Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

KORRUPSİYAYLA MÜBARİZƏ ÜÇÜN YENİ PLAN VAR

13.04.2022 / Öhdəliklər proqramdan proqrama ötürülür


Korrupsiyanı Qavrama İndeksi



Azərbaycanda korrupsiya ilə mübarizəyə həsr edilmiş növbəti “Milli Fəaliyyət Planı”qəbul olunub. Prezident İlham Əliyev aprelin 4-də sərəncam imzalayıb, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləyib. Yeni fəaliyyət planı bu mövzuda ilk sənəd deyil. Azərbaycanda 2004-cü ildən bu yana davamlı olaraq, korrupsiya ilə mübarizəylə bağlı fəaliyyət planları, dövlət proqramları qəbul edilir. 2011-ci ildən həm də “Açıq Hökumət”in təşviqi ilə bağlı sənədlər qəbul olunub, çünki elə həmin ilin sentyabrında Azərbaycan BMT Baş Assambleyasında elan edilən Açıq Hökumət Tərəfdaşlığına (AHT) qoşulub. AHT hökumətin vətəndaşlar qarşısında şəffaflığın təşviqi, vətəndaşlara daha böyük səlahiyyətlərin verilməsi, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi istiqamətində öhdəliklər götürdüyü könüllü beynəlxalq təşəbbüsdür.

İndiyədək qəbul edilən sənədlər:

Proqramlar, planlar... niyə təkrarlanırlar?

Hökumətin qəbul etdiyi proqramlarda nəzərdə tutulan öhdəliklərin icrası adətən dekorativ xarakter daşıyır. Öhdəliklərin çoxu icra edilməyərək, növbəti proqrama ötürülür. Belə öhdəliklərdən ən “məşhuru” vəzifəli şəxslərin öz gəlirlərini açıqlaması tələbidir.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada (2007-2011) qeyd edilir: “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydalarının tətbiqi üçün müvafiq işlər görüləcəkdir”.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamələrinin elektron formada təqdim edilməsiylə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Bu işi Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 2013-cü ildə görməli idi.

Eyni məsələ "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nda da əksini tapıb. Plana əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarını təqdim etməsi üçün tədbirlər həyata keçirməli idi. Tələb “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulur.

Azərbaycan prezidenti tərəindən təsdiq edilən son planda isə öhdəlik bir az da əhatəli təqdim edilir: “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi”. Əsas icraçı yenə Nazirlər Kabinetidir, öhdəlik 2022-2026-cı illərdə yerinə yetirilməlidir.

İqtisadçı ekspert Qubad İbadoğlu yeni sənədin əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun fikrincə, icra olunmayan mühüm öhdəliklərdən biri, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi ilə əlaqədar həyata keçirilən yoxlamaların, təftişlərin və digər nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin

daha da artırılması, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın yüksəldilməsidir: “İcraçı təşkilat Maliyyə Nazirliyidir, burda nə Hesablama Palatasına, nə də ictimai təşkilatlara yer verilib. Hazırda dövlət büdcəsindən ayrılan vəsaitlərdən ən çox pay götürən tikinti, müdafiə və milli təhlükəsizlikdir. İndiyədək işğaldan azad edilmiş ərazilərə 3 milyard manatdan çox vəsaitin sərf edilməsinə baxmayaraq, onun hara, nə qədər və hansı şirkətlər tərəfindən xərclənməsi, bu şirkətlərin necə seçilməsinə dair məlumatlar açıqlanmır”.

Q.İbadoğlu bildirir ki, şəffaflıq olmayan, informasiyaya çıxış təmin edilməyən halda, dövlət başçısı da daxil olmaqla, rəhbər vəzifədəkilər gəlirləri və əmlakları haqqında bəyannamə dərc etməyincə korrupsiya ilə effektiv mübazirədən danışmağa dəyməz.

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi yenə aşağıdır

Azərbaycan korrupsiya ilə mübarizədən ötrü nə qədər sənəd qəbul edir, etsin, beynəlxalq indeksdə irəliləyiş yoxdur. Beynəlxalq Şəffaflıq Təşkilatı “Transparency International” bu ilki Korrupsiyanı Qavrama İndeksini (KQİ) yanvarın 25-də açıqlayıb. Azərbaycanın göstəricisi 30-dur və bu, aşağı göstərici sayılır.

“Transparency International”ın hesabatında Azərbaycan hökumətinin “fərqli düşünənlərə, azad mediaya divan tutduğu” vurğulanır, ölkənin 2012-ci ildən bəri KQİ-nin dibindəki üçüncü hissədə yer aldığı, balının 25-30 arasında dəyişdiyi qeyd edilir.

Dünya üzrə orta indeks artıq 10-cu ildir, 43 olaraq qalır. Ölkələrin üçdə ikisinin balı 50-dən aşağıdır. Cənubi Qafqazın digər iki ölkəsi—Gürcüstan (55) və Ermənistan (49) orta göstəricidən yuxarı bal toplayıblar.

Hesabatda son 10 ildə beş ölkənin mövqeyini yaxşılaşdırdığı vurğulanır. Bunlar Ermənistan (49), Belarus (41), Moldova (36), Ukrayna (32) və Özbəkistandır (28).

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan