Aytən Məmmədova

Müstəqil jurnalist

AZƏRBAYCAN AVROPA MƏHKƏMƏSİNİN KƏSDİYİ HƏR CƏRİMƏNİ ÖDƏMİR

28.05.2019 / Cərimə məsələsində AM-ni Azərbaycan qədər iqnor edən ölkə yoxdur

İyunda Strasburqda - Avropa Şurası Nazirlər Komitəsinin toplantısında Avropa Məhkəməsinin qərarlarının icrasıyla bağlı durum müzakirə olunacaq. Azərbaycanla bağlı 100-dən çox qərara baxılmalıdır. Nazirlər Komitəsinə Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icra olunmaması haqda tez-tez şikayət göndərilir. Elə qərarlar var ki, 2010-cu ildə çıxarılıb, amma hələ də icra olunmayıb. Məsələn, məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması məsələsi...

Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyaların ödənişində də problemlər var. Xüsusən ictimai-siyasi fəallar hökumətin onlara çatası kompensasiyanı, illərdir ki, ödəməməsindən şikayətlənirlər. Avropa Məhkəməsinin kəsdiyi cəriməni ala bilmədiyini deyənlər arasında AXCP sədri Əli Kərimlidən tutmuş, nidaçı fəal İlkin Rüstəmzadə, “Müsavat” partiyasının üzvü Nigar Həziyə qədər—xeyli adam var.

İki ilə 1 milyon avro

Avropa Məhkəməsi son iki ildə Azərbaycan hökumətinin üzərinə hüquq və azadlıqları pozulmuş vətəndaşlarına 1 milyon avrodan çox kompensasiya ödəmək öhdəliyi qoyub. 2017-ci ildə Azərbaycandan göndərilən şikayətlər üzrə kəsilən kompensasiyaların ümumi məbləği 817 min 451 avro olub. 2018-ci ildə isə çıxarılan qərarların sayı az olduğundan, məbləğ də əvvəlki ildən xeyli aşağı– 186 min 972 avroya düşüb.

Hökumət, "üzünə ağ olanlara" pul vermək istəmir

Nigar Həzi “openazerbaijan”a danışır ki, dörd il öncə dünyasını dəyişmiş bacısı Nərgiz Yaqublunun hüquqi varisi qismində tanınıb. Nərgizin Avropa Məhkəməsinə şikayəti varmış. İki ilə yaxındır, məhkəmə həmin şikayət üzrə qərar çıxarıb, pozuntuya görə kompensasiya təyin edib, amma kompensasiya ödənmir. Bu ailənin başqa bir üzvü –N. Həzinin atası Tofiq Yaqublunun həbsilə bağlı qərardan isə iki ildən çox vaxt keçib. O da kompensasiyanı ala bilməyib.

N.Həzi deyir ki, dəfələrlə Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərova məktub yazıb, onunla görüşməkdən ötrü Prezident Administrasiyasına gedib. Amma nə məktublarına cavab ala bilib, nə də Administrasiyanın qəbul şöbəsindən daxili nömrə ilə etdiyi zənglərə. Aylarla davam edən çoxsaylı cəhdlərindən sonra aprelin 17-də Ç.Əsgərovla mobil telefon vasitəsilə əlaqə yarada bilib: “Elə danışdı ki, sanki kompensasiyaların ödənməməsindən xəbəri yoxmuş. Hətta təəccüblə soruşdu ki, “sizinki ödənməyib?” Dedim, nəinki bizimki, İlham Huseyn, Mustafa Hacıbəyli, Təzəxan Mirələmli, Gözəl Bayramlı – danışanda yadıma düşənlər onlar oldu - bu adamların hamısı eyni durumdadır. Bildirdi ki, hesablarımızı yoxlayıb köçürəcəklər. İllərdir bizə çatası vəsaitlərin ödənməməsinin siyasi qərəzdən irəli gəldiyini də dedim. Onda etiraz elədi, dedi ki, heç bir siyasi qərəzdən söhbət gedə bilməz”.

N.Həzinin sözlərinə görə, Ç.Əsgərov deyib ki, kompensasiyalar mayda köçürüləcək: “Səbrsizliklə mayı gözləyirəm...”

"Siyasi göstəriş var"

NİDA-nın üzvü İlkin Rüstəmzadə də iki ildir kompensasiyasını ala bilmədiyini deyir (İ.Rüstəmzadə altı il həbsdə saxlanıb, 2019-cu il, martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa çıxıb). Avropa Məhkəməsinin İ.Rüstəmzadə haqqında iki qərarı var. Onlardan birincisi 2017-ci ilin iyulunda verilib. Məhkəməyə İ.Rüstəmzadənin 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasında iştiraka görə inzibati qaydada həbsindən şikayət edilmişdi. Məhkəmə etiraz aksiyasında iştiraka görə 30 sutka inzibati həbsi qanunsuz hesab edərək, İ.Rüstəmzadəyə 6 min avro kompensasiya ödənməsinə qərar vermişdi. Vəsait indiyədək köçürülməyib.

