Toğrul Vəliyev

İqtisadçı

AZƏRBAYCANDA STARTAPLARA DƏSTƏK ÇOX ZƏİFDİR

19.04.2017 / Yeni biznes təşəbbüslərinin dəstəklənməsi üçün həyata keçirilən layihələr də uğurlu olmayıb

Bu ay Bakıda Open Innovations Startup Tour 2017 keçirələcəyi gözlənilir. Ümumiyyətlə son zamanlar biznesin yeni bir forması olan startaplar dünyaca yüksək sürətlə inkişaf etməyə başlayıb. Startaplar demək olar ki, həyatımızın bütün sahələrinə daxil olub və hətta adi həyat tərzimizi dəyişdirməyə nail olublar.

Bunlardan “Uber” taksi sistemini, “Airbnb” mənzil icarə sistemini, “Alibaba” alış-verişi və digərlərini göstərmək olar. İndi hətta Azərbaycanda minlərlə uğurlu startaplardan azı birini istifadə etməyən insan tapmaq çətindir. Nəticədə bu startapların dəyəri on milyarı ötüb. Dünyada hər gün Avropa, Asiya və Amerikada 100-lərlə yeni startaplar yaranmaqdadır.

Bəs bizdə durum necədir?

Ölkəmiz də müəyyən cəhdlər edir: texnologiyalar parkı yaradılıb və müəyyən növ dövlət dəstəyi də mövcuddur. Uzağa getməyək, hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də mövcuddur. Amma hələ də ölkədə startap anlayışı və ümumiyyətlə startapların mövcudluğu barədə danışmaq çətindir. Ölkədə həm inkubatorlar, həm akseleratorlar,eyni zamanda müəyyən maliyyə dəstəyini də tapmağın mümkünlüyünə baxmayaraq, bu sahədə inkişaf beş il öncə necə idisə, elə bu gün də həmin səviyyədə qalır. Ümumi olaraq, ekspertlərin fikrincə, startapların mövcudluğu üçün ölkədə olan şərait bir neçə şərtə cavab verməlidir. Eyni zamanda bu şərait startapların xüsusiyyətlərinə uyğun gəlməlidir.

Startapları fərqləndirən xüsusiyyətlər

Startap, anlayış kimi ilk dəfə 1970-ci illərdə istifadə olunmuşdur. O zaman bu anlayış qısa müddət fəaliyyət göstərən şirkətlərə aid edilirdi. Amma 90-ci illərdə, texnoloji sektorda baş vermiş bum nəticəsində, bu sahədə fəaliyyət göstərən və qısa zamanda sürətlə artan şirkətlərə startap anlayışı aid edilməyə başladı. Onlar ilk müddətdə ayrı-ayrılıqda, müəyyən qədər sistemsiz və texnologiyaların müxtəlif sahələrinə aid idilər. Artıq 90-cı və 2000-ci illərdə bu proses müəyyən bir sistem formasını əldə etməyə başladı və dəstək mexanizmi yarandı. İlkin dövrdə yaranan startapların əsas problemi şəraitsizlik və resurslara çıxışın olmaması idi. Amma startapların iqtisadi artımda rolunu nəzərə alaraq, onlar üçün şərait yaradılmağa başlandı. Demək olar ki, iki pilləli sistem yarandı: inkubator və akselerator. İnkubator startapın meydana gəlməsi üçün bütün lazımı şəraiti yaradır və ilkin dövrdə mümkün olan bütün dəstəyi həyata keçirir. Müəyyən qədər səviyyəyə çatandan sonra isə, startap artıq daha da genişlənməlidir və bu da, akselerator çərçivəsində baş verə bilər. Bu mərhələdə təcrübəli şəxslər, ekspertlər iştirak edir. Eyni zamanda akseleratorlar maliyyə vəsaitlərinə çıxışı təmin edirlər. Burada artıq maliyyə vəsaitlərinin əldə edilə bilməsi əsasən startapçının təqdimatından, ideyasından və digər amillərdən asılı olur.

