Arzu Qeybullayeva

Müstəqil jurnalist

HESABATLIQ AVTORİTAR HAKİMİYYƏTƏ QARŞI

17.02.2017 / Beynəlxalq platformalarda mövqelərini itirməkdə davam edən Azərbaycan hökuməti üçün növbəti sınaq

Azərbaycanın beynəlxalq şəffaflıq və idarəetmə indekslərində aşağı cərgələrdə yer tutması artıq çoxdandır heç kəsi təəccübləndirmir. Azərbaycan müşahidəçilər və tənqidçilər tərəfindən müstəqillik qazandıqdan bəri qət etdiyi yol boyu bütün islahatlarında uğursuzluğa düçar olan bir ölkə kimi qiymətləndirilir. “Gözətçi” təşkilatlarının yeni korrupsiya və demokratiya reytinqləri üzrə hesabatları da, bu qənaətin doğruluğunu bir daha təsdiq etmiş olur.

Bu reytinqlər həm də onu göstərir ki, hökumətin illərdir beynəlxalq müqavilələr və təşkilatlara qoşulmaqda məqsədi heç də uzunmüddətli və davamlı islahatlara marağından irəli gəlməyib, sadəcə adının belə yerlərdə hallanması məqsədi daşıyıb. O da aydın görünür ki, ölkədə altından imza atdıqları məsuliyyət və öhdəliklərə uyğun olaraq balanslı, şəffaf və demokratik bir hökumətin necə qurulacağını belə başa düşəcək məmurlar çatışmır. Ölkədə ən son baş verənlər də, həm bir qədər bu savadsızlığı, həm də məqsədli şəkildə marağın olmadığını göstərir .

Yalnış olan nə idi?

2014-cü ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) Azərbaycanın reytinqi “namizəd” ölkə səviyyəsinə endirilməsi Bakı rəsmilərini məyus edə bilməzdi. Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru Şahmar Mövsümov yerli media nümayəndələri ilə müsahibəsində hətta rəsmi Bakının ümumiyyətlə MSŞT-dən çıxmağı düşündüyünü qeyd etmişdi.

MSŞT internet səhifəsinə əsasən, sözügedən Təşəbbüs “neft, qaz və mədən sənayesində şəffaflıq üçün qlobal bir standart” kimi müəyyən edilmişdir. Lakin “şirkətlər, dövlətlər, hökumətlər, investorlar və vətəndaş cəmiyyəti təşkilatları koalisiyası tərəfindən dəstəklənən bir könüllü təşəbbüs” olaraq, neft, qaz və mədən sənayesindən əldə olunan gəlirlərin uçotu aparılmayan və əksər hallarda hesabatlılıq olmayan ölkələrdə şəffaflıq və hesabatlılığı təmin etmək məqsədi daşıyır. Azərbaycan bu Təşəbbüsə 2003-cü ildə qoşulub. Bir il sonra Prezident İlham Əliyev yeni tərəfdaşlığın köməyi ilə əldə olunması planlaşdırılan nailiyyətlərlə yanaşı “gələcəkdə neft gəlirlərinin effektiv istifadəsinə və bunun faydasının hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsinə nail olunacağı” kimi çıxışlarla tez tələsik öyünməyə başladı. O vaxtdan bəri nəinki çox kiçik bir irəliləyiş əldə etmək oldu, hətta ölkənin reytinqi belə endirildi.

Azərbaycanın uğursuzluğunun başlıca səbəbi, əsaslı islahatların olmaması və 2013-cü ildən başlayaraq ölkənin fəal vətəndaş cəmiyyətinə qarşı kütləvi repressiyalardır. QHT rəhbərlərinin həbsi, bağlanmış bank hesabları və qanunvericilikdəki dəyişikliklər nəinki yerli QHT-lərin işini, onların ümumiyyətlə mövcudluğunu sarsıtdı.

Azad səslərə qarşı davamlı təzyiqlərin nəticəsində Azərbaycan 2016-cı ildə Gəlirlərin İdarəedilməsi İndeksində 58 ölkə arasında 48-ci yeri tutmaqla, ən son “zəif” qiymətləndirməni aldı.

2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığı (AHT) üzvləri hökumətin vətəndaş cəmiyyəti iştirakçılarının azadlığı və bərabərliyini təmin edə bilməməsi səbəbilə Azərbaycanın statusunun yenidən “qeyri-fəal”a endirilməsinə səs verdilər.

