Rəşad Həsənov

İqtisadçı ekspert

MİNLƏRLƏ ƏLİL VƏ PENSİYAÇI İMTİYAZLARINDAN MƏHRUM EDİLİB

01.08.2021 / Qurunun oduna yaş da yanır

633.5 mindən artıq adam, yaxud hər 100 Azərbaycan vətəndaşından 6-sı günlərini səksəkə içində keçirməkdədir. Çünki hökumət “təmizləmək” və “şəffaflaşdırmaq” qərarına gəlib...

Sosial müdafiə mexanizmlərinin tətbiqi prosesində, o cümlədən əlillik və pensiya hüququnun müəyyən edilməsində ciddi qanun pozuntularının olduğu sirr deyil. Saxta əlillik dərəcələrinin satıldığını, ya da rüşvət ödəyə bilmədiyinə görə müvafiq konstitusion hüquqlarından istifadə edə bilməyənlərin olduğunu hamı bilir. İndi hökumət, daha doğrusu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə islahat apardığını, dəyişikliklər elədiyini deyir. Əsas dəyişiklik isə əvvəlki məmurların yol verdiyi qanunsuzluqların ifşa edilməsi yarışının başlamasıdır. Və bu yarış hamıdan çox vətəndaşları, həm də fiziki və sosial məhdudiyyətlərə düçar olmuş həssas vətəndaşları çətin vəziyyətdə qoyub. Və ortaya çıxan sualı—“Bu saxtakarlıqlar baş verərkən aidiyyatı qurumlar hara baxırdı?” sualını rəsmilərin heç biri vermir.

Bütün əlil və pensiyaçılar Bakıya axışmalı olub

Son dövrlərdə atılan addımların, “islahatların” əlillər və pensiyaçılar üçün yaratdığı problemləri qruplaşdırsaq:

1.İnsanların əlillik statusu ləğv edilir:

- Statusların saxta yollarla əldə edilməsi,

- Əlilliyi şərtləndirən problemin/xəstəliyin aradan qalxması kimi əsaslarla.

- Əlilliyin verilməsi prosesində süni əngəllər yaradılır:

- “Forma 88” düzgün tərtib edilmir,

- “Forma 88” TSEK-lərə çatmır,

- Xəstə haqqında informasiya sistemə düzgün yerləşdirilmir,

- Arxivlərdəki sənədlər tapılmır, sənədin itdiyi deyilir.

2. Yeni şərtlər qoyulur:

- İldə bir dəfə tibb müəssisəsində stasionar müalicənin aparıldığını təsdiqləyən sənəd tələb edilir.

- Ödəmələr süni yollarla azaldılır:

- Müraciətlərə baxılma müddəti müxtəlif səbəblərlə, bilərəkdən gecikdirilir və vətəndaşın müvafiq hüquqlarından məhrum olma müddəti uzadılır,

- Yenidən baxılma vaxtı çatdıqda müvafiq ödənişlər (pensiya, müavinət, təqaüd) dayandırılır və yenidən təyinetmə süni əngəllərlə gecikdirilir.

3. Əlçatanlıq problemi:

- Ölkənin bütün regionlarındakı əlillər kütləvi şəkildə paytaxtda yerləşən tibb müəssisələrinə yonləndirilir və yalnız həmin tibb müəssisələrinin təqdim etdiyi sənədlər keçərli hesab edilir.

Sadalanan əngəllər vətəndaşlar üçün ciddi problemlər yaradıb. Mətbuatda görürük, məsələn, Bakı sakini İlqar Mehdiyev deyir: “Ucdantutma hamını kəsirlər. Xəstə, əlilliyi olan adama deyirlər ki, xəstəxanada yatmadığına görə sənə əlillik vermirik... Mehriban Əliyevaya yazdıq, heç xeyri olmadı

Saatlı rayon sakini Rauf Novruzov deyir: “Dörd aydır ki, pensiyam kəsilib, özüm əliləm, yoldaşım 2-ci qrup əlildir, hər ikimiz ağciyər xəstəliyindən əziyyət çəkirik... Mənə dərman lazımdır, mənə yemək lazımdır, içmək lazımdır, müalicə lazımdır, nə ilə müalicə olunum?”

Beyləqan sakini qohumunun 5 yaşlı uşağının epilepsiya xəstəsi olduğunu, təqaüd təyinatı ilə bağlı 9 dəfə, "müxtəlif bəhanələrlə" imtina cavabı aldığını danışır.

