Rəşad Həsənov

İqtisadçı ekspert

BAHALAŞMA DAHA ÇOX YOXSUL TƏBƏQƏYƏ TƏSİR EDİR

25.03.2022 / İnflyasiya bütün dünya iqtisadiyyatını silkələyib, ancaq fərqli şəkildə

Metodoloji yanaşmalarada--hökumətin sosial siyasəti çərçivəsində parametrləri müəyyən edərkən inflyasiyadan istifadə edilir. Məsələn, yaşayış minimumu, ehtiyac meyarı, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsi, bəzənsə minimum əmək haqqı səviyyəsinin müəyyən edilməsi, əmək haqlarının, sosial müavinətlərin, təqaüdlərin məbləğlərinin müəyyən edilməsi və s. inflyasiyaya görə aparılır. Ancaq bu zaman ölkə üzrə rəsmi infyasiya səviyyəsindən istifadə olunur. Halbuki burada iki mühüm problem var: i) rəsmi infyasiya əksər hallarda real vəziyyəti əks etdirmir, ii) qiymət artımlarının fərqli sosial qruplara fərqli təsiri nəzərə alınmır. Nəticədə hökumətin sosial siyasətinin effektivliyi aşağı düşür, gəlirlərin ədalətli bölüşdürülməsi imkanı azalır, yoxsulluq riski artır.

İnflyasiya nədir?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşmasına görə inflyasiya istehlak səbətinə daxil olan və əhalinin daha çox istehlak etdiyi mal və xidmətlərin qiymətlərində baş verən artımları ifadə edən anlayışdır. Mərkəzi Bank hesab edir ki, inflyasiya pulun dəyərsizləşməsi prosesidir və bu proses mal və xidmət qiymətlərinin artması ilə müşayiət olunur. Yəni qiymətlər qalxdıqca eyni məbləğdə pula daha az məshul və yaxud xidmət alırsınız ki, bu da əslində pulun dəyərini itirməsi deməkdir.

Hər iki yanaşmadan görünür ki, infyasiya özündə ayrı-ayrı məhsulların deyil, ümumilikdə mal və xidmətlərin qiymət artımlarını ifadə edir. Ayrı-ayrı məhsulların qiymətlərində dəyişməni isə “qiymətlər indeksi” adlandıra bilərik. Yalnız qeyri-istehsal təyinatlı məqsədlər üçün istifadə edilən məhsulların qiymətlərində baş verən dinamikanı ölçən indikator “isteklak qiymətləri indeksi” adlandırılır.

Ən kəskin qiymət artımı bitki yağlarındadır

İnfyasiya səviyyəsinin zəif olduğu dövrlərdə onun sosial qruplara təsiri bir o qədər fərqlənməyə bilər. Lakin bu heç də həmişə belə olmur. Məsələn, 2012-ci ildə Azərbaycanda orta illik inflyasiya 1.1% olduğu halda 2016-cı ildə 12.4%-ə, 2017-ci ildə 12.9%-ə yüksəldi. Sonrakı illərdə 2-3% arasında dəyişən bahalaşma səviyyəsi 2021-ci ildə yenidən artdı—6.7% oldu. Pandemiya bütün dünya iqtisadiyyatını inflyasiya problemi ilə üz-üzə qoyub, bu günlərdə bahalaşma dünyanın hər yerində kəskin xarakter almaqdadır. Pandemiya ilə mübarizə tədbirlərinin təsiri ilə istehsal, tədarük və təchizat sahələrini əhatə edən dəyər zəncirində fasilələrin yaranması, maya dəyərini artıran amillərin kəskin xarakter alması, əmək ehtiyatlarından və müəssisələrin istehsal gücündən tam istifadə imkanlarının məhdudlaşması, təkrar investisiya imkanlarının azalması qiymətlərə ciddi təsir eləməkdədir. Rusiyanın Ukraynaya müdxiləsi isə global səviyyədə inflaysiya təzyiqlərini daha da artırıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumalarına görə, 2021-ci ildə dünyada qida məhsullarının qiyməti 25.7% artıb. Ən kəskin qiymət artımı bitki yağlarında (64.9%) olub. Taxıl (31.2%) və süd məhsulları (19.1%) isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə dayanır. Ötən il dünyada ət məhsullarının qiyməti 7.7% artıb. Təşkilatın məlumatına görə, infyasiya təzyiqləri ilin əvvəlindən daha kəskin xarakter alıb. 2022-ci ilin fevral ayında ərzaq məhsulları ötən ilin eyni ayı ilə müqayisədə 40.7% baha təklif edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisi bu ilin yanvar ayında istehlak etdiyi mal və xidmətlərin qarşılığında ötən ilin eyni ayı ilə müqayisədə 12.5% çox ödəmək məcburiyyətində qalıb. Başqa sözlə desək, ötən bir ildə malların və xidmətlərin alınması məsədi ilə xərclənən hər 100 manata 12.5 manat əlavə xərc yaranıb.

Qiymət artımı niyə daha çox yoxsullara zərər vurur?

Qiymət artımları ayrı-ayrı kateqoriyalar üçün aşağıdakı kimi dəyişir:

- ərzaq məhsulları, içkilər və tütün məmulatları: 17.1%,
- qeyri-ərzaq məhsulları: 5.9%,
- ödənişli xidmətlər: 11.%

Yəni qiymətlər fərqli sahələrdə fəqli səviyyədə dəyişir. Bu o deməkdir ki, bahalaşmanın təsiri həmin məhsulların istehlakı səviyyəsində asılı olaraq, sosial qruplar üzrə fərqlənir. Çünki, hər kəs bütün növ mal və xidmətlərdən bərabər səviyyədə istifadə edə bilmir.

