Kənan Aslanlı

Siyasət təhlilçisi

AÇIQ HÖKUMƏT TƏRƏFDAŞLIĞINDA İCTİMAİ İŞTİRAKÇILIQ MEXANİZMLƏRİ

20.11.2016 / Vətəndaş İştirakçılığı

Açıq Hökumət önəmli və qismən yeni bir konsepsiyadı. Bu bir növ hökumətlər və vətəndaşlar arasında yeni keyfiyyətdə əlaqələrin, əməkdaşlığın həmçinin qarşılıqlı təmasın qurulması üçün mədəni dəyişiklik tələb edir.

Burada müsair kommunikasiyalar, açıq məlumat sistemləri və effektiv ictimai iştirakçılıq mühüm faktorlardır. Açıq Hökumət Tərəfdaşlığı (AHT) 2011-ci ildə bura üzv ölkələrin hökumətlərinin idarəetmədə açıqlığı təkmilləşdirən öhdəliklər götürməsini təmin edəcək qlobal bir təşəbbüs olaraq yaradılıb. Əsas gözlənti isə odur ki, bu öhdəliklər şəffaflığı, hesabatlılığı və vətəndaş iştirakçılığını daha da artıracaq. İlk öncə səkkiz ölkənin qurduğu təşəbbüsün hazırda 65 üzvü var.

AHT üzvü olan ölkələrin hökumətləri iki il ərzində icra olunacaq aydın və ölçüləbilən öhdəlikləri özündə əks etdirən milli fəaliyyət planları hazırlamlıdır. Açıq Hökumət Bəyannaməsini (Open Government Declaration) imzalamaqla hökumətlər vətəndaşları fəaliyyət planının bütün mərhələlərində (hazırlanması, icra edilməsi və monitorinqi) prosesə cəlb etməyi öhdələrinə götürürlər. Yəni vətəndaş iştirakçılığı AHT-nin və müasir açıq hökumət hərəkatının ən mühüm faktorudur. Vətəndaş cəmiyyəti hökumətlər tərəfindən hazırlanan Açıq Hökumət milli fəaliyyət planının hazırlanmasında, icrasında və nəticələrin qiymətləndirilməsində aktiv iştirak etməlidir. Bu iştirakçılığın ölçülməsi üçün müəyyən indikatorlardan istifadə etmək olar:

Hökumətlər və parlamentlər vətəndaş cəmiyyətinin açıq hökumətlə əlaqəli təşəbbüslərdə iştirakçılığını təmin edərkən, məlumatlandırma, konsultasiya, cəlbetmə, əməkdaşlıq və qərar qəbulu səlahiyyətlərinin ötürülməsi ardıcıllığını nəzərə almalıdırlar. Yəni insanlar və ya QHT-lər nəinki problemlər və onların alternativ həlləri ilə bağlı məlumatlandırılmalı (məsələn, internet səhifələri vasitəsilə), həm də onlara problemlərin həlli ilə bağlı yekun qərarların qəbulunda müəyyən səlahiyyətlər verilməlidir (məsələn, vətəndaş forumları və referendumlar vasitəsilə).

AHT-də qurucu və ya bu təşəbbüsdə aktiv üzv olan bir sıra ölkələrin hökumətlə vətəndaş cəmiyyəti əməkdaşlığı və ya prosesdə ictimai iştirakçılıqla bağlı fərqli modellər tətbiq edirlər.

İndoneziya təcrübəsində yeddi hökumət qurumu və o qədər də vətəndaş cəmiyyəti təşkilatından ibarət xüsusi bir əməkdaşlıq platforması (Açıq Hökumət İndoneziya - Open Government Indonesia) qurulub. Belə bir platformanın yaradılmasını İndoneziya ilk öncə özünün açıq hökumət öhdəliyi kimi qəbil etdi. Daha sonra bu əməkdaşlıq formatı ölkənin yeni fəaliyyət planının hazırlanması və açıq məlumat (open data) təşəbbüsünün uğurla həyata keçirilməsinə nail oldu.

Özünün icraedici katibliyi olan Açıq Hökumət İndoneziya həm milli, həm də regional səviyyədə açıq hökumət öhdəliklərinin icrasına nəzarəti təmin edir.

Kanada təcrübəsində isə hökumətdən müstəqil olan Kanada Açıq Hökumət Vətəndaş Cəmiyyəti Şəbəkəsi (Canadian Open Government Civil Society Network) vətəndaş cəmiyyətinin səsinin eşidilməsini təmin edir və milli fəaliyyət planına öz töhfəsini verir. Daimi dialoq platforması olan bu Şəbəkə açıq hökumət milli fəaliyyət planının hökumətlə birgə hazırlanmasına çalışır. Daha sonra isə fəaliyyət planının icrasına nəzarət edir və nəticələri qiymətləndirir.

