Rəşad Həsənov

İqtisadçı ekspert

HƏBSLƏR KORRUPSİYANIN QARŞISINI NİYƏ ALA BİLMİR?

30.01.2021 / Korrupsiya ilə mübarizədə cəzasızlıq, institutlaşmış təşviqlər və fəsadlar haqqında

Vəzifəli şəxslərin həbsləri yenə gündəmin əsas mövzularındandır. Yanvarın 9-da “Azərxalça” MMC-nin rəhbəri Vidadi Muradov, yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli həbs edilib. Hər iki məmur korrupsiyada ittiham olunur. Ötən ilin sonlarında Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov da eyni ittihamla tutulub. 2020-ci ilin təkcə birinci yarısında Azərbaycanın 6 rayonunun icra başçısı korrupsiyada günahlandırılaraq, həbs edilib.

Həbslər nə qədər maraqlı olsa da, ittihamlar kimsədə təəccüb doğurmur. Çünki bu ölkədə təkcə dövlət məmuru və ya dövlət şirkəti rəhbərinin deyil, məktəb direktorunun da, yol polisinin də, hətta xalq arasında “JEK” adlandırılan MİS (Mənzil İstisma İdarəsi) müdirinin də korrupsiyaya bulaşmadığını, rüşvət almadığını düşünmək qəribə qarşılanar.

Korrupsiya ilə mübarizə qanunda

Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun 2004-cü ilin yanvarında təsdiq edilib və 2005-ci il, yanvarın 1-dən qanunun tətbiqinə “başlanıb”. Qanunun “Maliyyə xarakterli tələblər” adlı 5.1-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər hər il öz gəlirləri (mənbəyini, növünü və məbləğini göstərməklə), vergitutma obyekti olan əmlakları, əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirak payları, hətta borcu və digər öhdəlikləri barədə məlumat verməlidirlər. 2005-ci ildə isə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” qaydaları təsdiq edilib. Qaydalara görə yuxarıda sadalanan məlumatlar hər ilin yanvar ayı ərzində aidiyyatı qurumlara çatdırılmalıdır. O cümlədən, yüksək vəzifələrdə çalışanlar məlumatlarını Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim etməlidirlər. (“Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya” 2004-cü ildə yaradılıb və yerli qanunvericiliyə görə korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.) Deputat Erkin Qədirlinin Facebookdakı ümumi və sistemsiz hesabatını nəzərə almasaq, indiyə qədər hər hansı Azərbaycan məmurunun və Milli Məclis üzvünün hər hansı quruma belə bir məlumat verdiyi qeydə alınmayıb.

Korrupsiyanın təbiəti

Nobel mükafatlı amerikalı iqtisadçı Milton Fridmanın “pulla davranmağın dörd növü” yanaşması korrupsiyanın təbiətini izah edir. Fridmana görə, vəsaitlərin xəclənməsində xərcləyən tərəfin sərgilədiyi mövqe ilə vəsaitin mənsubiyyəti arasında ciddi korrelyasiya var. Məsələ, özünə və yaxud başqasına məxsus pulu özün və yaxud başqası üçün xərcləyəkən ortaya qoya biləcəyin davranışların ehtimalı üzərində izah edilir. Ortaya çıxan problem, maraqların uzlaşması da adlandırıla bilər ki, bu da əslində ictimai vəsaitlərin səmərəli istifadəsinin təşkilini hədəfləyən cəmiyyətlərdə həll edilməsi vacib olan əsas məsələlərdən biridir.

Fridmanın yanaşmasına görə, ictimai vəsaitləri xərcləyəndə pulla davranış IV kateqoriyaya uyğun gəlir (başqasının pulu başqası üçün xərclənir), keyfiyyət və qiymət xərcləyən tərəfə, adətən, maraqlı olmur.

Dövlət vəsaitlərindən danışırıqsa, vəsaitlər xalqa (vətəndaşa) məxsusdur, onu xalq üçün xərcləyən hökumətdir. Və bu vəsaitlərlə davranışda I və ən optimal prinsipin tətbiqi, yalnız normal ictimai iştirak və ictimai nəzarət mühitində mümkün ola bilir. Mühit əlverşli olmadıqda və ictimai institutlar zəif inkişaf etdikdə I prinsip üzrə effektiv nəticənin əldə edilməsi çətinləşir. Başqa sözlə, institutların güclü olması dövlətin maliyyə axınlarına nəzarət imkanını artıran səbəblərdəndir. Vətəndaş cəmiyyəti və media nəzarət prosesinin mühüm halqalarından hesab edilir. Keyfiyyətli analiz, vəsaitlərin axınlarının peşəkar izlənməsi, qeyri-qanuni davranışların (korrupsiya cəhdləri və s.) üzə çıxarılması, hökumətin fiskal performansının qiymətləndirilməsi kimi məsələlər yalnız ixtisaslaşmış institutların iştirakı ilə mümkündür.

