Xalid Ağaliyev

Hüquqşünas

E-HÖKUMƏT İNDEKSİ: BİZ HARDAYIQ

06.04.2017 / Estonlar nazirlərin xidməti xərclərindən tutmuş övladlarının məktəbdəki qiymətlərinədək bir çox məsələləri elektron hökumət vasitəsilə izləyə bilirlər

Müasir dövrümüzün yeni tendensiyalarından biri də “elektron hökumət” anlayışıdır. “E-hökumət” dövlət və vətəndaş əlaqələrində hər iki tərəfin yerinə yetirmək öhdəliyi olan vəzifə və xidmətlərin qarşılıqlı olaraq elektron vasitələrlə gerçəkləşdirilməsidir.

“E-hökumət” qurmağı bacarmış ölkələrin sırasında 70 illik “qardaşımız” Estoniya da var. Mükəmməl sistem qurublar. Əgər Azərbaycana səfər etmiş bir Estoniya vətəndaşı ilə təsadüfən söhbətləşmək imkanınız olarsa, ondan “e-hökumət”in bir vətəndaşa aça biləcəyi imkanlar barədə xeyli bilgi əldə edə bilərsiniz.

Estonlar “e-hökumət”də kimə və nəyə göz qoyurlar?

Estoniyada hər bir vətəndaşı “e-hökumət” portalına daxil olması üçün parol-şifrəsi kifayət edir. Portalda müxtəlif bölümlər var və misal üçün “Vətəndaş” bölümündə bir estoniyalı öz mülkiyyətində olan mənzil, qaraj, bağ evi, avto-moto nəqliyyat vasitələri, bütün bunlara sahiblik hüququnu təsdiqləyən e-sənədlər haqda detallı bilgi əldə edə bilir. Həmin vasitələr, habelə yaşayış yeri haqqında arayış və ya başqa gərəkli ola biləcək sənədləri 5 dəqiqə içində əldə etmək üçün bir e-müraciət yetərlidir. Internet üzərindən şəxsin məhkumluğunun olmaması, həbsə düşməməsi, barəsində cinayət işi açılmaması, sağlam olması haqqında sənədləri əldə edə, hətta banklardan orta məbləğli kredit vəsaitləri də almaq mümkündür.

Məmurların xərclərinə belə nəzarət etmək olarmış

“Dövlət” bölümü də bilgi sarıdan çox zəngindir. Burda, necə deyərlər, “yox” yoxdur. Durduğu pillədən asılı olmayaraq, istənilən məmurla bağlı gizli həyat bilgiləri xaric, əksər məlumatlar var. Yəni vətəndaş buradakı deklarasiyalar, qurumların büdcə bilgiləri, büdcənin icrası haqda qısa, aydın hesabatlar, bir nazirin xidməti avtomobilinə son bir həftədə doldurulmuş yanacağın həcmindən tutmuş, onun alış-veriş etdiyi məbləğ və mənbələrə qədər bütün bilgiləri əldə edə bilər. Portalda hansısa bilgi tapmaq mümkün olmazsa, “e-sorğu” xidməti vasitəsi ilə həmin məlumatları gün ərzində e-poçtla almaq olur.

Estoniyalı valideynlər 16 yaşa çatmamış övladlarının bütün e-bilgilərinə də nəzarət edə bilirlər. İstənilən valideyn “Təhsil” bölümünə daxil olmaqla, məktəbli oğlu və ya qızının e-sinif jurnal-gündəliklərini nəzərdən keçirə, dərs davamiyyətinə, aldığı qiymətlərə göz gəzdirə bilər. Hər bir valideyn övladının müəllimi ilə portal üzərindən bağlantı qurub, müəyyən suallarına cavab tapmaq üçün söhbətləşə də bilir.

“E-hökumət” hər bir estoniyalıya tək məmurlara və ya övladlarına nəzarət imkanı deyil, həm də valideynləri və digər yaxınlarının daha yaxşı qayğısına qalmaq üçün də şərait yaratmış olur. Estoniyalı həmsöhbətiniz sizə, öz yaşlı anasının sağlıq durumuna nəzarət etmək üçün “Səhiyyə” bölümünə daxil olub, bir çox məlumatları necə əldə etdiyini də nəql edə bilər . Belə ki, anasının bütün analizləri, rentgen şəkilləri, müayinələri, reseptləri, tibbi sığortaya aid bilgiləri artıq elektron səhiyyə reyestrinə köçürülmüş olur. O burada, yaşlı anasının artıq səhər saatlarında xəstəxanada olduğunu, müalicə qəbul etdiyi, hətta aldığı həkim tövsiyələrinə kimi bilgiləri izləyə bilir.

