Hafiz Babalı

Araşdırmaçı jurnalist

OLMAYAN ŞİRKƏTLƏRİN SƏHMLƏRİ SATILIR

23.06.2021 / Azərbaycanda kütləvi özəlləşdirmədə yeni xətt

Azərbaycan özəlləşdirmə haqqında yeni—3-cü qanunu qəbul etməyə hazırlaşır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” ilk dövlət proqramı əsasında həyata keçirilmiş satışlar-- 1997-ci və sonrakı illərdə yaradılmış 1500-dən çox səhmdar cəmiyyətin müxtəlif üsullarla satışı prosesin arzu olunan səviyyədə kütləviliyini təmin etmədi. Bir çox səhmdar cəmiyyətin səhm zərfləri indiyədək satılmamış qalır.

Amma, görünür, İqtisadiyyat Nazirliyi (İN) bu “Qordi düyününü” çözmək qərarına gəlib. Hətta 2000-ci ildən qüvvədə olan “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına” (DP) uyğun olmayan yolla...

70-dən çox ASC hərraca çıxarılıb

Azərbaycanda kütləvi özəlləşdirmə prosesi 2010-cu ilin sonundan başlayaraq səngiyib. O zaman mülkiyyətin dövlətsizləşdirilməsində ödəniş vasitəsi kimi istifadə olunan dövlət özəlləşdirmə payının (1 pay = 4 özəlləşdirmə çeki) dövriyyədən çıxarılması haqda qərar qüvvəyə minmişdi. O vaxtdan indiyədək İN yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) cəmi 10 ixtisaslaşdırılmış pul hərracı keçirib. Bu hərraclar səhmdar cəmiyyətlərin səhmlərinin ixtisaslaşdırılmış çek hərraclarında satışı mexanizmini əvəz edib.

Pul hərracında səhmdar cəmiyyətin ən azı 30%-lik səhm zərfi bütöv şəkildə təklif olunur. İnvestor onu tam şəkildə almalıdır. Rəqabətli hərrac olacağı təqdirdə iştirakçılar səhmin satış qiymətini artıra bilər, ancaq səhmlər investorlar arasında bölünə bilməz. Yəni hərracın bir qalibi olur. İxtisaslaşdırılmış pul hərracı isə digər özəlləşdirmə üsuludur. Bu növ hərraca səhmdar cəmiyyətin 55%-dək səhm zərfi çıxarılır. Bir səhmin nominal qiyməti (2 manat) qədər pul təklif etmiş şəxs investor kimi tanınır və səhmlər məhdudiyyət qoyulmadan bütün iştirakçılar arasında onların təklif etdikləri pula uyğun olaraq bölüşdürülür.

Son illər hərraclar əvvəlki intensivliklə təşkil olunmurdu. Məsələn, 9-cu ixtisaslaşdırılmış pul hərracı 2019-cu ilin noyabrında, 5 illik fasilədən sonra keçirilmişdi. Və hərraca vur-tut bir səhmdar cəmiyyətin səhmləri çıxarılmışdı.

Ancaq bu ilin aprelindən ƏMDX kütləvi özəlləşdirmə siyasətində yeni strateji xətt yürütməyə başlayıb. Bir hərrac baş tutub, 300-dən çox hərrac iştirakçısı təklif olunan səhmdar cəmiyyətlərin (2 müəssisə) səhmləri üçün ilkin qiymətdən daha yüksək məbləğdə pul ödəyib. İyun ayında 5 gün ərzində davam edəcək hərracda investorlara 3 səhmdar cəmiyyətin 30-35% səhmləri təklif olunub.

ƏMDX-nın özəlləşdirmə portalında 71 açıq səhmdar cəmiyyət barədə məlumat var. Onların səhmləri investorlara pul və ixtisaslaşdırılmış pul hərraclarında təklif olunur. Bu cəmiyyətlərin nəzarət səhm zərfi (55%) əvvəlki illərdə ixtisaslaşdırılmış çek hərracında satılıb. Səhmlərin az bir hissəsi isə əmək kollektivi üzvləri arasında qiymətli kağızlara dəyişdirilib. Güzəştli abunə yazılışında işçilərin satın almadığı 15%-lik səhm zərfinin qalan hissəsi yenə də çek hərracında satılıb. Başqa sözlə desək, dövlətin sərəncamında bu səhmdar cəmiyyətlərinin səhmlərinin əsasən 30%-lik zərfləri qalır.

