz ana dilində oxuyub anlamaq bacarığı (-24), o cümlədən riyaziyyat (-23), təbiət elmləri üzrə göstəriciləri (-18) aşağı düşüb.

Nəzərə alsaq ki, 15 yaşlı şagirdlərlə bağlı tədqiqatlarda göstərilən istiqamətlər zəruri bilik və bacarıqlar kateqoriyasına daxildir, bu sahələrdəki geriləmənin onların sonrakı təhsil səviyyələrinə da təsir edəcəyi şübhəsizdir.

Həkimlərin sayı azalır

İnsan kapitalı ilə bağlı bir meyar insanların sağlamlıq səviyyəsi, başqa sözlə ölkədəki səhiyyə sistemi və tibbi xidmətlərin keyfiyyət göstəriciləridir. Dünya Bankı tərəfindən 2022-ci ildə yayımlanan “Azərbaycan: İnsan kapitalı icmalı”nda Azərbaycanın Universal Səhiyyə (UHC) İndeksi balı 65 olaraq qeyd olunur. Bu rəqəm həm Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən (75), həm də orta gəlirli ölkələr üzrə göstəricidən (69) aşağıdır.[11]

Dünya Səhiyyə Təşkilatının universal sağlamlıq təminatı indeksi üzrə 2021-ci ilin statistikasına əsasən isə Azərbaycanın göstəricisi 66-dır. Bu göstərici dünya ortalaması olan 68-dən və Avropa ölkələri üzrə ortalama göstərici olan 81-dən aşağıdır.[12]

Dövlət Statistika Komitəsinin səhiyyənin əsas göstəriciləri ilə bağlı statistikasına əsasən əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı 2010-cu ildə 36.9 olduğu halda, 2023-cü ildə 33-ə enib.[13] Həmçinin çarpayı fondunun ixtisaslandırılmasına əsasən əhalinin hər 10 min nəfərinə düşən tibbi çarpayı sayı 2010-cu ildə 76 ikən, 2023-cü ildə 37.5-ə düşüb. Ailə təhsil qurumlarının hazırladığı tibb mütəxəssislərinin sayı da bu illər ərzində dəyişib. 2010-cu ildə 267 pediatr, 169 stomatolog hazırlandığı halda, 2023-cü ildə bu rəqəm müvafiq olaraq 33 və 62-yə düşüb.

Səhiyyə sahəsində müşahidə olunan bu, dünya ortalamasından aşağı vəziyyət ölkə üzrə bir sıra demoqrafik göstəricilərə və həyat şərtlərinə də açıq şəkildə təsir edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2019-cu ildə 37.3 min olan abort sayı 2023-cü ildə 73.8 minə yüksəlib. Həmçinin bu illər üzrə yeni doğulan uşaqların sayında da ciddi azalma müşahidə olunur. 2019-cu ilin göstəricilərinə əsasən diri doğulanların sayı 141.1 min olduğu halda, 2023-cü ildə bu rəqəm 112.6 minə düşüb.

Körpə ölümləri artır

Həmçinin son illərdə körpə ölümlərinin sayında da ciddi artım müşahidə olunur. 2020-ci ildə 1242 körpə ölümü qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2039-a yüksəlib. Abortların sayındakı artım və yeni doğuşların sayının azalması Azərbaycanda gələcəyə yönəlik olduqca pessimist baxışın mövcudluğu kimi qiymətləndirilə bilər. Ailələr təhsil, səhiyyə və sosial müavinətlər sahəsindəki vəziyyətin övlad böyütmək üçün yetərli olmadığı qənətindədir.

Azərbaycanda uşaq və yeniyetmələrin sosial həyatın müxtəlif mərhələlərində bullinq və zorakılığa məruz qalma faizləri də olduqca yüksəkdir. UNICEF-in məlumatına əsasən Azərbaycanda 1-14 yaşlı uşaqlar arasında intizam zorakılığına məruz qalma göstəricisi 77%, 13-15 yaşlı yeniyetləmərin bullinqə məruz qalma səviyyəsi isə 26%-dir.[14] Uşaq və yeniyetmələrin qeyd olunan yaş dövrlərində yaşadıqları mənfi təcrübələrin onların gələcək həyatlarına ciddi şəkildə təsir edəcəyi, travma və psixoloji problemlərə səbəb olacağı isə şübhəsizdir.

