Söhbət “Yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi-Azərbaycan əlaqələri" üzrə növbəti hesabatdan gedir. Sənədi Avropa Kommissiyasi, Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayədəsinin ofisi martın 11-də açıqlayıb. Hesabatda Azərbaycanın apardığı islahatlardan bəhs edilir, AB ilə əlaqələrin inkişafı yolunda, xüsusilə prioritet elan edilmiş sahələrdə 1 islahat cəhdlərinə nəzər salınır.
Amma bu hesabatı sadəcə “bürokratik sənəd” adlandırmaq olar. Çünki burda Azərbaycan hökumətinin 2018-ci ildə müxtəlif sahələrdə gördüyü tədbirlər və qəbul etdiyi qərarlardan ümumi şəkildə bəhs edilir, AB-nin bu tədbirlərin görülməsi və ya qərarların qəbul edilməsinə verdiyi töhfələrdən danışılır. Tədbir və qərarlar çox yerdə sadəcə fakt kimi qeyd edilir, onların effektivliyi, səmərəliliyi haqda söz deyilmir, siyasi dəyərləndirməyə yer verilmir, ya da çox qısa şəkildə yer verilir, ümumi qeydlər var.
Sənəd Azərbaycanın AB-dən ötrü “üçüncü” ölkə olduğunu göstərir
Əslində AB-nin Azərbaycanla münasibətlərində dövlət qurumlarının bilik və bacarıqlarının artırılmasına və tənzimləmələrin yenilənməsi və artırılmasına əsaslanması yeni, təəccüblü hal deyil. AB ilə Azərbaycan arasında əlaqələrin strukturu AB-nin “üçüncü” ölkələrlə münasibətlərini, belə ölkələrdə inkişaf və demokratikləşməyə olan yanaşmasını əks etdirir və bu yanaşma dünyaya çoxdan məlumdur.
Hesabat giriş və nəticə hissələrindən savayı 4 ümumi başlıq altında təşkil olunub: i) Qurumların möhkəmləndirilməsi və yaxşı idarəetmə, ii) İqtisadi inkişaf və bazar imkanları, iii) əlaqəlilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti, iv) hərəkətlilik və insanlararası əlaqələr. Birinci başlıq öz növbəsində üç altbaşlıqdan ibarətdir: i) Yaxşı idarəetmə, demokratiya, qanunun aliliyi və insan hüquqları, ii) Xarici və təhlükəsizlik siyasəti, iii) ədalət, azadlıq və təhlükəsizlik. İkinci başlıq isə iki altbaşlıqdan ibarətdir: i) İqtisadi inkişaf və ii) Ticarət və ticarətlə bağlı məsələlər.
“Yaxşı idarəetmə, demokratiya, qanunun aliliyi və insan hüquqları” altbaşlığına ümumilikdə çox az – 3 səhifə yarımdan da az yer verilir (bütün hesabat 22 səhifədir). Digər altbaşlıqlarda mövcud durum təfərrüatlı və daha çox faktlarla izah edilsə də, bu başlıq bir-iki istisna olmaqla ümumi təsvirdən ibarətdir. Ümumiyyətlə, hesabat siyasi baxımdan yumşaq dillə yazılıb. Məsələn, bu altbaşlığın ikinci paraqrafının birinci cümləsində belə deyilir: “İnsan hüquqları və təməl azadlıqlar ilə bağlı vəziyyət çətin (“challenging”) olaraq qalır”. Və ya, elə bu altbaşlığın ikinci cümləsində “vətəndaş cəmiyyətinin fəaliyyəti üçün sahələrin hələ məhdud olduğu” qeyd edilir.
Seçkilər haqda əsas fikir qeyd olunmayıb
2018-ci ilin aprel ayında keçirilən seçkilərin xatırlandığı hissədə ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisinin Seçki Müşahidə Missiyasının hesabatından sitatlar gətirilir. Ancaq o hesabatın ən vacib məqamı, diqqətini çəkən cümlə- seçkinin həqiqi rəqabət mühitində keçməməsi ilə bağlı cümlə xatırlanmır. Niyə? Bu əhəmiyyətli fakt hesabata təsadüfən, yoxsa bilərəkdən salınmayıb?
Hesabatın digər hissələrində hökumətin tədbirləri və qərarlarından faktlarla danışıldığı halda, fikir və ifadə azadlığı ilə bağlı paraqraf oxuyanı sanki “yola verir”. “Bir sıra fəalların və bloqqerlərin saxlanılması və müstəqil vebsaytların redaktorlarına qarşı iş açıldığı” ilə bağlı hissə qısa və faktlarsızdır. Görəsən niyə?
Hesabatda demokratiya və insan hüquqları ilə bağlı mövcud durumun ört-basdır edildiyini demək yanlış olar, çünki bir sıra faktlar öz əksini tapmışdır. Ancaq bu hissələrdə müəlliflər yumşaq dildə danışır, durum diqqət çəkməyəcək, reaksiya doğurmayacaq şəkildə əks olunur.
“Əksmərkəzləşmə” nədir?