Gürcüstanda Açıq Hökumət Forumu (Georgia Open Government Forum) ölkənin birinci fəaliyyət planının öhdəliyi olaraq yaradılıb və ikinci fəaliyyət planında isə onun mandatı daha da genişləndirilib. Forum məsul hökumət agentliklərindən, QHT-lərdən, beynəlxalq təşkilatlardan və özəl sektor nümayəndələrindən ibarətdir. Forum hər ay özünün müntəzəm sessiyalarını keçirərək ölkədə fəaliyyət planının icrasını dəstəkləyir, öhdəliklərin icrasını monitorinq edir və açıq hökumətlə bağlı məlumatlılığı artırır.

Dünyada ən çox maraq doğuran yanaşmalardan biri məhz Böyük Britaniya təcrübəsidir. Böyük Britaniyada Açıq Hökumət Vətəndaş Cəmiyyəti Şəbəkəsi (UK Open Government Civil Society Network - OGN) hökumətin daha şəffaf, hesabatlı və insanlar üçün faydalı işləməsinə yönələn aktiv vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatlarının bir koalisiyasıdır və ya alyansıdır.

Böyük Britaniyanın Açıq Hökumət Tərəfdaşlığına qurucu üzv olmasından sonra 2012-ci ildə qurulan bu Şəbəkə federativ ölkənin bütün subyektlərində hökumətlərin açıq hökumət islahatlarını təşviq edir. Hökumətlə həm əməkdaşlıq edir, həm də onun siyasətlərinə təsir edəcək vətəndaş cəmiyyətinin vəkillik fəaliyyətini koordinasiya edir. Şəbəkənin təşkilati idarə etməsi ilə hökumətdən tamamilə müstəqil olan və ictimai iştirakçılıq məsələləri üzrə ixtisaslaşan “Involve” təşkilatı məşğul olur.

Böyük Britaniyanın 2013-2015-ci illər və 2016-2018-ci illər üzrə açıq hökumət üzrə fəaliyyət planının hazırlanmasına Şəbəkə ciddi töhfə vermişdir. Hökumətlə sıx əməkdaşlıq içində olan Açıq Hökumət Vətəndaş Cəmiyyəti Şəbəkəsinə üzvlük bütün fərdlərə və vətəndaş cəmiyyəti təşkilatlarına açıqdır. Amma üzvlük üçün müəyyən şərtlər var. Belə ki, potensial üzvlər Açıq Hökumət Deklarasiyasını qəbul etməli, Şəbəkənin prinsiplərinə hörmətlə yanaşmalı və maraqlar konflikti içərisində olmamalıdır. Burada maraqlar konflikti bunları nəzərdə tutur: hökumət naziri və ya “kölgə naziri” olmaq (“shadow minister”), nazirlərin hər hansı birinin siyasi müşaviri olmaq, hökumətin açıq hökumət siyasəti sahəsində çalışan rəsmi işçisi olmaq, lobbi şirkətlərində çalışmaq.

Hal-hazırda 700 üzvü olan Şəbəkənin əsas orqanı və hökumətlə əlaqələri koordinasiya edən İdarəetmə Komitəsidir (Steering Committee) ki, bu da üzvlərin arasından seçilən 5-9 nəfərlik bir heyətdir. İdarəetmə Komitəsində bütün regional şəbəkələr təmsil olunmalı, fərdi üzvlərlə vətəndaş cəmiyyəti təşkilatlarının nisbəti ən azı 1:4 nisbətində, gender balans isə ən azı 1:2 nisbətində olmalıdır. İdarəetmə Komitəsi üzvlərinin yarısı hər il yenidən seçilməlidir. Qərarlarını konsensus ilə qəbul edən Komitənin inzibati məsələlərilə Koordinator məşğul olur.

Fərqli ölkələrin açıq hökumətin qurulması və milli fəaliyyət planlarının hazırlanması və icrası proseslərində vətəndaş iştirakçılığı ilə bağlı fərqli yanaşmaları var ki, bunların müxtəlif komponentləri digər ölkələr, o cümlədən Azərbaycan tərəfindən də tətbiq edilə bilər. Ancaq hər şeydən öncə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün maneəsiz hüquqi və tənzimləyici mühit olmalıdır. Açıq hökumət prosesində ictimai iştirakçılıq təmin edilərkən lazım olan bütün məlumatlar vaxtında vətəndaş cəmiyyəti təşkilatları ilə paylaşdırılmalıdır, konsultasiya prosesi miqyasına görə əhatəli və tam şəffaf olmalıdır.