Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

MƏMURLARIN SİRLİ GƏLİRLƏRİ

03.09.2020 / Qanun tələb eləsə də, Azərbaycan məmurları gəlirdən danışmaq istəmirlər

Vəzifəli şəxslərin gəlirləri haqda hesabat verməsi məsələsini bu dəfə deputat Erkin Qədirli qaldırdı. Millət vəkili sosial şəbəkədə öz gəlirləri, üstəlik, xərcləri (bunu qanun tələb eləmir) haqda məlumat yaydı: “Xərcləri ona görə detallı yazdım ki, siyasətçilərin və vəzifəli şəxslərin hesabatlılığı üçün bir tək gəlirin qanuni olması yetmir. Hətta xərclərin qanuni olması yetmir. Siyasətçilərə və vəzifəli şəxslərə yaraşmayan xərclər ola bilir, onların mənbəyi qanuni olsa belə. Şəraitdən də asılı ola bilir. Məsələn, deputat kimi məhdudiyyətsiz hər yerə getmək imtiyazım var, amma karantin dönəmində mən yalnız bir dəfə Bakıdan çıxmışam - Tovuza getmişdim (gəzməyə getməmişdim). Mən karantin olmayan bölgələrin birinə gedib, orada istirahət edə bilərəm. Bunu mənə qanun da icazə verir, maaşım da imkan yaradır. Bununla belə, çoxlarının Bakıdan çıxa bilmədiyi bir ortamda mənim bölgələrimizə gəzməyə getməyim qanuni olsa da, yaxşı olmaz. Hüquq yalnız qanundan ibarət olmadığı kimi, həyat da yalnız hüquqdan ibarət deyil.”

Sosial şəbəkədə olsa da, ilk dəfə idi ki, Azərbaycanda hansısa məmur gəliri haqda məlumat verirdi və hesabata “filan məlumat yoxdur” kimi iradları görürdü.

Əslində Azərbaycanda vəzifəli şəxslərin öz gəlirlərini açıqlaması tələbi uzun illərdir müxtəlif qanun və proqramlarda qoyulur, amma bundan ötrü nə vahid hesabat forması var, nə də başqa tədbir görülür.

İldən-ilə, sənəddən sənədə ötürülən öhdəlik

Vəzifəli şəxslərin öz gəlirlərini açıqlaması tələbi çox sənəddə irəli sürülür. İlk müddəa 2000-ci il, iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında qanun”da əks olunub. Qanunun 18-ci maddəsinin 9-cu bəndinə görə, dövlət qulluqçuları hər il qulluq etdikləri orqanın rəhbərinə öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orda əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidirlər. Bu tələbin yerinə yetirilməməsi qanuna görə töhmət və dövlət qulluğundan çıxarılmaqla nəticələnə bilər.

Kompleks yanaşma və bununla bağlı yeni müddəalar ilk dəfə 2004-cü il, yanvarın 13-də qəbul edilmiş “Korrupsiyaya qarşı mübarizə haqqında qanun”da yer alıb. Qanunun 5-ci maddəsinə görə, vəzifəli şəxslər hər il mənbəyini, növünü və məbləğini göstərməklə öz gəlirləri barədə, vergitutma obyekti olan əmlakları barədə, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payları barədə, şərti maliyyə vahidinin (1 manat 10 qəpik) beş min misli miqdarından yuxarı olan borcu barədə, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları müəyyən edilmiş qurumlara təqdim etməlidirlər.

“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” isə 2005-ci il, iyunun 24-də təsdiqlənib. Həmin sənəddə gəlir bəyannamələri sisteminin tətbiq istiqamətləri və qaydaları müəyyənləşdirilib. Ölkə prezidentinin 2005-ci il, 9 avqust fərmanı ilə bəyannamə formasının tərtibi üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib…

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulmuşdu. Tədbiri Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 2013-cü ildə yerinə yetirməli idi. Bu məsələ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nda da əksini tapdı. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etmələri üçün tədbirlər görməli idi…

Və nəhayət, Azərbaycan prezidentinin 2020-ci il, 27 fevral sərəncamı ilə təsdiq edilmiş planın (“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”) 1.4 bəndində "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi" nəzərdə tutulub. Bu tədbirin icraçıları Nazirlər Kabineti və Ədliyyə Nazirliyi göstərilsə də, Milli Məclisin Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasına da bununla məşğul olmaq tövsiyyə edilib.

