Toğrul Vəliyev

İqtisadçı

NAXÇIVANIN GİZLİ BÜDCƏSİ...

03.02.2023 / “Şəffaflaşma” siyasətinin növbəti mərhələsi

Naxçıvan Muxtar Respublikası idarəetməsində baş vermiş dəyişikliklərdən sonra KİV-lərin bu bölgəyə marağı artıb, televiziyalar, onlayn TV və agentliklər Naxçıvandan daha tez-tez reportaj verməyə başlayıblar. Əslində son illər Azərbaycanın digər bölgələrinin də idarəetməsində səs-küylü dəyişikliklər baş verirdi, amma mətbuatda belə canlanma müşahidə olunmurdu, çünki həmin bölgələrdə mətbuata münasibət əvvəlkiylə eynidir. Naxçıvanda isə durum fərqli idi, muxtar respublikaya heç bir KİV nümayəndəsi buraxılmır, yerli mətbuat isə ümumiyyətlə öz funksiyasını yerinə yetirmirdi.

Ancaq mətbuatın fəallaşmasına baxmayaraq, Naxçıvanda şəffaflıq məsələsi, hələ ki, işıqlandırılmır.

2022-ci ilin sonuna kimi Naxçıvan MR-da şəffaflıqla bağlı vəziyyət birmənalı olmayıb. Doğrudur, hesabatlılıq ümumiyyətlə yox idi, amma bəzi statistik məlumatlar ölkənin digər bölgələrindən (hətta Bakıdan) fərqli olaraq, daimi dərc edilir, hətta bəzən ətraflı məlumat çap olunurdu. Əlbəttə, hər şey sahədən, ya da o sahəyə nəzarət edən qurumdan asılı idi.

Adətən, idarəetmə dəyişəndə şəffaflığın artımı gözlənilir. Ancaq Naxçıvanda bunun əksi müşahidə olunur.

Nümunə

2021-ci il, dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib. Sessiyada MR-nın 2022-ci il dövlət büdcəsi təsdiq edilib (eyni zamanda DSMF və s. büdcələr təsdiqlənib). Bu haqda məlumatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təsisçisi olduğu "Şərq qapısı" qəzetinin 2021-ci il, 30 dekabr tarixli sayında tapa bilərik. Orada həmçinin büdcənin strukturu, onunla bağlı sənədlər görünür.

Gələk bu ilə: 2023-cü il, yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Bu sessiyada Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi təsdiq edilib (ilin artıq başlamasına baxmayaraq). KİV-lər bu barədə yazıb, amma sadəcə büdcənin təsdiqləndiyini bildiriblər, büdcənin detalları barədə məlumat yoxdur. Əvvəl olsa, ətraflı məlumat "Şərq qapısı" qəzetinin 2023-cü il, yanvarın 11-də çıxan sayında dərc edilərdi. Lakin indi qəzetin saytında 10 və 12 yanvara aid nömrələr var, 11 yanvara aid nömrə görünmür. Bəlkə bu tarixdə qəzet dərc olunmayıb?

Maraqlıdır ki, qəzetin 11 yanvar tarixli sayı dərc olunub, ancaq elektron şəkildə yerləşdirilməyib (10.01.2023-cü ilə aid qəzet sayının nömrəsi 3 (24.140) göstərildiyi halda, 12.01.2023-cü ilə aid qəzetin nömrəsi 5-dir (24.142), aradakı 4 (24.141) nömrəli qəzet itib). Yəni, məlumat üçün qəzetlərin özünü vərəqləmək lazımdır.

Əvvəl Naxçıvanda dərc olunmayan fərman və sərəncamlar (hətta qaydalar!) ilə rastlaşırdıq (Naxçıvan MR Ali Məclisi ümumiyyətlə qəbul etdiyi aktları dərc etməyi sevmir). İndi isə dərc olunmayan qəzet nömrələri ilə rastlaşırıq, “şəffaflaşma” siyasəti artıq növbəti mərhələyə keçib.

Naxçıvan MR büdcəsi ümumi büdcədən nə ilə fərqlənir?

Azərbaycan Respublikası və Naxçıvan MR-nın büdcə strukturunu müqayisə etmək üçün 2022-ci il dövlət büdcələrinə baxaq (cədvəl 1)

Naxçıvan MR-da ordu və sərhəd xidməti birbaşa dövlət büdcəsinə baxır (yəni, sosial şəbəkələrdə deyilənlərdən fərqli olaraq, həm Naxçıvanda yerləşən ordu hissələri, həm Dövlət Sərhəd Xidməti birbaşa dövlət büdcəsindən maliyyəşirdi və yerli büdcəyə aid deyildi). “Naxçıvan MR üzrə müdafiə və milli təhlükəsizlik xərcləri” deyəndə yalnız Səfərbərlik komitəsi, DTX və Xarici Kəşfiyyat İdarəsi nəzərdə tutulur.

Digər bəndlərdə də oxşar maddələr var. Məsələn, Naxçıvan Dövlət Universitetində dövlət sifarişi ilə oxuyan tələbələrə görə ödənişlər birbaşa dövlət büdcəsindən verilir. Məhz bu məqamları nəzərə alaraq, müqayisənin daha korrekt olması üçün həmin maddələri dövlət büdcəsi xərclərindən çıxmışıq. Nəticədə maraqlı vəziyyət yaranıb. Belə ki, sosial xərcləri (təhsil, sosial müdafiə, səhiyyə) cəmləyəndə Naxçıvan MR büdcəsi daha sosialyönümlü görünür. Çünki mötərizədə sadalanan üç istiqamət Naxçıvanda büdcə xərclərinin 41,64%-ni təşkil etdiyi halda, dövlət büdcəsində 36,44%-ə bərabərdir. Naxçıvanda həmçinin kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi ilə bağlı xərclər müvafiq olaraq 1,9, 2,6 və 1,9 dəfə çoxdur.

Naxçıvan MR büdcəsinin ümumi dövlət büdcəsindən bu şəkildə fərqlənməsi bölgənin ehtiyacları ilə bağlı ola bilər.

Hər bir halda indiyə kimi müayisə ütmək üçün ən azı bəzi açıq mənbələr var idi. Ancaq indinin—2023-cü ilin büdcə strukturu necədir, bəlli deyil...