Uşaq və yeniyetmələrlə yanaşı, yetkinlik yaşındakı şəxslər arasında psixoloji problemlər və intiharların sayının artdığı da müşahidə edilir. Azərbaycanda intihar edən şəxslərin sayında artımın olduğunu rəsmi qurumlar da təstiq edir. Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ildə yayımlanmış analitik hesabatında ölkə üzrə hər 100 min nəfərə düşən intihar saylarında 2015 və 2019-cu illər arasında 33% artımın olduğu qeyd olunur.[15] Hər 100 min əhaliyə nisbətdə kişilər arasında intiharla ölüm faktı 4 ildə 5,3-dən 6,6-ya, qadınlar arasında isə hər 100 min nəfərə 1,1-dən 1,6-ya yüksəlib. 2019-cu ildən sonrakı dövrdə də intiharlarla bağlı göstəricilər artmaqda davam edib. 2019-cu ildə intiharların sayı 565 olduğu halda, 2020-ci ildə 597, 2022-ci ildə 609, 2023-cü ildə isə bu rəqəm 620-yə yüksəlib.[16]

Sosial müdafiə qonşulardan geri qalır

Təhsil və səhiyyə imkanları ilə yanaşı insanların sosial müdafiə müxanizmləri ilə əhatə olunma dərəcəsi insan kapitalının inkişafı baxımından olduqca zəruri amildir.

Beynəlxalq Əmək Təşkilatının 2022-ci il üzrə hesabatına görə, Azərbaycanda pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb.[17] Bu göstərici 2000-ci ildə 90% olduğu halda, 2015-2020-ci illər arası dövrdə 73%-ə enib. Kişilər arasında müvafiq göstərici 50-60%, qadınlar arasında isə 70-80% təşkil edir. Hazırda əmək qabiliyyətli kişilərin təxminən 40%-dən daha az hissəsi, qadınların isə 25%-lik hissəsi öz gələcək pensiyalarını təmin etmək imkanına malikdir. Müqayisə üçün Türkiyədə həmin göstərici 60%-in üzərində, İranda 50%, Ermənistanda 40-50%-ə yaxındır.

Ölkə üzrə ən azı bir növ sosial müdafiə mexanizmləri ilə əhatə olunmuş əhalinin payı isə 39%-dir. Bu göstərici dünya üzrə ortalamada 46.9%, Azərbaycanla eyni qrupa daxil olan ölkələr üzrə isə ortalama 64% təşkil edir. Yəni Azərbaycandakı mövcud vəziyyət dünya ortalamasından aşağıdır.

Hesabata görə, pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən qeyri-sığorta əsaslı müavinətin məbləği ölkə üzrə mütləq yoxsulluq həddi hesab olunan məbləğin 46,6%-ni təşkil edir.

Həmçinin ölkə üzrə uşaqların sadəcə 16,9%-i bu və ya digər sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Həmin göstərici Gürcüstanda 48,1%, Ermənistanda 30,2%, o cümlədən dünya üzrə orta hesabla 26,4%, yüksək orta gəlirli ölkələrdə isə 22%-dir. İl ərzində doğulan uşaqların yalnız 16,0%-nin anaları müxtəlif müavinətlər əldə edir. Həmin göstərici Ermənistanda 61,6%, Gürcüstanda 26%, o cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, yuxarı orta gəlirli ölkələrdə 52% ətrafında, yüksək gəlirli ölkələrdə isə 86% təşkil edir.

Hesabata əsasən, Azərbaycanda işsizlərin yalnız 19,1%-i bu və ya digər sosial müdafiə mexanizmi ilə əhatə olunub.

Yeri gəlmişkən, ölkədə iş vaxtı xəsarət alanlar da ciddi problemlərlə qarşılaşırlar və onların yalnız 32,1%-i sosial müdafiə mexanizmləri ilə əhatə olunub. İşi olmayan və ya gəliri aşağı olan sosial həssas qruplar isə sosial müdafiə ilə, demək olar ki, əhatə olunmayıblar. Onların yalnız 13,4%-i bu və ya digər sosial dəstək mexanizminə qoşulub. Həmin göstərici Qazaxıstanda 74,2%, Gürcüstanda 93%, o cümlədən dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, yuxarı orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkil edir.

Beynəlxalq Əmək Təşkilatının hesabatında Azərbaycanın əhalinin sosial müdafiə mexanizmləri ilə əhatə olunma səviyyəsində də dünya ortalamasından çox geridə olduğu açıq şəkildə görülür.

Qeyd olunan məlumatların təhlili son illərdə Azərbaycanda insan kapitalının formalaşması üçün zəruri istiqamətlər (təhsil, səhiyyə və sosial müdafiə) üzrə vəziyyətin qənətbəxş olmadığını, daha da pisləşdiyini deməyə əsas verir. Bu istiqamətlər üzrə ciddi dəyişiklər edilmədiyi müddətcə insan kapitalı indeksinin yüksələcəyi və 2030-cu il üçün müəyyən edilmiş prioritetlərin isə reallaşacağı olduqca şübhəlidir.