Martın sonundan başlayaraq, Azərbaycanda pərakəndə satılan kağızın qiyməti kəskin şəkildə artdı. Fevral ayında 4,5-6 manata satılan 1 qutu A4 kağızını indi 9-10 manata (bəzən 11 manata) almaq olur. Yəni, kağız az qala 2 dəfə bahalaşıb. Səbəb, Azərbaycanın kağız, karton və başqa oxşar məhsullarda idxaldan asılılığıdır. Bunun da səbəbləri var. Əvvəla, ölkədə təsərrüfat məqsədi ilə istifadə oluna biləcək meşələr yoxdur. Başqa tərəfdən, makulatura yığımı geniş vüsət almayıb. Azərbaycanda makulaturadan ən yaxşı halda salfet istehsal edilir.
Kağız idxalının 95%-i Rusiyanın payına düşür
Hər hansı məhsulun kəskin bahalaşması onu idxal edən ölkə üçün ciddi zərbədir. Bəs bu kağız problemi hardan qaynaqlanır?
Məsələ burasındadır ki, Azərbaycan ofis kağızının, demək olar ki, hamısını Rusiyadan alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkə “Tərkibində mexaniki və kimyəvi üsulla alınmış lif olmayan, 1 kv.m-nin kütləsi 40-150 q olan kağız və karton” (müxtəlif formalarda: rulon, vərəq və s.) bəndi üzrə 16,7 min ton məhsul idxal edib. Həmin məhsulların gömrük dəyəri 14,4 milyon dollar olub ki, bunun da 13,7 milyon dolları və ya 95%-i Rusiyanın payına düşüb. İkinci idxal ölkəsi Portuqaliyadır. Amma Azərbaycanın Portuqaliyadan idxal etdiyi kağız 34% bahadır. Nəticədə ölkədə Rusiyada istehsal olunan kağız markaları, məsələn, “Снегурочка” (Sıktıvkar meşə sənayesi kompleksində istehsal olunur), “SvetoCopy” (Svetoqorsk selluloza-kağız kombinatında hazırlanır) daha çox yer alır.
Ancaq nə Azərbaycan Rusiyaya, nə də Rusiya Azərbaycana sanksiya qoyub. Kağız niyə bahalaşıb?
Rusiyanın özündə kağız qıtlığı yaranıb
Ukraynada müharibəyə başlayandan sonra Rusiya həm də ciddi kağız problemiylə üzləşib. Müharibənin ilk günlərində--martın 2-də ən çox satılanlardan “SvetoCopy”nin istehsalıdayandırılıb. İstehsalçının sözlərinə görə, səbəb, natrium xloratın çatmamasıdır. (Natrium xlorat kağızı ağartmaq üçündür, onsuz kağız ağ olmur). Rusiya kağız xammalının ən böyük təchizatçılarından olsa da, son məhsulun ərsəyə gəlməsi üçün lazım olan kimyəvi maddəni özü istehsal etmirmiş, natrium xlorat Rusiyaya əsasən Finlandiyadan gəlirmiş. Martın 1-də bir çox beynəlxalq şirkətlər kimi fin şirkəti “Kemira” da Rusiya ilə əlaqəni dayandırıb. “Kemira” Finlyandiyada kağız sənayesi üçün lazım olunan kimyəvi reagentlərin ən iri istehsalçısı sayılır və məhz bu şirkət Rusiyanı lazım olan kimyəvi maddələrlə təmin edir. (Rusiyanın şirkətin dövriyyəsində payı 3%-dir) Məsələn, 2021-ci ildə Rusiya bu maddənin alınmasına təxminən 20 milyon dollar xərcləyib.
Natrium xlorat qıtlığı yaranandan sonra Rusiya anbarlarında kağızı olan şəxslər qiymətləri qaldırmağa başlayıblar. Yəni Rusiyanın özündə də kağız birdən-birə 2 dəfə bahalaşıb. Arxangelskdə yerləşən kombinat ağ olmayan “eko-kağızlar” buraxmağa başlayıb. Ekologiyanın qorunması trenddir, ancaq əvvəllər Rusiyada “eko-kağız” istehsalı geniş yayılmamışdı. İndi bununla bağlı PR-kampaniya gözlənir.
Ən böyük meşələrə sahib olan ölkə kağız istehsal edə bilmir
İri kağız istehsalçısı olsa da, Rusiya təkcə natrium xloratı deyil, kağız üçün lazım olan digər kimyəvi maddələri də (o cümlədən avadanlıq və s-i) xaricdən alır. Rusiyanın kağız zavodlarında yerli məhsul yalnız ağacdır. Bunun nəticəsidir ki, indi ölkədə mövcud olan 73 kağız zavodundan 54-ü reagent çatışmazlığı problemiylə üzləşib.
