Rəsul Cəfərov

Hüquqşunas

DEPUTATLARA SANKSİYA SONUNCU TƏDBİR DEYİL

21.05.2018 / AŞPA-nın sanksiya qərarının təməlində Azərbaycandadı siyasi məhbus problemi durur

Mayın 16–da Avropa Şurası Parlament Assembleyası (AŞPA) qurumun tarixində ilk dəfə olaraq öz üzvlərinə qarşı təşkilatdaxili fərdi sanksiyalar mexanizmini işə saldı. AŞPA-nın Prosedur Qaydaları Komitəsi Pedro Aqramunta (İspaniya) 10 il, Xordi Xuklaya (İspaniya), Florin Predaya (Ruminiya) və Səməd Seyidova (Azərbaycan) 2 il müddətinə məruzəçi olmaq, qurumun prezidenti seçilmək, onu üçüncü tərəf qarşısında təmsil etmək, seçki müşahidə missiyalarında təmsil olunmaq və Nazirlər Komitəsinə (NK) sual vermək qadağası tətbiq etdi.

Bu xəbəri oxuyan istənilən şəxs üçün yaranan birinci sual odur ki, sanksiyaların tətbiq edilməsinin səbəbi nə idi? Sanksiya qərarı ancaq ayrı-ayrı üzvlərin sadəcə tənbeh edilməsi üçün verilibmi? Avropa Şurasında son 5 il ərzində gedən prosesləri izləməyən şəxslər üçün bu addım bir təşkilatın hansısa xətaya yol vermiş üzvlərinə qarşı sadəcə tənbeh tədbiri görməsi kimi görünə bilər. Əslində isə məsələnin mahiyyəti daha genişdir və bunu anlamaq üçün uzaq olmayan keçmişə qayıtmaq lazımdır.

2013-cü il yanvarın 24-ü alman deputat Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı AŞPA-nın plenar sessiyasında səsvermədən keçmədi. Sənədin lehinə 79, əleyhinə isə 125 səs verilmiş, 20 nəfər isə bitərəf qalmışdı. Həmin vaxt bu səsvermə, həmçinin Azərbaycan nümayəndə heyəti üzvlərinin səsvermənin nəticəsini sessiya zalında sanki çempion olmuş futbol komandasının oyunçuları və ya azarkeşləri kimi bir-birinə sarılaraq qeyd etməsi normal görünə bilərdi.

Amma... İlk dəfə idi ki, məruzəçiyə səsvermə nəticəsində mandat vermiş deputatlar sonradan həmin məruzəçinin hesabatını lazımsız bir sənəd adlandırırdılar, faktiki olaraq plenar sessiya komitədə razılaşdırılmış sənədi qəbul etməkdən imtina edirdi. O zaman Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olmuş Aqramunt hazırlanmış hesabatda neqativ haları qeyd etməsinə baxmayaraq sessiyada açıq və alovlu şəkildə siyasi məhbus hesabatının əleyhinə səsverməyə çağırmışdı.

Onu da xatırlatmaq lazımdır ki, həmin dövrdə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin olunmasına baxmayaraq Ştrasser ölkəyə buraxılmırdı, həm Ştrasser, həm ona hesabatı hazırlamaqda yardımçı olan hüquq müdafiəçiləri hakimiyyət mediasının total qarayaxma kampaniyasına məruz qalırdı.

Bütün bunlar şübhə doğurmaya bilməzdi və həm yerli, həm də xarici vətəndaş cəmiyyəti bu istiqamətdə geniş bir araşdırma aparmağın zəruriliyi barədə razılığa gəldilər. Nəticə etibarilə Berlində yerləşən Avropa Stabillik Təşəbbüsü adlı təşkilat AŞPA-nın bir sıra üzvlərinin siyasi korrupsiyada iştirakına dair ciddi şübhələrin əks olunduğu və şərti olaraq “Kürü diplomatiyası” adlı hesabat hazırladı. Hesabat və onun ətrafında gedən proseslər xüsusən Avropa mediası tərəfindən geniş işıqlandırıldı.

“Kürü diplomatiyası” hesabat bəlkə də ciddi bir nəticə vermədən unudulacaqdı. Ancaq Milan Prokurorluğunun AŞPA-da İtaliyanı təmsil etmiş, ən böyük siyasi qrupun (Avropa Xalqının Partiyası) vitse-prezidenti olmuş deputat Luka Volonteyə qarşı açdığı cinayət işi presesi sürətləndirdi. Prokurorluq Volonteyə qarşı 2012-2014-cü illər ərzində Azərbaycandan 2.39 milyon avro rüşvət alması ilə bağlı ittiham ittiham irəli sürdü. İstintaq prosesində Volontenin Azərbaycan nümayəndə heyətinin keçmiş üzvü və korrupsiya ittihamlarında adı hallanan Elxan Süleymanovla “AŞPA-da siyasi dəstəyin alınması” məzmunlu e-mail yazışmalarının əldə edilməsi 2013-cü ilin yanvarında siyasi məhbuslarla bağlı hesabatın təsadüfən yox, məhz əvvəlcədən siyasi mövqelərin pulla və ya digər vasitələrlə alınması nəticəsində qəbul edilməməsi iddialarını gücləndirdi.

“Kürü diplomatiyası” hesabatında təkcə Volontenin adı keçmirdi, ciddi ittihamlar həm də Aqramunta, Xuklaya, Elxan Süleymanova, Müslüm Məmmədova, Karin Strenzə (Almaniya), Tadeuş İvinskiyə (Polşa) və başqalarına qarşı irəli sürülmüşdü. Aqramunt və Xuklanın rus hərbi təyyarəsi ilə AŞPA-nı və ispaniya parlamentini xəbərdar etmədən Dəməşqə gedərək Suriya diktatoru Bəşər Əsədlə görüşməsi və vətəndaş müharibəsinin getdiyi ölkədə dinc konstitusion keçid mövzusunda tədbirə qatılması AŞPA-nın təxirəsalınmaz addımlar atmasını zəruri etdi.

