Toğrul Vəliyev

İqtisadçı

ƏLİLLƏRİN BAŞINA NƏ OYUNLAR AÇIRLAR?

27.06.2021 / Yeni sosial siyasət əlillərin gözü ilə

2021-ci il, martın 30-da iki hadisə baş verib. Birini Azərtac təsvir edib: Binəqədi rayonunda 4 saylı DOST Mərkəzi açılıb. İkinci hadisə şəxsən mənimlə bağlıdır. Bu haqda məlumatı e-gov.az portalı verib: III qrup üzrə əlilliyimin müddətinin uzadılmasından imtina ediblər.

Ən yaxınlarım bilir, mən bu məsələ haqda yazmağı və ya danışmağı, adətən, sevmirəm. Hardasa 17 ildir (13 yaşımdan), rəsmi olaraq, əlil statusuna malikəm. 2010-cu ildən III qrup əlil statusu almışam. Əlillik, anadangəlmə xəstəliyimlə (Q78.6) bağlıdır. Bu xəstəlik ortalama 50 min insanın arasında bir nəfərə düşür (Azərbaycanda belə 200 xəstə ola-olmaya). Hər bir halda bu xəstəlik mənim həyatıma təsir edib, edir və edəcək. İdmanla məşğul olmaq olmaz, fiziki işlər qadağandır, zərurət olmasa, iynə vurmağı məsləhət görmürlər. Hardasa 12-13 yaşımdan belədir. Bununla yaşamağa artıq öyrəşmişəm.

Əvvəl əlillik statusu almaq istəmirdim, amma qohumlar, həkimlər və digərləri təzyiq etdilər və biz bu işə--çox çətin və bürokratik prosesə başladıq. Doğrudur, illər keçdikcə öyrəşirsən. Məsələn, 18 yaşıma kimi, eyni xəstəliyimin olduğunu mən az qala hər il bir daha sübut etmək məcburiyyətində qalırdım. Son dəyişikliklərdən sonra bir qədər rahatlamışdım – əlillik artıq minimum 5 illiyə verilir və 15 ildən sonra bu statusu ömürlük almaq imkanı yaranırdı (qabaqlar, deyəsən, 10 il idi). Yəni, bürokratiyadan qurtarmaq üçün 4 ilim qalırdı. Ona görə də bu dəfə rahat müraciət etdim.

“Elektron hökumətə salamlar!”

Əvvəlcə uyğun poliklinikaya üz tutmalısan. Amma poliklinikada həkimlər nə mənim əlliliyim barədə (“Salam, tibbi sığorta!”), nə, ümumiyyətlə, xəstəliyim barədə məlumatlı olurlar. Tibbi heyət (cərrah və ya travmatoloq) dəyişdiyindən məlumatlar qalmır (“Elektron hökumətə salamlar!”). Prosesin başlanması və gedişatına bələd olduğumdan 2 günümü ayırdım və bu sahədə ixtisaslaşan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan müvafiq arayışı aldım. Ancaq elə-belə almadım.

... Əslində mən bu institutda qeydiyyatda idim (hətta 2005-ci ildə 40 gün “yatmışdım”, sonrakı 1 ili gəzmə qabiliyyətimi bərpa etməklə məşğul olmuşdum) və əlbəttə ki, “kartoçkam” var idi. Sadəcə xəstəliyimin müalicəsi olmadığından, çox nadir hallarda—ildə ən çoxu 1 dəfə ora müraciət edirdim (son 10 il nəzərdə tutulur). Xəstəxanaya, əməliyyata ehtiyac yarananda müraciət etmək lazım gəlir. Bu variantdan da ən zəruri hallarda, ciddi problem yaranarsa, istifadə etməyi məsləhət görürlər...

Travmatologiyada öz kartoçkamı götürüb həkimin yanına getməyi planlayırdım. Amma məlum oldu ki:

– Köhnə kartoçkalar arxivə verilib.
– Başa düşmədim? Mən ölüb-eləmişəm ki, mənim sənədlərimi arxivə verirsiz?
– 5 ildən çox olanların hamısı arxivdədir.
– Yaxşı bəs barəmdə olan bütün məlumatlar hardadır?
– Arxivdədir.

Yəni hətta elektronlaşdırmayıblar!

Buna rəğmən həkim müvafiq arayışı mənə problemsiz verdi (köhnə arayışların bir hissəsi özümdə də var idi) və diaqnozu təsdiqlədi. Mən də o arayışı poliklinikaya göndərdim. Və elə poliklinikada bürokratik əngəllərə başladılar:

– Bəs sən son 5 ildə xəstəxanada yatmamısan ki?
– Niyə yatmalıyam?
– Yatmasan, imtina verəcəklər.
– Hörmətli həkim, xəstəliyimin müalicəsi yoxdur, genetik olaraq keçir. Ona görə boş-boşuna xəstəxanada yatmağa ehtiyac yoxdur. Özü də indi koronavirusla mübarizədən danışılır, xəsətəxanaları boş yerə tutmaq nəyə lazımdır?

