Bəraət hökmü təqsiri olmadığı halda, ömrünün bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirən istənilən adamın haqqıdır. Amma Azərbaycanda təqsirsiz adamın məhkəmədə bəraət almaq şansı lotereyada milyonlar udmaq kimi şeydir. Statistika bu ölkədə bəraət hökmünün möcüzə olduğunu göstərir.
2018-ci ildə Azərbaycan məhkəmələrində 14 min 931 nəfər haqqında 12 min 539 cinayət işinə baxılıb. Bu işlərdən cəmi 89-unda ümumilikdə 106 nəfər haqqında bəraət hökmü çıxarılıb. Bu isə çox aşağı göstəricidir--0.7%. Başqa sözlə, il ərzində baxılan cinayət işlərinin heç 1%-nə də bəraət hökmü çıxarılmır.
Bu statistika təkcə ötən ilə aid deyil. Göstəricilər əvvəlki illərdə də oxşar olub. 2017-ci ildə 12 min 854 cinayət işindən 87-sində bəraət verilib --0.6%. 2016-cı ilin rəqəmləri belədir:12 min 882 cinayət işindən 68-ində bəraət hökmü çıxarılıb –0.5%.
Qərbin təcrübəsi
Avropa ölkələrində bu rəqəmlər Azərbaycanla müqayisədə yüksəkdir. Məsələn, Böyük Britaniya məhkəmələri il ərzində baxdıqları cinayət işlərinin təxminən 20%-ində bəraət hökmü çıxarırlar. Hollandiyada bu göstərici 10%-dir. Ancaq məhkəmə-hüquq sistemində problemləri olan Rusiya, Belarus kimi keçmiş sovet ölkələrində rəqəmlər Azərbaycandakından çox fəqlənmir.
Ən çox bəraət hökmü çıxaran hakim cəzalandırılıb
Bu yaxınlarda Azərbaycanda ən çox bəraət hökmü çıxarılan məhkəmələr və belə hökmlərə imza atan hakimlərin statistikası açıqlanıb. Məlum olub ki, birinci yerdə 34 hökmlə Bakının Yasamal Rayon Məhkəməsidir. İkinci pillədə yenə 34 hökmlə Nərimanov Rayon Məhkəməsi qərarlaşıb.
Ən çox bəraət verən hakim də Yasamal Rayon Məhkəməsinin hakimidir – Ramin Qurbanov. Həm də Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti olan R.Qurbanov 16 bəraət hökmünə imza atıb. Uzun müddət Yasamal rayon Məhkəməsində çalışmış Azər Tağıyev (hazırda Nəsimi rayon Məhkəməsinin hakimidir) ən çox bəraət hökmü çıxaran hakimlərin siyahısında ikinci yerdədir. Bu sıralamada üçüncü olan hakim Zamin Tahirovla bağlı maraqlı detallar var. O, Quba Rayon Məhkəməsinin hakimidir. Bu məhkəmədə çıxarılan 11 bəraət hökmünün hamısı hakim Zamin Tahirovun adıyla bağlıdır. Maraqlıdır ki, Məhkəmə-Hüquq Şurası onu cəzalandırmaq qərarına gəlib. Şuranın mayın 15-də keçirilən iclasında Z.Tahirovun tutduğu vəzifədən azad olunaraq, başqa işə keçirilməsi barədə qərar qəbul edilib.
Günahsızı cəzalandırmağı üstün tuturlar
Avropada xeyli vaxtdır belə bir praktika formalaşıb, təqsirsiz olduğu halda həbsdə yatan adam dəmir barmaqlıqlar arxasında keçirdiyi hər günə görə 40-90 avro kompensasiya ala bilir. ABŞ-ın özündə bu cür səhvlər bəzən dövlətə milyonlara başa gəlir. Bir həftəlik həbsə görə adamların kifayət qədər böyük məbləğdə kompensasiya alması halları olub...
Azərbaycanda da Cinayət-Prosessual Məcəllənin 57-ci maddəsi bəraət almış şəxsə kompensasiya verilməsini nəzərdə tutur. Məcəllənin 58-ci maddəsində göstərilib ki, vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya verilməli, zərər tam ödənilməlidir.
Əslində, bəraət hökmləri istintaq orqanının yarıtmaz fəaliyyətinin təsdiqidir. Azərbaycanda da məhkəmələr prokurorluqla “üz-üzə gəlməkdənsə” təqsirsiz adam barədə ittiham hökmü çıxarmağı üstün tuturlar.
Məhkəmə, yoxsa notariat?
“Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır”. İngilis siyasi xadim, filosof Frensis Beko belə deyirmiş. Onun fikirlərini vəkil Cavad Cavadov yada salır, deyir ki, Azərbaycanın bəraət hökmləriylə bağlı statistikası ölkədə cinayət mühakimə icraatı durumunun nə dərəcədə acınacaqlı olmasının əlamətidir: “Məhkəmələr təqribən notariat funksiyasını həyata keçirib, ittiham aktlarını təsdiqləyirlər. Bu praktikaya qonşu Rusiyada “flaş hökmlər” adı veriblər. Ona görə “flaş hökmlər” deyirlər ki, istintaq orqanının tərtib etdiyi ittiham aktının elektron versiyası “flaşka”da gətirilib hökm adıyla çıxarılır. Yəni hökmlər ittiham aktından köçürülür. Bu zaman ittiham aktında olan səhvlər, anlaşılmaz, bəzən bir neçə vərəqdən ibarət olan cümlələr olduğu kimi qalır və hökmlərdə müdafiə tərəfinin arqumentlərinə, demək olar ki, toxunulmur.”
Statistikaya istinad edən C.Cavadov bildirir ki, elə məhkəmələr var, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmayıb. Məsələn, Lənkəran Ağır Cinayətlər Məhkəməsi. “Hüquqşunaslarda belə bir deyim var ki, bəraət hökmü çıxarmamış hakim, əslində, hakim hesab olunmur. Bu formulaya görə, Azərbaycanda özünü təsdiq etməmiş xeyli hakim var”, C.Cavadov bildirir.
Andlılar Məhkəməsi olsaydı…
Andlılar institutu məhkəmələrə ictimai nəzarət formasıdır. Beynəlxalq təcrübəyə əsasən andlı iclasçılar müxtəlif sahələrdə bilik və təcrübəsi olan müstəqil, qərəzsiz vətəndaşlardan ibarət olur. Adətən onların sayı 12 nəfəri keçmir, prosesi izləyərək sonda şəxsin təqsirli olub-olmaması barədə fikirlərini açıqlayırlar. Bəzi ekspertər hesab edirlər ki, Azərbaycanda andlı iclasçılar institutunun olmaması da bəraət hökmlərinin azlığında rol oynayan faktorlardandır.
Azərbaycanda andlı iclasçılar institutu 2000-ci ildə, məhkəmə-hüquq islahatlarının yekunlaşmasından sonra tətbiqedilmə şərtilə təsis edilib və qanunvericilikdə də öz əksini tapmışdı. Lakin 14 il tətbiq olunmayandan sonra-- 2014-cü ilin iyununda Milli Məclis Ali Məhkəmənin və Baş Prokurorluğun təqdim etdiyi sənədə əsaslanaraq, andlı iclasçılar institutunun təsis edilməsinə dair normanı “Məhkəmələr və hakimlər haqqında” qanundan çıxardı.
Ədalətli məhkəmə illüziyası
Hüquqşünas Yalçın İmanov isə andlı iclasçılar institutu tətbiq olunsa belə, fərqli nəticə əldə ediləcəyinə inanmır. Deyir ki, Azərbaycandakı reallığı nəzərə alıb, məhkəmələrə andlı kimi nəzarət edəcək vicdanlı, tərəfsiz, mövqeyini nəyinsə müqabilində dəyişməyən adamları tapmaq çox çətin olar.
Y.İmanovun fikrincə Azərbaycanda bəraət hökmlərinin bu dərəcədə azlığı ədalət mühakiməsinin keyfiyyətli və səmərəli olmamasının göstəricisidir. Bildirir ki, indiyədək təqsiri olmadığı halda cinayət məsuliyyətinə cəlb olunmuş bir xeyli adamın hüquqlarını müdafiə etsə də, bəraət almağa cəmi bir dəfə nail olub (o da müvəkkilinə qarşı maddələrdən yalnız biri üzrə). “Məhkəmələr faktiki icra hakimiyyətinin, konkret olaraq, prokurorluğun əlavəsinə çevriləndə fərqli nəticə gözləməyə dəyməz. Azərbaycanda səmərəli, hərtərəfli məhkəmə araşdırması illüziyadır. Hökmlərə nəzər yetirilsə, məlum olar ki, onların böyük əksəriyyəti nöqtə-vergülünə, hətta qrammatik səhvlərinə qədər ittiham aktından köçürmədir. Hakimlər əksər hallarda prokurorluğun sübutlarının təsdiqlənməsinə çalışır, müdafiə tərəfinin iş üçün çox vacib olan vəsatətlərini təmin etmirlər. Nə qədər ki, məhkəmə proseslərində tərəflərin bərabərliyi, çəkişmə prinsiplərinə əməl olunmur, ədalətli nəticəyə ümid etməyə dəyməz”.
Azərbaycanda çıxarılan azsaylı bəraət hökmlərinə gəlincə, Y.İmanov hesab edir ki, bu, gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Azərbaycanın hökumət təmsilçiləri isə məhkəmələrin müstəqil işlədiyini, onlara heç bir təzyiq göstərilmədiyini bildirirlər. Məhkəmələrin icra strukturundan, xüsusən prokurorluqdan asılılığı, sifarişli hökmlər, qərarlar çıxarması barədə deyilənlər isə bir qayda olaraq təkzib edilir. Rəsmilərin iddialarına görə bu cür fikirlər qərəzli yanaşmanın nəticəsidir.