Erkin Qədirli

REAL Məclisinin üzvü

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİ İNKVİZİSİYAYLA MÜQAYİSƏYƏ GƏLMİR

07.06.2018 / Bu müqayisədə İnkvizisiyanı aşığalamaq istəyi aydın görünür. Etməyin!

ReAl üzvü, ya da yandaşı olan hüquqçuların heç birisi Vəkillər Kollegiyasına qəbul olunmadı. Hamısı yazılı (açıq) mərhələdən keçdi, amma sonradan şifahi (qapalı) mərhələdən geri qaytarıldı. Onlara, "peşə yararlığı" baxımından uyğun olmadıqları söylənildi. Peşə yararlığını dəyərləndirmək üçün, öncə peşənin bütövlüyü (integrity) olmalıdır. Bizdə heç bir peşənin elə bir keyfiyyəti yoxdur. Sistem problemidir, sistemi dəyişmək gərəkdir. Burası öz yerində.

Azərbaycan məhkəmələrini İnkvizisiyayla müqayisə edənlər olur. Bunu edənlərin duyğularını anlasam da, yanaşmalarını doğru saymıram. Bu müqayisədə İnkvizisiyanı aşığalamaq istəyi aydın görünür. Etməyin! Məhkəmələrimizin İnkvizisiyayla müqayisəsi heç də həmişə birincilərin xeyrinə deyil. Bir dəfə yazmışdım - İnkvizisiya məhkəmələrində araşdırmaların 1/3-i bəraətlə nəticələnib. İndi də başqa bir örnək verim.

1616-cı ildə Qaliley ilk dəfə İnkvizisiya məhkəməsinə çağırıldı. Həmin məhkəmədən sonra Qaliley sərbəst buraxıldı. Ona, yalnız 17 il sonra (ikinci dəfə İnkvizisiya məhkəməsinə çağırılanda), ittiham hökmü oxundu (ömürlük həbs). Qaliley'in sonrakı həbsi siyasi sifarişin nəticəsi oldu, amma indi o haqda yazmayacağam (yazımı uzatmaq istəmirəm). Birinci məhkəmənin inkvizitoru kardinal Bellarmine oldu. Qaliley'in sərbəst buraxılmasına dair qərarı verən də o, oldu. Bellarmine qərarının əsaslandırıcı hissəsində, başqa şeylərlə yanaşı, bunları yazdı: "Yerin Günəş ətrafında fırlanmasına dair böyük şübhələrim vardır. Şübhələrin olduğu zaman vicdanım məndən Müqəddəs Kitaba üstünlük verməyimi tələb edir". Ardınca da Qaliley'in söylədiklərini sadəcə bir güman olduğunu, gümana görə cəzalandırmağın doğru olmadığını yazdı.

Azərbaycan məhkəmələrində baxılan siyasi işlərdə belə bir əsaslandırmanı təsəvvür edə bilirsiniz? Yəni, bir Azərbaycan hakiminin "şübhələrin olduğu zaman vicdanım məndən Konstitusiyaya üstünlük verməyimi tələb edir", ya da "gümana görə cəzalandırmaq doğru deyildir" yazmasını ağlınıza gətirə bilirsiniz?

Aydındır ki, tarixi konteksti nəzərə almaq gərəkdir. Üstəlik, bütün müqayisələrin qüsurlu olduğunu bilməliyik. Bununla belə, yuxarıdakıları yazmaqla diqqətinizi məhkəmə (hakim) bütövlüyünə (integrity), qərarların əsaslandırılması incəliyinə (inandırıcılıq cəhdi) kimi məqamlara çəkmək istəyirəm. Bellarmine'nin həmin qərarından 402 il ötüb. Dörd yüzillik bundan öncə çıxarılmış qərardakı əsaslandırmaya baxın. İnkvizitor Qalileyin yanlış olduğunu, söylədiklərinin doğru olmadığını, Yerin Günəş ətrafında fırlanmadığını, ya da fırlana bilmədiyini yazmadı. Yazdı ki, bununla bağlı böyük şübhələri vardır.

Diqqət edin, İnkivizitor özünü ifadə etdi, öz nüfuzunu ortaya qoydu, mühakimə olunanın biliyini və inancını mübahisələndirmədi, öz yanaşmasını fakt kimi təqdim etmədi, yaşadığı tarixi dönəmdə hakim olmuş ideoloji mövqeləri və ictimai rəyi bir qırağa qoyub, Qaliley'in haqlı sayıla biləcəyi üçün gümana yer verdi, nəticədə də onu (Qaliley'i) sərbəst buraxdı.

402 il öncə İnkvizisiya məhkəməsinin qərarındakı yanaşmaya baxın, bir də bizim məhkəmələrin siyasi işlərdə verdiyi qərarlara baxın. İş o yerə çatdı ki, Avropa İnsan Haqları Məhkəməsi, 2009-cu ildə baxdığı "Muradova Azərbaycan'a qarşı" işdə, bunu yazmalı oldu:

"...Məhkəmə [AİHM nəzərdə tutulur] yerli məhkəmənin qərarında hüquqi əsaslandırmanın olmadığına mat qalıb...".

Original dildə: "...the Court is astonished by the lack of legal reasoning in the domestic court's judgment..."

Yazı müəllifin Facebook səhifəsindən götürülüb