Murad Nəsibbəyli

Siyasət təhlilçisi

DEMOKRATİYASIZ “İNKİŞAF MODELİ”

06.11.2018 / Rusiya özü kimi ölkələrdə model rolunu oynayır, Azərbaycan da ondan “bəhrələnir”

Son bir neçə ildə, xüsusilə də manatın devalvasiyasından bəri Azərbaycanda yeni qurumların yaradılması tendensiyası aydın nəzərə çarpır. Əvvəllər hansısa daha böyük bir qurumun səlahiyyətləri çərçivəsinə daxil olan, elə bəlkə də buna görə daha az diqqət ayrılan funksiyalar indi ixtisaslaşmış qurumlara ötürülür, eləcə də dövlət yeni funksiyalar yaradır. Müəyyən mənada ASAN təcrübəsinin təkrarlanması yaşanır.

Dövlət özü-özünü yenidən qurumsallaşdırır. Bu prosesdə ortaya bir qrup gənc, müəyyən səviyyədə bacarıqlı və təhsilli bürokratlar çıxır. Dövlət bu cür yeni yaradılan qurumlarla əslində, orta, düşünə bilən, şəhərli kəsimi özünə inkorporasiya etməklə potensial tənqidi, müxalif kütlənin qarşısını almış olur. QHT sektorunda olmuş bir xeyli insan da yeni yaradılan qurumlar tərəfindən udulur.

Bunun fonunda ictimaiyyət arasından, xüsusilə də bu qurumlarda çalışanlardan demokratiyanın durumu, insan hüquq və azadlıqlarının qorunması kimi mövzuları ikinci plana atan, əsas vurğunu hökumətin (buraya yalnız siyasi qurum olan hökuməti deyil, həm də bürokratiyanı da aid edirlər) göstərdiyi xidmətin effektivliyinin üzərinə qoyan arqumentlər dilə gətirilir. Bəzən isə hansısa bir tədbirdə və ya dost çevrəsində müzakirə zamanı elə ab-hava hakim olur ki, demokratiyanın durumu, insan hüquq və azadlıqlarının qorunmasının önəmindən danışılanları “boş danışmaq”, bürokratiyanın göstəridiyi xidmətdən danışmağı isə daha gerçəkci, effektiv işdən danışmaq kimi təqdim edirlər.

Doğrudanmı biz boşuna danışır, onlarsa iş görürlər?

Bürokratiya təxminən belə bir münasibət sərgiləyir: “Siz boş danışırsınız, biz isə iş görürük?”. Bu, həqiqətən belədirmi? Həqiqətənmi demokratiyanın durumundan, insan hüquq və azadlıqlarının qorunmasından danışanlar “boş” işlə məşğuldurlar? Demokratiyaya keçid etmədən, insan hüquq və azadlıqlarına hörmət təmin olunmadan inkişaf mümkündür mü? Bu, necə bir inkişafdır?

“Demokratiyasız inkişaf” söz-söhbətlərinin cəmiyyətdə özü-özündən doğulduğuna inananlardan deyiləm. Bunlar Rusiyadakı pis formalaşdırılmış və psevdo-elmi arqumentlərdir ki, bir ucu bizə də gəlib çatır. Rusiya özü kimi ölkələrdə model rolunu oynayır. Bizim kimi ölkələr də ondan bu cür bəhrələnirlər. Dövlətin haqqında bəhs etdiyimiz qurumları tərəfindən inkorporasiya olunan gənc bürokratlar da öz qurumları ilə bərabər “demokratiyasız inkişaf” arqumentlərinin həm hədəfi, həm də bəzən bilərəkdən və ya bilməyərəkdən təbliğatçısı kimi çıxış edirlər.

Qərb siyasi fəlsəfəsində bu arqumentlər daha ciddi və daha dərin şəkildə çoxdan bəri qaldırılır və çürüdülür. Bu barədə ən son Oksford Siyasi Fəlsəfə Seriyasından 2015-ci ildə dərc olunan iki cildlik nəşrində oxumuşdum. Demokratiya ilə bağlı daha ciddi tənqidləri və əks arqumentləri (eləcə də, onlara yazılan cavabları) oxuyandan sonra bizim ictimaiyyətdə təbliğ edilən, Rusiyadan idxal olunam pis formalaşdırılmış və psevdo elmi “demokratiyasız inkişaf” arqumentləri çox ucuz görünür. Bu mövzudakı Qərb debatları təkcə elmin sərhədləri (ümumiyyətlə, Qərbdə elm və ictimai müzakirələr arasında elə sərt sərhəd yoxdur) ilə məhdudlaşmayıb, kifayət qədər sadə insanlara çatıb və onlar tərəfindən də mənimsənilib. Bizdə ictimaiyyət bu mövzu üzrə debatlar barəsində savadsız olduğu üçün ucuz arqumentlərin təbliğinə münbit mühit yaranır.