Tovuz sakini Faiq Səftərov: “Həkimə “hörmət” eləmədim deyə, sənədə sağaldığımı yazdı”.

17 mindən çox əlillik, 90 minədək pensiya hüququ ləğv edilib

Əlillərə qarşı “səlib yürüşü” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni rəhbər təyin edildikdən sonra, yəni, 2018-ci ildən başlayıb və elə həmin il 1055 nəfərin əlillik hüququ saxta hesab olunaraq, ləğv edilib. Nəticədə 3 milyon manat dövlət vəsaitinə qənaət olunub.

2019-cu ildə isə 3700 nəfərin əlillik təyinatı ləğv edilib, 117 nəfərin əlillik dərəcəsi azaldılıb, beləliklə, büdcəyə 18 milyon manata yaxın qənaət imkanı yaranıb.

ƏƏSMN-nin yerli mediaya verdiyi açıqlamadan məlum olur ki, saxta əlilliklə mübarizə tədbirləri çərçivəsində 3 ildə 17 mindən çox əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib.

Günah kimdədir?

Sosial müdafiə sahəsində yaranmış mövcud mənzərə başqa suallar da yaradır: Günahkar kimdir? Əhali, yoxsa insanları bu saxta proseslərdə iştiraka təşviq edən sistem?

Dövlət qurumları insanların təməl haqlarını, o cümlədən sosial müdafiə sistemlərindən faydalanma haqlarını satmaqla məşğuldursa, yəni rüşvət qarşılığında haqqı olmayanları belə bu hüquqlarla təmin edirsə, fərdlərin bu sistemdən faydalanmağa çalışması günah deyil. Bu durum 10 illərdir davam edir və bütün ölkəni başına alırsa, qanunsuzluq institutlaşır. Nəticədə ayrı-ayrı fərdlər deyil, bütün kütlə qanunsuzluğa yuvarlanır. Başqa sözlə, sosial davranışın kollektiv/sürü modeli formalaşır. İnsanlar belə məsələləri təəccüblə deyil, artıq sosial norma kimi qəbul edir, davranışlarını biri-biri ilə uzlaşdırırlar. Biri qonşusunun bu imkanlardan istifadə edərək daha rahat yaşadığını görür, cəzasızlığın şahidi olursa, “Mən niyə eləməyim?” sualı ilə üzləşir.

Belə çıxır ki, insanları qanunsuzluğa, saxtakarlığa sürükləyən dövlət qurumlarıdır, sistemdir. Qeyd edək ki, əlilliyin müəyyən edilməsi əsasən iki qurumun--Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə fəaliyyəti nəticəsində icra edilən prosesdir. Təcrübədə bu qurumların təmsilçiləri öz aralarında “centlmen sazişi” bağlayaraq, rüşvət qarşılığında əlillik dərəcələri təklif edirlər.

Statistik baxış

Qeyri-qanuni əlillik statusunun verilməsi ilə mübarizənin aparılmasına baxmayaraq, 2018-2019-cu illərdə cəmi əlillərin sayında 1.3% artım qeydə alınıb. Lakin 18 yaşına çatmamış fiziki məhdudiyyətli uşaqların sayı təxminən 10 min nəfər, yaxud 13.8% azalıb.

Əslində kütləvilik daha çox 2020-ci ildə və 2021-ci ilin ötən 5 ayında müşahidə edilib. Təəssüf ki, rəsmi statistika müvafiq dövrü əhatə etmir və vəziyyətin nə qədər dəyişdiyini rəqəmlərlə göstərmək, hələ ki, qeyri-mümkündür.

Əlilliyi ilk dəfə müəyyən olunan və yaşı 18-i keçənlərin sayında 12.8%, yaxud 3 min azalma müşahidə edilir (2017-2019). Əlilliyi ilk dəfə müəyyən edilə 18 yaşdan aşağı uşaqların sayında isə eyni dövrdə 58.6% artım qeydə alınıb.

Mövcud mexanizmlər də ədalətsizliyə yol açır

Mövcud qiymətləndirmə meyarlarına əsasən, əlillik səviyyəsi 3 qrupla (I ən yüksək, III ən aşağı) müəyyən edilir. Təklif edilən yeni qaydalara görə, insanların fiziki və sosial məhdudiyyətləri 4 dərəcə ilə (IV ən yüksək, I ən aşağı) qiymətləndirilir. Bu da əksər hallarda ədalətsizliyə səbəb olur. Belə ki, yalnız bir səbəbdən I qrup əlillik əldə edən vətəndaşla, bir neçə fərqli səbəbdən (hər biri ayrılıqda I qrup əlillik meyarlarına uyğun gələn səbəblərdən, məsələn, i) ürəkdaxili trombozla postinfarkt anevrizma və ii) tənəffüs orqanlarının aktiv vərəmi) I qrup əlillik statusu verilən vətəndaş eyni məbləğdə müavinət, pensiya və yaxud təqaüd alma hüququ əldə edir. Praktikada bu şəxslərin xərcləri, o cümlədən səhiyyə və sağlamlıq xidmətləri üzrə xərcləri ciddi şəkildə fərqlənir.

“Forma 88” dərdi

Yuxarıda da qeyd etdiyimiz kimi, əlilliyin təyin olunmaması, vətəndaşa imtina cavabının verilməsi çox vaxt “Forma 88”in düzgün tərtib edilməməsiylə əsaslandırılır. Təkrar müraciətlər təkrar gözləmələrə, aylarla vaxt itirməyə səbəb olur. Prosedura görə, “Forma 88”i müvafiq səhiyyə müəssisəsi hazırlamalı, elektron sistemə daxil etməlidir. Və bu sənədin doğru-düzgün tərtib olunmamasında vətəndaşın heç bir günahı yoxdur. Ancaq indiki qaydalar heç bir səhiyyə müəssisəsi qarşısında məsuliyyət müəyyən etmir, yəni səhiyyə müəssisələri “Forma 88”in düzgün tərtib edilməməsinə görə məsuliyyət daşımırlar. Sonucda vətəndaşın haqqı tapdanır.

Differensiallıq və ədalətli təminat prinsipinin tətbiqi

Əlillik səviyyəsini müəyyən edən dərəcələr şaxələndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə qərarı layihəsi hazırlanıb. Layihədə vətəndaşın əlilliyinin 4 dərəcə və hər bir dərəcə üzrə 3 səviyyə ilə ölçülməsi nəzərdə tutulsa, daha məhsuldar nəticələr əldə etmək olar [Bax: Şəkil 1]. Bu cür yanaşma qiymətləndirmənin diferensiallıq səviyyəsini artırar, bu sahədə mövcud olan narazılığı aradan qaldırar.

Sosial təminatın optimallaşdırılması

Müvafiq sosial müdafiə mexanizmləri, o cümlədən “Əmək pensiyaları haqqında” qanun, “Sosial müavinətlər haqqında” qanun, prezident təqaüdləri haqqında hüquqi çərçivə (sərəncamlar) əlillik səviyyəsinin yeni meyarlarına uyğun olaraq, diferensiallaşdırıla bilər. Başqa sözlə, hər dərəcəyə uyğun səviyyədən asılı olaraq, 3 fərqli məbləğlərdə pensiya, müavinət və təqaüd müəyyən edilə, beləliklə, əlilliyi olan şəxslərdən ötrü ədalətli təminat mexanizmi yaradıla bilər.

Məhsuliyyətin və cavabdehliyin artırılması

Təyinetmə prosesində vətəndaşın səhlənkarlığı ucbatından baş verməyən gecikmələrə görə dövlətin aidiyyatı qurumunun kompensasiya ödəməsi mexanizmi yaradıla bilər. Beləliklə, vətəndaşın, kiminsə nöqsan səbəbindən baş verən maliyyə itkisi əvəzləndirilə, həmçinin aidiyyatı dövlət qurumlarının məhsuliyyətliliyi arta bilər.

Sosial müdafiə mexanizmlərindən saxta yollarla yararlanmaq sosial ədalətsizlik, vergi ödəyicilərinin hüquqlarının pozulması, dövlət vəsaitlərinin səmərəsiz istifadəsi deməkdir. Bununla belə, müvafiq hallarla mübarizə başqa hüququları pozulmadan, cavabdeh şəxslər (məmurlar) cəzalandırılaraq, insanların, ailələrin sosial vəziyyətinə təsirlər nəzərə almaqla ədalətli, hər kəsə münasibətdə bərabər yanaşma ilə həyata keçirilməlidir...