Rəşad Həsənov

İqtisadçı ekspert

AZAL-DA YOXLAMALARA HARDAN BAŞLAMAQ LAZIMDIR?

28.04.2022 / 1 milyard 527 milyon manatdan çox zərər var


Açıq mənbələrdən foto



Dövlət Statistika Komitəsinin (DSK) rəqəmləri göstərir ki, Azərbaycanda hava yolu ilə sərnişindaşıma sahəsi sonuncu dəfə 2019, bir də 1998-ci ildə mənfəət əldə edib. 1998-ci ildə sərnişindaşımaya 14 milyon manat xərclənib, 40.6 milyon manat gəlib. 2019-cu ildə prezidentin təndiqlərindən, ictimai qınaqlardan sonra sektorda 19 milyon manat mənfəət qeydə alınıb. Zərər isə...

DSK rəqəmləri 1998-2018-ci illərdə sərnişindaşıma sektorunun 1 milyard 221 milyon manat zərərlə çalışdığını göstərir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə şirkət—Azərbaycan Hava Yolları QSC-nin (AZAL) son üç ilə aid maliyyə hesabatlarından məlum olur ki, 2018-2020-ci illərdə şirkət 306.5 milyon manat zərərlə fəaliyyət göstərib (bu, hökumət tərəfindən COVID-19 ilə əlaqədar 232 milyon manat subsidiyadan əlavə zərərdir). Baxmayaraq ki, şirkətin təklif etdiyi qiymətlər region ölkələri ilə müqayisədə dəfələrlə artıqdır. Məsələn, AZAL-la bir istiqamətə uçuş puluna regionun digər ölkələrinin (Türkiyə, Gürcüstan, Ermənistan) vətəndaşları bir neçə istiqamətə gediş-dönüş biletləri ala bilərlər.

Bəs necə olur ki, dünyanın ən bahalı xidmətlərini göstərən şirkət daim zərərlə işləyir? Bakıdakı aeroportun gözəlliyi əcnəbiləri heyrətə salır, ancaq hava limanlarını dəyərləndirən “Skytrax”ın reytinq cədvəlində AZAL ən aşağı pillələrdə dayanır. Şirkətin prezidenti Cahangir Əsgərov isə regionun ən tanınan oliqarxlarındandır...

AZAL: ən qeyri-şəffaf qurum

Azərbaycan Hava Yolları QSC 2008-ci ildə, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin yenidən təşkili yolu ilə yaradılıb. Uzun müddət ölkənin ən qeyri-şəffaf fəaliyyət göstərən və ən zəif hesabatlı qurumu statusunu daşıyan QSC 2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Əslində mövcud qanunvericilik AZAL qarşısında illik maliyyə hesabatlarını dərc etmək öhdəliyi müəyyən edir.

QEYD: Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları” haqqında qərarında qeyd edilir ki, dövlət zəmanəti ilə kredit alan, dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait alan kommersiya təşkilatları illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtiylə dərc etməlidilər.

Ancaq AZAL QSC qanunların üzərində davranış nümayiş etdirərək, uzun müddət hesabat verməyə tənəzzül etməyib. Hesablama Palatası zaman-zaman AZAL QSC-nin hesabatsızlığından şikayətlərini dilə gətirmək məcburiyyətində qalıb. Yalnız 2020-ci ildə, ölkə başçısının sərt tənqidindən sonra şirkət hesabatlarını dərc etməyə başlayıb. Hazırda AZAL-ın rəsmi səhifəsində 2019 və 2022-ci illər üzrə maliyyə hesabatları var. Və 2019-cu ilin məlumatına görə, hava yolu şirkətinin gəlirlərinin 56.4%-i, yaxud 568.7 milyon manatı sərnişindaşımadan əldə edilib ki, bunun da 90%-i müntəzəm reyslərdən əldə olunan gəlirlərdir. Lakin AZAL eyni zamanda hava limanı, təhlükəsizlik, yanacaqdoldurma, aeronaviqasiya xidmətləri, yük daşımaları kimi xidmətlərdən də gəlirlər əldə edir. 2019-cu ildə bu xidmətlərdən əldə edilən gəlirlər 440 milyon manat olub.

Hesablama Palatası yoxlamalar aparacığını deyir

Son dövrlərdə AZAL QSC üzərində müəyyən təzyiq simptomları görünür. Yerli medianın problemi davamlı gündəmə daşıması, şirkətin rəhbəri, onun var-dövləti haqqında yayılan məlumatlar, rəsmilər tərəfindən səsləndirilən tənqidlər, QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi qərarı müvafiq problemin həlliylə bağlı ümid yaradır.

2020-ci ildə, AZAL-ı tənqid edən məşhur çıxışında pezident İlham Əliyev, “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bunun gəliri haradadır? Bu nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?” deyə iradını bildirmişdi.

2022-ci ilin aprelində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qurumun 2021-ci il fəaliyyəti haqqında hesabatı müzakirə edərkən, “Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar,” deyib. Eyni zamanda AZAL-da yoxlamalara başlandığını, nəticələr barədə məlumat veriləcəyini söyləyib.

AZAL-da yoxlama olsa, hansı məsələlərə daha çox diqqət yetirilməlidir?

