Rəşad Həsənov

İqtisadçı ekspert

AZƏRBAYCAN DƏRMANLARIN 99%-DƏN ÇOXUNU XARİCDƏN ALIR

26.04.2022 / İdxaldan asılılığı azaltmaq üçün nə etməliyik?

Dərman bazarının xaricdən ifrat asılılığı özünü pandemiya dövründə aydın büruzə verdi. Yoluxmalar çoxaldıqca yaranan qıtlıq və kəskin qiymət artımları, istehsalçıların daxili təminatı qorumaq məqsədi ilə qoyduqları məhdudiyyətlər--bəzi dərman növlərinin idxalında yaranan problemlər göstərdi ki, dərman təhlükəsizliyi də qida təhlükəsizliyi kimi əhəmiyyətli məsələ imiş. Bütün ölkələrdə yeni çağırışlar formalaşdıran pandemiya Azərbaycanda da ciddi tədbirlərin görülməli olduğunu--səhiyyə sisteminin gücləndirilməsinin və əczaçılıq məhsulları ilə təminatın təşkilinin vacibliyini vurğuladı.

Əslində sağlamlıq həmişə gündəmdə olub, əksər ölkələr səhiyyə sisteminin gücləndirilməsi və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT-nin 2015-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinin ilk üçlüyünə daxil edilən məsələlərdən biri elə hər kəsin sağlam həyatının təmin edilməsidir. Azərbaycanın da bu sahəni inkişaf etdirməkdən ötrü ən azı 30 il zamanı olub, ancaq...

İstehsal yox səviyyəsindədir

Rəsmi məlumatlara görə, 2021-ci ildə əvvəlki illə müqayisədə 58.3% çox əczaçılıq məhsulu istehsal edilib:

Və butün bu artımlar istehsalın dəyərini cəmi 10.6 milyon manata qaldırıb. (1990-2020-ci illərdə ölkədə cəmi 67 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib.)

Dövlət Gömrük Komitəsinin məlumatları Azərbaycanda dərman istehsalının 0 nöqtəsindən uzaqlaşmadığını göstərir. Komitənin hesabatlarından məlum olur ki, 2021-ci ildə ölkə cəmi 4 milyon dollarlıq əczaçılıq məhsulu ixrac edib, bundan təxminən 132 dəfə çox--528.7 milyon dollarlıq (898.8 milyon manat) əczaçılıq məhsulu idxal edilib. Bu, cəmi idxalın 4.5%-nə bərabərdir. Yəni, ötən il idxal edilən hər 100 dollarlıq məhsulun 4.5 dolları əczaçılıq məhsullarının payına düşüb.

Əczaçılıq məhsulları idxalının umumi tərkibi

İdxal edilən əczaçılıq məhsulunun 77.3%-ni dərman vasitələri təşkil edir. 2021-ci il ərzində Azərbaycana təxminən 700 milyon manatlıq (408.6 milyon dollar) dərman gəlib. Son iki ildə ölkədən bu məqsədlə çıxarılan valyutanın məbləği 817 milyon dollar olub.

İdxal edilən əczaçılıq məhsullarının 86%-i 4 mal kateqoriyasına aid olan, pərakəndə satış üçün nəzərdə tutulan, antibiotik, vitamin tərkibli dəmanlar və digər qablaşdırılmış dərman məhsullarının payına düşür.

İdxalın mallar üzrə struktur təhili göstərir ki, ən sadə texnologiya və xammal baxımından yerli imkanların yüksək olduğu məhsullar belə idxal edilir. Bu fakt Azərbaycanda dərman məhsulları istehsalının nə qədər aşağı səviyyədə olmasının göstəricisidir. Məsələn, ötən il Azərbaycana 8.2 milyon manatlıq pensilin, 2 milyon manatlıq pambıq və tənzif kimi məhsullar idxal edilib ki, bu da təxminən Azərbaycanda istehsal edilən əczaçılıq məhsullarının ümumi dəyəri qədərdir.

Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, 2021-ci ildə pərakəndə ticarət dövriyyəsini 952 milyon manatı əçzaçılıq məhsulları və tibbi ləvazimatların payına düşüb. Başqa sözlə, ötən il Azərbaycan vətəndaşlarının xərclədiyi hər 100 manatdan 2.2-si (2020-ci illə müqayisədə 24.8% çox) dərmana gedib. Ölkədə istehsal edilən əczaçılıq məhsullarının 6.8 milyon manatlıq hissəsinin ixraca yönəldiyini nəzərə alsaq, 952 milyon manatlıq istehlakın yalnız 3.8 milyon manatının yerli istehsal hesabına (tibbi maskalar, şprislər, yod, spirt və s.) ödənildiyini deyə bilərik. Bu da 0,4% deməkdir. Demək, bu sahədə idxaldan asılılıq 99.6%-dir.

Dərman istehsalına mane olan nədir?