Bir sənəd bir aya göndərildi

Hər bir halda, fevralın 4-dən martın 8-nə kimi poliklinika bir “Forma 88”i göndərdi. Bir ay uzadaraq--hər dəfə nəsə yeni bir məlumat almağa çalışaraq, gah “sistem işləmir”, gah “həkim yoxdur” deyərək, nəhayət, forma Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK-ə və s.) çatdı. TSEK isə müraciəti, qaydalara görə, 10 iş günü ərzində cavablandırmalı idi. Mənim keysimdə bu “deadline”a riayət olundu və martın 30-u mən imtina cavabı aldım. Cavabı alan kimi--növbəti gün DOST agentliyinə müraciət etdim.

Bu agentliyə mən ilk dəfə idi yaxınlaşırdım. Fikirləşirdim ki, ən azı nəsə izah edərlər (iki səbəb göstərilmişdi və hər iki səbəbin nəyə aid olduğu bəlli deyildi. Məsələn, “müayinə tarixi qeyd olunmayıb” yazılmışdı. Hansı müayinədən söhbət getdiyini anlamırdım. Sənədlərə baxanda bütün müayinə tarixlərinin göstərildiyi görünürdü). Amma onlar da izah tapa bilmədilər. Nə DOST agentliyinin müvafiq sıravi işçisi, nə də Səbail rayonu üzrə TSEK nümayəndəsi bir şey anladı. Aramızda belə əndirəbadi dialoq da baş tutdu:

– Nəyə görə “əlavə yoxlamaların keçirilməsi” yazılıb? Müvafiq ixtisaslaşan (ondan başqa rəy verəcək qurum yoxdur onsuz da) institut diaqnozu təsdiqləyib axı.
– Bizim diaqnoza heç bir şübhəmiz yoxdur. Sadəcə bəlkə ağırlaşma baş verib?
– Başa düşmədim. Ağırlaşma baş veribsə, siz avtomatik olaraq əlillik verməlisiz, yox? Ya ağırlaşma vaxtı imtina verilir?

Sonraki söhbətdə yerli həkim şübhə ilə danışdı:

– Travmatologiya o qədər saxta arayış verib ki!
– Bunun mənə nə aidiyyatı?

TƏBİB-in məlumatı üçün, Səbail rayonu üzrə TSEK hesab edir ki, TƏBİB-in nəzdində olan Travmatologiya İnstitutu saxta arayış verir.

Şəxsi informasiya təhlükəsizliyi qorunmur

Üz tutduğum qurumların işçilər özünü təqdim etmir, bundan çəkinirdilər. Amma vətəndaşlara gəldikdə şəxsi informasiyaya hörmət qoyulmur. Nə TSEK-də, nə də DOST agentliyində. Məsələn, agentliyin girişində növbə nömrəsi götürürsüz. Ancaq masaların üstündə nömrə yox, sizin soyadınız, adınız, atanızın adı və şəxsiyyət vəsiqəsində olan şəkil göstərilir. Bəlkə mən tanımadığım adamların mənim hara müracitə etdiyimi bilməyini istəmirəm? Mənim adımı və şəklimi niyə hamı görməlidir ki?...

Aylardır müavinət almayanlar var

Agentlikdən birbaşa mərkəzi TSEK-ə yollanmışdım. Əsas darvazada dayanan qapıçı telefonla danışa-danışa məndən xahiş elədi:

– Qaqaş, siz bir qədər gözləyə bilərsinizmi?... Hə, narahat olma, məsələni həll etdim. L. və İ. doktorların otaqlarına getdim və həll olundu. III qrup alacaq. Sağ ol... Hə, sizin adınız və soyadınız necə idi? Mən burada kağıza sizin adınızı qeyd edəcəyəm, orada girişdə də Ceyhun adlı şəxs bu siyahı üzrə sizi çağıracaq.