Audit rəylərini gözdən keçirdikdə bir sıra məsələlər xüsusi diqqət çəkir. Məsələn, necə olur ki, 2019-cu illə müqayisədə daha az sərnişinə xidmət göstərən və bu xidmətdən müqayisə dövrünə nisbətən 88 milyon manat az gəlir əldə edən AZAL 2018-ci ildə yanacağa 9%, yaxud 14 milyon manat artıq xərcləyib? Və yaxud nə baş verib ki, sərnişindaşımada dünya piklərinin yaşandığı 2019-cu ildə AZAL-ın aeronaviqasiya xidmətlərindən əldə edilən gəlirləri əvvəlki illə müqayisədə təxminən 15 milyon manat, yaxud 18% azalıb?

Ölkəni nəqliyyat habına çevirmək istəyən hökumət ciddi suallar qoya bilər. Misal üçün, xarici hava yolları şirkətləri niyə Azərbaycandan istifadə etmir? Kifayət qədər böyük imkanların olmasına baxmayaraq, AZAL-IN çarter uçuş xidmətlərindən əsasən SOCAR Overseas Ltd, təyyarələrin yanacaqdoldurma və təhlükəsizlik xidmətlərindən isə Lufthansa Group istifadə edir. Yaxud, necə olur ki, “Wizzair” hava yolu şirkəti Bakı – Abu Dabi reysləri ilə bir nəfər üçün gediş-dönüş biletini 38 manatdan başlayan qiymətlərə sata bildiyi halda, AZAL-ın Bakı-Naxçıvan reyslərində bir nəfərin yalnız bir tərəf üçün daşınması 75 manata başa gəlir (xarici ölkələrin hava nəqliyyatı xidmətlərindən istifadəyə ehtiyac olmadığı halda)?

AZAL-ın dövlətə borcu 1 milyard 384 milyona çatıb

AZAL-ın kreditlər, digər borclar və icarə öhdəlikləri üzrə faiz xərclərinin təhlil edilməsində də fayda var. Çünki bu xərclərin şirkətin sərnişindaşımadan əldə etdiyi gəlirlərə nisbəti 2018-ci ildə 27.4%, 2019-cu ildə 21.5% olub. 2020-ci ildə isə pandemiya səbəbindən gəlirlərin azalması fonunda müvafiq göstərici 65.3%-ə yüksəlib.

AZAL-ın dövlət qarşısında da böyük borc yükü yaranıb. Rəsmi məlumatlara görə AZAL, borcları və öhdəlikəri Təminat Fondu (Dövlət Büdcəsinin Kənar Fondu) tərəfindən ən çox ödənilən şirkətlər sırasına daxildir. 2020-2024-cü illərdə müvafiq borcun geri ödənilməsi məqsədi ilə 11 dövlət müəssisəsi tərəfindən ümumilikdə 2 milyard 875 milyon manat qaytarılmalıdır ki, bunun 1 milyard 384 milyon manatı, yəni 48%-dən artıq hissəsi AZAL QSC-nin payına düşür.

Səbəblər

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımada qiymətin yüksək olmasının bir neçə səbəbi var:

  1. Düzgün olmayan səlahiyyətləndirmə. Azərbaycanda hava nəqliyyatı infrastrukturu (hava limanları və digər aiddiyəti xidmət infrastrukturu) yeganə hava yolu şirkəti olan AZAL QSC-nin idarəetməsinə verilib ki, bu da maraqların toqquşması deməkdir. Nəticədə mövcud infrasturktur AZAL-ın biznes maraqlarına uyğun istifadə edilir və ədalətli rəqabət imkanları məhdudlaşır. 2021-ci ildə Naxçıvan hava limanının AZAL-ın balansından çıxarılması bu istiqamətdə müsbətə doğru dəyişikliyin başlanmasına işarə sayıla bilər.
  2. İnhisarçılıq, bazar iştirakçılarının sayının azlığı. Milli hava yolu şirkəti üçün əlverişli fəaliyyət mühitinin yaradılması adı altında bu sahədə ciddi inhisarçılığa yol verilib. AZAL xarici hava yolu şirkətlərinin, o cümlədən aşağı büdcəli hava yolu şirkətlərinin Azərbaycan bazarına daxil olmasına süni manelər yaradır. Şirkət tərəfindən yaradılan maneələrə:
  1. Korrupsiya, resursların qeyri-səmərəli istifadəsi. AZAL-ın maliyyə fəaliyyətinin ölkə prezidenti tərəfindən ciddi tənqid hədəfi olması, şirkətin idarə heyəti sədrinin ölkənin “sayılı-seçili” oliqarxlarından birinə çevrilməsi, xarici hava yolu şirkətlərindən qeyri-rəsmi ödənişlərin tələb edilməsi haqda iddialar, davamlı zərərlə fəaliyyət kimi faktlar AZAL QSC-də korrupsiya risklərinin yüksək olduğunu deməyə əsas verir.
  2. Hesablama Palatasının bəhs etdiyi yoxlamaların, AZAL-ın yeni idarəedicisinin—Azərbaycan İnvestisiya Holdinqinin təşəbbüslərinin, hava nəqliyyatı sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan addımların töhfə verəcəyinə, hava yolu xidmətlərinin bütün sosial qruplardan olan azərbaycanlılar üçün əlçatan olacağına ümid etməkdən başqa yol yoxdur. Əks halda AZAL-ın qiymət siyasəti qlobal inteqrasiya, insanların sərbəst hərəkəti, sərhədsiz turizm, xalq diplomatiyası kimi müasir və sürətli trendlər önündə ciddi maneə olaraq qalacaq.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan