Elkin Xəlilov

Müstəqil jurnalist

CÜMHURİYYƏTİN 350 QƏHRƏMANI

03.05.2018 / 1920-ci il aprelin 27-də Yalamada rus qoşunları ilə döyüşmüş Cümhuriyyət əsgərləri haqqında çox az məlumat var

Mən hər ildə bir mayısa
Pek çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.
(Əhməd Cavad)

Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 100 il ötürdü.

Hər şey Arif Əliyevin yazdığı “Yalama” sənədli povestindən kiçik bir şeyi Twitter hesabımda yazmağımla oldu.

Qeyd etmişdim ki, "Qürur duyulası, öyünüləsi tarixi günlərdən biri də məhz bu gündür. Təsəvvür edirsiniz ki, 350 Cümhuriyyət əsgəri Yalama stansiyasında 70 minlik rus ordusunun qarşısına çıxıb onlara döyüşür. Hamısı da şəhid olur. Məqsəd Cümhuriyyətin ömrünü bir neçə saat uzatmaq olub".

Qısa bir zaman ərzində bu yazı Twitterdən kənara çıxdı. Yüzdən artıq səhifə, təxminən də mindən çox adam bu balaca tviti paylaşdı.

Ən təəccüblüsü və təəssüf doğuranı bilirsiniz nə idi? Bu yazıya rəy yazan, paylaşan adamların əksəriyyətinin bu barədə məlumatı olmaması. Çoxları şok vəziyyətində olduqlarını, belə bir tarixdən indiyə kimi necə məlumatsız qaldıqları barədə yazırdılar.

26 ildir müstəqil dövlətin, müstəqil vətəndaşları tarixlərində yaşanmış ən şərəfli bir gün barədə məlumatsız idilər. Həmişə çalışmışam ki, təmtəraqlı cümlələrdən kənar duram. Amma bu şərəfli hadisə mənə görə Azərbaycan tarixində 1918-ci il 28 May hadisəsindən sonra gəlir. Və bu tarixdən bizim xəbərimiz yoxdur.

Yeri gəlmişkən bu tarixi hadisəni kitab halına saldığı, yazıya çevirdiyi üçün Arif Əliyevə də ayrıca təşəkkür edirəm. Belə bir qürurlu hadisədən bizi xəbərdar etdiyi üçün.

Unudulmuş döyüş

Arif Əliyevin "Yalama" sənədli povesti 1920-ci ilin aprel ayının 27-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüşdən bəhs edir.

Aprel ayının 27-si, saat 00.05 dəqiqə. Yetmiş minlik XI Qırmızı Ordu, öndə «III İnternasional», daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər.

Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.

Əslində Yalama stansiyasının keşiyini çəkən Cümhuriyyət əsgərlərinin seçimi var. Düşmənə təslim olmaq. Nə ordunun sayı, nə texnika nə də başqa hərbi təchizat baxımından saylar bərabər deyil. Amma Cümhuriyyət əsgərləri nəinki geri çəkilmir, sonuncu dəfə Cümhuriyyət şərəfi uğrunda döyüşə girirlər. Döyüş cəmi iki saat çəkir. 350 Cümhuriyyət əsgəri döyüşdə şəhid olmaqla iki saatlıq da olsa Cümhuriyyətin ömrünü uzadırlar.

98 il ötməsinə baxmayaraq bu döyüş barədə internetdə adda-budda məlumatlar qarşıya çıxır. Cəmi bir kitab yazılıb, bir neçə də yazı. 26 ildir ki, müstəqil olmağımıza baxmayaraq hələ də çox adam elə bilir ki, XI Qırmızı Ordunu Azərbaycan xalqı gül-çiçəklə, toy-bayramla qarşılayıb. Bütün qapılar üzlərinə açıq olub ki, buyurun keçin başa.

Danışılmayan tarix

Hər yerdə məğlub olmaqdan, qırılmaqdan danışırlar. Az qala bütün faciələrdən, matəm günlərindən həftələrlə danışsınlar. Hər yerdə bunu təbliğ etsinlər. Bəs bir xalqın özünə inanması, tarixi ilə qürur duyması, danışanda fərəh hiss edəcəyi gündən niyə danışılmır?

26 ildir ki, müstəqil olmağımıza baxmayaraq, hələ də tarix kitablarımızda Sovet dövrünün siyasiləşmiş tarixi xronologiyası bəzəyir, Kutidən, Lullubidən, Mannadan qalaq-qalaq yazıb zəhləsin tökürlər yazıq uşaqların.

Azərbaycan prezidenti Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər planı barədə sərəncam imzaladı. İl artıq yarıya çatır, amma Binəqədi, Yasamal, Kürdəmir və sairə kimi rayon icra hakimiyyətlərinin binasının akt zalında keçirilən mənasız tədbirlərdən başqa bir gözlə görülən şey yoxdur. Halbuki Yalamada uçub-dağılan, ətrafı baxımsız halda olan qala divarının küncünü bərpa etmək, 350 qəhrəmana abidə kompleksi qurmaq olardı. Motuya-Potuya tökülən milyon manatlıq səviyyəsiz filmlərin əvəzinə Yalama haqqında sənədli bir film çəkmək olardı. Arif Əliyevin kitabını yenidən 10 min tirajla çap etdirmək olardı. Amma belə görünür ki, qalstuklu məmurların akt zalında keçirdikləri heç mənasını özləri də dərk etmədiyi tədbirlərdən başqa nəsə olmayacaq. Ən azı bunlara Cümhuriyyətin gül-çiçəklə təslim olması daha sərf edir, nəyinki Yalamada son nəfəsinə kimi döyüşən o 350 qəhrəman əsgərlərin tanınması.