Aytən Məmmədova

Müstəqil jurnalist

CƏZA SİYASƏTİNİN HUMANİSTLƏŞDİRİLMƏSİ SƏRƏNCAMINDAN 2 İL SONRA

02.03.2019 / “Qanundakı güzəştlər kasıb-kusub üçün deyil…”

Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına effektiv nəzarət etmək, bu sahədə idarəetmənin səmərəliliyini artırmaq üçün Ədliyyə Nazirliyinin tərkibində Probasiya xidməti yaradıldı. Cəzaların icrasına nəzarət məqsədiylə elektron nəzarət vasitələrinin (qolbaq) tətbiqi haqda tapşırıq verildi.

Baş Prokurorluğa da tövsiyə olundu ki, həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən öncə digər qətimkan tədbirlərinin mümkünlüyü araşdırılsın. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə istintaq dövrü üçün həbs-qətimkan tədbiri müstəsna hallarda, çox ciddi əsaslar olanda seçilsin.

Prezidentin bu sərəncamından bir müddət sonra Cinayət Məcəlləsinə 300-ə qədər dəyişiklik edildi. Həm cəza müddətləriylə bağlı maddələrə (vurulmuş ziyanın məbləğindən asılı olaraq) dəyişiklik oldu, həm də “azadlığın məhdudlaşdırılması” alternativ cəza növlərindən biri kimi qanunvericiliyə daxil edildi.

Azadlıqdan məhrum edilənlərin sayı azalır, yoxsa...?

Prezidentin sərəncamından iki il keçib. Amma ciddi, nəzərəçarpan fərq hiss olunmur. Dövlət Statistika Komitəsinin saytında 2018-ci ilə aid rəqəmlər hələ açıqlanmayıb. 2017-ci ildə isə, statistikaya görə, 13 min 733 nəfər məhkum olunub ki, onların da yarıdan çoxu - 7 min 259 nəfəri (52 %-i) azadlıqdan məhrum edilib.

Halbuki 10 il öncə -- 2008-ci ildə Azərbaycanda məhkum olunan 13 min 995 nəfərdən 5 min 848-i (41%-i) həbs cəzası alıbmış.

Prezident prokurorluğa həbs yox, başqa qətimkan tədbiri növlərindən istifadəni tövsiyə etsə də, praktikada bunun əksi baş verir. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü, bu yaxınlarda azadlığa çıxan Məmməd İbrahimin əvvəlki cəzasının bitməsinə iki gün qalmış onun haqqında yeni cinayət işi başlanmışdı. M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülmüşdü. Bu maddədə maksimum cəza 6 aya qədər azadlıqdan məhrumetmədir (böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Buna baxmayaraq, onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi…

Təkcə siyasi işlər deyil, sıradan vətəndaşlar da hüquq-mühafizə orqanları və məhkəmənin sərt münasibətiylə tez-tez üzləşir.

Məsələn, birinci qrup əlil Əhliman Məmmədov ehtiyatsızlıqdan yol qəzası törədib. Nəticədə zərərçəkən az ağır xəsarət alıb. Hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə başlayanda zərərçəkən məhkəməyə sağlam vəziyyətdə gəlib-gedirmiş. Məhkəməyə də notarial qaydada təsdiqlənmiş ərizə verib ki, şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilib.

“Mənə yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma ittihamı vermişdilər. Mən hadisə yerindən qaçmamışdım, o başqa məsələ. Ortada şikayətçi də yoxdur. Amma Yasamal Rayon Məhkəməsi mənə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Sonra Apellyasiya Məhkəməsi cəza müddətini1 il 6 aya salıb. O maddələrdə alternativ cəzalar, azadlığın məhdudlaşdırılması da var. Əgər bir ayağı olmayan, ziyanı ödəmiş adama alternativ cəzalar tətbiq olunmursa, bəs kimlərə tətbiq olunur? O yüngül cəzalar, qanundakı güzəştlər kasıb-kusub üçün deyil…”, Ə. Məmmədov bu fikirdədir.

Yeniliklərdən, əvvəl məhkum edilənlər də yararlana bilərlər

Dəyişiklikdən sonra azadlığın məhdudlaşdırılması cəzası bir çox maddələrə daxil edilsə də, praktikada belə hallara, demək olar, rast gəlinmir. Hüquqşünas Yalçın İmanov deyir ki, bu cəza növünün geniş tətbiqi bundan sonra azadlıqdan məhrum edilənlərin sayını azaldar, bu isə həm də cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sayının azalması deməkdir: “Qanuna dəyişiklik şəxsin vəziyyətini yüngülləşdirirsə, qanunun geriyə qüvvəsi var. Yəni şəxsin təqsirli bilindiyi müddətə son dəyişikliklərdən sonra alternativ cəza kimi, azadlığın məhdudlaşdırılması əlavə edilibsə, məhkum məhkəməyə müraciət edib, cəzasının dəyişdirilməsini tələb edə bilər. Buna “tənzimləmə” deyilir. Əslində, cəzaçəkmə müəssisələrinin özləri bu məsələdə maraqlı olub, öz təşəbbüsləri ilə məhkəmələrə müraciət edə bilərlər. Təəssüf ki, praktikada bundan hələ istifadə olunmur”.

Azadlığı məhdudlaşdırılmış şəxsləri nəzarətdə saxlamaqdan ötrü onlara elektron qolbaqların taxılması nəzərdə tutulub. Qolbaq vasitəsilə məhkumun olduğu yerə, fəaliyyətinə nəzarət etmək mümkündürr. Bu nəzarəti Probasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Elektron Monitorinq Mərkəzi həyata keçirir.

2018-ci ilin son günlərində Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilmişdi ki, prezidentin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamı çərçivəsində xeyli işlər görülüb, həmçinin elektron qolbaqlardan istifadə olunur. İclasda verilən məlumata görə, 500-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.