Dövlət proqramına uyğun olmayan satışlar

Təhlil göstərir ki, indi bu səhmdar cəmiyyətlərin, demək olar ki, heç biri profili üzrə fəaliyyət göstərmir. Bəziləri özəlləşdirməyədək, bir çoxu isə ondan sonrakı illərdə fəaliyyətini dayandırıb. Dövriyyə vəsaiti yox, avadanlıq köhnə, əmlak və torpaq isə xeyir gətirmək əvəzinə, yalnız vergi öhdəliyi yaradır... Səhmdar cəmiyyətlərinin beşindən (“Şəmkir” ASC, “Zabrat Tikinti Quraşdırma” ASC, “Sabunçu Ticarət Təchizat” ASC, “Azərinkom” ASC və “Azinterservis” ASC) başqa hamısı ölkənin bölgələrində yerləşir. Bu, onların investisiya cəlbediciliyini daha da azaldır.

Nəzarət səhm zərflərinin satılmasına baxmayaraq, son 20 il ərzində bu səhmdar cəmiyyətlərin, az qala heç biri səhmdarların illik ümumi yığıncağını çağırmaq, yeni idarəetmə orqanlarını formalaşdırmaq qayğısına qalmayıb. Belə şəraitdə korporativ idarəetmə prinsiplərinin tətbiqindən, mənfəətlə işləmək və səhmdarlara dividend ödəməkdən, əlbəttə, danışmağa dəyməz.

Məhz bu şərtlər daxilində ƏMDX hüquqi baxımdan mübahisəli qərar qəbul edib: indiyə qədər pul hərracında təklif olunan səhm zərfləri ixtisaslaşdırılmış hərraca çıxarılıb. Məsələ burasındadır ki, DP-nin 5.9-cu bəndinə əsasən, pul hərracına çıxarılmış hissə satılmadıqda, səhmlər pul və ixtisaslaşdırılmış çek hərraclarına az həcmdə bərabər hissələrlə çıxarıla bilər (seçmə bizimdir – müəllif). İndiki halda söhbət pul və ixtisaslaşdırılmış pul hərraclarından gedir. Dövlət əmlakının satıcısı isə 21-25 iyun 2021-ci il tarixlərində keçiriləcək ixtisaslaşdırılmış pul hərracına 3 ASC-nin əvvəlki pul hərraclarında satılmamış bütün səhmlərini çıxarıb. Və ƏMDK öz qərarını şərh etmir.

Qeydiyyatda olmayan şirkətlərin də səhmləri satılır

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin özləri ilə bağlı problemli məsələlər də az deyil. Götürək, investorlara təklif olunan “Xırdalan Nəqliyyat” ASC-ni 1997-ci ildə “Azəryeyintisənaye” Dövlət Şirkətinin avtonəqliyyat müəssisəsinin 6 saylı avtodəstəsinin bazasında yaradılıb. Müəssisə özü 1963-cü ildə qurulub. Hərracda səhmdar cəmiyyətin 30,07% səhmi təklif olunur. Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə baxırıq: bu adda heç bir hüquqi şəxs yoxmuş! Bu ki, nonsesdir. İnvestorlara rəsmi dövlət qeydiyyatı olmayan şirkətin səhmləri satılır. Nəzərə almaq lazımdır ki, öncəki illərdə investorlar bu səhmdar cəmiyyətin səhmlərinin 69,93%-ni alıblar.

“Açıq Azərbaycan” pul hərraclarında təklif olunun səhmlərin emitentlərinin bəzilərində də dövlət qeydiyyatı probleminin olduğunu müəyyən edib. Məsələn, “Zabrat Tikinti Quraşdırma” ASC-nin də səhmlərinin 70%-i satılıb, pul hərracında isə yerdə qalan 30%-i təklif olunur. Bu səhmdar cəmiyyətin də rəsmi dövlət qeydiyyat nömrəsi yoxdur.

