Toğrul Vəliyev

İqtisadçı

BAKI 15 MİNDƏN ARTIQ QONAĞA HAZIR DEYİLMİŞ

17.05.2019 / Avropa Liqası finalı problemlə qarşılanır

Azərbaycanda futbola maraq artıb. Bu, əvvəl Qarabağın Avropa kuboklarındakı uğurları, indi də Azərbaycanın bir neçə iri futbol turnirinə ev sahibliyi ilə bağlıdır. Ev sahibliyi məsələsində ölkə ilk təcrübəsini yaşamağa hazırlaşır. Mayın sonunda Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək.

Ancaq ölkədə hər hansı beynəlxalq idman turnirin keçirilməsi ciddi iqtisadi əsaslandırma tələb edir. Avropa oyunları, İslam oyunları və digər tədbirləri hesablamasaq, Azərbaycan dünya səviyyəsində məşhur olan ciddi idman turnirlərindən yalnız Formula-1 Qran-Prisinə ev sahibiyi edir. Bu idman turniri də əsasən varlı təbəqəyə hesablanıb və ölkəyə yalnız müəyyən turist qruplarını cəlb edə bilir. Futbol isə bu mənada daha demokratikdir və ölkəyə daha çox adam gətirə bilər. Gürcüstanda Avropa Superkubokunun finalı zamanı Tiflisə bir gündə 30 minə qədər xarici turist gəlmişdi. Belə rəqəmlər digər sahələrə də təsir edir.

İndi Azərbaycan iki futbol turnirinə ev sahibliyi qazanıb: Avropa Liqasının finalından əlavə Avropa Çempionatının bir neçə oyunu da 2020-ci ildə Bakıda keçiriləcək. Yəni Avropa Liqasının Finalı Avropa Çempionatıqabağı məşq deməkdir və belə turnirləri keçirməkdə təcrübə yığmağa kömək etməlidir. (Avropa Oyunları da böyük idman tədbiri idi, ancaq dünya səviyyəsində ciddi maraq doğurmamışdı).

Azarkeşlərin böyük qismi Bakıya gələ bilməyəcək

Bütün hazırlıqlara baxmayaraq, finalın iştirakçıları bəlli olan kimi, Azərbaycan problemlə rastlaşdı, həm də maraqlı problemlə: klub azarkeşlərinə ayrılan biletlərin sayı gözləniləndən az oldu. Əvvəl Britaniya mediası yazdı, sonra da UEFA təsdiqlədi ki, Bakıda finalda iştirak edəcək hər klubun (Arsenal və Çelsi) azarkeşlərinə 5801 bilet satılacaq. UEFA-nın məlumatına görə, 69870 yerlik stadionda xarici azarkeş və qonaqlar üçün 15 min yer ayrılıb. Onun da 12000-i azarkeşlərə, 3 mini qonaqlara veriləcək. Başqa sözlə, klub azarkeşlərinə stadionun 16,6%-i ayrılıb. Avropa Liqası finallarında klub azarkeşlərinə ayrılan biletlərin sayı ildən-ilə artırdı. Bakıya çatanda birdən birə azaldı. Səbəb?

UEFA Azərbaycanın loqistik problemləri olduğunu bildirib, ölkənin nəqliyyat sistemi, otelləri 15 mindən artıq qonağa hazır deyilmiş. Məsələ burasındadır ki, hazırda Bakı hava limanı gündə 25 min sərnişinə xidmət edə bilir (İllik tutum 9 milyondur, amma 2018-ci ilin nəticələrinə görə sərnişinlərin sayı 4,4 milyon təşkil edib. Yəni hava limanı 49,2% gücü ilə işləyir. 6 milyonluq yeni terminal isə 75%-lik gücüylə çalışır). UEFA da bunu nəzərə alaraq, qonaqların sayının 15 mini keçməməsinə qərar verib.

Bu problemə görə çoxları Azalı ittiham etməyə çalışdı. Amma məsələ yalnız Azalda deyil, Azal bu yerdə heç nə edə bilməz. Doğrudur, şirkət öz tərəfindən 40 əlavə reys təşkil edəcəyini bildirir. Ancaq bu, durumu dəyişmir. Hətta bütün loukost aviaşirkətlər Bakıya buraxılsalar belə, limanın gücü 25 mindən çox deyil. Liqa bir yana, adi günlərdə 2-3 reys eyni anda gələndə Bakı hava limanında problemlər və gecikmələr müşahidə olunur. Yəni 25 minlik limana 35 min sərnişin endirmək risk deməkdir.

Bəlkə azarkeşlər başqa yolla gəlməlidirlər, ya da gəlmək istəyərlər? Amma hansı yolla? UEFA-nın seçdiyi rəqəm göstərir ki, ölkənin bütün nəqliyyat sistemi duruma hazır deyil. Həm də təkcə daxili yox, beynəlxalq nəqliyyatımızın da problemləri var. Bu problemləri daha aydın göstərmək üçün, Avropa Liqasının 2018-ci il finalını xatırlayaq.

