Xalid Ağaliyev

Hüquqşünas

İNFORMASİYA AÇIQLIĞI ÇOX YARANIN ƏLACIDIR

24.05.2017 / Sivil dövlətlərdə informasiya açıqlığı hökumətlərə olan inamın artırmasına da yardımçı olur

Canlılar kimi dövlətlər və toplumlar da yanlışlıqlardan əziy­yət çəkə bilərlər. Bunu doğuran çox zaman korrupsiya, av­to­ri­tar qərarvermə və ya hökumət səmərəsizliyidir. Belə yaraların əlacının informasiyaların açıqlığı olduğunu deyənlər get-gedə çoxal­maq­da­dır­lar.

İnformasiya azadlığını beynəlxalq hüquq insan haqqı kimi tanıyıb. İnformasiyalara çatımı gerçəyə çevirmək üçün çox ölkələr xüsusi qanunlar qəbul ediblər. İlk belə qanununu 1766-da İsveç qəbul edib. O zaman parlamentin kralda olan infomasiyalara çatım marağı əsas məqsəd olmuşdu. İkinci belə qanu­nu 1953-də Finlandiya qəbul etdi. Ardınca ABŞ, 1970-də Danimarka və Norveç qəbul etdilər. Artıq 100-ə yaxın ölkədə belə qanunlar qəbul edilib. Bu artımın bir sı­ra səbəbləri var: demokratiya konsepsiyasında irəliləyişin olması; in­san haqlarının geniş yayılması; sivil toplumun fəallığı. Ən önəm­li­si isə informasiya açıqlığı ilə bağlı qanunların hökumətlərə və insanlara təmin etdiyi qazanclardır.

Hansı qazanclardan söhbət gedir?

İnformasiya açıqlığı demokratik qatılımı artırır. Çünki hökumətin bütün işləri və siyasətləri barədə informasiyalı olması toplumun demokratik prosesə qatılmasının əsas şərtlərindəndir. Məsələn, seçkilərdə insanlar o halda doğru seçim edə bilərlər ki, onların öz ölkələrindəki durumdan və namizədlərin gələcəklə bağlı görüşlərindən dürüst xəbərləri olsun.

Hökumətə inamın artması, korrupsiya imkanlarının daralması...

İnformasiya açıqlığı həm də toplumun inamının artmasında çox vacib amildir. Dövlət hakimiyyət orqanlarının qərarlarının arxasındakı səbəblərin top­luma aydın olması yanlış anlaşılmanı və xəyal qırıqlığını azaldır və hökumətə inamı artırır.

Hökumətdə qərarqəbuletmənin inkişafında informasiya açıqlığının ciddi faydaları var. Nəzəri baxımdan toplum hər bir rəsmi sənədi əldə edə bildiyindən dövlət rəsmiləri çıxardıqları qərarlarını obyektiv və bəraətləndirilən əsaslara söykəməyə çalışırlar. Verdikləri qərarları toplumun davamlı olaraq çək-çevir edəcəyini bilən siyasilər daha çox seçicilərin istəyinə uyğun hərəkət etməli olacaqlar.

İnformasiya açıqlığı ən başlıcası korrupsiya üçün imkanları əhəmiyyətli dərəcədə azaldır. İnformasiya açıqlığı ilə bağlı qanunlar korrupsiya ilə mübarizədə ən vacib alətlərdən biridir.

Azərbaycan kimi demokratiyaya keçid mərhələsində olan ölkələrdə informasiya açıqlığı qanunları keçmişlə vidalaşmaq üçün hökumətə imkanlar açır. Keçmişi bilmək qeyri-qanuni hərəkətlərin qurbanlarının ədalətə qovuşması və ümummilli barışıq üçün zəruridir. Məsələn demokratik çevrilişlərin ardınca, Şərqi Avropalılar özləri və qohumları ilə bağlı keçmiş gizli polis dosyelərinə çatım əldə etdilər. Bundan başqa, fəaliyyətdə olan siyasi xadimlərin və yüksək rütbəli dövlət işçilərinin keçmiş gizli polislə əməkdaşlıqları barədə bilgilər də toplum üçün açıqdır.

Polis zorakılıqları gizlilik mühitində çiçəklənir

Çox zaman informasiya açıqlığı ən yaxşı hökumət siyasətidir. Həddini aşan gizlilik dövlət idarələri arasında bilgiləri bölüşmək qabiliyyətini daraldır və səmərəliliyi azaldır. Bilgiləri olanda adamlar özlərini təhlükələrdən qoruya bilirlər və siyasi qərarların çıxarılmasında və həyata keçirilməsində hökumətə yardımçı olurlar.

Polis zorakılıqları kimi insan haqları pozuntuları gizlilik mühitində çiçəklənir. Açıq hökumət – o cümlədən, məsələn, insan haqları pozuntuları halları barədə araşdırmaların dərc olunması – daha çox dərəcədə insan haqlarına sayğı ilə nəticələnəcək. Buna görə də bilgilərə çatım haqqı başqa insan haqlarının qorunması və gerçəkləşdirilməsi üçün zəruri şərtdir.

Geniş imkanlara malik media…

Gizlilik təhlükəsizlik xidmətlərinin sui-istifadələrinə gətirib çıxarır. Bu isə öz növbəsində güvənliyi və bərabərliyi kölgə altına alır. Xüsusi xidmətlərin bəzi post-sosialist ölkələrində dosyelərinin açılması göstərdi ki, bu xidmətlər öz fəaliyyətlərini milli güvənliklə bağlı gerçək təhdidlərin qarşısını almaq əvəzinə, əksər hallarda hökumətin daxili siyasi opponentləri əleyhinə yönəldiliblər.

Ən başlıcası effektiv informasiya azadlığı rejimi medianı önəmli bilgiləri axtarmaq, əldə etmək və yanlışlıq olmadan yaya bilmək üçün imkanlarla tə­min edir. Belə vəziyyət adamların mənafelərinə uyğun olduğu qədər hökumətin də mənafelərinə uyğundur. Burada jurnalistlər şəxsi əlaqələrinin və ya mediaya münasibətdə “məmur səxavəti”nin verdiyindən daha çox bilgi haqqına arxalana bilərlər.