Toğrul Vəliyev

İqtisadçı

LƏNKƏRANIN NƏQLİYYAT SİSTEMİ

05.10.2022 / Şuşada intellektual nəqliyyatdan danışılır, bəs o biri şəhərlər?


Foto Day. saytından götürülüb



Azərbaycanda ictimai nəqliyyatdan danışarkən, adətən, Bakı nəzərdə tutulur; Bakı Nəqliyyat Agentliyi, Bakubus MMC və s. kimi adlar çəkilir. Doğrudur, əhalinin böyük hissəsi Bakıda toplanıb, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil. Kiçik olmasına baxmayaraq, o biri şəhərlərin də ictimai nəqliyyat sistemləri mövcuddur. Belə şəhərlərdən biri də Lənkərandır.

Lənkəran nəqliyyatına “Lənkəran-Sərnişin” ASC baxır

Bakıdan fərqli olaraq, Lənkəranda ictimai nəqliyyat sistemi tamamilə özəl şirkətin əlindədir. Bu şirkət “Lənkəran-Sərnişin” Açıq Səhmdar Cəmiyyətidir. Kommersiya hüquqi şəxslərin reyestrində olan məlumata görə, “Lənkəran-Sərnişin” ASC 1998-ci il, aprelin 22-də qeydiyyatdan keçib (daha doğrusu, özəlləşmə üçün hazırlanıb, ya da özəlləşdirilib). Şirkətin qanuni təmsilçisi qismində Natiq Əhəd oğlu Cəfərov çıxış edir, nizamnamə kapitalı 280,3 min AZN-dir. Sahibləri barədə dəqiq söz demək çətindir, çünki şirkət ASC olmasına baxmayaraq, çox da şəffaf deyil. Son iki il ərzində şirkət öz maliyyə hesabatlarını rəsmi KİV-lərdə yerləşdirib, amma səhmdarları barədə məlumat paylaşılmayıb. Bakı Fond Birjasının məlumatına görə, “Lənkəran-Sərnişin” ASC “səhmdarlarının sayı 50 və 50-dən artıq olan Açıq Səhmdar Cəmiyyətləri” siyahısına daxildir. Başqa sözlə, şirkətin ən azı 50 səhmdarı var.

Qeyd etmək lazımdır ki, Lənkəranda nəqliyyat infrastrukturuna aid və özəlləşdirilən təkcə “Lənkəran-Sərnişin” ASC deyil. Bundan başqa “Lənkəran-nəqliyyat” ASC və 2015-ci ildə özəlləşdirilən “Lənkəran Nəqliyyat Xidməti” ASC var. Amma bu iki şirkətin hansı nəqliyyat xidmətlərini təklif etdiyini demək çətindir. Açıq mənbələrdə olan məlumata görə, birbaşa sərnişin nəqliyyatı ilə yalnız “Lənkəran-Sərnişin” ASC məşğuldur.

Şirkətdən əvvəl, şəhər nəqliyyatının vəziyyətini qısa təsvir etməyə çalışaq. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, rayon üzrə sərnişindaşımanın həcmi 2015-ci ildə 30.331 min nəfər olub. O zamandan bəri sərnişindaşıma artaraq, 2019-cu ildə maksimuma—34,5 milyon nəfərə çatıb. Amma pandemiya illəri bu rəqəmlərə də təsir edib. DSK qeyd edir ki, 2020-ci ildə Lənkəranda sərnişindaşıma 19,1 milyon nəfərə düşüb, yəni, 45% azalma qeydə alınıb. Lənkəran şəhər İcra Hakimiyyətinin məlumatına görə, 2021-ci ildə ciddi dəyişiklik baş verməyib, sərnişindaşıma 19.434 min olub. Yəni, bir il ərzində 1,4%-lik artım müşahidə edilib. Karantin tədbirləri aradan qaldırılandan sonra da Lənkəran sərnişindaşımasında 2019-cu ilin rəqəmlərinə yaxınlaşma olmayıb.

QEYD: Bakıda da avtobuslar vasitəsilə sərnişindaşıma karantin ilində 37% azalıb (ölkə üzrə azalma 40% civarındadır).

“Lənkəran-Sərnişin” mənfəətsiz işləyir?

Beləliklə, Lənkəranın nəqliyyat sahəsindəki vəziyyət bütün ölkə üzrə vəziyyətdən ciddi sürətdə fərqlənmir, sadəcə bölgədə qeyd olunan sərnişindaşımanın azalması digər bölgələrlə müqayisədə daha kəskindir. Həmçinin, DSK-nin məlumatına görə, bölgədə 2018-ci ildə 420 avtobus var idisə, 2021-ci ilin əvvəlinə onların sayı 390-a düşüb. Bu azalmanın hansı hissəsi məhz ictimai nəqliyyata aiddir? Cənub TV-nin verdiyi məlumata görə Lənkəranda sərnişinlərin daşınmasına 80 avtobus xidmət edir. Ancaq bu məlumat 2016-ci ilə aiddir və o zaman bölgədə 373 avtobus olub. O vaxtdan “Lənkəran-Sərnişin” ASC-nin bölgəyə yeni avtobus gətirməsi barədə məlumat yoxdur. Açıq mənbələrdə şirkətin yalnız 2014-ci ildə 6 yeni avtobus gətirdiyi deyilir (əsasən PAZ markalı avtobuslar).