Korrupsiya niyə davam edir?

Korrupsiyanın institutlaşması Azərbaycanda tarixin bir çox mərhələlərində korrupsiya və rüşvətxorluğun institutlaşması üçün əlverişli mühit olub. Hələ 5 əsr əvvəl məşhur Azərbaycan şairi Məhəmməd Füzuli yaşadığı dövrü, “Salam verdim rüşvət deyildir deyə almadılar” misrasıyla ifadə etmişdi. İndi də cəmiyyət, “Bal tutan barmağını yalayar”, “Dövlətin malı dəniz, yeməyən kəriz”, “Oğrudan oğruya halaldır” kimi məsəlləriylə rüşvətxorun, korrusionerin davranışına haqq qazandırırsa, demək ki, tarixin izləri qalıb. Halbuki, Sinqapur (Azərbaycan hökuməti bu təcrübədən tez-tez söz açır), Cənubi Koreya, yaxud qonşu Gürcüstanın təcrübəsi göstərir ki, hansı inkişaf mərhələsindən keçməsindən asılı olmayaraq, sistemli və davamlı mübarizə korrupsiyaya meyli qısa zamanda minimuma endirə bilər. Niyə minimuma? Çünki korrupsiya dövlətin mahiyyətindən və səlahiyyətin təşviqindən yaranan davranışdır, onu tam məhv etmək mümkün deyil. Nobel mükafatı laureatı, iqtisadçı Geri Stenli deyirdi: “Biz dövləti ləğv etsək, korrupsiyanı da ləğv edərik”.

Mübarizənin qeyri-səmimiliyi

2005-ci ildə korrupsiyaya qarşı az qala “səlib yürüşü” başlayacağı təəssüratını yaradan addımlar atıldı. Ancaq sonrakı illlərdə, xüsusilə iri neft gəlirlərinin ölkəyə axdığı dövrlərdə korrupsiya ilə mübarizənin ən kiçik izinə rast gəlinmədi. Azərbaycanda müşahidə edilən sürətli təbəqələşmənin, məmur oliqarxizminin formalaşmasının, inhisarçılığın, qəyri-ədalətli biznes mühitinin yaranmasının, ictimai vəsaitlərin səmərəsiz layihələrə sovrulmasının əsas səbəbi elə korrupsiya idi. Təbii ki, neft gəlirlərinin yaratdığı lüks artıq arxada qalıb, dövlətin sosial xərcləri əhəmiyyətli səviyyədə artıb, onu maliyyələşdirəcək iqtisadiyyat yoxdur və korrupsiya məsələsi yenidən gündəmə gəlib. Lakin cəmiyyətdə bu “mübarizəyə” hələ də ciddi şübhələr var. Məsələn, suallar yaranır: Aidiyyatı qurumlar “Azərxalça”nın rəhbərinin müəssisəni taladığını indi bildilər? Yaxud, həbs edilən məmurlar mənimsədikləri dövlət vəsaitlərini hara və necə ödəyirlər? Bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin edilirmi? Hər kəsə məlum olan və uzun müddətdir ki, ictimai müzakirə mövzusuna çevrilən yüzlərlə korrupsiya faktı var, bu faktlar niyə məsul qurumların fəaliyyət predmetinə çevrilmir?

Suallar və həbslərə rəğmən korrupsiyanın davam etməsindən, digər məmurların, eləcə də yenilərin eyni üsullarla, eyni sürətlə işləməsindən bir nəticə çıxarmaq olar: “Korrupsiya ilə mübarizə” adı altında görülən tədbirlərin məğzi başqadır. Əksər hallarda korrupsiya ilə mübarizə, siyasi qütblərin mübarizəsi, yaxud sadiqliyi şübhə doğuran, müəyyən “səhvlərə” yol verən şəxslərin sıradan çıxarılması aləti olaraq istifadə edilir. Və sistemdə təmsil olunanlar bunu bildiklərindən, yəni həbslərin motivinin əslində dövlət əmlakını mənimsəmə, korrupsiya və bu kimi ülvi məqamlar olmadığını dərk etdiyindən “cəzasıqlıq prezumpsiyası” yaranır, həbslərdən dərs çıxarılmır.

