Aytən Əlizamanlı

Hüquqşunas

MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ SÖZDƏDİR

13.12.2018 / Azərbaycan qanunları faktiki olaraq qadını qorumur

Azərbaycan cəmiyyətində belə bir fikir var: ölkədə məişət zorakılığına qarşı mübarizənin hüquqi bazası mövcuddur, baza kifayət qədərdir, sadəcə mental dəyərlər, şikayətlərin azlığı həmin qanunvericiliyi tətbiq etməyə mane olur. Yəni çoxları elə bilir ki, məişət zorakılığına məruz qalanların qorunmamasının səbəbi qanunvericilik deyil, onun tətbiq edilməməsidir. Bəziləri hesab edir ki, qanunvericiliyi inkişaf etdirmək vacibdir, ancaq cəza tədbirlərini sərtləşdirməkdənsə, maarifçiliyi gücləndirmək lazımdır.

Səmərəsiz qanunvericilik

Bu fikirlərin hər birində məsələyə yanaşma qüsurludur. Məsələn, birinci fikrə baxaq. Qanunvericiliyin sadəcə mövcud olması problemi həll etmir. Qanunvericiliyin əhəmiyyəti onun effektiv qoruma institutlarının yaradılmasına nə dərəcədə imkan verməsiylə ölçülür. Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyaya qoşulub. 2001-ci ildə isə onun “Fakültativ protokol”unu ratifikasiya edib. Konvensiyanın 2-ci maddəsinə əsasən, dövlətin öhdəliklərindən biri qadınlara qarşı ayrı-seçkilikdən effektiv müdafiəni təmin edən hüquqi baza yaratmaq idi. Amma Konvensiyadan irəli gələn öhdəliklər əsasında yaradılan qanunvericilik effektiv müdafiəni təmin edən normaları (imperativ normalar; sanksiyalar və s.) ümumiyyətlə əhatə etmir.

İkinci fikrin qüsurlu tərəfi odur ki, qanunvericilikdə sərt cəza tədbirləri nəzərdə tutulmursa, bu nəticəsiz qanunları izah edəcək maarifçiliyi gücləndirməyin mənası olmur. Məsələn, qadınların təhlükəsizliyini təmin edə bilməyən qanunvericilik haqqında maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac yoxdur. Ona görə yox ki, həmin qadın zorakılığa məruz qaldığı zaman polisə müraciət etmək hüququnu tanımır, ona görə ki, qadına polis və ya digər araşdırma orqanları tərəfindən kifayət qədər yardım göstərilə bilmir (sığınacaqla təmin olunma, şiddət göstərən şəxsin həbs edilməsi və s.) və ya qəsdən göstərilmir.

Sual olunur, əgər qanunvericilik həqiqətən kifayət qədər keyfiyyətli tərtib olunubsa, hökumətin vurğuladığı bu mübarizə tədbirləri niyə effektiv nəticə vermir? Nəyə görə şiddətə məruz qalan qadın şikayət etməsinə baxmayaraq, müdafiə olunmur, məsələnin ictimailəşdirilməsinə ehtiyac yaranır? Hətta problem ictimailəşdikdən sonra belə, proses zərər çəkən qadının ərizəsini geri götürməsiylə və bununla bağlı heç bir tədbir görülməməsi ilə nəticələnir?!

Məişət zorakılığı sosial problem kimi qəbul olunmursa?

Azərbaycanda məişət zorakılığıyla mübarizənin çətinliklərundən biri də belə halların cəmiyyət tərəfindən sosial problem kimi qəbul edilməməsi və adi hal kimi qarşılanmasıdır. Patriarxal sistemli ölkələrdə məişət zorakılığı tərbiyə metodu kimi əsaslandırılır, qadına və uşaqlara “mülkiyyət” kimi baxıldığından onların döyülərək “arzu edilən” davranış qaydalarına uyğunlaşdırılması normal hesab edilir. Kişi qadın və uşaqlar üzərində hakimdirsə, bütün yanlış hərəkətlərə görə məsuliyyət daşıdığını düşünür. Onun fikrincə yanlışın təkrarlanmamasının yolu tərbiyədir, yəni kişi döyməyə “məcburdur”. Bunu adi hal kimi qəbul edənlər çoxdur. Belələrinə hər təbəqədə, hər gün rast gəirik. Özü də bu adamlar bu cür münasibətin qadın və uşaqlara mülkiyyət və qul kimi yanaşılmasından irəli gəldiyini qəbul etmirlər.