Sadalananların rəqəmsal izahına baxaq. Rəsmi məlumatlara görə, əhalinin gəlir səviyyəsi baxımından 1-ci desilinə (Desil – ölkə əhalisinin gəlir səviyyəsinə görə 10 bərabər hissəyə bölünmüş qruplarıdır. Hər hissəsəyə əhalinin 10%-i düşür. 1-ci desilə əhalinin ən az gəlirli hissəsi 10-cu desilə ən çox gəlirli hissəsi daxildir) daxil olan hissəsinin adambaşına düşən orta aylıq xərci 182.3 manat olub ki, bunun da:

- 61.8 %-i ərzaq məshulları, içkilər və tütün məmulatlarının alınması,
- 16.1 %-i qeyri-ərzaq məhsullarının alınması,
- 22.2 %-i isə ödənişli xidmətlərdən istifadənin

payına düşüb. Təbii ki, burada mühüm məqam müvafiq nisbətin sonrakı desillər üzrə necə dəyişməsidir. Mənzərəni görmək üçün 5-ci və 10-cu desillərin indikatorlarına baxmaq olar.

5-ci desil

- ərzaq məshulları, içkilər və tütün məmulatları – 49.6%
- qeyri-ərzaq məhsullarının alınması – 20.4%
- ödənişli xidmətlərdən istifadə - 30%

10-cu desil

- ərzaq məshulları, içkilər və tütün məmulatları – 31.7%
- qeyri-ərzaq məhsullarının alınması – 29.3%
- ödənişli xidmətlərdən istifadə - 39%

Göründüyü kimi, gəlir səviyyəsinə görə birinci desilə (əhalinin ən az gəlirli 10%-i) daxil olan insanların aylıq xərclərinin 61.8%-i ərzaq məhsulları, içki və tütün məmulatlarının payına düşdüyü yalda, 5-ci desildə müvafiq göstərici 49.6%, 10-cu desil (əhalinin ən çox gəlirli 10%-i) üzrə 31.7%-dək azalır.

Yuxarıda da qeyd edildiyi kimi, adətən, (o cümlədən ötən bir ildə) ərzaq məhsulları, içki və tütün məmulatları üzrə bahalaşma digər mal və xidmət növləri ilə müqayisədə daha çox olub. Bu isə o deməkdir ki, inflyasiya xərclərinin daha çox hissəsini ərzağa, içki və tütün məhsullarına xərcləyən yoxsul vətəndaşlara daha çox və əksinə az xərcləyən vətəndaşlara daha az təsir etmiş olur. Bu təsirlər cədvəldə daha aydın görünür.

Desillər üzrə xərclərə istehlak qiymətləri indeksinin təsiri

Beləliklə, 1-ci desilə daxil olan vətəndaşlar bir il əvvəl istehlak etdikləri malları və xidmətləri almaq üçün 14% çox xərcləməli olduqları halda ən çox gəliri olan 10-cu desilə daxil olan vətəndaş 11.5% çox xərcləməlidir (5-ci desil üzrə müvafiq göstərici 13%-dir).

Belə çıxır ki, əhalinin gəlirləri ilə infyasiyanın onlara real təsiri arasında əks korelyasiya var. Başqa sözlə, az qazananlar çox qazananlarla müqayisədə bahalaşmadan daha çox əziyyət çəkirlər.

Əhalinin 20%-nin gəlirləri xərclərindən çox olub

Digər mühüm məqam isə ondan ibarətdir ki, yüksək gəlirli desillərlə müqayisədə aşağı gəlirli desillərin yığım imkanları, qənaət etmə şansları daha məhduddur, ya da yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə əhalinin yalnız 20%-nin aylıq gəlirləri xərcləri ilə müqayisədə çox imiş. Əhalinin 10%-dən çox hissəsinin (1-ci desil) gəlirləri hətta ehtiyac meyarından az (adambaşına 158.7 manat) olub. Xatırladaq ki, 2020-ci ildə ehtiyac meyarı 160 manat idi.

Gəlir və xərclərin bir-birinə çox yaxın, yaxud gəlirin xərcdən az olması o deməkdir ki, qiymətlər artanda həmin təbəqə istehlak etdiyi mal və xidmətlərin keyfiyyət və kəmiyyətini azaltmaq məcburiyyətində qalır.

Bütün bunlardan bir nəticə çıxır; hökumətin sosial siyasəti real qiymətləndirmələrə əsaslanmazsa, gəliri xərclərinə yaxın, ya da xərclərindən az olan vətəndaşlar yoxsulluq və həyat şəraitinin pisləşməsi kimi ciddi problemlə üz-üzə qalacaqlar.

İnflyasiyanın real təsiri ilə əhalinin gəlir səviyyəsi arasında sübut edilən əks əlaqəni, həmçinin azgəlirli sosial qrupların bahalaşmaya davam gətirmə imkanlarının məhdudluğunu nəzərə alsaq, dövlətin sosial siyasətinin təkmilləşdirilməsinin nə qədər vacib olduğunu anlayırıq. Əhalinin bahalaşmadan qorunması, gəlirlərin artırılması yönündə siyasət apararkən reqressiv yanaşmanın (az gəlirlərin çox, çox gəlirlərin isə az artırılması) tətbiqi zəruridir. Yoxsullaşma istiqamətində yaranan təzyiqi daha səmərəli idarə etmək, gəlirlərin yenidən bölüşdürülməsi üçün ədalətli mexanizmlər yaratmaq gərəkdir.