Digər məsələ, istehsal prosesinin özünün də Avropaya bağlılığıdır. Kağız sənayesi bir neçə mərhələdən ibarətdir. Rusiya daha çox ağac emalı ilə məşğuldur. Lazım olan yarım-fabrikatı hazırlayır, sonra onu Avropa ölkələrinə ixrac edir. Istehsal prosesinin bir hissəsi Avropada yerinə yetirilir. Misal üçün, Arxangelskdə yerləşən müəssisə son məhsul yox, selluloza buraxır. Bu xammal Avropaya gedir, ordan emal olunmuş məhsul kimi qayıdır. Bu, əlbəttə, müharibəyə qədər belə idi. İndi həm sanksiyalar, həm də xarici şirkətlərin ölkədəki fəaliyyətini dondurması bu çox spesifik və yüksək texnologiyalı sahə olmayan kağız sənayesinə ciddi təsir edib.
O biri yandan, Rusiyanın yerli bazarında keyfiyyətli kağız məhsulunun 92%-i iki şirkətin payına düşür: Avstriya şirkəti “Mondi” (“Снегурочка”, “IQ”, “Xerox”, “Комус-Документ”) və ABŞ şirkəti “International Paper” (“SvetoCopy”, “Ballet”). Yəni hətta daxili bazar üçün lazım olan ağ kağızı istehsal edən şirkətlər xaricilərə məxsusdur. Onlar da Ukraynaya hərbi müdaxiləsinə görə Rusiya ilə əlaqələri dayandırmağa çalışırlar. Yuxarıda qeyd edildiyi kimi, martın 2-də “International Paper”in nəzdində olan “Sylvamo” şirkəti Svetloqorsk kombinatının fəaliyyətini dayandırıb. Martın 7-də isə şirkət Rusiya ilə bağlı bütün əməliyyatları dondurduğunu elan edib. Avstriya şirkəti fəaliyyətini, hələ ki, davam etdirir, hökumət ona yardım göstərməyə çalışır.
Kağız qıtlığı SSRİ zamanda da yaşanırmış
Əslində natrium xlorat istehsalı yüksək texnologiya tələb eləmir. Lazım olanlar, əsasən duz və elektrik enerjisidir. İri kimya sənayesi olan ölkənin belə maddələri hazırlamamasının səbəbini araşdıranlardan birinin əldə etdiyi məlumata görə, Rusiya ildə 35,8 min ton natrium xlorat istehlak edir. Kimyəvi məhsul istehsal edən hər hansı zavodun mənfəətli işləməsi üçün illik 50 min ton satış lazımdır. Məhz buna görə Rusiyada müvafiq zavod yoxdur və natrium xlorat Finlaniyadan alınır. Ancaq bu maddənin ən iri istehsalçısı Kanadadır. ABŞ-la birgə ikinci yeri tutan Finlandiya bu reagenti yalnız İsveçə (onlar ildə 49 min ton idxal edirlər), Rusiya və Belarusa ixrac edir. Rusiya eyni maddəni Özbəkistandan da alır (Finlyandiyadan sonra ikincidir– 13% və ya 9,1 min ton).
Rusiya SSRİ dövründə də periodik kağız qıtlığı yaşayırmış, kağız istehsalı üçün lazım olan avadanlıq və kimyəvi maddə çatışmazlığı ilə üzləşirmiş. Son 30 ildə də Rusiyanın müvafiq sənayesi strukturunu daha çox xammala fokuslayıb. Xammal isə, göründüyü kimi, hər şeyi müəyyən etmir.
Rusiyaya alternativ varmı?
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hesab edir ki, Azərbaycana Avropa ölkələrindən kağız idxalı intensivləşəcək. Ölkəyə Finlandiyadan, İndoneziya və Almaniyadan kağız gətirilir. Ancaq, məsələn, Finlandiyadan gələn Rusiyadan keçdiyinə görə ordan idxal dayanıb. Türkiyə, Çin alternaiv deyil. Çünki Çin meşə məhsullarını Rusiyadan, Türkiyə isə Rusiya və Ukraynadan alır və indi özləri də qıtlıqla üzləşiblər. Ş.Xudoğlu Çindən gələn kağızın həm də nəqliyyat xərclərin görə baha başa gəldiyini deyir. Avropa ölkələrindən idxal isə qiyməti yalnız qaldırır.
Azərbaycanda kağız idxalı ilə məşğul olan şirkətin nümayəndəsi Mətanət Namazova report.az-a müsahibəsində Rusiyadan idxalın dayanmadığını, amma qiymətlərin saatbasaat artdığını bildirib. Ona görə də “əvvəl 2-3 aylıq qiymət deyilirdisə, indi günlük qiymət cədvəli verilir”. Rusiya şirkətləri keyfiyyətin də dəyişəcəyini proqnozlaşdırırlar.
M.Namazova Rusiya ilə kağız alış-verişinin əvvəldən rublla aparıldığını deyib.
Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan