Araz Əliyev

Siyasət təhlilçisi

COP29-LA BAĞLI QADAĞALAR VƏ İDARƏETMƏ BÖHRANI

11.11.2024 / Bir beynəlxalq tədbirə görə “fövqəladə halın” yaranması institusional böhranının nəticəsidir

Noyabrın 11-dən 22-dək Azərbaycan çoxdan gözlənilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Tədbirdə bir çox dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri da daxil olmaqla 50 mindən artıq xarici qonağın iştirakı gözlənilir. Konfransın əsas hədəfi keçid iqtisadiyyatlı ölkələrdə istixana qazları tullantılarının kəskin azaldılması, təmiz enerjiyə keçid və insanların iqlim dəyişikliyinin zərələrindən qorumaq üçün tələb olunan maliyyə məsələlərinin həll etməkdir.

Lakin Azərbaycanda COP29 öncəsində beynəlxalq tədbirin əhəmiyyətindən daha çox, tədbirin keçiriləcəyi dövrdə qoyulacaq məhdudiyyətlər önə plana çıxdı.

COP29 dövründə məhdudiyyətlər

Nazirlər Kabinetinin 1 avqust 2024-cü il tarixli qərarına[1] əsasən konfransın keçiriləcəyi günlərində ümumi təhsil pilləsində ənənəvi 5 günlük payız tətili 10 günədək artırılıb, tarixləri dəyişdirilib. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə isə dərslərin 12-22 noyabr tarixlərində distant formada keçirilməsi qərarlaşdırılıb.

Hökumət, həmçinin Bakı, Abşeron və Sumqayıtda yerləşən bir sıra dövlət qurumlarına da COP29 günlərində iş prosesinin təşkilinə dəyişiklik edilməsi ilə bağlı göstəriş[2] verib. Tapşırığa əsasən, konfrans müddətində dövlət qurumlarının əməkdaşlarının 70%-i məsafədən (evdən) işləməsi, yalnız 30% əməkdaşın işə cəlb edilməsi tapşırılıb.

O biri tərəfdən tərəfdən Bakıya gediş-gəlişin də məhdudlaşdırılacağı gözlənilinir[3]. Baş Dövlət Yol Polisi İdarəsi tövsiyyə edib ki, nəqliyyat sıxlığını nəzərə alaraq həmin günlərdə Bakıətrafı qəsəbələrdən və bölgələrdən paytaxta gələnlər ictimai nəqliyyatdan istifadə etsinlər. Paytaxt sakinlərinə də oxşar müraciət edilib: fərdi avtomobillərindən mümkün qədər az istifadə edilsin.

Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də elan edib ki, Bakıda aeroporta gedənlər Zığ şosesi və ya dənizkənarı yoldan istifadə etməli olacaqlar. Həmçinin avtomobillərin də yalnız aeroport terminallarının önündə sərnişinləri düşürmək imkanı olacaq. Bileti olmayanlar isə ümumiyyətlə aeroporta daxil ola bilməyəcəklər.

Gözlənilən məhdudiyyətlər bunlarla da bitmir. Bakı şəhərindəki 8-22 noyabr tarixlərində toy mərasimlərinin də keçirilməyəcəyi haqda məlumatlar yayılıb.[4] Bu barədə rəsmi qərarlar olmasa da bir sıra şadlıq evinin toy sifarişləri qəbul etməməsi və mövcud sifarişlərin vaxtının dəyişdirilməsi bu sahədə də qeyri-rəsmi tapşırığın olduğunu deməyə əsas verir.

Öz növbəsində COP29-la birbaşa əlaqəsi olmayan bir sıra qadağalar da hələ də qalmaqdadır. Ölkənin quru sərhədləri pandemiyanın başlandığı 2020-ci ildən etibarən hələ də bağlı saxlanılır. Xüsusi karantin rejimi isə yenidən 1 yanvar 2025-ci il tarixinədək uzadılıb[5].

Beləliklə də, məhdudiyyətlər və COP29-un keçiriləcəyi günlərdə ölkəyə təxminən 50 min xarici qonağın gəlməsi paytaxtda “fövqəladə hal” abu-havasını yaradır.

