Vasif İsmayıl

Tibb elmləri üzrə PHD

İNSAN BEYNİNİN ÖZÜNÜ CƏZALANDIRMA PROSESİ

16.02.2018 / Neyrobiologiya sübut edir ki, canlının sinir sistemi bildiyimiz ikili kodla işləyir - qıcıq var və qıcıq yoxdur

Demək, həyatda bacarıqlı olmaq istəyirsiniz? Özünüzə bir hədəf seçib ona doğru irəliləyirsiniz.

Uşaqlıqda hər şey asandır; eləcə düşünürsən və istədiklərinin bir gün mütləq gerçəkləşəcəyinə səmimi-qəlbdən inanırsan.

Sonrası bir az mürəkkəbləşir.

Əvvəl müəyyən zaman içində istədiklərini əldə etmək üçün bir az zəhmət çəkməli olduğunu anlayırsan. Sonra bu zəhmətin bir az deyil, əslində böyük olduğunun fərqinə varırsan. Daha sonra isə… çox adam kimi, yəqin, sən də istəklərini həyat çayının axışına buraxırsan. Daha, Allah nə verdisə - necə deyərlər.

İnsan beyni əslində çox sadə bir maşındır. Doğrudur, biz, insan şüurunun müxtəlif qıcıqlara verdiyi reaksiyaları görüb onun “mürəkkəb” olduğu qənaətinə gəlirik. Amma müasir neyrobiologiya elmi yenidən sübut edir: canlının beyni, sinir sistemi bildiyimiz ikili kodla işləyir - qıcıq var və qıcıq yoxdur prinsipi ilə. Bax, mürəkkəbləşən sadəlik də bundan qaynaqlanır. Bizlər hər sadə fəaliyyəti çoxlu addımlara bölməliyik. Uzaqdan baxanda bu, çox qarışıq, mürəkkəb bir şəbəkə kimi görünür.

İnsan beyninin, davranışının məğzi haqqında nə demək olar? İnsan beyni mükafatlandıran və cəzalandıran alqoritmlərlə işləyir. Bir vəziyyət insan oğlunun xoşuna gəlirsə, beyində mükafat kimi zövq verən mediatorlar ifraz edilir. Əgər vəziyyət, alqoritmin nəticəsi xoşagəlməzdirsə, insanın özünü pis hiss etməsinə səbəb olan mediatorlar ifraz edilir.

Heç kəs özünü pis hiss etmək istəmir.

Heç kəs şüurunun onu “cəzalandırmasını” istəmir.

İnsan beyninin özünü cəzalandırması prosesi elmi dildə “koqnitiv dissonans” adlanır.

Bacarıqlı olmaq istəyən insan koqnitiv dissonans halında çox maraqlı davranışlar sərgiləyə bilər. Məsələn, dəxli olmayan yerdə səninlə höcətləşə bilər, mübahisəyə girişər. Virtual reallığında yumruqlarını havaya qaldırıb əsəblə sallaya bilər və bu sırada gerçəkdə qabağında sakitcə oturub danışdığını görərsən. Sən ki ağıllı insansan, sakit oturan birinin də əslində daxilində hansı təlatümləri yaşatdığını başa düşə bilərsən.

Çox adekvat insanın öz daxili dissonansından ötrü qarşısındakını da eyni ruh halına salmaq cəhdlərinin dəfələrlə şahidi olmuşam. Əvvəllər bunlara yol göstərməyə çalışırdım. Sonra bunun mənasız olduğunu düşünüb susdum. İndi isə həvəsə gəlmişəm - yazıram.

Sənə qarşı br hərəkət etdilər və sən cavab vermək istəyirsən. Sənin xətrinə dəydilər və sən yenə də cavab vermək istəyirsən.
Özünün ağllı olduğunu düşünürsən və bunu nümayiş etdirmək istəyirsən. İnsanlar sənə çəpik çalsınlar istəyirsən.

Və sair. Və sair.

Bunların hamısı asandır.

Baxın, hər yeni hadisə üçün davranış alqoritmi formalaşdırmaq kifayət qədər zəhmətli şeydir. Diqqətini cəmləşdirib hər addımını beynində bircə dəfə də olsa canlandırmalısan. Sonra hər addımın nəticələrini də təhlil etməlisən. Bunların hamısı vaxt aparır. Əksər hallarda qiymətli vaxt. Yenə də əksər hallarda mənasız vaxt itkisidir.

Uzaq Şərq döyüş növlərində illər ərzində təkrarlanan hərəkətlər - kataların olduğunu yəqin çoxunuz bilirsiniz. İdmançı müəyyən bədən vəziyyəti alıb həmişə eyni sırada əl-qol hərəkətləri etməyə başlayır, arada havaya təpik də atır. Bunlara kata deyirlər.

Açması? Açması çox sadədir. İdmançı bununla şüurunda müəyyən davranış modellərini formalaşdırmağa çalışır. Həqiqi döyüş sırasında hər təhdid edən hərəkət üçün düşünmədən, beynində canlandırmadan, avtomat kimi cavab verə bilmək üçün.

İnsanların münasibətləri də elədir. Hər kəs qarşılaşdığı hadisələrə əvvəlcədən müəyyən davranış modelləri hazırlayaraq reaksiya verə bilər.

Bu modellərdən ən insansevəri isə aykido prinsipidir.

Aykido döyüş sırasında rəqibin hərəkətlərinə müqavimət göstərmədən, sadəcə rəqibin öz hərəkətinə yön verərək davranma prinsipidir. Rəqibin sənə bir yumruq atdı? Bir az sola çəkilib sağ əlinlə onun yumruğunu yaxalayıb elə onun zərbəsi istiqamətində bir az qabağa itələyirsən.

Vəssəlam, rəqib yerdədir.

Bu prinsipi həyatda niyə tətbiq etməyəsən, görəsən?

Bax, elə indi cavan bir alim mənə bir jurnalist ilə mübahisəsindən danışır. Özü ağıllı oğlandır, neçə dil bilir, ömrü kitabların içində keçir, amma jurnalistə qarşı irəli sürdüyü müddəalar cılız görünür. Özünə yaraşdırmır.

Aykido prinsipi lazımdır. Rəqibin zərbəsindən, yəni müddəasından irəli gedərək elə o istiqamətdə kiçik bir toxunuş inanın sizə polemikada da yardımçı olacaq, istədikərinizi əldə etməkdə də.

Bacarıqlı insanların bir çox işi həm öz şüuru, həm də ətraf mühitlə vəhdət yaradaraq həyata keçirdiyini bilirdinizmi?