Növbədə hardasa 144-cü idim. Təsəvvür edin ki, TSEK-ə saat 11.00-də çatmışdım və məndən qabaq bu qədər adam vardı! Hələ məndən sonra nə qədəri gəlmişdi. Çoxu növbəsini gözləmədi. Çıxıb gedənlərin hesabına 81-ci oldum. Saat 16.00-da—mən ordan çıxanda 123-cü şəxsə xidmət göstərilirdi. Bundan başqa 20-25 nəfər də vardı. Sizcə bu qədər insan Mərkəzi TSEK-ə nəyə görə gəlmişdi? Keçmişdə bura yalnız ilk dəfə--əlillik alanda və qrupu müəyyən edəndə gəlirdin. İndi isə... insanlara imtina gəlib. İlin əvvəlindən xeyli adamın əlilliyinin uzadılmasından imtina edilib. Mən 2 ay müavinətsiz qalmışdım, burda 3-4 ay müavinət almayanlar vardı. Üstəlik, bir çoxuna 2-3 ay idi, cavab da vermirdilər. Deyəsən, böyrək problemi olan biri danışırdı:

– Mənə 3 aydır heç bir cavab verilmir. Cavabı verin, işimi bilim də. Cavabı alıb, məhkəməyə verim də.
– Gecikir.
– Necə yəni gecikir? 10 iş günü ərzində olmalıdır.
– Adam çoxdur, müharibədən də çox gəlib.

Axı bunun insanlara nə aidiyyatı? Müraciətlərə 10 iş günü ərzində baxa bilməyən qurumda mən ən azı 5 işçinin ora-bura fırlanmaqla məşğul olduğunu gördüm. Əlillərə “diqqət” bununla bitmir.

Tibbi-Sosial Ekspert Komissiyasının lifti, tualetləri...

TSEK-in qəbul mərtəbəsində tualet vardı, amma qapısı bağlı. Açarını axtardıq, heç kim cavab verə bilmədi. “Bəs hara gedək?” Məlum oldu ki, əlilliyin müəyyən edilməsi üzrə komissiya və bərpa mərkəzinə gələnlər üçün tualet həyətin arxasına yerləşdirilib. Yəni, küçədə fəaliyyət göstərən fəhlələrdən ötrü nəzərdə tutulmuş müvəqqəti tualetə bənzəyən bir tualet var. Və bu tualetdə əlillər üçün heç bir şərait yoxdur.

Pandemiyaya rəğmən bütün gözləyənləri bir kiçik yerə yığmışdılar, nə tərpənmək, nə də gəzmək imkanı vardı. 2 dəfə Təcili Tibbi Yardım gəlmişdi. O qədər həkimin olduğu yerdə ilkin yardım göstərə bilmirdilərmi?

“Stasionarda yatın, SONRA gələrsiz”

Lənkərandan gözü görməyən adam gəlmişdi. Uzun müddət gözlədəndən sonra ona, xəstəxananın məlumatı sistemə düzgün yerləşdirmədiyini bildirdilər: “Məlumatı görürük, amma götürə bilmirik. Qoy onlar sistemə salsınlar, sonra gələrsiz”. Yəni, bu boyda komissiyanın problemi yerindəcə həll etmək imkanı yox idimi? Adamın görmədiyini müəyyən etmək əvəzinə onu get-gələ salmaqdan həzz alırlarmı? Gələnlərin bəzilərinə, “Gedin, stasionarda yatın, sonra gəlin, bizə stasionar lazımdır,” deyə cavab verirdilər. Əlilliyin sübutu üçün “stasionarın” vacibliyini kimsə əsaslandırmırdı. Nəticədə bəziləri bu quruma 3-cü, 4-cü dəfə gəlməli olmuşdular və məsələləri hələ də həll edilməmişdi!

Nəhayət, növbə mənə çatdı. Yaxınlaşdım və problemimi izah etdim. “Bəlkə elə bu gün sizi komissiyaya salaq, qərar verək,” deyə cavab verəndə bir qədər ruhlandım, “Nəhayət, bu gün məsələ həll olunar,” düşünürdüm. Amma sən saydığını say, gör fələk nə sayır. İşçi çıxıb getdi və hardasa 20 dəqiqədən sonra qayıtdı:

– Gəlin, mən sizi travmatoloqun yanına aparım.

Maraqlı gəldi. Bu binanın ikinci, üçüncü mərtəbələrinə qalxmaq üçün əvvəllər heç bir maneə yox idi. İndi isə qapıları bağlamışdılar və yuxarı yalnız xidməti işçilər keçə bilərdilər. İşçi məni üçüncü mərtəbəyə müşayiət etdi. Əlbəttə, lift də var idi, amma o başqa tərəfdəydi və vətəndaşlar o başqa tərəfə keçə bilməzdilər.

Travmatoloq çox mənasız yerə “otur, dur,” deyərək, gimnastika elətdirəndən sonra dedi:

– Vəssalam. Sizin xəstəliyinizə əlillik düşmür.
– Bunu necə müəyyən etdiniz ki?

7 saatlıq “mücadilə” nə ilə başa çatdı?

Səhər saat 9-dan idarələrdə idim. İndi də vaxt travmatoloqla mənasız dialoqa gedirdi. Mən ondan yazılı sübut tələb edirdim, o isə heç nə yazmaq istəmirdi. “Əgər hər şey dediyiniz kimidirsə, niyə bunu yazmayasınız?”

Sonra məni pediatrın yanına apardılar (dediklərinə görə, müdir idi). Yeri gəlmişkən, hər bir otağın yanında həkimin yalnız aid olduğu sahə göstərilmişdi, adı qeyd olunmamışdı. Deyəsən, TSEK çox gizli qurumdur... “Müdir” də eyni şeyi təsdiqlədi:

– Sizin xəstəliyiniz Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qərarda yoxdur.
– Var.
– Necə yəni var? Yoxdur.
– Açın, baxaq.
– Yoxdur.
– O zaman sənəd verin ki, siz imtina verirsiz və siz bu xəstəliyin əlillik vermədiyini deyirsiz.

Bu dəfə “müdir” travmatoloqa müraciət etdi:

– Onda salın komissiyaya, protokollaşdıraq, verək.

Travmatoloqun cavabı belə oldu:

– Orda kamera olacaq və hər şey videoya çəkiləcək.

Sanki mən videodan qorxacaqdım. Dönəndə arxamda polis işçisini gördüm. Sən demə, bütün müzakirələr polisin şahidliyi ilə keçirmiş. Bəlkə də mühafizə polisinin əməkdaşı idi. Ancaq onun o otaqda nə gəzdiyini soruşmağa həvəsim yox idi. Və bu polis əməkdaşı məni çıxışa kimi müşayiət etdi. Bəlkə biz bilmirik, bəlkə bizim TSEK xüsusi xidmət orqanıdır?

Qaynar xəttə şikayətin “nəticəsi”

...Komissiya saat 15.00-a təyin olunmuşdu. Əlbəttə ki, o saatda heç bir komissiyanın olmadığını deməyə ehtiyac yoxdur. Saat 16.00-a kimi gözlədim (təsəvvür edin, saat 11-dən bir binada idim, ümumiyyətlə, səhər 9-dan bu məsələlərlə məşğuldum). Heç bir komissiyanın gəlmədiyini görüb, qaynar xətt vasitəsilə şikayət göndərdim və çıxıb getdim. Mənasız mübahisələrə nə həvəsim, nə də gücüm qalmışdı.

P.S. Lap əvvəldə DOST Mərkəzinin açıldığını yazmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Bu qədər insanı əlillik müavinətindən məhrum etdik”, deyərək öyünür, effektiv iş gördüyünü, büdcəyə qənaət etdiyini bildirir. Binəqədidəki DOST Mərkəzinin binası ən azı 8 366 min manata başa gəlib (məlumatı, 2019-2020-ci illərdə dövlət satınalmalar reyestrinə görə almışam). Bu pula III qrup əlilliyi olan 6 337 şəxsə bir illik müavinət (1320 AZN), yaxud 76 min III qrup əlilə bir aylıq müavinət (110 AZN) ödəmək mümkündür. Yeri gəlmişkən, ölkə üzrə cəmi 182,5 min insan (müqayisə üçün, SOCAR-da 51 min nəfər çalışır) əlillik müavinəti alır.

P.P.S Məsələ müavinətdə deyil. Məsələ daha çox münasibətdədir. Mənim həyatım tamamilə dəyişib. 8-ci sinifdən dərsləri evdə almaq məcburiyyətində qalmışam, cəmiyyətdən təcrid olunmuşam. 8-ci sinfə keçdiyim bütün ili gəzməyi yenidən öyrənməklə keçirmişəm. Yəni, faktiki olaraq, bir il gəzə bilməmişəm. Bundan əvvəl 4-cü sinifdə də eyni problemlə üzləşmişdim və təhsilin son 2 ayını itirmişdim. Adicə burxulmaya görə. Bərpa prosesi, başqalarında çox tez başa gələ bilər, məndə aylar tələb edib. Adətən şikayət etməmişəm. Ancaq indi mənə bunun “heç nə” olduğunu deyirlər. Üçüncü dərəcəli əlillik “orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir”. Məndə sadalanan problemlərin hamısı var. Elə dövlət komissiyası da bu səbəbdən yalnız “Tibbi” yox, “Tibbi-Sosial” adlandırılır. Amma təyinatına uyğun deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi siyasətinə uyğun olaraq, imtina cavabı verir.

P.P.P.S. Şikayətimə hələ də cavab gəlməyib, ancaq statusum “İmtina edilib”dən “Yanlış və ya natamam doldurulub”a dəyişdirilib. Halbuki, mənə sistemdə dəyişiklik etməyin mümkün olmadığını demişdilər. Sən demə şikayət edəndə dəyişiklik mümkünmüş. Əsas dəyişikliyi—nazirliyin şikayətimə baxmasını gözləyirəm.