Beynəlxalq sənədlər Azərbaycanı tənqid edir

Bir çox beynəlxalq hesabatlarda Azərbaycanın gəlirlərin açıqlanması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi qeyd olunub. “İstanbul Antikorrupsiya Tədbirləri Planı”nın Azərbaycan üzrə 4-cü raund monitorinq hesabatında yer alan təkliflərdə bildirilir ki, məmurların gəlir və əmlak bəyannamələrini açıqlaması üçün zəruri olan forma gecikmədən hazırlanmalıdır.

“İstanbul Korrupsiyaya Qarşı Mübarizə Tədbirləri Planı” (“Istanbul Anti-Corruption Action Plan”) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) anti-korrupsiya şəbəkəsi çərçivəsində, 2003-cü ildə formalaşdırılan, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə tədqiqat yolu ilə nəzarət proqramıdır.

“Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu”nun (GRECO) (Azərbaycan 2004-cü ildən qoşulub) 3-cü və 4-cü raund dəyərləndirmələri çərçivəsində Azərbaycan üzrə yekun hesabatlar sistematik korrupsiyaya diqqət çəkir. GRECO hesabatlarında deputat, hakim və prokurorların əmlak və gəlir üzrə bəyannaməlşəri açıqlamaması sərt tənqid edilir.

Ekspert rəyləri

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, E. Qədirlinin son 6 ayın gəlirləri və xərcləri ilə bağlı açıqlamasını təqdir edir və arzulayır ki, bu, müntəzəm xarakter alsın. Onun fikrincə E. Qədirli həm də vəzifəli şəxslərin gəlirlərini açqlaması ilə bağlı təşəbbüslə çıxış etməlidir: “Düşünürəm ki, Erkin bəyin gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı təşəbbüsü özfəaliyyətlə yekunlaşmamalıdır. O, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olaraq, bu təşəbbüsü ilk növbədə Komitə və Milli Məclis üzvlərinin iştirakı ilə genişləndirməlidir”.

Q. İbadoğlu bildirir ki, E. Qədirli həmçinin "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nın icrasına çalışmalıdır və konstitusiya və qanunlarla müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər, xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər, inzibati vəzifə tutan dövlət qulluqçuları, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də gəlirləri və əmlakı barədə bəyanamə verməyə cəlb edilməlidir: “Belə olarsa, qanunla prezident də, vitse-prezident də, baş nazir də, parlamentin spikeri də, nazirlər də, Milli Məclis üzvləri də dövrü olaraq, maliyyə xarakterli məlumatları açıqlamalı olacaqlar”.

Vəkil Cavad Cavadov hesab edir ki, vəzifəli şəxslərin gəlirləri haqqında bəyannamə verməmələri sırf siyasi hakimiyyətin iradəsinə bağlıdır: “Bu, ilk növbədə ölkəyə 2005-ci ildən sonra gələn böyük neft pullarının s[i]əmərəsiz istifadəsi və mənimsənilməsinə şərait yaratdı. Yəni siyasi hakimiyyətin özü bunda maraqlı olmasa idi, belə şərait yaranmazdı. Mənimsənilən pulların miqyasından ölkə rəhbərliyi hiddətlənsə də, faktiki olaraq qeyd olunan qanunun icrasının təxirə salınması buna şərait yaratdı. Bunu başqa cür izah etmək mümkün deyil”.

C.Cavadov bildirir ki, vəziyyət o həddə çatıb ki, hazırda maliyyə amnistiyası barədə söz-söhbət gedir: “Lakin bunun üçün ciddi islahatlar aparılmalı, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bir sözlə maliyyə amnistiyası veriləndən sonra korrupsiya hallarının bu miqyasda olmayacağına zəmanət olmalıdır”.

