Elvin Yusifi

Siyasət təhlilçisi

AZƏRBAYCAN KORRUPSİYA İNDEKSİNDƏ ZƏİF NƏTİCƏLİ ÖLKƏLƏR SIRASINDA

26.02.2018 / Ölkədə korrupsiyanın qavranılma səviyyəsi dəyişilməz olaraq qalır

Beynəlxal Şəffaflıq təşkilatının (Transparency International) 2017-ci il üçün dərc etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ) korrupsiyaya qarşı qlobal mübarizədə göstərilən səylərin pessimist mənzərəsini özündə əks etdirir. Yeni indeks göstərir ki, Şərqi Avropa və Mərkəzi Asiyada korrupsiya ilə mübarizədə müşahidə olunan tendensiya narahatedici səviyyədə qalmaqdadır. Belə ki, region ölkələrinin bu il də siyahının alt yarısında yer tutmağa davam etməsi onu söyləməyə əsas verir ki, 2016-ci illə müqayisədə korrupsiyanın qavranılma səviyyəsinin azalması yönündə gözəçarpan dəyişikliklər olmamışdır.

Siyahı 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, burada 0 bal korrupsiyanın ən yuxarı, 100 bal isə ən aşağı qavranılma səviyyəsini göstərir. Azərbaycan 31 bal yığaraq Qazaxıstan və Moldova ilə birgə siyahıda 122-ci yeri tutub. Bu ölkələr, Rusiya, Ukrayna və Mərkəzi Asiyanın digər dörd ölkəsi ilə müqayisədə nisbətən daha yaxşı nəticə göstərsələr də, sadalanan ölkələrdən heç biri siyahının aşağı üçdə birini təşkil edən ölkələrin sırasından çıxmağa müvəffəq olmayıblar. 2015-ci ildən bu yana Azərbaycanın indeksdəki ümumi balının hər il bir vahid artması statistik əhəmiyyət daşımadığı üçün ölkədə korrupsiya barəsində təsəvvürün son illərdə yaxşıya doğru dəyişmədiyini güman etmək olar. Gürcüstan əvvəlki illərdə olduğu kimi bu il də regionun digər ölkələrindən fərqlənərək 100 baldan 56 bal toplayıb və siyahını 46-cı yerdə başa vurub. Belarus 44 balla siyahıda 68-ci yerdə qərarlaşıb, bununla da 2016-cı illə müqayisədə əhəmiyyətli irəliləyişə nail olub.

Azərbaycanın göstəricisinə diqqətlə nəzər yetirməkdə fayda var, çünki KQİ-in nəticələri ölkədə korrupsiyanın uğurla aradan qaldırıldığını iddia edən hökumət bəyanatları ilə ziddiyyət təşkil edir. Azərbaycan hökuməti rəsmilərinin ölkədə xırda korrupsiya və bürokratiya ilə mübarizədə iddia edilən uğurlara əsalanaraq KQİ-nin nəticələrini şübhə altına alması təəccüb doğurmamalıdır. Hökumətin dövlət qulluqçuları arasında hökm sürən korrupsiya ilə mübarizə səylərinin müəyyən bəhrə verdiyi həqiqət olsa da, bu səylər ümumilikdə cəmiyyətin sosial və iqtisadi strukturuna dərindən nüfuz etmiş böyük korrupsiya dalğasını dayandıra bilməyib. Siyasi institutlar hələ də patronaj münasibətləri ilə idarə olunur və məhkəmə hakimiyyətinin müstəqilliyi yalnız sözdə mövcuddur.

KQİ tərəfindən korrupsiya qavrama səviyyəsini ölçmək üçün istifadə olunan məlumat mənbələri də bu sahədə problemlərin olduğunu təsdiqləyir. Məsələn, 2017-2018 illər üçün Bertelsman Transformasiya İndeksi Azərbaycanda məmurların vəzifələrindən sui-istifadə hallarının təqib olunması və cəzalandırılması yönündə faəliyyəti zəif hesab edir və ölkənin korrupsiya ilə mübarizəsini qeyri-effektiv kimi qiymətləndirir. Göteborq Universitetinin Demokratiya Müxtəlifliyi Layihəsi (Varieties of Democracy) əsasında həyata keçirdiyi sorğusu bir çox şeylə yanaşı, həm də sorğunun aparıldığı 177 ölkədə korrupsiyanın nə dərəcədə geniş yayıldığını ölçür. Sorğuya əsasən Azərbaycan, dövlət sektoru, icra, qanunvericilik və məhkəmə orqanlarında korrupsiya göstəriciləri baxımından Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında sonuncu yeri tutur. Azərbaycan həmçinin Freedom House təşkilatının eyni regionu əhatə edən Keçid Ölkələri (Nations in Transit) reytinqində də sonuncu yeri tutub.

KQİ-yə ünvanlanmış əsas tənqidlərdən biri odur ki, indeks faktları yox, qavrayışı nəzərə alır. Bu doğrudur, lakin o da həqiqətdir ki, ölkənin reytinqdəki ümumi yeri həmin ölkənin korrupsiya probleminin həlli istiqamətindəki səyləri barəsində kifayət qədər dəqiq təsəvvür yaradır. Azərbaycanda vətəndaşların dövlət qulluqçuları ilə gündəlik qarşılaşmalarında üzləşdikləri korrupsiya hallarının azaldılması sahəsində qazanılmış müəyyən uğurlar böyük korrupsiyaya qarşı miqyaslı kampaniyaya çevrilə bilməyib. Bu hal hökumətin antikorrupsiya ritorikasının səmimiyyətini sual altına qoymaqla yanaşı onun yaxın gələcəkdə səmərəli antikorrupsiya siyasəti formalaşdırmaq imkanları barəsində də şübhələr yaradır.