Azərbaycanda əczaçılıq məhsulları, o cümlədən dərman istehsalının inkişafına əngəl çoxdur; bu sahədə ənənənin olmamasını, bazarının kiçikliyini, kapital çatışmazlığı, kadr çatışmazlığı və s. amilləri sadalamaq olar. Ən mühüm maneələr isə neft lənəti və monopolist iqtisadi mühitdir.

Neft lənəti

Qeyri-neft iqtisadiyyatının bütün sahələrində olduğu kimi dərman istehsalında da neft bolluğunun izləri var. Dərman istehsalı məsələsi uzun zaman hökumətin maraq dairəsinə daxil olmayıb. Problemin qabarıq şəkildə təzühür etdiyi günlərdə belə, Azərbaycanda dərman məhsullarının istehsalı üçün xüsusi vergi rejimi tətbiq edilməyib. Yalnız 2014-cü ilin ikinci yarısından—neftin kəskin ucuzlaşmasından sonra kiçik təşəbbüslər müşahidə edilməyə başlayıb. 2015-ci ildə lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılaraq, 2250 manata endirilib.

Ölkədə ilk əczaçılıq məhsulları istehsalı zavodunun təməli 2016-cı ildə qoyulub. Birinci mərhələsi 2019-cu ilin sonunda istifadəyə verilən zavodun 2020-ci ilin sonunadək tam gücü ilə fəaliyyətə başlayacağı gözlənilsə də, bu barədə təsdiqedici məlumat almaq müşkülə çevrilib.

2017-ci ilədək əczaçılıq sahəsində fəaliyyətlər üçün 979 lisenziya verilib ki, bunun yalnız 4 ədədi dərman istehsalına aid lisenziyalar olub (həmin il ölkədə 50-dən çox şirkət dərman idxalı ilə məşğul imiş).

2019-cu ildə ölkənin ilk şpris zavodu “Diamed Co” MMC fəaliyyətə başlayıb. 2021-ci ilin 3-cü rübündən etibarən müəssisə məhsul çeşidlərinin sayını artıraraq, COVİD 19 PZR testlərinin və COVİD 19–un mutasiyaları testlərinin aparılması üçün istifadə olunan reagentlər istehsal edib. Zavodun fəaliyyəti dövründə 9 milyon manatlıq məhsul istehsal etdiyi bildirilir.

Rəsmi statistikaya görə, 2005-2020-ci illərdə Azərbaycanda sənayeyə 103 milyard manat məbləğində investisiya qoyulub. Bu investisiyanın cəmi 0.006%-i—6.8 milyon manatı əczaçılıq sahəsinin payına düşür ki, bunun da 100%-i yerli mənbələr hesabına olub.

İdxalda monopoliya və xarici investisiya çatışmazlığı

Milli Məsclisin deputatı Vahid Əhmədov ötən ilki müsahibələrindən birində Türkiyə ilə Azərbaycanda dərmanların qiymətindən danışıb, qiymətlərin 4-5 dəfə fərqləndiyini qeyd eləmişdi: “Ölkəmizdə dərmanlarla bağlı acınacaqlı vəziyyət var, bu sahədə faktiki olaraq monopoliyadır...monopolist şirkətlər yenə də vəziyyətdən istifadə edərək, dərmanları yüksək qiymətlə satırlar”. Belə olan halda yerli dərman istehsalının inkişafının monopolistlərin maraqlarına uyğun gəlmədiyini anlamaq olar .

2017-ci ildə İqtisadiyyat Naziri vəzifəsini icra edən Şahin Mustafayev yerli mediaya müsahibəsində etiraf edirdi ki, “nüfuzlu əczaçılıq şirkətləri sivil ölkələrdə qəbul edilən normaların, etik prinsiplərin hakim olduğu, qiymət tənzimlənməsinin şəffaf və aydın mexanizmlə həyata keçirildiyi, yəni, proqnozlaşdırıla bilən, sabit inkişafa və əlverişli mühitə malik dərman bazarında fəaliyyət göstərməyə üstünlük verirlər”. Dərman məhsullarının istehsalı sahəsində ixtisaslaşmış transmilli şirkətlərin heç biri son illər ərzində Azərbaycana invesitiya qoymayıb, bu sahədə ölkəyə bir manat belə, xarici investisiya yönəldilməyib.

Bütün bunlar göstərir ki, hökumət dərman təhlükəsizliyi siyasətini yenidən işləyib hazırlamalı, daxili və xarici sərmayənin cəlbi üçün bütün mümkün təşviq və güzəştli maliyyələşdirmə mexanizmlərindən yararlanmalıdır. Dərman təchizatında monopoliya ilə effektiv mübarizə aparılmalıdır. Biznes mühitinin liberallaşdırılması və kənar müdaxilələrin tam aradan qaldırılması, investisiya təhlükəsizliyinin gücləndirilməsi, repatriasiya şərtlərinin yumşaldılması, ədalətli rəqabət mühitinin yaradılması üçün konkret mövqenümayiş etdirilməlidir.