Hökumətə görə bərabərlik hüququnu qoruyan dispozitiv normalar (alternativ davranmaq imkanı-red.) bütün sahələrdə var. Elə zorakılığa da gəldikdə, elə bir qanun qəbul edilə bilər ki, orada dövlət orqanı nəzarət və icra orqanı deyil, “ağsaqqal və ağbirçək” kimi məsləhətvermə orqanına çevrilə bilər. Təsadüfi deyil ki, hüquq mühafizə orqanları özləri də cinayət hadisələri haqqında məlumat verərkən “məişət zorakılığı” əvəzinə çox vaxt “ailə münaqişəsi zəminində baş vermiş cinayət hadisəsi” sözlərindən istifadə edirlər. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə 2017-ci ildə məişət zorakılığı üzrə 1225 cinayət hadisəsi törədilib, onun 977-si sağlamlığa qəsdən yüngül zərər vurma cinayətləridir. Bu rəqəmlərin nə dərəcədə real və dəqiq olması sual doğursa da, 1 ildə 1225 cinayət hadisəsinin baş verməsi, cəmiyyətdə bu sosial problemin mövcud olmasının göstərən faktorlardan biridir. Statistikada “məişət zorakılığı” sözləriylə bərabər “ailə münaqişəsi” sözlərinin yazılması isə məmur sinfinin də məişət zorakılığını sosial problem kimi qəbul etmədiyini göstərir.

Bu haqda qanunun qəbulundan sonra bəzi qanunvericilik aktlarına əlavələr edilib və qaydalar təsdiqlənib. Ancaq qəbul edilən normativ hüquqi aktların sayı gözəçarpan dərəcədə olsa da, işin mahiyyətinə baxanda əslində heç nəyin dəyişmədiyini görərik. Məsələn, qanun qəbul edilməmişdən əvvəl polis orqanları mübahisə edən ar-arvadı barışdırmaqla məşğul idisə, indi bu funskiyanı tam qanuni şəkildə yerli icra hakimiyyətləri, işin şiddət dərəcəsindən asılı olaraq, polis orqanları yerinə yetirir. Çünki qanuna görə, şikayətlər araşdırıldıqdan sonra əsas tədbirlər “barışıq yaratmağa çalışmaq, məsləhət vermək və mütəmadi danışıqlar aparmaq”dır. Bu o deməkdir ki, ölkədə yüzlərlə hərtərəfli (sadəcə fiziki deyil, həm də psixoloji) zərər çəkmiş qadın, hadisə sadəcə birinci dəfə baş verdiyinə görə bəzən qorxduğu şəxslə eyni evdə yaşamağa davam edə, məcbur ola bilər. Çünki dövlət orqanları bunu uyğun görür və tərəflərə barışmaq, “mehriban olmaq” məsləhəti verir.

Qərbdə mühafizə orderinin pozulması cinayətdir. Bizdə isə...

Qanuna əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərə, qısamüddətli (30 gün) və uzunmüddətli (180 günə qədər) mühafizə orderləri verilə bilər. Bu, onların yenidən eyni təhlükəylə qarşılaşmamaları üçündür. Qısamüddətli mühafizə orderi haqda qərarı yerli icra hakimiyyətləri verir. Uzunmüddətli mühafizə orderi haqda yalnız məhkəmələr, ərizə daxil olandan sonrakı 3 gün müddətində, işə baxmaqla qərar verə bilərlər.

Qısamüddətli mühafizə orderinin verilməsinin nəticələri şiddət göstərən şəxsə xəbərdarlıq edilməsi, onunla danışıqların aparılması və zərərçəkənin sığınacaqla təmin edilməsidir. Onun pozulması daha uzun müddətə nəzərdə tutulan uzunmüddətli mühafizə orderinin verilməsinə səbəb olur. Adı “mühafizə orderi” olan sənədin tələbləri pozula bilərsə və bunun nəticəsi sadəcə müddətin uzadılmasıdırsa, onu əhəmiyyətli və yararlı hesab etmək mümkündürmü? Qanun mühafizə orderlərinin verilməsindən sonra təkrarən zorakılığı törədən şəxslərin ailədən uzaqlaşdırılmasını istisna etməsə də, heç bir imperativ (məcburedici) norma yoxdur. Bu o deməkdir ki, ailədən uzaqlaşdırma ilə bağlı qərarın özü də yalnız subyektiv meyarlar əsasında qəbul edilə bilər.

Bir sıra xarici ölkələrin təcrübəsinə nəzər salsaq, onların heç birində “qısamüddətli və uzunmüddətli mühafizə orderləri” adlı mənasız klassifikasiya görmərik. Mühafizə orderinin məqsədi zərər çəkən şəxsi mühafizə etməklə bərabər, şiddət göstərən şəxsi zərərçəkəndən müəyyən müddət uzaqlaşdırmaq, zorakılıqdan çəkindirməkdir. Burda hökumətin beynəlxalq təcrübəni yarı-yarımçıq, məqsəd və mənanı anlamadan, sadəcə hesabatları bəzəməkdən ötrü tətbiq etməyə çalışdığı görünür.

Qadınlara özlərini təhlükəsiz hiss etdirə bilməyən mühafizə orderləri belə, olduqca bürokratik yollarla verilir. Məsələn, mediada yayılan məlumatlara əsasən 2012-2015-ci illər ərzində cəmi 10 mühafizə orderi verilib. 2017-2018-ci illərə aid məlumat isə ümumiyyətlə açıq deyil.

Digər ölkələrin (Almaniya, Böyük Britaniya, Yaponiya və s.) təcrübəsinə baxsaq, mühafizə orderlərinin pozulması cinayət məsuliyyəti deməkdir. Avstraliyada mühafizə orderinin pozulması zamanı polisə məhkəmə qərarı olmadan həbs qəti imkan tədbiri seçmək səlahiyyəti verilib. ABŞ təcrübəsində isə qadınlara “press buttons” düymələri verilir. Düymələr sıxılanda polis zərərçəkənə 2-3 dəqiqə ərzində adekvat cavab verilir.

Qanunun 7-ci maddəsində qeyd edilir ki, cinayət təqibi həyata keçirilən zaman zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin etməklə bərabər, ailə münasibətlərinin normallaşmasına və bərpa olunmasına köməklik göstərilməlidir. Bu normanı qəbul etməklə hüquq mühafizə orqanları “məişət zorakılığı” ilə bağlı şikayətlərdə ər-arvadı barışdırmaq səlahiyyətlərini sanki “leqallaşdırmağa” çalışıblar. Bu kimi normalar vasitəsi ilə açılan işlər, adətən, bağlanır. Bu niyyət mühafizəkar və konservativ düşüncəli adam üçün xoş görünə bilər, ancaq hüquqi cəhətdən qeyri-peşəkar yanaşmadır. Hüquq mühafizə orqanının peşəsi və vəzifəsi psixoloji yardım deyil, zərərçəkən şəxslərin təhlükəsizliyini təmin etməkdir, insan haqlarının pozulmasının qarşısını almaqdır. Təhlükəsizlik isə arvadını döyən və alçaldan adamın bir saatdan sonra onunla barışıb, hərəkətini təkrarlamayacağına söz verdirməklə təmin olunmur.

Məişət zorakılığı ailə hüququnda da vurğulanmır

Nikahın pozulmasına səbəb olan hallar arasında məişət zorakılığına dair iddialar, ümumiyyətlə, nəzərdə tutulmayıb. Yəni məişət zorakılığına məruz qalan şəxslərin iddia ərizələrinə baxılanda ümumi qaydada, çox vaxt 3 aya qədər uzadılaraq qərar qəbul edilir. Həmin 3 ay müddətində yaşamağa yeri olmayan qadınlar çox vaxt şiddət göstərən şəxslə birlikdə yaşamağa məcbur olurlar.