Daha iki məqam diqqəti çəkir. “Əksmərkəzləşmə” sahəsində müəyyən inkişafın olduğu bildirilir. Buna nümunə kimi Kənd Təssərrüfatı Nazirliyinin yanında Fermerlər Şurasının yaradıldığı deyilir, hər bir rayonda Kənd Təsərrüfatı şöbələrinin yanında Aqrar İnkişaf Mərkəzlərinin “yaradılacağının gözlənildiyi” qeyd olunur. Bu iki nümunə “əksmərkəzləşmə sahəsində müəyyən inkişaf var” demək üçün yetərlidirmi?
Ya da, qarşıdan bələdiyyə seçkiləri gəlir, Azərbaycandakı bələdiyyələrin durumu hələ də ürəkaçan deyil, müxalifətin çağırışlarına baxmayaraq, Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmır... Bütün bunlar heç xatırlanmayıbmı, yoxsa xatırlanıb, hesabata salmağı lazım bilməyiblər? Bəlkə AB-nin “əksmərkəzləşmə” anlayışı icra hakimiyyəti daxilindəki müəyyən kiçik səlahiyyətlərin yerli şöbələrə ötürülməsi ilə məhdudlaşır?
Hesabatın təəccübləndirən məqamlarından biri də Məlumat Təhlükəsizliyi Kommissiyasının yaradılması ilə bağlı hissədir. Bu haqda məlumat “Yaxşı idarəetmə, demokratiya, qanunun aliliyi və insan hüquqları” altbaşlığında deyil (bu halda məsələ siyasi kontekstdə verilmiş olardı), “Əlaqəlilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti” başlığı altında, həm də heç bir şərh əlavə edilmədən verilir. Bu kommissiyanın yaradılmasına AB-nin birbaşa töhfəsi olmayıbsa və heç bir şərh də verilmirsə, məlumatın hesabatda qeyd edilməsinin nə mənası var ki? Sanki oxuyana “özün başa düş” deyirlər.
Ətraf mühitlə bağlı hissə yenə də yalnız hökumətin gördüyü işlərə nəzər salır. Halbuki, 2018-ci ildə və elə bu ilin əvvəlində də ekoloqlar Azərbaycanla bağlı o qədər həyəcan təbili çalıblar ki... Bununla belə, ekoloqları narahat edən məsələlərin heç biri AB-nin diqqətini çəkməyib, ya da onları hesabata salmağı lazım bilməyiblər.
Miqrasiyayla bağlı statistik faktlar son illərdə baş verənlərə görə maraqlıdır: 2018-ci ilin ilk 8 ayında AB ölkələrində sığınacaq istəyən Azərbaycanlıların sayı 2255-ə çatıb. Onların yalnız 20%-dən azı sığınacaq istəyinə müsbət cavab ala bilib. Həmin ilin ilk 6 ayında 255 Azərbaycan vətəndaşı AB ölkələrində geri göndərilib.
Demokratikləşmə və insan haqları haqda söz yoxdur
Hesabatın üç çox kiçik paraqraflı nəticə hissəsində AB və Azərbaycan arasında yeni ikitərəfli ətraflı saziş üzrə danışıqların davam etdiyi deyilir. Müəlliflərə görə bu saziş Azərbaycanın iqtisadiyyatı diversifikasiya etmək cəhdlərinə dəstək verəcək, davamlı sosial-iqtisadi inkişaf yolunda sonrakı əməkdaşlığa yaxşı təməl yaradacaq. Sazişin məqsədlərini açıqlayan bu cümlədə demokratikləşmə və insan hüquqları haqda bir söz yoxdur. Bu məsələlər, gələcək sazişdə heçmi qeyd olunmayacaq?
Dünya Ticarət Təşkilatına üzvlükdən də indi qəti şərt kimi danışılmır, halbuki bu, AB ilə “Dərinləşdirilmiş və Ətraflı Azad Ticarət Müqaviləsi”nin əsas şərtlərindən biri idi, Azərbaycan sonralar həmin müqavilədən vaz keçdi. Hesabatın bu yerində sadəcə yeni saziş üzrə danışıqlarda “irəliyə doğru əhəmiyyətli bir addım” olacağı qeyd edilir.
Bu cür birtərəfli hesabat Avropa Kommissiyasının Azərbaycanla, eləcə də bütün “üçüncü” ölkələrlə münasibətlərə yanaşmasını əks etdirir. Bu yanaşma dövlət qurumlarının və tənzimləmələrin gücləndirilməsi və genişləndirilməsindən ibarətdir, təməlində “yuxarıdan aşağıya” demokratikləşmə anlayışının yatdığını göstərir, amma vətəndaş cəmiyyətində, eləcə də müxalifətdə birmənalı qarşılanmaya bilər.
128 sentyabr 2018-ci ildə tərəflər arasında təsdiqlənmiş Tərəfdaşlıq Prioritetləri: i) İqtisadi inkişaf və bazar imkanları, ii) qurumların gücləndirilməsi və yaxşı idarəetmə iii) əlaqəlilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti, iv) hərəkətlilik və insanlar arasında əlaqə.