“E-hökümət”də balıq tutmaq imkanı

Elə “səhiyyə” bölümündə sağlıq, yol sığortalarını yeniləyən estoniyalı həmsöhbətiniz, buradaca qısa zamanda vergi deklarasiyasını dolduracaq, yaşadığı prospektin xəritəsinə cüzi dəyişikliklər edilməsini nəzərdə tutan məhəllə bələdiyyəsinin layihə-sərəncamını rədd edəcək, rədd cavabına şəhər bələdiyyəsinin operativ cavab məktubunu oxuyacaq. Siz isə bu ərəfədə həyat yoldaşından “istirahəti unutma” mesajını oxuyub çöhrəsi təbəssümə bürünən həmsöhbətinizin “e-hökümət”də Tallinin ekologiya qurumundan əri ilə birgə balıq tutmağa 3 günlük necə icazə almağını da müşahidə edə biləcəksiz. O, sizə Estoniyada seçkilərdə internet səsvermənin tətbiqindən, son parlament seçkilərində özü də daxil olmaqla, hər 5 estondan 3-nün “e-hökumət” portalı üzərindən öz millət vəkilini seçdiyindən də danışacaq…

Estoniya dünya sıralamasında 13-cüdür

Nəql etdiklərim “e-hökumət”in eston vətəndaşa açdığı imkanların bəlkə də ən qısa xülasəsidir. Ancaq eston modeli ən qabaqcıl, ideal olanı da deyil. Estoniya “e-hökumət” xidməti indeksinə görə, dünya sıralamasında heç ilk onluqda da deyil.

“E-hökumət”lərin dünya üzrə inkişaf dinamikasını Birləşmiş Millətlər Təşkilatı araşdırır. Araşdırmalar 2 il davam edir və sonda yekun hesabat açıqlanır.

Son hesabat 2016-cı ilin sonunda işıq üzü görüb. “BMT: ”e-hökumət”lərin Inkişaf Indeksi – 2012″ adlanan sənədə əsasən, təcrübəsindən bəhs etdiyimiz Estoniya 193 ölkə arasında 13-cü sıradadır.

Bu yazıda məqsədim Estoniyadakı gəlişmələri saf-çürük etmək deyil, yazıda onların təcrübəsinə “e-hökumət”lərin verdiyi imkanları daha anlaşıqlı ifadə etmək üçün müraciət olunub. Məqsəd həm də 2000-ci illərin əvvəllərindən başlayaraq, ölkəmizdə də hökumətin sıx dilə gətirdiyi elektron hökumət quruculuğunun durumunu az öncə adını çəkdiyim sənədin işığında incələməkdir.

Azərbaycan da “e-hökumət” indeksi sıralamasında irələləməkdədir

Bütün dünyanı əhatə edən araşdırma üç təməl istiqaməti əhatə edir. Belə ki, araşdırmaçılar bütün ölkələrdə telekommunikasiya infrastrukturunun durumunu (hər 100 nəfərə düşən internet istifadəçiləri, telefon xətləri, mobil abunəçiləri, fərdi kompüter sahibləri və genişzolaqlı net xətlərinin sayını), insan kapitalı (vətəndaşların savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil almışların sayı) indeksini öyrənirlər.

Onlayn xidmət araşdırması zamanı isə aşağıdakılar araşdırılır: hökumət çoxdilli veb resurslar yaradır, onlardakı publik məzmunlu bütün bilgiləri orada yerləşdirir, e-sorğuların operativ cavablandırılmasını təmin edir, qurumlar vətəndaşlara göstərdiyi bütün xidmətlərin onlayn versiyasını yaradır və işləkliyi, ikitərəfli kommunikasiyanı təmin edir, lisenziyaların, sertifikatların, icazələrin verilməsi, ödənişlərin edilməsi imkanları yaradılır, qərarların verilməsi zamanı vətəndaşların rəyi öyrənilir, bütün bunlar haqqında sosial reklamlar hər addımda vətəndaşı izləyir.