Digər tərəfdən sırf zorakılıq faktı məhkəmə tərəfindən təsdiqlənsə belə, bununla bağlı hər hansı kompensasiyanın ödənilməsi nə Ailə Məcəlləsində, nə də Mülki Məcəllədə nəzərdə tutulub. Hər iki məcəllədə məişət zorakılığından zərər çəkmiş şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı konkret normaların olmamasının özü də böyük problemlərdən biridir.

Məişət zorakılığı dedikdə ailə münasibətlərində olan şəxslərin, həmçinin, keçmişdə münasibətdə olmuş, birgə yaşamış şəxslərin zorakı hərəkətləri nəzərdə tutulur. Məsələn, fiziki, psixoloji, iqtisadi və ya cinsi zorakılıqlar məişət zorakılığı hallarıdır. İnsan alveri, erkən nigah da məişət zorakılığı hesab edilir.

Qanunvericilik məişət zorakılığı ilə bağlı işləri kifayət qədər geniş əhatə etmədiyindən, boşluqlar məhkəmələrin də səlahiyyətlərini məhdudlaşdırır. Kredit borcunu ödəyə bilmədiyinə görə vətəndaşlara inzibati həbs qərarı verən məhkəmələr banklara göstərdikləri həssaslıqdan qadınlara da göstərsəydilər, onların əsas hüquqlarının pozulmasına qarşı iş görsəydilər, uzunmüddətli mühafizə orderlərinin verilməsi, həmçinin, zorakılıq nəticəsində vurulan mənəvi zərərin təyin olunmasına dair qərarları müzakirə etmək mümkün olardı.

Azərbaycanda qadınların şikayətlərini geri götürməsi halları son vaxtlar geniş yayılıb. Bu, aparılan araşdırmaların nəticəsiz dayandırılmasına səbəb olur. Demək, önəmli məqamlardan biri də, araşdırmanın şikayətin geri götürülüb-götürülməməsindən asılı olmayaraq davam etdirilməsidir. Məsələn, İstanbul Konvensiyasının 55-ci maddəsinə əsasən konvensiyaya qoşulan dövlətin öhdəliklərindən biri də şikayətlə bağlı araşdırmaların bütün hallarda davam etdirilməsidir. Yəni şikayətçi qadın ərizəsini geri çəkəndə də, hadisə araşdırılmalı və obyektiv qərar verilməlidir (Azərbaycan İstanbul Konvensiyasını ratifikasiya etməyib).

Komitə nə işlə məşğuldur?

Məişət zorakılığına məruz qalmış qadınların son ümid yeri çox vaxt bu sahə üzrə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən qurumdur. Azərbaycanda bu işlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır. Komitənin əsas fəaliyyət sahələrindən biri məişət zorakılığı olsa da, fərdi şikayətlərin araşdırılmasında və qərarların qəbul edilməsində bu orqanın heç bir səlahiyyəti yoxdur. Komitənin adı nə sığınacaqlar ilə təminatda, nə də mühafizə orderlərinin verilməsində hallanır.

Komitənin zərər çəkən şəxslərin şikayətləri əsasında yaradılan məlumat bankı ilə əlaqədar icmalında problemin həlli yolu kimi bəzi tövsiyələr verilir. Məsələn, “ailə psixoloqu” institunun yaradılması”, “ağsaqqal-ağbirçək” institunun gücləndirməsi” təklif olunur. Gender bərabərliyi və qadınların haqlarının qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumu problemin həllini “ağsaqqal və ağbirçək” institunun yaradılmasında görürsə...

Azərbaycan qanunvericiliyində qadın hüquqları qorunmur və qanunun heç bir imperativ xarakteri və ya hər hansı preventiv funksiyası yoxdur. Mübarizə niyyəti yalnız imperativ normalar mövcud olduqda, şəffaf idarəetmə sistemi, bürokratik olmayan sosial müdafiə sistemi yaradıldıqda görünə bilər. İndiki vəziyyətdə görünən odur ki, nə qədər fəaliyyət planı qəbul edilir edilsin, məişət zorakılığını sosial problem hesab etməyən, mental təfəkkürlü məmurlar (əsasən icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar) və ya hakimlər dəyişmədikcə, ixtisaslaşmış məhkəmələr yaradılmadıqca, məişət zorakılığına qarşısının alınması üçün effektiv tədbirlərdən danışa bilmərik.