Həm də savadsızlıq o qədər təhlükəli həddədir ki, sənin oxumuş, az-çox təhsilli və bacarıqlı, dünyaya az-çox çıxışı olan gəncin belə bu cür arqumentlərə nəinki inanır, hətta onun təbliğatçısına da çevrilir. Özünə sual etmir ki, axı, xalq nəzarəti olmadan, peşəkar icraçılar ilə gələn inkişaf necə bir inkişaf olacaq? Seçilmiş, hesabatlı hökumətin (kabineti nəzərdə tutan dar mənada) yox, hesabatsız və xalq nəzarətindən kənar olsa belə məhz “xeyirxah” icraçı hökumətin (özünə bürokratiyanı da daxil edən geniş mənada) inkişafı gətirə biləcəyinə necə inanır? Necə olur ki, ona inanmağı seçir?

Bu cür arqumentlərə cavab vermək və bu cür kəsimlərlə dialoqa girmək demokratik düşərgə üçün vacibdir. Çünki, onlar istənilən halda cəmiyyətin aparıcı bir kəsimidir və onlarla bir-birini eşitməyən iki mikrofon olmaq demokratik düşərgə üçün faydalı deyil. Bu kəsimin demokratik kolonizasiyası şərtdir.

“Demokratiyasız inkişafın” mümkünsüzlüyü

Ümumiyyətlə, burada elə bir nöqtədən danışırıq ki, o, bizə demokratiyanın, insan hüquq və azadlıqlarının haralarasa istinad verməklə edilən instrumental təbliğindən əl çəkməyi, onun fəlsəfi, nəzəri və hətta empirik əsaslandırılmasına keçməyin vacibliyini göstərir. Xalqa, o cümlədən gənc bürokratlara demokratik nəzarətin vacib olduğunu və inkişafın demokratiya ilə necə əlaqəli olduğunu izah etmək lazımdır. Əks halda, vəziyyətin informativ ifşası hər nə qədər sərt və sarsıdıcı olsa da çox məna kəsb etməyə bilər.

Vəziyyətin informativ ifşasını mənalı edən onun hansı anlayışlarla, hansı fərziyələrlə qəbul edilməsidir. Demokratik düşərgənin bir vəzifəsi də həmin anlayış və fərziyyələri daima formalaşdırmaqdır, zənginləşdirməkdir. Bu, həcmcə böyük və intellektual baxımdan dərin bir işdir. Bundan yan keçib başqa bir kəsə yolla getməyin mümkünlüyünə inanmaq çətindir.

Demokratik düşərgəyə “demokratiyasız inkişafın mümkün(süz)lüyü” kimi mövzularda daha dərin debatlar lazımdır. Demokratik düşərgə öz daxilində bu debatları formalaşdırmağı bacarmalıdır. Bunun üçün isə düşərgə daxilində müzakirə mühitinin azad olması vacibdir.

Bu yaxınlarda bir ictimai müzakirə nümunəsində də gördüyümüz kimi hansısa mövzunun müzakirə edilib-edilməməsini, hansısa fikrin söylənilib-söylənilməməsini düşərgənin ümumi maraqları ilə uyğunlaşıb-uyğunlaşmadığına görə məhdudlaşdırmaq lazım deyil. Əksinə, demokratik düşərgənin daxilindəki debatlar öz azadlığı, daha cəzbedici və intellektual dərinliyi ilə daha maarifləndirici olmalıdır.

“Bu, heç yoxdur” demək yanlış olardı. Ancaq yetərli görünmür. Görünən odur ki, vəziyyətin informativ ifşası getdikcə daha çox yer tutur. Bunun bir çox səbəbi ola bilər. Ancaq bir səbəbi bəlkə də tənqidi medianın hər zaman mediaya xas olan populyar trendə meyl etməsi, ictimai müzakirələrin daha çox gündəmsəlləşməsidir. Ancaq yuxarıda qeyd edildiyi kimi ifşa olunan informasiyanın hansı anlayış və fərziyyələr çərçivəsində anlanması önəmlidir. Bunun üçün isə “demokratiyasız inkişafın mümkün(süz)lüyü” kimi mövzularda daha fəlsəfi, daha nəzəri formada maarifləndirici ictimai müzakirələr açmaq lazımdır.