Toğrul Vəliyev

İqtisadçı

AĞILLI KƏND NƏDİR, ONU NECƏ VƏ HARDA SALMAQ OLAR?

04.10.2021 / İşğaldan azad olunmuş torpaqlarda ağıllı kənd

Azad edilmiş ərazilərdə salınacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bunu 2021-ci il, yanvarın 26-da prezident İlham Əliyev Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edəndə deyib (https://azertag.az/xeber/1697001). Yüksək texnologiya xidmətləri və məhsullarının satışı ilə məşğul olan məşhur Amerika şirkəti “CİSCO”nun vitse-prezidenti də 2020-ci il, mayın 15-də İ.Əliyevlə görüşdə ağıllı kənd təsərrüfatından danışmışdı, “siz bu sahədə olduqca irəlidəsiniz və sizin kənd təsərrüfatının inkişafı ilə bağlı baxışınızı reallaşdırmaq üçün müvafiq texnologiyalar artıq mövcuddur”, demişdi (https://azertag.az/xeber/1488489). Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri də ağıllı kənd təsərrüfatının “inkişafından” bəhs edirdi. Aprelin 27-də isə (prezidentin səfəri vaxtı) Kənd Təsərrüfatı naziri İnam Kərimov birinci ağıllı kənd pilot layihəsinin Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etdiyini bildirdi. https://azertag.az/xeber/1766219

Ağıllı kənd haqda çoxdan danışırlar, amma...

Ağıllı kənd adi kənddən nə ilə fərqlənir? Azərbaycan hökuməti bu haqda hələ bir söz deməyib. Müvafiq konsepsiyanın hazırlanması üçün işçi qrupun tərkibi 2021-ci il, aprelin 19-da təsdiqlənib. Və işçi qrupun əsas məqsədi “Azərbaycan Respublikasında ağıllı şəhər (Smart City) və ağıllı kənd (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsidir”. Maraqlıdır ki, sərəncam müvafiq konsepsiyanın hazırlanması haqqındadır (http://e-qanun.az/framework/47263), amma sərəncamla yaradılmış işçi qrupunun məqsədi prosesi sürətləndirməkdir. Hazır olmayan konsepsyanın tətbiqini necə sürətləndirmək olar? Sual yaradan digər məsələ: Sərəncam aprelin 19-da imzalanıb, cəmi bir neçə gün sonra--aprelin 27-də ağıllı kəndlərin salınacağı yerlər elan olunub.

Hələ 2019-cu il, yanvarın 29-da təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na görə (http://e-qanun.az/framework/41320) Bərdə və İsmayıllı rayonlarındakı sahibkarlar, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti (Bərdə rayonunda həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC də) ağıllı kənd layihəsini həyata keçirməli, “kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsini inkişaf” etdirməli idi (dövlət proqramının 7.3.10.2 və 7.3.23.2 bəndləri). Layihə 2019-2023-cü illərdə reallaşmalıydı.

Və hələ 2016-ci ilin dekabrında təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “iqlim əsaslı ağıllı kənd təsərrüfatının” inkişafı məsələsi qeyd olunmuşdu. Yol Xəritəsinə görə bu işlər “iqlim d əyişmələrinin və təbii amillərin kənd təsərrüfatına mənfi təsirinin azaldılması mexanizmlərinin işlənməsi” çərçivəsində 2017-2020-ci illərdə həyata keçirilməli idi (http://e-qanun.az/framework/34254). Ancaq mətbuatda 2017-2020-ci illərdə hansısa konsepsiya və ya layihənin hazırlanması haqda məlumat yoxdur. Heç Bərdə və İsmayıllı rayonlarının da “ağıllı kəndləriylə” bağlı informasiyaya rast gəlmirik.

Ümumiyyətlə, qeyd olunan bütün sənədlərin yeganə ortaq cəhəti var; sənədlərin hamısı gələcək konsepsiyanın və ya layihənin hazırlanmasını nəzərdə tutur. Konkret nəyinsə hazır olması və ya reallaşmasından söhbət getmir.

Ağıllı kənd nədir və onu necə yaratmaq olar?

Kəndlərin təməlqoyma prosesi vaxtı İ. Kərimov “ağıllı kəndi” 5 istiqamət (yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji) üzrə inkişaf edəcək layihə kimi təsvir edib. O əlavə edib ki, “ərazidə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər”.

İ. Kərimovun sözlərindən məsələnin texniki tərəfini başa düşmək mümkündür. Bəs keyfiyyət tərəfi? Ağıllı kənd sadəcə idxal edilən ağıllı texnologiyalardanmı ibarətdir?