BMT-nin iki ildə bir dəfə açıqladığı hesabatlar hökumətlərin təqdim etdiyi bilgilər əsasında hazırlanır. 2016-ci ilin nəticələrinə altı il əvvəlki araşdırmaların yekunlarının işığında göz gəzdirək.

2010-cu ildə Azərbaycanın “e-hökumət” indeksi 0.4571 idi və 83-cü pillədə yer almışdı. O zaman Azərbaycan telekommunikasiya infrastrukturunun durumu üzrə 0,0439, insan kapitalı indeksi üzrə 0,3031 və onlayn xidmət indeksi üzrə isə 0,1101 bal göstəricisinə malik idi.

Hesabata görə, 6 ildə Azərbaycan indeksdə xeyli irəliləyib və bu göstərici 0.6274 olmaqla 193 ölkə arasında 56-cı yerdə durur. E-hökumət indeksi telekommunikasiya infrastrukturunun durumu, insan kapitalı indeksi və onlayn xidmət indeksi ölçüləri üzrə toplanmış balların cəmini ifadə edir.

Azərbaycan telekommunikasiya infrastrukturunun durumu üzrə 0,4852, insan kapitalı indeksi üzrə 0,7158 və onlayn xidmət indeksi üzrə isə 0,6812 bal göstəricisinə malikdir. Müqayisədə belə görünür ki, Azərbaycan hər 3 komponent üzrə ciddi irəliləyiş əldə edib. Bu altı il ərzində telekommunikasiya infrastrukturunun durumu 0,0439-dən 0,4852-yə, insan kapitalı (vətəndaşların savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil almışların sayı) indeksi 0,3031-dən 0,7158-yə, onlayn xidmət indeksi isə 0,1101-dən 0,6812 bala yüksəlib.

Hesabatdan məlum olur ki, ən ciddi irəliləyiş onlayn xidmət (e-iştirakçılıq) indeksi üzrə olub. “E-hökumət”də iştirakçılığın 68 faiz olduğu bildirilir. Bu kateqoriya üzrə nələrin qiymətləndirildiyi yuxarıda əks olunub.

Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon abunəçiliyi

Telekommunikasiya infrastrukturunun durumu ilə bağlı hesabatdakı araşdırmada qeyd olunur ki, Azərbaycanda insanların 61 faizi internet istifadəçisidir. Hər 100 vətəndaşdan 18.87-si sabit telefon abunəçisidir. Hər 100 vətəndaşa isə 110 mobil telefon abunəçiliyi düşür.

Hesabata görə, hər 100 vətəndaşdan 20-si fiber-kabelli internet, hər 100 vətəndaşdan 45-i isə kabelsiz internet istəifadəçisidir. İnsan kapitalı göstəricisi üzrə şərhində qeyd olunur ki, ölkədə oxuma-yazma savadlılığı 99.82 faiz, məktəbləşmə 77.11 faiz təşkil edir…

Keçmiş sovet ölkələrinin əksəriyyəti son 6 ildə e-hökumət-də irəliləyiş əldə ediblər. Ermənistan 110-cu pillədən 87-ci pilləyə, Belarus 64-dən 49-cu pilləyə irəliləyib. 2010-cu ildə 193 ölkə arasında 80-ci olan Moldova bu dəfə 65-ci pillədədir. Qazaxıstan isə 33-cü pilləyə, Gürcüstan 61-ci, Özbəkistan 80-ci yerdədir. Baltik ölkələri istisna olmaqla, Rusiya keçmiş SSRİ ölkələri arasında öndə gedənlərdəndir - 35-ci pillə.

Qonşu Türkiyə isə 68-ci pillədə yer alır.

“E-hökumət” indeksinin liderləri sıralamasında isə Böyük Britaniya (1), Avstraliya (2), Koreya (3), Sinqapur (4), Finlandiyanın (5) adları gəlir. Altı il əvvəl isə sıralama xeyli fərqli idi: 1. Koreya; 2. ABŞ; 3. Kanada; 4. Böyük Britaniya; 5. Hollandiya.