Rəşad Həsənov

İqtisadçı ekspert

AZƏRBAYCAN XOŞBƏXTLİKDƏ 146 ÖLKƏ ARASINDA 92-CİDİR

01.04.2022 / “Dünya Xoşbəxtlik Hesabatı-2022” açıqlanıb

Azərbaycandalıların Novruz bayramını keçirdiyi günlərdə Dünya Xoşbəxtlik Hesabatı (World Happiness Report 2022) açıqlanıb. Və həmişəki kimi, dünyanın ən xoşbəxt insanlarının Finlandiyada yaşadığı məlum olub. İlk beşliyə daxil olan o biri ölkələr Danimarka, İslandiya, İsveçrə və Hollandiyadır.

Dünyanın ən böyük siyasi və iqtisadi gücünə malik olan ABŞ isə əhalinin xoşbəxtlik səviyyəsinə görə 16-cıdır. Avropanın nəhənglərindən Almaniya 14-cü, şərqin ən güclü iqtisadiyyatına malik olanlardan Çin 72-ci yerdədir. Hesabat göstərir ki, xoşbəxtlik yalnız zənginlik, güc, təhlükəsizlik kimi amillərlə ölçülmür. İnstitutlaşmış dəyərlər, icmadaxili münasibətlər, emosiyalar, korrupsiyanı qavrama qabiliyyəti və s. amillər də əhəmiyyətlidir. Məsələn, Keniya kimi korrupsiyalaşmış idarəetmənin, yoxsulluğun, özbaşınalığın hökm sürdüyü cəmiyyət bir çox araşdırmalarda daha xoşbəxt xalqlar sırasına düşür. Keniyalı Kristin bunu xalqının özündə olan hər şeyi bölüşmək adəti ilə əlaqələndirir. Onun dediyinə görə, ölkəsində ən kiçik ailədə on nəfər olur, bir neçə belə ailənin bir yerə gəlməsi çox möhtəşəm hadisəyə çevrilir, kasıb olsalar da, qəlbləri bir döyünən insanlar xoşbəxtliyi bununla dadırlar.

Hesabatın nəticələrinə görə, dünyanın ən bədbəxt ölkəsi Əfqanıstandır. Ən son pillələri tutan beşliyə düşmüş digər ölkələr Botsvana, Ruanda, Zimbabve və Livandır.

Qeyd: 2022-ci ilin hesabatı Rusiyanın Ukraynanı işğalı cəhdindən əvvəl hazırlanıb və müharibənin təsirlərini əks etdirmir.

Azərbaycanlılar nə qədər xoşbəxtdirlər?

Hesabata görə, Azərbaycan 146 ölkə arasında 92-ci yerdədir. Belə də demək olar: Qiymətləndirilməyə cəlb edilən 146 ölkədən 91-nin əhalisi azərbaycanlılarla müqayisədə daha xoşbəxtdir. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ən zəif yer Azərbaycana məxsusdur. MDB-nin ən xoşbəxt ölkəsi Qazaxıstandır (40-cı yer). Ondan sonrakı sıralarda Özbəkistan (53), Moldova (62), Qırğızıstan (64), Belarus (65), Rusiya (80), Ermənistan (82) və Tacikistan (83) dayanır.

Region ölkələrindən Türkiyə əhalinin xöşbəxtlik səviyyəsinə görə 112-ci yerə, İran 110-cu, Gürcüstan 105-ci, Türkmənistan isə 78-ci yerə düşüb. Belə çıxır ki, Azərbaycanın qonşuları arasında ən xoşbəxti qazaxlar, ən bədbəxti türklər və iranlılardır. Yəni, Azərbaycan regionun orta xöşbəxt ölkəsi sayılır. Bəs bu qiymətləndirmə necə aparılır?

Dünya Xoşbəxtlik Hesabatı necə hazırlanır?

Hesabatın əsasında BMT Baş Assambleyasının “Xoşbəxtlik: inkişafın vahid tərifinə doğru” qətnaməsi (2011-ci ildə aəbul edilib) dayanır. Qətnamə milli hökumətləri sosial və iqtisadi inkişafın necə əldə ediləcəyini və ölçüləcəyini müəyyən etmək üçün xoşbəxtlik və rifaha daha çox əhəmiyyət verməyə çağırır.

İndeksdə Finlandiya 1-ci, qonşu Qazaxıstan isə 40-cı yeri tutub

2012-ci ildən bu yana hər il martın 20-də—Beynəlxalq Xoşbəxtlik Günündə (International Day of Happiness)—“Dünya Xoşbəxtlik Hesabatı” (DXH) hazırlanır. Hesabat əsasən iki kateqoriyalı məlumatların ümumiləşdirilməsinin nəticələrini əks etdirir:

i) rəsmi mənbələrdən, o cümlədən mötəbər beynəlxalq təşkilatların hesabatlarından əldə edilən məlumatlar,

ii) “Gallup” beynəlxalq araşdırma mərkəzinin (Gallup World Poll) təşkil etdiyi sorğuların nəticələri.

Qiymətləndirmə indikatorları üç əsas qrup altında birləşir: i) həyatın qiymətləndirilməsi, ii) müsbət emosiyalar, iii) mənfi emosiyalar.

Həyatın qiymətləndirilməsi zamanı 6 əsas indikator nəzərə alınır:

Gülmək, həzz almaq, öyrənmək kimi müsbət emosiyaları ifadə edən submeyarlarla yanaşı narahatlıq, kədər və qəzəb kimi submeyarlar da mənfi emosiyaların qiymətləndirilməsində istifadə edilir.

Azərbaycan əhalisinin xoşbəxtlik indeksini azaldan səbəblər

2022-ci ildə Azərbaycan həyatın qiymətləndirilməsi indikatoru üzrə 10 mümkün baldan 5.173-nü alıb. Ancaq bir faktı qeyd etmək lazımdır; 2020 və 2021-ci illərdə Azərbaycanda sorğu keçirilməyib və son hesabat hazırlanarkən 2019-cu ilin məlumatlarından istifadə edilib. Bu isə o deməkdir ki, qiymətləndirmə zamanı pandemiyanın (sosial-iqtisadi-psixoloji) neqativ, eləcə də Qarabağın bir hissəsinin azad edilməsinin pozitiv təsirləri nəzərə alınmayıb. Torpaqların bir qisminin 30 illik işğaldan qurtarılmasının azərbaycanlılar üçün nə qədər əhəmiyyətli olduğu məlumdur. Bu hadisə pandemiyanın yaratdığı sosial-iqtisadi çətinlikləri, ruh düşkünlüyünü kompensasiya edə bilərdi.

Hesabata görə, xoşbəxtlik səviyyəsinin inkişafına görə Azərbaycan dünyanın 40-cı ölkəsidir (2008-2012-ci illərin nəticələri 2019-2021-ci illərinki ilə müqayisə olunub). İlk üçlüyə Serbiya, Bolqarıstan və Rumınyanın daxil olduğu bu siyahıda da çoxları, o cümlədən keçmiş SSRİ ölkələri olan Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan Azərbaycanı qabaqlayır.

Azərbaycanın xoşbəxtlik indeksini azaldan əsas faktorlara baxaq:

1. Alicənablıq / səxavətlilik. Bu indikator üzrə müqayisə aparmaq üçün sorğu iştirakçılarına ötən ay ianə edib-etmədikləri haqda sual verilib. Azərbaycanın bu göstərici üzrə yeri 0.023 balla 138-ci sıradadır. Azərbaycanın yeri əhalinin gəlir səviyyəsinin qənaətbəxş olmaması, korrupsiyanın geniş yayılması, zəif hesabatlılıq, dövlət qurumlarına, dini qurumlara, xeyriyyə fondlarına ictimai inamın yüksək olmaması kimi səbəblərlə izah oluna bilər.

2. Korrupsiyanı qavrama səviyyəsi. Bu göstərici üzrə Azərbaycan Finlandiyadan geri qalsa da, məsələn, Qazaxıstandan irəlidədir. Beynəlxalq Şəffaflıq Təşkilatının hazırladığı Korrupsiya Qavrama Hesabatının nəticələrinə görə Azərbaycanın 180 ölkə arasında 150-ci yeri tutub (Qazaxıstan 6 pillə geridir). DXH-da korrupsiya ilə bağlı təsəvvürlər sorğu əsasında formalaşır və “Korrupsiya bütün hökumətdə yayılıb, ya yox?", "Ölkədə biznes daxilində korrupsiya geniş yayılıb, ya yox?" sualları üzrə verilən cavabların orta səviyyəsi ilə ölçülür.

3. Gözlənilən sağlam ömür. Orta sağlam ömür indikatoru üzrə qiymətləndirmə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Sağlamlıq Rəsədxanasının 2000, 2010, 2015 və 2019-cu illər üzrə məlumatları əsasında aparılır. Bu göstərici üzrə reytinq cədvəlində Azərbaycanın yeri 141 ölkə arasında 89-cu sıradadır. İlk üçlüyə Yaponiya, Sinqapur və Cənubi Koreya kimi Asiya ölkələri daxildir. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda gözlənilən orta ömür 2000-ci ildə 71.8, 2010-cu ildə 73.6, 2015-ci ildə 75.2, 2019-cu ildə isə 76.4 il olmaqla daimi artım nümayiş etdirsə də, 2020-ci ildə müvafiq göstərici pandemiyanın təsiri ilə 3.2 il azalıb, 73.2 ilə düşüb.