Bakıyla Lionun fərqi

2018-ci ildə Avropa Liqası finalı Lion şəhərində keçirilmişdi. Lion stadionu Bakı staionundan bir qədər kiçikdir, 59186 yerə malikdir. Ancaq orda hər kluba 11552 bilet ayrılmışdı. Bu da stadionun 39%-i deməkdir. Niyə belə olur? Lionun loqistik problemləri yox idimi? Maraqlıdır ki, Lion hava limanı da Bakıdakından ciddi fərqlənmir, ildə 10 milyon sərnişinə xidmət göstərir (2020-ci ildən başlayaraq, rəqəmi 15 milyona qaldırmağı planlayırlar). Sadəcə Lionda eyni zamanda gündə 140 min sərnişini daşıyan dəmir yolu stansiyası var. Hələ avtobus və digər nəqliyyat növlərindən danışmırıq.

Bəs Bakıda? Bakı dəmiryolu stansiyası gündə cəmi 6,8 min sərnişinə xidmət göstərir. Sərnişinlərin böyük hissəsi Bakı-Sumqayıt qatarının payına düşür, beynəlxalq daşımaların payı 533 nəfərdir. Beynəlxalq daşımalarda Avropadan gələn qatar yoxdur. Belə çıxır ki, avropalı Bakıya gəlməkdən ötrü bu nəqliyyat növündən istifadə etmək istəsə, əvvəl Tiflisə, Moskvaya, Rastova, ya da Kiyevə getməlidir. (İndi yəqin ki, çoxları Tiflis və Kutaisidən istifadə edəcək. Bu yol narahat olsa da, ucuz başa gəlir.) Başqa sözlə, Azərbaycanın Avropa ilə əlaqəsi yalnız bir yol ilə - hava limanı vasitəsilə həyata keçirilir. Bu ildən fəaliyyətə başlayacaq Bakı-Ankara qatarı da qeyri-effektivdir. Türkiyə paytaxtından Bakıya 40 saatdan daha çox vaxta təyyarə biletinin qiymətinə çatmaq yalnız yolüstü mənzərələ seyr etmək istəyən turistlərə maraqlı ola bilər.

Başqa hava limanlarımız da var, ancaq...

Başqa ölkələrdə belə səviyyədə idman yarışlarını keçirərkən, əlbəttə, yalnız hava limanını nəzərə almırlar. Hava limanı bir tədbir üçün tikilmir, il ərzində fəaliyyət göstərməlidir. Axının nəyəsə görə artması hava limanını böyütməyə əsas verə bilməz. Həm də belə hallarda şəhərə yaxın digər hava limanlarından istifadə olunur. Azərbaycanda Bakıya ən yaxın hava limanı Qəbələdə yerləşir. Gəncə aeroportu da işə yaraya bilər. Amma bu limanlar maraqlı sxemlər üzrə çalışırlar. Misal üçün, Qəbələyə bir neçə ərəb ölkəsindən çarter reyslər təşkil olunurdu.

Çətinliklərdən biri də bu hava limanları haqda məlumatsızlıqdır. Bu limanlara çatmaq üçün əvvəlcədən ciddi axtarış edib, məlumat tapmalısan. Skyscanner və bir sıra digər portallar vasitəsilə Moskvadan və ya Avropadan Qəbələyə uçuşları tapmaq çətindir (hətta Azərbaycan saytlarında). Uçuş olsa belə, Qəbələdən Bakıya gəlmək məsələsi var. Qəbələdən Bakıya gün ərzində 7 avtobus çıxır (280-350 sərnişin daşıya bilirlər), onların heç biri hava limanında dayanmır, avtobusdan ötrü şəhərin mərkəzinə çatmaq gərəkdir.

Gəncə nisbətən yaxşı variant ola bilərdi, amma burda da hava limanı Bakıda keçirilən tədbirlərlə bağlı fəaliyyət göstərmir. Əslində bağlılıq problemi bütün ölkə nəqliyyatını iflic edir. Hətta Bakı və Sumqayıt nəqliyyatı vahid sistem üzrə çalışmır. Bütün bunların nəticəsidir ki, biz elə ilk təcrübəmizdə mənfi rəylərlə üzləşirik.

Bakı mehmanxanalarının da tutumu çox deyil

UEFA-nın seçdiyi 15 min rəqəmi həmçinin Bakı mehmanxanalarının birdəfəlik tutum ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakıdakı mehmanxanaların birdəfəlik tutumu 14,8 min təşkil edir. Başqa sözlə, mehmanxanalar eyni anda 15 mindən artıq qonağı qəbul etmək iqtidarında deyil.

Yəni ölkənin azarkeşləri qarşılaya bilməməsinin səbəbi hava limanının gücsüzlüyü deyil. Hava limanı demişkən, vaxtilə, eaeroportu genişləndirəndə, onun "hub"a çevriləcəyini deyirdilər. Amma “hub” olmaqdan ötrü ildə azı 20-25 milyon sərnişin qəbul etmək imkanı gərəkdir. Dünyada 50-ci yeri tutan hava limanı ildə 42 milyon sərnişinə xidmət göstərir.