İxtisaslaşdırılmış pul hərracına çıxarılan “Azərinkom” ASC ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bu cəmiyyətin nə daşınmaz əmlakı, nə də torpaq sahəsi var. Reyestr məlumatına görə, İdarə Heyətinin sədri Həsən Seyidovdur. O Həsən Seyidov ki, Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, 2004-cü ildə vəfat edib. Keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyinin “Azərinkom“ İnformasiya-kommersiya Birliyinin bazasında yaradılan “Azərinkom” ASC-yə ömrünün son illərində rəhbərlik edib. Belə çıxır ki, investorlara şərəfli keçmişi olan bir şirkətin möhürü satılır.

Əhalinin özəlləşdirmədə iştirakı imkanı varmı?

Aydın məsələdir ki, nizamnamə kapitalı bir çox hallarda yüz min manatı aşmayan, qeyri-likvid səhmləri olan şirkətlərin hesabına özəlləşdirmədə kütləviliyi təmin etmək ƏMDX üçün asan olmayacaq. Bəs mövcud DP əhalinin və investorların daha geniş kütlələrinin özəlləşdirmədə iştirakına imkan verirmi? Maraqlıdır ki, proqramda belə bir resurs var.

Söhbət investisiya müsabiqələrinə çıxarılan səhmdar cəmiyyətlərin qiymətli kağızlarından gedir. DP-yə müvafiq dəyişiklik hələ 2006-cı ildə edilib.

Dəyişikliyə görə, səhmdar cəmiyyətlərinin investisiya müsabiqələri üzrə özəlləşdirilməsi barədə qərar qəbul edildikdə, müsabiqəyə yönəldilən səhm zərfi nəzərə alınmaqla, səhmlərin yerdə qalan hissələri (əmək kollektivinə satılan 15%-lik hissə istisna olmaqla) prezidentin və ya ƏMDX-nın qərarı ilə bərabər nisbətdə bölünməklə pul hərraclarına və ixtisaslaşdırılmış çek hərraclarına (indiki halda ixtisaslaşdırılmış pul hərraclarına) yönəldilir.

Ötən dövrdə investisiya müsabiqəsi üsulu ilə xeyli səhmdar cəmiyyət özəlləşdirilib. Təəccüblüdür ki, ƏMDX dövlət proqramını yaratdığı bu unikal imkandan bir dəfə də olsun yararlanmayıb. Səhmlər, əmək kollektivinin üzvlərinə satılmayan hissə də daxil olmaqla, investora bir qayda olaraq bütöv şəkildə (bəzən buraxılan səhmlərin 99%-i) satılıb.

ƏMDX-nin açıqladığı “Özəlləşdirmə Gündəliyi - 2021-ci il” sənədinə görə, onun sərəncamında investisiya müsabiqələri yolu ilə özəlləşdiriləcək 30-dan çox müəssisə var. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu (hazırda dövlət vəsaiti hesabına yenidən qurulur), “Azərətsüd” İcarə Topdan Satış Birliyi, “B.Sərdarov adına Maşınqayırma Zavodu” ASC, “Suraxanı Maşınqayırma Zavodu” ASC , “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC, “Bakı Məişət Maşınları” ASC, “Zabrat İstixana” ASC, “Yeni BEMZ” ASC, “Bakı Elektriktökmə” ASC, “Cəlilabad Şərab” ASC və s. müəssisələr onların arasındadır.

Hökumətin kütləvi özəlləşdirmə ilə bağlı açıq planları yoxdur. “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 19 may 2016-cı il 894№-li fərmanla dövlət başçısı Nazirlər Kabinetinə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini hazırlayıb, 2 ay müddətində ona təqdim etməyi tapşırmışdı. Bu qanun layihəsi barədə hələ də məlumat yoxdur.

Strateji investora yalnız nəzarət səhm zərfinin ötürülməsi və yerdə qalan səhmlərin bir hissəsinin ixtisaslaşdırılmış pul hərracına çıxarılması dövlət büdcəsinə daha çox vəsaitin cəlb olunması perspektivi yaradır. Amma bu yeganə gözlənilən fayda deyil. Bu addım növbəti mərhələdə bir çox proqressiv proseslərə təkan verə bilər. Özəlləşdirməyə ictimai etimad, fond bazarının inkişafı, güclü orta təbəqənin yaranması, şirkətlərdə korporativ idarəetmə sisteminin dərinləşməsi – sosial-iqtisadi sferada müsbət meyillərin bir hissəsidir.