4. Adambaşına ÜDM istehsalı. Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları əsasında aparılan hesablamalar göstərir ki, Azərbaycan adambaşına düşən ümumi daxili məhsul istehsalına (14 min 442 dollar) görə 145 ölkə arasında 71-ci yerdə qərarlaşıb. Bu isə müvafiq indikar üzrə ən yüksək göstəriciyə malik olan Luksemburq (116 min 518 dollar) ilə müqayisədə 8 dəfə az, ən zəif göstəriciyə malik Venesuela ilə müqayisədə 58 dəfə çoxdur.

5. Yaşam seçimlərində azadlıq. DXH bu indikator üzrə reytinqi, sorğu iştirakçılarına “Həyatınızla nə edəcəyinizi seçmək azadlığınızdan razı, yoxsa narazısınız?” sualına verilən cavablar əsasında müəyyənləşdirir. Bu indikator üzrə Azərbaycan 48-ci yerdə qərarlaşıb, yəni bir çox digər meyarlara nisbətən daha yaxşı mövqeyə malikdir. Hətta Avropanın ən inkişaf etmiş icmalarından olan ingilislərdən öndə dayanır.

6. Sosial dəstək. Sorğu iştirakçılarına “Çətinliyə düşəndə, ehtiyacınız olanda sizə kömək edəcək qohumlarınız və ya dostlarınız varmı, yoxmu?” kimi suallar verməklə sosial dəstək indikatoruna uyğun nəticələr müəyyən edilir. Azərbaycan bu göstəriciyə görə 141 ölkə arasında 45-ci yerdə qərarlaşır. Bu isə Almaniya, Yaponiya kimi ölkələrlə müqayisədə üstün göstəricidir. 45-ci yer o deməkdir ki, tarix boyu yaşanan çətinliklər, müharibələr, ailə bağlarının güclü olması kimi amillər azərbaycanlılar arasında yardımlaşma institutunun möhkəmlənməsi ilə nəticələnib.

Azərbaycan xalqının emosional durumu

Müsbət emosiyaların təsiri səviyyəsinə görə azərbaycanlılar 146 ölkə arasında 114-cü yerdə dayanırlar. Göstərici yüksək olmasa da, Azərbaycanın digər Qafqaz ölkələrindən—həm Gürcüstan və həm də Ermənistandan pozitiv olduğunu deyir.

Düyanın ən pozitiv xalqları Panama, Qvatemala və Salvadorda yaşayır. Sonuncu sırada yenə Əfqanıstan dayanır.

Mənfi emosiyaların təsirinə görə isə yalnız 5 ölkə o cümlədən Kosova, Mavritaniya, Sinqapur, Qazağıstan və Tayvan Azərbaycanı qabaqlayır.

Xalqı necə xöşbəxt eləmək olar?

Təbii ki, bu hesabatın nəticələri xalqların xöşbəxtlik səviyyəsini tam əks etdirə bilməz. (Sorğularda hər ölkədən cəmi 1000 nəfər iştirak edir.) Bununla belə, hesabatın nəticələri hökumətlər, o cümlədən Azərbaycan hökuməti üçün inkişaf prioritetlərini müəyyənləşdirməyə kömək edə bilər.

Təhlillərdən aydın olur ki, Azərbaycan hökuməti, məsələn, səhiyyənin inkişafı, sağlam qidalanma, stressiz həyat üçün hərəkətə keçməli, orta ömür göstəricisinin artmasına nail olmalıdır.

Korrupsiya ilə mübarizə imitasiyadan praktikaya keçməli, hökumət həm məmuru və həm də vətəndaşı mübarizənin səmimiliyinə inandırmalı, antikorrupsiya siyasətinin effektivliyini təmin etməlidir.

Dövlət və qeyri-dövlət fondlarının fəaliyyətinin şəffaflığının təmin edilməsi, reputasiyanın yaxşılaşdırılması yolu ilə cəmiyyətdə xeyriyyəçilik institutunun güclənməsinə nail olmaq olar. Həmçinin, ictimai sektor əhalinin humanitar problemlərə, ekoloji çatışmazlıqlara marağının artması istiqamətində tədbirlər görə bilər.