Bakı və Abşerona davamlı miqrasiya

Qeyd olunan məhdudiyyətlərin xarakteri əhalinin önəmli bir hissəsini tədbirin keçiriləcəyi paytaxt Bakıdan kənarlaşdırmağa, xarici qonaqların rahat hərəkəti üçün “boş məkan” yaratmağa xidmət etdiyini göstərir. Rəsmi şəxslərin açıqlamalarında açıq şəkildə dilə gətirilən “sıxlığın azaldılması” məsələsi böyük ölçüdə bu amillə bağlıdır. Lakin paytaxtdakı mövcud sıxlıq problemin səbəbi yox, belə demək mümkündürsə, nəticəsidir.Maraqlıdır ki, 2004-cü ildən 2023-cü ilədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 proqram həyata keçirildiyi halda istər əhalinin, istərsə də iqtisadiyyatın paytaxt Bakıda mərkəzləşməsi davam etməkdədir. Daxili miqrasiyanın miqyası həyata keçirilmiş proqramların regionlarda rifahın yüksəlməsi və iş yerlərinin artırlması üçün xüsusi bir fayda vermədiyini göstərir. Əslində ölkədə daxili miqrasiya ilə bağlı rəsmi statistika mövcud deyil. Buna baxmayaraq alternativ göstəricilər (məsələn, orta təhsildə xalis qeydiyyat əmsalı) bu miqyası ehtmal etməyə imkan verir[6]. Məlum olur ki, Abşeron rayonu üzrə bu əmsalı orta ölkə göstəricisindən 2.5 dəfə artıqdır. Dolayısı ilə həmin ərazidə faktiki yaşayanların sayı da qeydiyyatdakı əhalinin sayından 2.5 dəfə artıqdır.

Maraqlıdır ki, dövlət nəzarətində olan Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ildə yayımlanmış Daxili miqrasiya və urbanizasiya ilə bağlı hesabatına[7] əsasən, ortalama yaşı 23 olan respondentlərin 55.5%-i doğulduqları yeri tərk etmələrinin səbəbi kimi işsizliyi göstərib. Onların 40.6%-i heç bir halda doğulduqları yerlərə qayıtmağı düşünmədiyini, 45.7%-i isə yalnız iş və təhsil tapdıqları halda qayıda biləcəklərini bildiriblər.

Limitsiz mərkəzləşmiş idarəetmə

Əslində regionlarla bağlı dövlət proqramlarının gözlənilən nəticəni verməməsi birbaşa olaraq səmərəsiz idarəetmə ilə bağlıdır. Çünki regionlarda iş və rifah imkanlarının məhdud olması əhalinin mərkəzə - Bakıya, doğru axmasına səbəb olan başlıca amildir. Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci il üçün hazırladığı hesabatda[8] Bakıda 3 milyondan çox sakinin daimi yaşadığı, eyni zamanda 500 mindən çox insanın da qısamüddətli gəlib-gedərək “rəqqasvari miqrasiya” etdiyi qeyd edilir. Bununla da Bakı və Abreşon yarımadasındakı başqa şəhər və qəsəbələrdə 3.5-4 milyon insanın məskunlaşdığını təxmin etməyə əsaslar var və bu da ölkə əhalisinin 35-40%- deməkdir.

Regional müstəvidəki problemlərin həlli ilk növbədə səlahiyyətli bələdiyyə institutlarının mövcudluğunu şərtləndirir. Lakin Azərbaycanda mövcud bələdiyyə sistemi və onun fəaliyyət imkanları səlahiyyət, status və maliyyə cəhətdən olduqca məhduddur.[9] Sadə bir nümunə verilsə, təkcə Tbilisi şəhər bələdiyyəsinin sərəncamındakı büdcə Azərbaycandakı 1606 bələdiyyənin birlikdə büdcəsindən 20 dəfə çoxdur. Maliyyə cəhətdən təminatın zəifliyi, səlahiyyətlərin qeyri-müəyyənliyi və funksiyaların məhdudluğu ilə birlikdə ölkədə bələdiyyə institutunu səmərəsiz bir quruma çevirir. Bu səmərəsizliyi hakimiyyət təmsilçiləri də vaxtaşırı etiraf edir[10].