Bəs sərnişindaşımanın qazancı nədir? Lənkəran şəhər İcra Hakimiyyətinin məlumatına görə, 2021-ci ildə avtomobil nəqliyyatı sərnişindaşıma hesabına 3102,3 min manat qazanıb. Bu qazancda ictimai nəqliyyatın payı nə qədər olub? Bunun üçün “Lənkəran-Sərnişin” ASC-nın maliyyə hesabatına müraciət etmək olar. Şirkətin məlumatına görə, 2021-ci il ərzində əsas əməliyyat gəlirinin ümumi həcmi 314,9 min manat təşkil edib. Maraqlıdır ki, 2020-ci ildə (yəni sərt karantin şəraitində) şirkət 334 min manat qazanıb. Karantindən əvvəlki dövrdə isə bu qazancı 346 min manat olub. Yəni sərt karantin və pandemiyaya baxmayaraq, şirkətin qazancının sabit qaldığı göstərilir. Amma sabitlik hələ mənfəətlik demək deyil.

“Lənkəran Sərnişin” ASC-nin hesabatından görünür ki, bəhs edilən 3 il ərzində şirkətin mənfəəti olmayıb. Əgər 2019-cu ildə şirkətin zərəri 5 min manat olubsa, 2020-ci ildə bu göstərici 50 minə, 2021-ci ildə 42 min manata qalxıb.

“Lənkəran-Sərnişin” ASC-nin maliyyə hesabatının uzunmüddətli aktivlər bölməsinə baxanda şirkətin balansında elə də çox avtobus olmadığını təxmin eləmək mümkündür. Məsələn, 2021-ci ilin əvvəlinə aktivlərin həcmi 137 min manat idisə, ilin sonuna 141 min manat olub. Şirkətin istifadə etdikləri PAZ/GAZ avtobuslarının birinin qiyməti 5-10 min AZN civarındadır. (köhnə Sprinter avtobusunun dəyəri ən azı 20-25 min manatdır). Demək ki, şirkətin balansında 10-12 avtobus ola bilər. Məlumatların birində qeyd olunduğu kimi, digər avtobuslar fiziki şəxslərə məxsusdur və onlar şirkətlə müqavilə əsasında çalışırlar.

Lənkəran əhalisinin əksər hissəsi ictimai nəqliyyatdan istifadə etmir

Sadalanan rəqəmlər göstərir ki, Lənkəran ictimai nəqliyyatının vəziyyəti ümumən sabitdir (qazancı azalmadığına görə sərnişin dövriyyəsinin azalmadığını güman eləmək olar). Bəs ictimai nəqliyyatın Lənkəran rayonunun həyatında rolu nə qədərdir?

Əhalinin ictimai nəqliyyatdan məcbur olub, istifadə etdiyi bəllidir. İllər əvvəl qeyd olunduğu kimi, istismara verilənlər əsasən nisbətən köhnə avtobuslar, ya da mikroavtobuslardır. Klassik anlamda ictimai nəqliyyat sistemi yoxdur. Bundan başqa, Lənkəran nəqliyyatı barədə açıq mənbələrdə hər hansı ətraflı və dəqiq məlumat tapmaq mümkün deyil. Əgər siz şəhərin marşrut şəbəkəsini, ya da kəndlərarası avtobusların cədvəlini öyrənmək istəsəniz, bu, internet vasitəsilə alınmayacaq. Bakıda ictimai nəqliyyatın “Google Maps”dan itməsi müzakirə mövzusudursa, Lənkəranda, ümumiyyətlə, buna yaxın və ya alternativ sistem yoxdur.

Rəsmi məlumata görə, ictimai nəqliyyat şirkətinin dövriyyəsi sərnişindaşımadan əldə olunan gəlirin yalnız 10%-ni təşkil edir. Demək ki, sərnişinlər çox vaxt digər nəqliyyatı növlərini üstün tuturlar.

Bakıdan kənarda

İndi Ağdamda və ya Şuşada yeni intellektual nəqliyyat sisteminin yaradılması müzakirə olunur. Ancaq ölkənin ən iri şəhərlərindən olan Lənkəranda normal və adekvat nəqliyyat sistemi mövcud deyil. Bakıda sadəcə kənardan görünən problemlər barədə danışmaq mümkündür (nəqliyyat cədvəlinin olmaması, köhnə avtobusların istismarı, hər marşrut üzrə ayrı-ayrı sahibkarların mövcudluğu və s.). Əslində Lənkəran nəqliyyatının daxili problemləri də var. Və bu problemlər tək Lənkəranda deyil. Düzdür, Sumqayıtda və Gəncədə vəziyyət bir qədər başqadır, Şamaxıda avtobuslar kartla ödənişə keçiblər, amma ümumən Bakıdan kənar şəhər nəqliyyat sistemi nə xüsusi müzakirə mövzusuna çevrilir, nə də onun hər hansı inteqrasiyası barədə danışılır. Elə Bakı kəndlərində eyni zamanda üç nəqliyyat sistemi toqquşur: Bakı, Sumqayıt və Abşeron rayonu. Hər üç nəqliyyat sisteminə məxsus olan avtobuslar hərəkət edir, amma bu sistemlərin bir-birinə inteqrasiyasını müzakirə edən yoxdur...