Ağıllı kəndlə bağlı sualların cavabını Dünya Bankı (DB) Azərbaycan üçün artıq hazırlayıb. Bu yaxınlarda DB-nın rəsmi saytında “Smart Villages in Azerbaijan: A Framework for Analysis and Roadmap” (“Azərbaycanda ağıllı kəndlər: Analiz və Yol xəritəsi üçün Əsas”) adlı sənəd dərc edilib. https://openknowledge.worldbank.org/handle/10986/35468Sənədin əsas məqsədi Azərbaycanın gələcəkdə reallaşdıracağı işə dəstək göstərməkdir. Yəni günlərin bir günü Azərbaycan ağıllı kəndi tətbiq etmək qərarına gəlsə, bu sənəddən istifadə edə bilər. O gün də, əslinə qalsa, 2017-ci ildən bu yana müzakirə olunur. Üstəlik, Zəngilan rayonunda müvafiq layihənin tətbiqinə hazırlaşırlar.

Bəs Zəngilanda ağıllı kənd mümkündürmü?

DB tədqiqatçılarının fikrincə “ağıllı kənd” birbaşa anlayış kimi müxtəlif istiqamətlərdə tətbiq olunur. Amma Avropa İttifaqı tərəfindən istifadə olunan anlayış daha konkretdir. Onlara görə, bu “rural areas and communities which build on their existing strengths and assets as well as on developing new opportunities, where traditional and new networks and services are enhanced by means of digital, telecommunication technologies, innovations and the better use of knowledge” (mövcud olan güclü tərəflərə və aktivlərə əsaslanan, eyni zamanda rəqəmli telekommunikasiya texnologiyaları, innovasiyalar və biliklərdən daha yaxşı istifadə hesabına yaxşılaşdırılan ənənəvi, həmçinin yeni şəbəkə və xidmətlərdən ibarət olan yeni imkanlara açıq kənd ərazi və icmalarıdır). Qısa olaraq bunu belə təsvir edirlər:“smart villages use digital technology, innovation and knowledge to improve rural economic opportunities, infrastructure, services, and governance” (ağıllı kəndlər rəqəmli texnologiyalardan, innovasiyalar və biliklərdən kəndin iqtisadi imkanlarını, infrastrukturunu, xidmətlərini və idarəetməsini inkişaf etdirmək üçün istifadə edirlər). Başqa sözlə, burda söhbət təkcə rəqəmli texnologiyalardan getmir. Həmçinin, biliklərdən effektiv istifadə nəzərdə tutulur.

Yaxşı, bütün bunlardan istifadə etmək üçün nə lazımdır? DB bu suala müvafiq indeks hazırlayaraq cavab verir.

Azərbaycanda ağıllı kəndə çevrilə biləcək 14 bölgə var

Tədqiqatçılar SVR Index (“Smart Village Readiness İndex”—“Ağıllı Kəndə Hazırlıq İndeksi”) tərtib ediblər. Bu indeks müxtəlif göstəriciləri əhatə edir və mövcud olan müsbət nümunələr əsasında hər hansı bölgənin ağıllı kənd sisteminə keçidini hesablayır. Müvafiq hesabatda üç əsas istiqamət də qeyd olunur: iqtisadi imkanlar, infrastruktur və xidmətlər və idarəetmə. Yəni biz ağıllı kənd barədə danışarkən bu üç istiqamət üzrə göstəriciləri nəzərə almalıyıq. Vəziyyəti də müxtəlif göstəricilər hesabına müəyyən edə bilərik.

DB tədqiqatçıları Azərbaycanı bir neçə perspektiv bölgəyə bölüblər və bu bölgələr arasında ağıllı kəndə çevrilmə imkanı olan 14 region seçiblər. Diqqət daha çox 2 əsas regiona yönəldilib: Şəmkir-Tovuz və Quba-Qusar-Xaçmaz. Mütəxəssislərin fikrincə, digər bölgələrdən fərqli olaraq, məhz bu iki zonada ağıllı kənd və kənd təsərrüfatı sisteminin yaradılması üçün şərait mövcuddur. (İşğaldan azad olunan torpaqlar hesabatda nəzərə alınmayıb, sənəddə istifadə olunan məlumatlar 2018-2020-ci illərə aiddir. Hər halda, hesabatdan belə çıxır ki, ağıllı kənd üçün əvvəl şərait olmalıdır.)

