Toğrul Vəliyev

İqtisadçı

AZƏRBAYCANLA UKRAYNA ARASINDA TİCARƏT BƏRPA OLUNUR

06.10.2022 / Ukraynadan idxal artmağa başlayıb


Foto oxu.az saytına məxsusdur



Ukraynada müharibə başlamazdan əvvəl ölkənin Azərbaycanla iqtisadi əlaqələri genişlənmişdi. Bunu Dövlət Gömrük və Statistika Komitələrin rəqəmlərində görə bilərik. Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynaya 117,9 milyon dollarlıq məhsul ixrac etmişdisə, 2022-ci ilin eyni dövründə bu göstərici 257,1 milyon dollara çatmışdı. Düzdür, burda neftin qiymətinin artdığını qeyd etmək olar. Amma Ukraynanın Azərbaycandan idxal etdiyi neftin miqdarı da çoxalmışdı. Dövlət Gömrük Komitəsinin məlumatına görə, müharibədən əvvəl—2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynaya 422,6 min ton neft göndərib. 2021-ci ilin eyni dövründə bu göstərici 339,4 min tona bərabər olub. Nəticədə Azərbaycanın neft ixrac etdiyi ölkələr arasında Ukrayna 5-ci yerdən 2-ci yerə qalxıb.

Eyni zamanda, SOCAR-ın Ukraynada yanacaq satışı ilə məşğul olan bölməsi müvafiq sahə şirkətləri arasında ödədiyi vergilərin həcminə görə 2021-ci ilin 9 ayında 10-cu yerdə olub - 116,82 milyon qrivna vergi ödəyib (2020-ci ildə 156,6 milyon qrivna vergi ödəmişdi , 10-cu yerdə idi). İndi şirkətə 55 yanacaqdoldurma məntəqəsi, 5 neft bazası məxsusdur. Ümumi olaraq şirkətdə 1800 nəfər çalışır.

Müharibədən əvvəl Ukraynanın da Azərbaycana ixracatı genişlənirdi. Başqa sözlə, iki ölkə arasında iqtisadi və onun tərkib hissəsi olan ticarət münasibətləri inkişaf edirdi.

Müharibə başlayandan sonra

Azərbaycanla Ukrayna arasında iqtisadi münasibətlərin müharibə zamanı necə inkişaf etdiyini söyləmək bir qədər çətindir. Müharibə şəraiti bütün sahələrdə dəqiqliyə imkan vermir. Ancaq bəzi açıq mənbələr iki ölkə arasında həyata keçirilən ticarət barədə məlumat almağa, iqtisadi münasibətləri müəyyən qədər təsvir etməyə imkan verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin mart-iyun aylarında (yəni müharibənin getdiyi dövrdə) Azərbaycan və Ukrayna arasında ticarət mübadiləsinin həcmi 125,2 milyon dollar təşkil edib. Bunun 67,3 milyon dolları Azərbaycanın ixracatının, 57,9 milyon dolları isə idxalının payına düşüb. Göründüyü kimi, limanlar açıq olanda Azərbaycan Ukraynaya neft çatdırıb, məsələn, mart ayında 83,7 min ton neft ixrac edib. Ancaq aprel, may və iyun aylarında ixrac dayanıb.

Bəs Azərbaycanın Ukraynaya ixrac etdiyi digər məhsullar hansılardır? İyun ayının statistikasına müraciət etsək, görərik ki, burada ilk beşliyi polietilen, alüminium plitələr, təzə kartof, şüşə və sürtkü yağları təşkil edir. Bu məhsulların payına iyun ixracatının 66%-i düşür. Kartofu çıxmaq şərti ilə eyni məhsullar may ayında da ixracatda əsas yeri tutublar. Ümumilikdə ixracat çox da böyük olmayıb.

İxracatda azalma 67-97% civarında olduğu halda, idxalda azalma daha aşağı səviyyədə-- 48-75% qeydə alınıb və bu fərq getdikcə azalır. Məsələn, mart və aprel aylarında Ukraynanın Azərbaycana ixracatı 10-11 milyon dollar, may ayında 15 milyon, iyun ayında 21 milyon dollar təşkil edib. Bəs bu ixracatın əsas hissəsini nə təşkil edir?

Tütün idxalı bərpa olunur

Azərbaycanın Ukraynaya ixracatından fərqli olaraq, Ukraynanın Azərbaycana ixracatı daha çoxşahəlidir. Hətta Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycan bu ölkədən 1122 mövqe üzrə məhsul idxal edib. Ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb: 1209 mövqe. İdxal olunan məhsullar arasında çoxluğuna görə əsas üç qrupu müəyyən edə bilərik: qara metallar, tütün və tütün məhsulları, kağız və kağız məhsulları. Birinci yerdə tütün və tütün məhsulları idi, onların idxalatda payı 11-13%-ni təşkil edib. Bu səbəbdən may ayında Azərbaycanda bəzi siqaretlərlə bağlı problemlər müşahidə olundu. Ölkədə ən böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC xəbər verdi ki, lisenziya əsasında istehsal edilən beynəlxalq məhsulların hazırlanması üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunub.

Ümumən, Azərbaycan siqaret istehsalında Ukraynada emal olunan tütündən ciddi sürətdə asılı idi. Amma Ukraynadan tütün idxalatının müharibə zamanı tam dayandığını demək düzgün olmaz. Düzdür, mart ayında ölkəyə 170 ton tütün, apreldə isə 18 ton tütün çatdırılıb. Amma may və iyun aylarında çatdırılmalar bərpa olunmağa başlayıb. Belə ki, may ayında artıq 100 ton, iyun ayında isə 242 ton tütün və tütün məhsulları çatdırılıb. (Müqayisə üçün deyək ki, yanvar-fevral aylarında 496 ton tütün idxal olunmuşdu.) Bu o deməkdir ki, adi dövrdə müşahidə olunan göstəricilər bərpa olunmağa başlayıb. Bunun əsas səbəbi, yəqin ki, Ukraynada yerləşən tütün fabriklərin bəzilərinin fəaliyyətinin bərpa etməsidir. Aprelin 25-də Prilukda yerləşən fabrik fəaliyyətə qayıdıb, iyun ayında isə İmperial Tobacco müharibədən əvvəlki göstəricilərə yaxınlaşmağa başlayıb. Nəticə etibarilə, iyun ayında Ukraynadan idxal olunan məhsullar arasında birinci yeri yenə tütün məhsulları tutub. İkinci və üçüncü yerlərdə toyuq məhsulları və soya paxlaları yerləşir. May ayında birinci yerdə kağız və karton məhsulları qərarlaşmışdı.

Göründüyü kimi, Ukrayna və Azərbaycan arasında ticarət münasibətləri müharibə dövründə dayanmır. Həcmin azalmasının əsas səbəbi Azərbaycanın Ukraynaya neft ixracatının dayandırılmasıdır. Bu da Azərbaycan neftini qəbul edən limanların Rusiyanın nəzarətində olması, ya da onlara giriş-çıxış təhlükəliliyi ilə bağlıdır. Amma Ukraynanın Azərbaycana ixracatı başqa yollar vasitəsilə tədricən bərpa olunur. Aprel ayında Ukrayna ixracatı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 75% azalmışdısa, iyun ayında artıq bu fərq 48%-ə düşüb. Çatdırılması daha rahat olan tütün və toyuq məhsullarının idxalının müharibədən əvvəlki dövrdə qeydə alınan səviyyələrə çatacağını gözləmək olar.