COP29 hazırlıqları dövrü müxalif səslərə, vətəndaş cəmiyyəti fəallarına və azad media mənsublarına (AbzasMedia, Toplum TV, “Kanal 13) qarşı ardıcıl həyata keçirilən repressiya dalğası ilə müşahidə olunub. Bu artıq sistematik hal almış həbslərin COP29 ərəfəsində hakim diskursa qarşı mümkün etiraz və narazılıq cəhdlərini susdurmağa hesablandığı haqda təxminləri gücləndirir. Total nəzarətin önəmli tərkib hissəsi olan həbs və susdurma strategiyası isə özlüyündə avtoritar rejimin dayaqları sırasındadır.

Başqa tərəfdən bələdiyyə institutu vətəndaşların yerli səviyyədə özünüidarə hüququnu, öz problemlərinin müstəqil şəkildə həllini təmin etmək məqsədilə vətəndaş iştirakçılığını şərtləndir.[11] Bu mexanizmin sıradan çıxması və ya məqsədli şəkildə çıxarılması idarəetmənin həddən artıq təmərküzləşməsi, bütün gücün və səlahiyyətin tək mərkəzdə, tək bir əldə cəmləşməsi ilə birbaşa əlaqəli məsələdir. Mərkəzləşmiş idarəetmənin regional problemlərin həllində səmərəli olmadığı, hətta idarəetmə böhranına yol açdığı isə şübhəsizdir.

Total nəzarət və avtoritarizm

Səhiyyə nazirinin müavini Nadir Zeynalov oktyabrın 29-da verdiyi açıqlamada bildirib ki, COP29 günlərində ölkəyə gələcək xarici qonaqlardan koronavirus testi götürülməyəcək.[12] Bununla yanaşı, təzəlikcə Azərbaycanda xüsusi karantin rejiminin yanvar ayınadək uzadıldığı da məlumdur. O zaman haqlı olaraq belə bir sual yaranır ki, xüsusi karantin rejimi davam edirsə, xarici qonaqlardan nə üçün test götürülmür? Kim zəmanət verir ki, 50-60 min xarici qonaqdan hər hansı biri COVID-19 daşıyıcısı deyil?

Həmçinin quru sərhdlərinin bağlı saxlanmasının əsas səbəbi kimi “fəlakətlər”[13] amili ön plana çəkilir. Lakin bu fəlakətlərin nədən ibarət olduğu, nə üçün qonşularımız Türkiyə, İran, Qazaxstan, Gürcüstan və Ermənistanın bu fəlakətlərdən narahat olmadığı izah edilmir, hər hansı legitim əsas isə göstərilmir. Halbuki, Dünya Səhiyyə Təşkilatı nəqliyyat və səyahət məhdudiyyətlərini aradan qaldırmaq və ya yüngülləşdirmək barədə tövsiyyəsindən sonra çox ölkələr quru sərhədlərin hələ 2022-ci ildən açıblar.[14]

Biz total nəzarətin hər gün metroların girişində çantaların skanerdən keçirilməsi, şəxsiyyət vəsiqələrinin yoxlanılması, aeroport terminallarına daxil olarkən sərnişinlərin əlavə yoxlanması, sovet dövründən qalma Dövlət Yol Polisi postlarının hələ da yaşaması ilə görürük.

Bu cür yanaşmalar xüsusi karantin rejiminin tətbiqinin və quru sərhədlərinin bağlı qalmasının heç də pandemiya təhlükəsi və ya fəlakətlərlə yox, daha çox ölkə daxilində sərt idarəetmə rejimi və daxili nəzarətlə əlaqədar olduğunu deməyə əsas verir. Çünki mərkəzləşmiş idarəetməni ayaqda saxlamağın tək yolu sərhədləri bağlayaraq total nəzarəti həyata keçirməkdən ibarətdir.

O biri tərəfdən, COP29 hazırlıqları dövrü müxalif səslərə, vətəndaş cəmiyyəti fəallarına və azad media mənsublarına (AbzasMedia, Toplum TV, “Kanal 13) qarşı ardıcıl həyata keçirilən repressiya dalğası ilə müşahidə olunub. Bu artıq sistematik hal almış həbslərin[15] COP29 ərəfəsində hakim diskursa qarşı mümkün etiraz və narazılıq cəhdlərini susdurmağa hesablandığı haqda təxminləri gücləndirir.[16] Total nəzarətin önəmli tərkib hissəsi olan həbs və susdurma strategiyası isə özlüyündə avtoritar rejimin dayaqları sırasındadır.

