Avropa Parlamenti dekabrın 18-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı 477 lehinə, 7 əleyhinə və 69 bitərəf olmaqla qətnamə[1] qəbul edib. Qətnamənin təsviri hissəsində bildirilir ki, 2025-ci il etibarilə Azərbaycanda siyasi məhbusların sayı 400 nəfərə çatıb və onlar vətəndaş cəmiyyəti fəallarından, müxalifət liderlərindən, jurnalistlərdən, tədqiqatçılardan və insan hüquqları müdafiəçilərindən ibarətdir. Vurğulanır ki, AXCP lideri Əli Kərimlinin həbsi Azərbaycanda avtoritar konsolidasiyanın davam edən təcrübəsidir.
Qətnamənin nəticəvi hissədə bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi, jurnalistlərə, fəallara, tədqiqatçılara, müxalifət nümayəndələrinə, insan hüquqları müdafiəçilərinə, hüquqazidd həbs edilmiş digər şəxslərə, habelə mühacirlərə qarşı repressiyanın dayandırılması tələb edilib. Əli Kərimlinin həbsi ən sərt dillə qınanılıb və onun dərhal azadlığa buraxılması tələb edilib. Mövcud qanunvericiliyin repressiv məqsədlərlə sui-istifadəsinə dair narahatlıq ifadə edilib və qanunvericiliyin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması tələb edilib.
Bundan əlavə, sənəddə Avropa İttifaqının Qlobal Sanksiya Rejimi vasitəsilə repressiv aktlara məsul rəsmilərə qarşı lazımi tədbirlər görülməsi tələb edilib. Qeyd edək ki, qətnamənin preambulasında Parlamentin Azərbaycandakı insan hüquqlarının vəziyyətinə dair əvvəlki qətnamələrinə istinad edilib. Parlament 2024-cü ilin dekabrında qəbul etdiyi qətnamədə[2] sanksiya çağırışı etdiyi rəsmilər sırasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin adını aşkar sadalamışdı. Bu dəfəki qətnamə əvvəlki qətnamələrə isnad etməklə bu çağırışı dolayı olaraq təkrarlamış olur.
Eləcə də, qətnamədə Avropa İttifaqının müvafiq qurumlarına Azərbaycanda insan hüquqları və demokratik idarəetməyə münasibətdə dəstəyi gücləndirməyə çağırış edilib. Bu dəstəyə vətəndaş cəmiyyətinə dəstəyin artırılması daxildir. Eləcə də Azərbaycanla əməkdaşlığın İttifaqın təməl dəyərləri üstündə qurulmasına çağırış edilib. Avropa İttifaqının Azərbaycanla bağlanacaq tərəfdaşlıq sazişinin insan hüquqları, hüququn aliliyi və İttifaqın dəyər və prinsipləri ilə şərtləndirilməsi tələb edilib. Bu şərtləndirməyə siyasi məhbusların azad edilməsi və repressiv qanunvericiliyin ləğv edilməsi də daxildir.
Dekabrın 19-da isə Milli Məclis Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul edib[3]. Milli Məclis Avropa Parlamentinin mövqeyinə qarşı həqarətamiz cavab verib. Bu, yanlışdır. Avropa Parlamenti qəbul etdiyi qətnamədə Azərbaycandakı qurumlarla bağlı aşağılayıcı (pejorative) üslubdan istifadə etməyib. Mümkün qədər neytral təsbitlərlə ölkədə insan hüquqlarının cari vəziyyətinə dair tənqidi mövqeyini ifadə edib və ağlabatan tövsiyələr verib.
Avropa Parlamentinin bu qətnaməsi Azərbaycanın milli maraqlarına tam cavab verir. Sənəd Aİ-Azərbaycan əməkdaşlığının zəiflədilməsi deyil, gücləndirilməsi istiqamətində mövqedir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Aİ kimi supergüclə əməkdaşlıq etməlidir. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası bu ölkədə kimliyindən asılı olmayaraq hamının üzərində konsensus nümayiş etdirəcəyi təmayüldür. Azərbaycanın Avroatlantik inteqrasiyası bu ölkənin təməl dəyərlərinin olmazsa olmaz (sine qua non) tələbidir.
Lakin Aİ ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlıq yalnız və yalnız müştərək geopolitik maraqlar, regional tranzit siyasət və iqtisadi əməkdaşlıq üzərində qurula bilməz. İnsan hüquqları və hüququn aliliyi bu əməkdaşlığın labüd elementidir. İnsan hüquqları və hüququn aliliyi gündəliyi sadəcə siyasi məhbusların azad edilməsindən və repressiv qanunvericilik bazasının aradan qaldırılmasından ibarət deyil. Bu gündəlik həmçinin Azərbaycanın insan kapitalının tərəqqisinə xidmət edir.
Post-Qarabağ dövründə bu ölkənin milli barışığa ehtiyacı var. Milli barışıq olmadan heç nəyə nail ola bilməyəcəyik. Avropa Parlamenti Azərbaycanda milli barışıq üçün zəmin yaratdı. Qarşılıqlı olaraq buna nail olmağa çalışaq.
[1] https://www.europarl.europa.eu/doceo/document/TA-10-2025-0339_EN.html
[2] https://www.europarl.europa.eu/doceo/document/TA-10-2024-12-19_EN.html#sdocta3
[3] https://oxu.az/siyaset/milli-meclisin-bugunku-iclasinin-gundeliyi-deyisib