Nəticədə Avropa Məhkəməsinin iki keçmiş hakimi və daha bir nüfuzlu ekspertin dəvət edildiyi Avropa Şurasında korrupsiya ittihamlarını araşdıracaq təşkilatdan kənar müstəqil bir qurum yaradıldı. Qurum bu ilin aprelində çox geniş bir hesabat hazırlayaraq son 5 il ərzində irəli sürülən ittihamların üzrə əldə edilən istintaq nəticələrini təqdim etdi. Bir ilə yaxın müddətə hazırlanan bu hesabat faktiki olaraq siyasi məhbus hesabatının qəbul edilməməsi ilə başlayan şübhələr nəticəsində ortaya çıxmış iddiaları sübut etmiş oldu.

Məlum oldu ki, Azərbaycana səfər etmiş AŞPA üzvlərinə qiymətli hədiyyələrdən tutmuş seks xidmətlərinə qədər təkliflər edilib. Yeri gəlmişkən bu təkliflərin olması hesabat yayılandan sonra nə Aqramunt, nə də Azərbaycan rəsmiləri tərəfindən inkar edilmədi, hətta əksinə prezidentin kömkçisi Əli Həsənov, hakim partiyanın rəsmisi Siyavuş Novruzov bu təkliflərin normal lobbiçilik praktikası olmasına eyhamlar vurdular.

Hesabat yayıldıqdan sonra tədbir görmək artıq AŞPA-nın təbii öhdəliyinə çevrilmişdi. Qeyd edilən ittihamların ciddiliyini nəzərə alaraq tətbiq edilmiş sanksiyaların adekvat olmadığını da düşünmək olar. Bununla belə, biz nəzərə almalıyıq ki, AŞPA hüquq-mühafizə orqanı deyil və o adı korrupsiya ittihamlarında hallanan üzvlərinə 2012-ci ildə qəbul edilmiş Davranış Qaydaları çərçivəsində tədbir görə bilər.

AŞPA mümkün olan sanksiyaları tətbiq etməklə əslində adı çəkilər dprd deputatın təmsil etdikləri ölkələrin parlamentlərinə, o cümlədən hüquq-mühafizə orqanlarına siqnal vermiş oldu və bu işin arzulanan sonluğu ondan ibarətdir ki, ölkələr daxilində araşdırmalar başlanılsın və zəruri cəza tədbirləri tətbiq edilsin.

Sanksiyaların tətbiqinin digər əhəmiyyəti onda ibarət oldu ki, AŞPA cəza tətbiq etmək iqtidarına malik olduğunu nümayiş etdirdi.

Məlum olduğu kimi 2017-ci il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi Respublikaşı Alternativ (REAL) Partiyasının sədri, “vicdan məhbusu” İlqar Məmmədovun işi üzrə Avropa Məhkəməsinin qərarını icra edilmədiyinə görə ilk dəfə olaraq akademik çevrələrdə “nüvə seçimi” adlandırılan və nəticə etiabrilə qərarı icra etməyən üzv-dövlətə qarşı qurumdaxili sanksiyalara səbəb ola bilən xüsusi prosedura start vermişdi. Hazırda bu prosedur üzrə icraat Avropa Məhkəməsinin Böyük Palatasında davam edir və yaxınlarda qərarı icra etməməklə Azərbaycanın üzərinə götürdüyü öhdəliyin pozulub-pozulmaması barədə qərarın veriləcəyi gözlənilir.

Əgər Böyük Palata öhdəliyin pozulduğunu müəyyən edərsə Nazirlər Komitəsi və AŞPA sanksiya tətbiq etmək üçün legitim səlahiyyət əldə etmiş olacaqlar. AŞPA tətrfindən sanksiya tətbiqi nümayiş etdirmiş oldu ki, qurumun Məmmədov azad edilməyəcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması üçün də siyasi iradəsi var.

Sanksiyaya gətirib çıxaran proses Azərbaycanda siyasi məhbus problemi kontekstində başladığı üçün qısa müddətli məntiqi sonluq üçün daha bir neçə addım atılmalıdır. Birincisi, Nazirlər Komitəsi korrupsiya ittihamlarına münasibət bildirməli və Avropa Məhkəməsinin qərarlarının icrası zamanı Azərbaycan hakimiyyəti tərəfindən korrupsiya təkliflərinin alıb-almadığını izah etməlidir. İlqar Məmmədovun işi üzrə qərar hələ 2014-cü ilin payızında qüvvəyə minsə də, qərarın icrası üçün ən real mexanizm ancaq 2017-ci ilin dekabrında işə salınıb.

İkincisi, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni məruzəçi təyin edilməli, ona güclü mandat verilməli və Azərbaycana səfər edərək müvafiq hesabat hazırlaması təmin edilməlidir. Hər iki istiqamət üzrə addımlar atılıb. Belə ki, Nazirlər Komitəsi AŞPA deputatları tərəfindən həm yazılı, həm şifahi korrupsiya ittihamarına münasibət bildiriməsi üçün sorğular verilib. Azərbaycanda siyasi məhbus hesabatının hazırlanmasını nəzərdə tutan qərar layihəsi də AŞPA-nın 25 deputatı tərəfindən təqdim olunub.

Prosesin məntiqi sonluğuna çatmasınıı hamı gözləyir, o cümlədən 2013-cü ildə hesabatın qəbul edilməməsindən dərhal sonra həbs edilən və indiyədək dəmir barmaqlıqlar arxasında saxlanılan siyasi mıhbuslar.