Bu hadisələr və beynəlxalq səviyyədə birgə ictimai vəkillik səyləri olmasaydı, rəsmi Bakının öz repressiv davranışlarını dəyişə biləcəyini demək üçün çox az əsas var. Fidan Bağırova Təbii Resursların İdarəedilməsi İnstitutu (TRİİ) üçün bu hadisələr haqda yazarkən qeyd edir ki, “2015-ci ildə MSŞT-nın reytinqinin aşağı salınması, AHT birgə məktubundan sonra hökumət tədbirlər görməyə başladı […], hakimiyyət bir çox siyasi məhbusları azad etdi”. Lakin çox keçmədi ki, hökumət onların yerini yeni həbslərlə doldurdu və eyni zamanda TRİİ Məşvərət Şurasının üzvü olan İlqar Məmmədovu azadlığa buraxmaqdan imtina etdi. Bununla yanaşı, həbsdən azad olunanlar çətin hüquqi mühitlə üzləşməkdə davam edirlər və bu da onları Azərbaycanın vətəndaş cəmiyyətinin fəal üzvi kimi öz işlərini davam etdirməkdə çətinliklər yaradır. Nəticədə F.Bağırova keçmiş məhbusların azad olunmasını və bağlanmış bank hesabları yönündə nailiyyətlər və araşdırmaları həqiqi islahat deyil, situativ səylər kimi təsvir edir. “Siyasi məhbusların buraxılması şərti xarakterli oldu; yenidən açılmış bank hesablarındakı pulları xərcləməyə icazə verilmədi; və 2015-ci ildə qəbul edilmiş qanunvericilik aktları QHT fəaliyyətinin azad və məhdudiyyətsiz malliyyələşdirilməsini sadələşdirmiş və ya mümkün etmədi”, Bağırova bildirir.

Repressiyaların yeni dalğası

Human Rights Watch “Təcavüzə, Həbsə və Sürgünə məruz qalanlar: Azərbaycanda hökumət tənqidçilərinə, hüquqşünaslara və vətəndaş cəmiyyətinə qarşı davamlı repressiyalar” adlı sentyabr hesabatında hökumət heç bir halda vətəndaş cəmiyyətini iflic etməyə və hökumətə qarşı tənqidi mövqedə olanların cəzalandırılmasının dayandırmadığını qeyd edir.

“Azərbaycan hökuməti 2013-2015 illərdə dəqiq hazırlanmış sxem üzrə irəliləyərək narkotik maddələrin saxlanması və qanunsuz biznes fəaliyyəti kimi saxta, siyasi motivli ittihamlarla azı 20 siyasi və gənc aktivisti həbs edib”, sözügedən hesabatda beynəlxalq “watchdog” belə yazır.

Son bir neçə həftə ərzində siyasi müxalifət qrupları davamlı təzyiqlərdən, regional nümayəndəliklərinin boşaldılması və üzvlərinin ofislərdən zorla çıxarılmasın haqda məlumatlar yayırlar.

Azərbaycanlı dissident reper Camal Əlinin bu ilin 31 dekabrda “Heykəl baba” adlı video-klipi yaydıqdan sonra, yanvarda ailə üzvləri saxlanılaraq dindiriliblər. Repper mahnıda, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovu həbs və 10 il azadlıqdan məhrum edən Bakıdakı rejimi tənqid edir.

Bu yaxınlarda hakimiyyət orqanları jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayılovanın öz evindən Avropa Parlamenti ilə danışmasının qarşısını almağa cəhd etmişdilər. Saxta ittihamlarla 17 ay həbsdə qalan və keçən il azadlığa buraxılan yüksək profilli siyasi məhbuslardan olan X.İsmayılova, ona beş illik səyahət qadağası qoyulduğundan Azərbaycanı tərk edə bilmir. X.İsmayılova fevralın 6-da telefon vasitəsi ilə bağlanaraq Azərbaycanda insan haqlarının durumuna dair çıxış etməli idi. Çıxışı planlaşdırılan vaxtdan cəmi iyirmi dəqiqə əvvəl onun internet bağlantısı və daha 5 dəqiqə sonra isə Bakıda yaşadığı rayonun bütövlükdə elektrik enerji təminatı kəsilmişdi.

2016-cı ildə hakimiyyət orqanları fəaliyyətlərinə görə ən azı 6 jurnalist və bloqqeri təqib etmişdir. Son olaylardan biri, itkin düşdüyü bildirilən və yalnız bir gün sonra məhkəmədə üzə çıxarılaraq polisə müqavimət göstərmək ittihamı ilə 200 AZN cərimələnən blogger Mehman Hüseynovla bağlıdır. Hazırda Hüseynova qarşı Nəsimi rayon polis rəisini təhqir etmə iddiaları ilə əlavə məhkəmə işi açılıb. Növbəti dinləmə fevralın 17-də baş tutacaq.

Azərbaycanda davam edən repressiyalar səbəbindən və oktyabrda keçiriləcək MSŞT toplantısı ərəfəsində bir qrup beynəlxalq təşkilat MSŞT-nın idarə heyətindən Azərbaycanın bu Təşəbbüsdə iştirakını dayandırmağa çağırıb. Halbuki, hələ Astanadakı görüş zamanı Azərbaycan bir sıra islahat tədbirləri tələbi və vətəndaş cəmiyyəti iştirakçılığı ilə yanaşı Təşəbbüsə üzv olmaqda davam edirdi.

2017-ci ilin fevralında Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü çərçivəsində və imzaladığı beynəlxalq müqavilələr və konvensiyalardan irəli gələn bütün öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirməlidir . Eyni zamanda ölkə rəhbərliyi MSŞT və AHT üzvi kimi bu öhdəlikləri yerinə tam yetirməlidir. Bunlara bir daha əməl olunmazsa, bu bir daha stimulun və açıq hökumət mexanizmləri, şəffaflıq və hesabatlılıq istiqamətlərində iradənin olmadığını aydın göstərmiş olacaq.