İkinci qərar bu il martın 7-də çıxarılıb. Avropa Məhkəməsi İ.Rüstəzadə haqqında cinayət işi başlandıqdan sonra barəsində həbs-qətimkan tədbiri seçilməsini konvensiyanın 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu kimi tanıyıb. Buna görə Azərbaycan hökumətinin üzərinə İ.Rüstəmzadəyə mənəvi zərərə görə 20 min, məhkəmə xərclərinə görə isə 2 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub. Qərar hələ ki, qüvvəyə minməyib. Çünki Avropa Məhkəməsinin qərarlarından Yuxarı Palataya şikayət verilməsə, üç aydan sonra qüvvəyə minir və növbəti üç ayda da icra olunmalıdır.

İ.Rüstəmzadə “openazerbaijan”a bildirib ki, birinci qərar qüvvəyə minəndən sonra kompensasiyanı almaq üçün atasının adına etibarnamə verib. Həmin etibarnamə Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəliyinə - Prezident Administrasiyasına göndərilib. Xeyli sonra xəbər çıxıb ki, etibarnamə gedib çatmayıb, itib. İ.Rüstəmzadə anasının da adına etibarnamə verib, onu da göndəriblər, amma vəsait yenə köçürülməyib.

Gənc fəal azadlığa buraxılandan sonra özü bu məsələ ilə məşğul olmağa başlayıb: “Azadlığa çıxandan 3-4 gün sonra Ç.Əsgərova zəng elədim, soruşdum ki, mənə çatası kompensasiya niyə ödənilmir? Görünür, hazırlıqsız idi, qəfil zəng eləmişdim, dedi ki, tezliklə həll olunacaq, özü mənə zəng eləyəcək. Ondan sonra 4-5 dəfə zəng eləmişəm, cavab vermir”.

İ.Rüstəmzadə hesab edir ki, məhz ictimai-siyasi fəallara kompensasiya ödənişində gecikmələr təsadüfi deyil, "siyasi göstərişin nəticəsidir".

AXCP üzvü Təzəxan Mirələmli də inzibati həbsinə görə 2016-cı ildə çıxarılmış qərar əsasında ona ödənəsi kompensasiyanı bu günə qədər ala bilmədiyini deyir.

Avropa Məhkəməsi qərar çıxararkən hüququ pozulmuş ərizəçi ilə yanaşı, ona göstərilmiş hüquqi yardıma görə ayrıca kompensasiya təyin edir.

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsinin özü məhkəməyə verilib, amma...

Strasburq Məhkəməsində haqqında qərar çıxarılmış ərizəçilərin bir çoxunun hüquqlarını müdafiə etmiş vəkil Əsabəli Mustafayev də qərarların icra vəziyyətindən narazıdır. Deyir, elə qərarlar var ki, illər öncə çıxarılıb, amma hüquqi yardıma görə ona çatası kompensasiya hələ də ödənməyib.

İyunda Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanla bağlı müzakirəyə çıxarılacaq qərarların təxminən üçdə birində (30-35 iş) ərizəçinin nümayəndəsi Ə.Mustafayev olub. Ona görə vəkil də ora özünün yazılı rəyini göndərəcək. Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət orqanı olduğundan Azərbaycan hökumətinin icra etmədiyi qərarlarla bağlı şikayətlər də ora ünvanlanır.

“Ərizəçilər və ya onların nümayəndələri icra olunmamış, yaxud natamam icra olunmuş qərarlar barədə Nazirlər Komitəsinə məlumat verməyəndə onlarda yanlış rəy formalaşır. Hökumətin verdiyi hesabat nəticəsində belə fikir formalaşır ki, qərarlar icra olunub. Obyektiv, hərtəfli fikir üçün hər iki tərəfin hesabatı olmalıdır”, Ə.Mustafayev bildirir.

Vəkilin sözlərinə görə, haqqındakı qərar icra olunmayan, kompensasiyası ödənməyən bəzi ərizəçilər başqa hüquqi üsuldan istifadə ediblər--onlar Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Ç.Əsgərovu məhkəməyə veriblər: “Təəssüf ki, bizdə Avropa Məhkəməsinin qərarlarının icrası hansısa hüquqi aktla üzərinə qoyulmuş qurum yoxdur. Amma başqa ölkələrdə var, xüsusi qurum yaradılır və ona səlahiyyət verilir. Bizdə Azərbaycanın Avropa Məhkəməsində daimi nümayəndəliyi var, rəhbəri də Ç.Əsgərovdur. Onun fəaliyyət istiqamətiylə bağlı əsasnamədə abstrakt bir şey yazılıb... Qərarların icra olunmaması, kompensasiyanın ödənməməsiylə əlaqədar bir neçə dəfə Ç.Əsgərova qarşı iddia qaldırılıb. Vəzifəli şəxs kimi, cavabdeh qismində onun adı qeyd olunub. Amma məhkəmələr bir qayda olaraq, belə şikayətləri icraata götürmür, mümkünsüz sayır. Başqa bir varianda bütövlükdə nümayəndəlik cavabdeh qismində qoyulub. Ancaq bu halda da baxılmayıb, mümkünsüz sayılıb”.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Ç.Əsgərovun bu iddialara cavabını öyrənmək istədik. Onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, telefon zənglərinə cavab vermədi.