Funksionallığın çatışmazlığı

Baş Prokurorluğun “Azərxalça” MMC rəhbəriylə bağlı açıqlamasında deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.” Bəs prezident tapşırıq verməsəydi, nə olacaqdı? Baş Prokurorluğun funksionallığı nədən ibarətdir? Dövlət vəsaitlərinin qeyri-qanuni mənimsənilməsi, miqyassız korrupsiya hara qədər davam edər?

Korrupsiya ilə yanaşı problemlərdən biri, uyğun qurumların öz fəaliyyətində institusional funksionallığı deyil, ölkə başçısının tövsiyyələrini əsas götürməsidir. Bu isə o deməkdir ki, əmr gəlibsə, müvafiq qurumlar öz səlahiyyətlərinə daxil olan və olmayan istənilən vəzifəni yerinə yetirir. Əks halda heç öz səlahiyyətlərini də yerinə yetirmirlər.

İctimai davranış qaydaları

Cəmiyyət korrupsiya və rüşvətxorğulu əxlaqsızlıq, oğurluq kimi davranışlarla eyni tərəziyə qoymur. Açıq-saçıq geyinmək korrupsioner olmaqdan çox qınanılır. Korrupsiyadan faydalanan və rüşvətlə bəslənənlər müəyyən var-dövlətə sahiblənir, cəmiyyətin sayılıb-seçilən adamlarına cevrilir, məclislərin hörmətlisi, qohumların və tanışların sevimlisi olurlar. Ailələr öz övladlarına həmin şəxslərdən nümunələr göstərir, uşaqlarının onlara oxşamasını arzulayırlar. Namazdan sonrakı duasını, övladına əlverişli korrupsiya imkanı, rüşvət almaq şansı yaradan vəzifələr istəyinə həsr edən valideynlər var. Dürüst, rüşvət almayan, ictimai əmlakı mənimsəməyən, sırada dayanıb növbəsini gözləyən, karantin qaydalarını pozmaq üçün patrul məntəqələrində rüşvət verməyən insanlar fərasətsizlikdə və axmaqlıqda günahlandırılır. Bütün bunlar korrupsiya və rüşvəti təşviq edən mühüm mexanizmlərdəndir.

Korrupsiyanın fəsadlarına iqtisadi aspektdən baxaq

Dünya Bankına 1995-2005-ci ilərdə rəhbərlik etmiş Ceyms Volfensona görə korrupsiya iqtisadi inkişafa xərçəng kimi mane olur. Daron Acemoğlu və James Robinson “Xalqların uğursuzluğunun səbəbi” (“Why nations fail”) əsərində iqtisadi sistemləri və idarəetmələrin fərqliliklərini daha aydın göstərmək üçün maraqlı müqayisədən istifadə edir; bir hissəsi Meksikanın, digər hissəsi ABŞ-ın ərazisinə düşən Nogalesin hər iki tərəfini əhatə edən institusional müqayisədən sonra belə bir nəticəyə gəlirlər ki, Meksika Nogalesinin inkişaf etməməsinin əsas səbəblərindən biri rüşvətdir (hər hansı fəaliyyətə başlamazadan əvvəl lisenziya almaqdan ötrü rüşvət vermək lazımdır).

Korrupsiya xərçəng kimidir, iqtisadi inkişafa mane olur - Ceyms Volfenson, Dünya Bankının keçmiş prezidenti.

Orta müddətli dövrdə korrupsiya kapitalın ədalətsiz şəkildə müxtəlif qrupların əlində cəmləşməsini şərtləndirir. Həmin qruplar müvafiq kapitalın müəyyən hissəsini mövcud sistemin və şərtlərin müdafiəsinə sərf edirlər, sistemin dəyişməsini, demokratik institutların inkişafını, rəqabətli biznes mühitini istəmirlər. Çünki onların pəncərəsindən baxdıqda bütün bu dəyişiklər onların əllərindəki imkanların itirilməsi, “dağıdıcı” yenilik kimi görünür. Bütün bunların nəticəsidir ki, bir marjinal qrupun çirkin marağı böyük bir icmanın inkişafını ciddi şəkildə əngəlləyir.