Hüseyn Nur

Müstəqil jurnalist

“BİZ HEÇ DƏYİŞMƏMİŞİK” QƏNAƏTİ BİR MÖVHUMATDIR

07.04.2017 / Belə fikirlər cəmiyyətə özünə inamsızlıq təlqin edir, onu öz gözündə dəyərdən salır

Tez-tez müxtəlif adamların dilindən eşitdiyimiz, yazılarında gördüyümüz bir fikir var. Azərbaycan klassik ədəbiyyat nümayəndələrinin hansısa fikrinə istinad edib deyir və yazırlar ki, “o vaxt, Sabir, Cəlil, Üzeyir bəy belə deyib, yüz il keçib, amma elə bil bu gün üçün deyib. “Yüz il keçib, amma biz heç dəyişməmişik”. Cəmiyyətə sərt bir hökm kimi kəsilən bu cür fikirlərə düzü bir anlam vermək çətindir. Söhbət nə cür, hansı meyarlar üzrə dəyişməkdən gedir müəyyənləşdirmək olmur.

O mənada ki, bu fikirlərdə nəyin nəzərdə tutulması kifayət qədər aydındır, bunları deyən adamların nə demək istədiyi də başa düşüləndir. Ancaq dedikləri tam anlamsız, gəlişi bəlkə xoş, ancaq özü əsassız fikirdi. Müxtəlif elmlər üçün böyük bir araşdırma, zəngin material müddəti olan yüz il üçün “biz dəyişməmişik” qiymətləndirməsi bir mövhumatdır. Həmişə, bütün növ işlərdə dərin analiz nəticəsində aydınlaşan əsaslı səbəbə, araşdırmaya deyil, ilkin mənaya, ən asanına qaçmaq işin mahiyyətindən məlumatsız olmamaqdan xəbər verir.

Ümumilikdə isə bu cür fikirləri qəbuledilməz edən iki səbəb var. Birinci səbəb odur ki, onlar sadəcə həqiqəti əks etdirmir. Həqiqət olmadığı üçün, bu günün yeni nəslini haqsız dəyərləndirir, onun haqqında stereotip yaradır. Onun həqiqət olmadığını, haqsız olduğunu isə fikirləri sitat gətirilən klassiklərin yaşadığı dövrü, o fikirlərin yazıldığı şəraiti oxuyanlar yaxşı bilir.

Belə görünür ki, bu cür fikirləri səsləndirən adamların həqiqətən o dövrdən, Azərbaycan xalqının formalaşmasından xəbəri yoxdur, ona görə də belə asanlıqla biz dəyişməmişik deyə bilirlər. Xalqını, ölkəni bu qədər tanıma, onun yaxın tarixindən xəbərin olmasın, bunun da nəticəsi yalnış qənaətə gəl.

Hər bir millətin içində daim kütlə kateqoriyasına girən, dünya işlərindən xəbərsiz, bütün dəyişikliklərə ən güclü müqavimət göstərən və bunun sayəsində dəyişikliyə ən gec keçən bir hissə həmişə var. Bizim cəmiyyətin də o hissəsini nəzərdə tutaraq bütün bir xalqa biz yüz ildi dəyişməmiş demək, bu mənada tamamilə yalnış və əsassızdır.

Qəbuledilməz olan ikinci səbəb də odur ki, bu cür fikirlər bütövlükdə xalqa, onun fərdlərinə özünə inamsızlıq təlqin edir, onu öz gözündə dəyərdən salır, bir xalq olaraq keçilmiş yolu, əldə edilmiş nəticələri göz ardı edir. Nəticədə mövhumat kimi bir şey olan, stereotip formalaşır. Bu cür stereotiplər isə haqsız olmasından əlavə, həm də düşüncədə və əməldə böyük bir əngəldir. Məsuliyyəti dərk edilmədən, guya xalq təəssübkeşliyinin ifadəsi olan bu cür fikirlər yürütmək heç cür haqlı qarşılana bilməz.

Son yüz ildə millət olaraq dəyişmədiyimizi bəyan etmək, xalqa inanmsızlıq aşılamaq, uğurları göz ardı etmək və sivil cəmiyyət quruculuğu üçün vacib yeniliklərə və dekorratiyaya hazır olmadığımızı iddia edənlərə xidmətdən başqa bir işə yaramır.

Ən vacib məqam isə ondan ibarətdir ki, dəyişməmişik iddiası özündə xalq əleyhinə çox böyük siyasi məna daşıyır. Bir vaxtlar siyasi islahatlara gedilməsinin əleyhinə irəli sürülmüş xalq demokratiyaya hazır deyil tezisi də bizə dəyişmədiyimizi, dəyişikliyə hazır olmadığımızı aşılamaq məqsədi danışıyırdı.

Bizim toplum 150 il içində bir neçə ictimai-siyasi formasiyadan keçmiş, xalq olmuş, respublika qurmuş, çarıq dəyişmiş, çadra atmış bir xalqdır. Biz dəyişmişik, həm də böyük ölçüdə. Nəinki 150 ildə, nəinki 50 ildə, son 10 ildə də dəyişmişik və bu dəyişim bu gün də davam etməkdədir. Xalqa, xüsusilə gənclərə qarşı aparılan repressiya da bu dəyişmiş nəsillərin dəyişmiş, yenilənmiş sosial sifarişlərin ciddiyə alınmamasının göstəricisidir. Hökümətin bu inkarı, dəyişikliyi görməzdən gəlmək istəməsi səmərəsiz olduğu qədər də aydındır, ancaq vətəndaşların, toplumun və fikir adamlarının bu fikri səsləndirməsi öz özünə oxunmuş hökm olar. Həqiqi mənada, dəyişmək birinci növbədə dəyişikliyi görmək bacarığından başlayır.