Bir daha aydın olur ki, səmərəsiz idarəetmənin davam etməsi sosial-iqtisadi problemlərin kəskinləşməsi, regional idarəetmənin sıradan çıxarılması, daxili miqrasiya və mərkəzləşməyə təkan verir. Mərkəzləşmiş idarəetmə total nəzarətə, total nəzarət isə güclü avtoritarizmə şərait yaradır. Güclü avtoritarizm isə səmərəsiz idarəetmə forması kimi, yeni problemlərin yaradıcısına çevrilir. Beləcə, avtoritar hakimiyyətlər üçün yeni və içərisindən çıxa bilmədikləri “oksimoron”[17] böhranlı durum yaranır.

Mövcud resurslar nəzərə alındığına əminliklə deyə bilərik ki, hakimiyyət sosial və iqtisadi problemlərin səbəb olduğu vəziyyətin fərqindədir. Bu problemlərin həlli üçün atılacaq addımların, xüsusilə yerli özünüidarəetmənin önəmini də anlamamış deyillər. Lakin yerli səviyyədə vətəndaşlara ictimai-siyasi iştirakçılığa şərait yaradılmasının bütün ölkə səviyyəsində dəyişikliklərə təkan verə biləcəyinin də fərqindədirlər və bu onların maraqlarına zidd görünür. Geriyə isə yalnız bir yol qalır, problemləri mümkün olduğu qədər görünməz etmək, onlardan danışılmasını, onların göstərilməsini əngəlləmək.

Bütün bunların fonunda Azərbaycan hakimiyyəti COP29-da xarici qonaqlara və onların timsalında bütün dünyaya reallıqdan uzaq, sadəcə Bakı və ətrafından ibarət olan Azərbaycan təqdim etməyə, problemli, ziddiyyətli və bir o qədər də real Azərbaycanı isə kənarda saxlamağa çalışır.


[1] https://nk.gov.az/az/senedler/qerarlar/birlesmis-milletler-teskilatinin-iqlim-deyismeleri-8239

[2] https://apa.az/cop29/cop29-la-elaqedar-dovlet-orqanlarinda-qurumlarinda-is-rejimi-deyisecek-858707

[3] https://www.bbc.com/azeri/articles/c5ymkm1jnpjo

[4] https://oxu.az/cemiyyet/cop29-a-gore-bakidaki-bezi-sadliq-saraylarinda-toylarin-kecirilmesi-texire-salinib

[5] https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-erazisinde-xususi-karan-8350

[6] https://bakuresearchinstitute.org/azerbaycanda-niye-daxili-miqrasiyaya-dair-statistika-yoxdur

[7] https://stm.az/storage/common/1659363563.miqrasiya.pdf

[8] https://stm.az/en/news/651/azerbaycanda-urbanizasiya-baki-nece-boyuyur

[9] https://bakuresearchinstitute.org/disempowered-and-unfinanced-azerbaijani-municipalities-2

[10] https://apa.az/daxili-siyaset/deputat-kicik-belediyyeler-ozu-ozlerini-maliyyelesdire-bilmirler-823531

[11] https://e-qanun.az/framework/4770

[12] https://report.az/cop29/cop29-a-gelen-qonaqlardan-koronavirus-testi-goturulmeyecek/

[13] https://report.az/daxili-siyaset/prezident-ilham-eliyev-quru-serhedlerimizin-bagli-olmasi-bizi-cox-boyuk-felaketlerden-xilas-etdi

[14] https://www.faktyoxla.info/koronavirus/azerbaycan-quru-serhedleri-niye-acmir

[15] https://www.amnesty.org/en/latest/news/2024/10/cop29-azerbaijan-end-assault-on-civil-society

[16]https://www.lemonde.fr/en/international/article/2024/10/11/azerbaijan-repression-intensifies-in-the-run-up-to-cop29-in-baku_6729013_4.html

[17] https://soz6.com/sds-ejdaha.php?id=12641