"Hökumət qorxur ki, adamların əlinə pul gələr, inqilab eləyərlər"

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev deyir ki, əvvəllər kompensasiyaların ödənişi məsələsində problem olmurdu. Avropa Məhkəməsinin qərarlarının icrası sahəsində əsas problem kimi hökumətin ümumi xarakterli tədbirlər görmək istəməməsi qabardılırdı. Amma 2017-ci ildən başlayaraq, kompensasiyaların ödənişində də problemlər yaşanmağa başladı: “Hökumət əvvəl hissə-hissə ödəməyə başladı, sonra təxminən bir ilə yaxın ödənişləri tamam dayandırdı, qaldırılan hay-küydən sonra yenə hissə-hissə ödəməyə başladı. Amma hökumətin “qara dəftərində” olan bir qrup adam var ki, onlar kompensasiyalarını nə tam, nə də hissə-hissə ala bilirlər”.

İ.Əliyevin sözlərinə görə, ərizəçilərə hüquqi yardım etmiş hüquqşünaslara ödənilməli qonorarlarla da belədir. Adı hökumətin “qara dəftərində” olan hüquqşünaslara qonorarların ödənilməsi də 2017-ci ilin sonundan dayandırılıb: “Mən özüm 2014-cü ilin avqustunda həbs olunandan sonra udduğum işlərlə bağlı Avropa Məhkəməsinin müəyyən etdiyi qonorarları ala bilmirəm. Həm kompensasiyaların, həm də hüquqi yardıma görə qonorarların ödənilməməsiylə bağlı Avropa Şurası Nazirlər Komitəsinə çoxsaylı müraciətlər də cavabsız qalıb”.

Avropa Şurasının Nazirlər Kabineti xətir gözləyir?

Hüquq müdafiəçisi gileylənir ki, Avropa Şurasının özü kimi, onun bir strukturu olan Nazirlər Komitəsi də ölkələrə öhdəliklərini icra etdirmək məsələsində prinsipiallıq nümayiş etdirmir: “Təəssüf ki, Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icrasıyla bağlı ümumi xarakterli tədbirlər məsələsində olduğu kimi, kompensasiyalar məsələsində də üzgörənlik edir, hökumətimizin xətrinə dəymir”.

Azərbaycan hökumətinin kompensasiyaları ödəməməsi maliyyə çətinliyiylə bağlı ola bilərmi? İ.Əliyev hesab edir ki, səbəb birmənalı şəkildə bu deyil: “Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyaların illik məbləği prezidentin bir yolun çəkilişi üçün ayırdığı puldan xeyli azdır. Son dövrlərdə Avropa Məhkəməsinin çıxardığı qərarların əksəriyyəti seçki, işgəncə, inzibati və cinayət təqibi qaydasında həbslər, siyasi məhbusların işləriylə bağlıdır. Bu işlərdə qurbanlar vəkillər, jurnalistlər, siyasətçilər, gənc fəallar, hüquq müdafiəçiləri və s. fəal insanlardır. Hökumətin son illər bir qrup adamı ac-susuz saxlamaq planı var. Bu adamlar da o sıradandır. Avropa Məhkəməsinin kompensasiyaları isə bu planı pozur. Hökumət nə onun “üzünə ağ olanların” əlinə pul gəlməsində maraqlıdır, nə də vəkillikdən uzaqlaşdırdığı, nümayəndəliyi qadağan etdiyi, hesablarını və ofislərini bağlatdığı 5-10 hüquqşünasın aldığı qonorarlar hesabına onların işlərinin Strasburqa daşınmasında. Ona görə də, həm onlara ödəmək istəmir, həm də bunlara. Ödəyəndə həm də ona görə az-az ödəyir ki, 5-10 fəal adamın əlinə birdən babat pul gələr, inqilab edərlər. İlk baxışdan mürəkkəb görünən məsələnin mahiyyəti bu qədər sadədi...”

Hüquq müdafiəçisi onu da deyir ki, Avropa Məhkəməsinin tarixində onun qərarlarının kompensasiya ödənişiylə bağlı qisminə belə miqyaslı iqnor, hələ ki, heç bir ölkədə baş verməyib. Bu da Azərbaycan barədə çox pis fikir formalaşdırır və günlərin birində başağrısına çevrilə bilər: “O cümlədən, kreditlərinə daha çox göz dikməyə başladığı beynəlxalq maliyyə qurumları qarşısında. Çünki bu halda, ölkə öz öhdəliyini yerinə yetirməyən imic formalaşdırmış olur. Avropa Şurası və onun Nazirlər Komitəsi gözüqıpıq və utancaq rolundan çıxmalıdır”.