Maliyyə amnistiyası əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılması deməkdir.

Maliyyə amnistiyasından da xəbər yoxdur

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin açıqlanmasından öncə maliyyə amnistiyasının verilməsinin vacibliyindən danışanlar çoxdur. Bu təklifə iqtisadiyyat naziri Mikayıl Cabbarov da qoşulub. Nazir bu haqda mart ayında prezident İ.Əliyevlə görüşdə danışıb: “Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq, kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilib. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və sizin diqqətinizə təqdim edəcəyik”.

Üzərindən 4 aydan çox vaxt keçsə də, bu barədə hər hansı məlumat yoxdur. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda maliyyə amnistiyası tətbiq etmək üçün şərait yaradılmayıb: “Kölgə iqtisadiyyatı ilə mübarizədə bir çox ölkənin maliyyə və əmlakın amnistiyası praktikası varAmma burda çox önəmli olan məsələ güvən məsələsidir. Yəni bu addım atılarkən güvən təsis olunmalıdır. Güvən təsis olunması üçün isə normal, ədalətli məhkəmə sistemi olmalıdır ki, əgər amnistiya veriləcəksə, bundan faydalanan insanlar gələcəkdə təqib edilməyəcəklərinə əmin olsunlar. Dünyada həmişə belə olub. Azərbaycanda isə spesifik xüsusiyyət odur ki, bizdə məmur biznesi öncüllük təşkil edir.”

Ekspert deyir ki, bu gün fəaliyyətdə olan məmurlar və bundan öncə vəzifədə olan insanlar da bu qaydalara, bu qanunlara güvənməlidirlər ki, öz əmlaklarını və yaxud da maliyyə resurslarını bəyan etsinlər: “Güvən ortamının təsisi üçün müxtəlif addımlar atılmalıdır. Dünya praktikasında ən effektiv addım Şərqi Avropa ölkələrində olub. Şərqi Avropa ölkələrində məhz sistem, hakimiyyət dəyişikliyindən sonra maliyyə amnistiyası addımları atılıb və bu, effekt verib. Amma yaxın qonşumuz Rusiyada bir neçə il öncə bu addımın atılmasına cəhd göstərildi və cəhd heç bir effekt vermədi. Çünki Rusiyadakı biznes çevrələri, məmurlar-orada da məmur biznesi öncüllük təşkil edir-öz daşınan və daşınmaz əmlaklarını bəyan etməkdən çəkindilər. Çünki sonradan təqib olunacaqlarını düşündülər. Azərbaycanda bu addımın atılması üçün siyasi addımların atılmasına ehtiyac var”.

Hazır hesabat forması var

Yuxarıda da qeyd edildiyi kimi, vəzifəli şəxslərin gəlirlərini bəyan etməsi üçün son iş Nazirlər Kabinetindədir—hesabat formasını Nazirlər Kabineti hazırlamalıdır. Əslində bir neçə il bundan öncə “Konstitusiya” Araşdırmalar Fondu “Maliyyə xarakterli məlumatlar haqqında bəyannamə” forması layihəsini hazırlayıb. Həmin layihədə nəzərdə tutulur: vəzifəli şəxslər əməkhaqqı, dividendlər, hədiyyələr, qiymətli kağızlardan gəlir, əmanətlərdən gəlir, elmi fəaliyyətdən gəlir, pedaqoji fəaliyyətdən gəlir, yaradıcılıq fəaliyyətindən gəlir, miras, qonorarlar, pensiya, sosial müavinət, alimentlər, icarə gəlirləri, əmlak satışından gəlirlər, ödənilmiş borclar, digər gəlirlər, həmçinin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan valideynlərin vergitutma obyekti olan əmlakı, bəyannamə təqdim edən şəxslə birgə yaşayan uşaqlarının cəm halında vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər.

Gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısının alınmasında önəmli rol oynaya bilər. Bu, müvafiq quruma vəzifəli şəxsin gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etmək imkanı verər. Əgər gəlirlərdə şübhəli bir fərq varsa, məmurdan bunun əsaslandırlması tələb olunar.