Kraudfandinq, qrant proqramları, vençur investorlar...

Maliyyə vəsaitlərin əldə edilməsi artıq ikinci mərhələ kimi başa düşülə bilər. Burada startap üçün bir neçə variant ola bilər: kraudfandinq, qrant proqramlar, ayrı-ayrı sahibkarlar və vençur investorlar. Kraudfandinq (сrowd funding: сrowd — «yığım», funding — «maliyyəşdirilmə») startapçıya demək olar ki, xalqın vəsaitlərini əldə etməyə imkan verir. Bunun üçün müxtəlif platformalarda startapçılar öz ideyalarını yerləşdirirlər və kimin xoşuna gəlirsə, o bu ideyaya müəyyən formada vəsait keçirir (sifariş, sərmayə, kömək və digər formalarda). Bir sıra texnoloji şirkətlər və ya bu sahədə maraqlı olan sahibkarlar bir çox hallarda özləri yeni ideyalara dəstək proqramları təsis edirlər və bu proqramlar vasitəsilə startapçıları maliyyəşdirirlər. Amma startapları maliyyəşdirilmə sistemində əsas yeri vençur investorlar tutur. Vençur kapitalı – yeni və artan şirkətlərin maliyyəşdirilməsinə yönələn kapitaldır. Bir sıra maliyyə, texnoloji və digər şirkətlər tərəfindən belə tipli fondlar yaradılır və bu fondlar seçilmiş ideyalara maliyyə dəstəyi ayırırlar. Əlbəttə bu sahədə bütün ideyalar mənfəət və ya gəlir gətirmir, amma birinin mənfəəti demək olar ki, bütün digər itkiləri kompensasiya edir. Məhz bu yaradılan şərait ABŞ-da və digər ölkələrdə startap bumuna xidmət etdi.

Azərbaycanda startaplarla bağlı şərait

Azərbaycana gəldikdə isə, problemlər məhz buradan başlayır. Belə ki, indi ölkədə Azercellin Barama İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universitetinin innovativ biznes-inkubatoru fəaliyyət göstərir. Eyni zamanda Yüksək texnologiyalar parkın inkubatoru, SUP akseleratoru və daha bir neçə inkubator-akselerator tipli müəssisələr mövcuddur. Amma indi mövcud olan inkubatorlar, faktiki olaraq kovorkinq mərkəzi rolunu oynayırlar. Kovorkinq də startaplara müəyyən növ dəstək mexanizmidir – çünki burada startapçıların fəaliyyəti üçün şərait yaradılır və ofisi əvəz edir. Misal üçün, Yüksək texnologiyalar parkının verdiyi şəraitə baxdıqda, kovorkinq mərkəzindən fərqini görmək çətindir. Yalnız mentorşip fərqləndirir. Onun da mövcudluğu şübhə altındadır. İnkubatorlar və akseleratorların məqsədi isə yalnız yer vermək yox, həmçinin inkişaflarına kömək etmək – mentorşip proqramları ilə (təcrübəli və uğurlu şəxslərin öz təcrübələri ilə bölüşməyi), ekspert köməyini həyata keçirmək və maliyyə resurslara çıxış təmin etməkdir. Bizdə isə, hətta Azercell-ə məxsus olan Mərkəz belə maliyyə resurslarına çıxış imkanı vermir, nəinki başqaları.

Startaplara ayrılan vəsaitlər də azalır

Maliyyəyə gəldikcə burada da bir sıra problemlər mövcuddur. Azərbaycanda indi yalnız iki şirkət – Khazar Ventures və İnfipro – vençur xidmətləri həyata keçirirlər. Amma onlardan maliyyənin əldə edilməsi müəyyən növ çətinliklər ilə bağlıdır. Eyni zamanda dövlət tərəfindən həyata keçirilən maliyyə dəstəyi barədə danışarkən qeyd etmək lazımdır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İKT Fondu hər il müəyyən layihə və startaplara qrant şəklində büdcə ayırır. 2012-ci ildən etibarən bununla bağlı dövlət büdcəsindən vəsait ayrılır. Qrantların əsas məqsədi ölkənin İT infrastrukturunun formalaşdırılması və yeni innovativ ideyalara, gənclərə dəstək olmaqdır. Bu qrantlar iyul ayında elan olunan qrant müsabiqəsinin əsasında formalaşır. Ötən ilin oktyabrında 29 layihəyə dövlət tərəfindən ümumi olaraq 395 min manat vəsait ayrılıb. Bu 29 layihə 121 layihə arasından seçilib. Digər illərlə müqayisədə isə qalib layihələrin sayı kifayət qədər çox olub və demək olar ki, keçən ilin qaliblərinin iki qatına bərabərdir. Amma maraqlı məqam başqadır. Belə ki, əgər 2014-cü ildə bu Fonda 247 min manat, 2015-ci ildə 415 min manat ayrılmışdırsa, 2016-ci ildə artıq vəsait 368 min manat, 2017-ci ildə isə 328 min manat olub. Başqa sözlə hətta bu dəstək növü də azalmağa doğru gedir.

O biri tərəfdən startap hərəkatları layihə seçimi prosesini tənqid edirlər. Daha bir startap olan Technoteun verdiyi məlumata görə, bu dəyərləndirmələr kifayət qədər də şəffaf və lazimi səviyyədə deyirlər. Misal üçün, bir sıra layihələr 2016-ci il ərzində müxtəlif beynəlxalq müsabiqələrdə iştirak ediblər və ən yaxşı onluqlara daxil olublar. Maraqlıdır ki, Müşahidə şurasının rəhbəri, bir sıra Azərbaycan layihələrin beynəlxalq arenaya çıxmasına və ya müvafiq potensialın olmasına baxmayaraq, “çox zəiflər içərisindən daha az zəif olanın seçimi qarşısında qalırıq” deyə, qeyd etdi və Azərbaycan bazarı üçün uğurlu hesab edilə bilən bir sıra layihə qrant müsabiqəsini qazana bilmədilər.

Çatışmayan daha nələr var?

Digər tərəfdən, dövlət tərəfindən dəstəklənən Yüksək Texnologiyalar Parkın ümumi gəlirləri, 2015-ci ildə 64,8 min manat təşkil edib. 2014-cü ildə isə 33,6 min manat. Eyni zamanda xərcləri isə 1075 min manat təşkil edib və xərclərin əsasını isə işçi heyəti üzrə xərclər təşkil edib. Burada da dövlət artıq bir neçə ildir vəsait xərcləyir, amma real effektivlik yoxdur. Yeganə ümid – Pirallahi adasında tikilən texnologiyalar parkınadır, amma infrastrukturun olmaması bu ümidi də puç edir.

Eyni zamanda startapların mövcudluğu üçün lazım olan digər şərtlərə də əməl olunmur. Buraya həm texnoloji sahədə fəaliyyət göstərən şirkətlərin və ali təhsil müəssisələrin dəstəyi, eləcə də ölkədə mütəxəssislərin sayınını az olmasıdır. Nə telekommunikasiya şirkətləri, nə bu İKT sahələrində ixtisaslaşan şirkətlər, nə də texniki ali məktəblər startapların dəstəklənməsində heç bir maraq göstəmirlər. Bu səbəbdən də mövcud olan mütəxəssislər də ölkəni tərk edirlər. Burada qalıb işini davam etdirmək istəyənlər isə maliyyə dəstəyi əldə edə bilmirlər. Mütəxəssisin olmaması isə hətta maliyyə dəstəyi əldə edənin də, mənfəət əldə etmək imkanı olmamağına gətirib çıxardır.