Tədqiqatçılar “Regional inkişaf üçün iqtisadi resurslar” adlı bölmə də göstərirlər. Bu bölməyə ümumi iqtisadi vəziyyəti təsvir edən göstəricilər aiddir (əməkhaqqı səviyyəsi, məşğulluq, iqtisadiyyatın əsas sektorlarında istehsal həcmi, iqtisadi fəaliyyət üzrə işçilərin bölgüsü və s.). Və sənədə görə ağıllı kənd konsepsiyasının inkişafı üçün çoxlu sayda sektora ehtiyac yoxdur, sadəcə bir neçə istiqamət üzrə inkişafı gücləndirmək lazımdır. Əlbəttə, diversifiksiya vacib məsələdir, amma kənd səviyyəsində bir istiqamətin inkişafı kifayətdir. Bu cəhətdən hesabatda iki istiqamət seçilib: kənd təsərrüfatı və turizm. Əslində bu istiqamətlər Azərbaycanın bütün bölgələrində inkişaf etdirilə bilər. Bəs qeyd olunan bölgələrdə iqtisadiyyat nədən asılıdır?

Ağıllı kəndin əngəlləri: Dövlət sektorundan asılılıq

Hər iki halda, yerli iqtisadiyyat kənd təsərrüfatından asılıdır. Tədqiqatçılar qeyd edir ki, bir bölgənin hansısa bir və ya iki kənd təsərrüfatı mədəniyyətinin seçməsi kommersiya baxımından daha düzgündür. Misal üçün, Şəmkir-Tovuz üçün üzüm və pomidor, Quba-Qusar-Xaçmaz üçün isə alma və pomidor daha yaxşı olar (indiki məqamda müvafiq bölgələr digər kənd təsərrüfatı məhsulları da istehsal edirlər). Eyni zamanda turizmin inkişafı üçün şərait mövcuddur. Doğrudur, Şəmkir tərəfdə turizmə maraqlı məkanlar çox deyil, ancaq şimal-şərqdə yüzdən çox məkan var. Bu da hər iki halda kommersiyalaşma üçün şərait yarada bilər.

Ancaq bu bölgələrdə işçilərin bölgüsündə problemlər var. Məsələn, 2020-ci ilin sonunda Şəmkir rayonunda rəsmən 16 928 muzdlu işçi mövcud olub. Onların 12 080-i (yəni 71%-i) dövlət sektorunda çalışıb.

Cədvəl 1. Bəzi rayonlar üzrə əmək bazarına aid göstəricilər

Cədvəl 1-dən gördüyümüz kimi, hətta seçilən 5 rayonda iki əsas tendensiya mövcuddur: Əhalinin böyük hissəsinin məşğulliyyəti barədə məlumat yoxdur. Muzdlu işə cəlb olunanların əksəriyyəti dövlət sektorunda çalışır (ağıllı kənd üzrə dövlət proqramında seçilmiş İsmayıllı rayonunda 60%, Bərdə rayonunda 64% dövlət sektorunda işləyir). Halbuki, ağıllı kənd üçün əsas məqamlardan biri, yerli fermerlərin icmada mövcud olan sahibkarlıq fəaliyyətidir.

Hər bir halda ağıllı kənd icma layihəsidir və onun əsas məqsədlərindən biri müvafiq məhsulların birbaşa bazara çıxarılmısıdır. Əgər insanlar dövlət sektorundan asılıdırlarsa, bu artıq problemdir.

İşsizlik

DB-nın keçirilmiş sorğu göstərir ki, yerli əhali əsas problemlərindən biri işsizlikdir. Sənəddə xüsusilə gənclərin, həm də ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkdiyi qeyd olunur. Ağıllı kənd isə daha çox məşğulluğu və insan resurslarından effektiv istifadəni nəzərdə tutur. Bilik iqtisadiyyatının tərkibi hissəsi olan ağıllı kənd həmçinin ali təhsilə tələbatı artırır.

“Ağıllı” və ya “smart” deyəndə, adətən, yeni texnologiyalar nəzərdə tutulur. Əsas məqamlardan biri internetin əlçatanlığıdır. Ancaq bu istiqamətdə də göstəricilər çətinliklərdən xəbər verir.

İnternet qıtlığı

“Speedtest”in hesablamalarına görə, Cənubi Qafqazda ən aşağı internet sürəti Azərbaycandadır: 23,25 Mbps (Ermənistanda sürət 34,59 Mbps-dir). https://www.speedtest.net/global-index/azerbaijan#mobile DB qeyd edir ki, kəndlərdə bir çox insanın internetə birbaşa çıxışı yoxdur. Ən yaxşı halda mobil internet çıxışı olur, onun da keyfiyyəti yüksək deyil. İnsanlar (tutaq ki, alıcı ilə fermer) əlaqə üçün çox vaxt “Whatsapp” və digər sosial şəbəkələrdən istifadə edirlər, hər hansı xüsusi və ya “e-commerce” platformalardan yararlanmırlar. 2020-ci ildə sorğu keçirilən ərazilərdə şağirdlərin 50%-i məhz internetin zəifliyinə görə keyfiyyətli təhsildən mərhum olub. Dağ kəndlərində vəziyyət daha pisdir. Bəzilərinin ümumiyyətlə internetə giriş avadanlığı yoxdur. Ağıllı kənd isə alıcı və satıcının daha çox internet vasitəsilə birləşməsinə şərait yaratmaıdır. Yəni tranzaksiya (vasitəçi) xərclərini maksimum azaltmalıdır. Satıcı öz məhsullarını alıcıya birbaşa “e-commerce” platformalarından istifadə edərək, sata bilməlidir.

Bank xidmətinə inam azdır

Hesabatda Azərbaycanın bölgələrində bank xidmətlərinə inamın az olduğu vurğulanır. Əhalinin kartlardan ən yaxşı halda nağdlaşdırma üçün istifadə etdiyi, nağdsız və ya onlayn-ödəniş əməliyyatlarının əsasən Bakıda həyata keçirildiyi, bölgələrdə əsasən kommunal xidmət haqlarının ödənilməsi üçün ödəniş terminallarından istifadə olunduğu qeyd edilir.

Nəqliyyat problemi

Bölgələrdə nəqliyyat problemi ciddidir. Bakıda 0,30 AZN-ə gedilən məsafəni, məsələn, Şəmkir rayonunda sakinlər 0,90 AZN-ə keçməli olduqlarını deyirlər. Kəndlər arasında daimi nəqliyyatın olmaması yerli əhalinin taksi xərclərini artırır. Ağıllı kəndlər üçün hər hansı iri şəhərə yaxınlıq da vacib şərtlərdən biridir. Şəhərdə məhsullara tələbat tapmaq, şəhərlərin ətrafında loqistik zəncir qurmaq olar. DB-nın hesabatında seçilən bölgələr Gəncə və Bakı yaxınlığındadırlar. Müvafiq şəhərlərin hava limanlarının olması turizmə müsbət təsir edir, şəhər digər nəqliyyat növlərindən istifadəni asanlaşdırır. Nəqliyyat ağıllı kənd üçün vacibdir.

Yeni texnologiyalardan istifadə təcrübəsi

Yerli fermerlərdən hər hansı platformalardan və ya texnologiyalardan istifadə qabiliyyəti çox azdır. Texnologiyaların inkişafı və tətbiqi bacarıq tələb edir. DB-nın materiallarında qeyd olunur ki, fermerlər Türkiyədə olan aqronomlarla sosial şəbəkə vasitəsilə əlaqə saxlayırlar. Yaxınlıqda və ya ətrafda aqronom tapmaq mümkün deyil.

Tibbi yardım çatmır

İnsan kapitalı həmçinin səhiyyənin vəziyyətindən asılıdır. Sorğunun nəticələri göstərir ki, rayonların əhalisi sağlamlığında ciddi problem yarananda, hətta dərman dalınca Bakıya getməyə məcbur olur. Dağ kəndlərində, ümumiyyətlə, dərman çatmır. Ağıllı kənd üçün hansısa alət mövcud olmalıdır. Bu alət dərman və ya tibbi materialların sifarişini asanlaşdırmalıdır. 2020-ci ildə baş vermiş pandemiya bu məsələni bir az da aktuallaşdırıb (pasientlər həkimlərlə telefon və ya internet vasitəsilə əlaqə saxlamaq məcburiyyətində qalırdılar). Amma bu sahədə hələ ki, hər hansı addım atılmayıb.

Alternativ maliyyə

Ağıllı kənddə fermerin alternativ maliyyələşmə imkanları mövcud olmalıdır. Azərbaycanda fermerlər və ya kəndlərdə fəaliyyət göstərən sahibkarlar bank kreditləri əldə etmək imkanından məhrumdurlar. Bunun həm obyektiv (əmlak zəmanəti, yüksək faiz və s.), həm subyektiv səbəbləri var. Alternativsə yoxdur. Misal göstərilir, kəndlərin birində alternativ kimi lotereyadan istifadə edirlər. Amma bunun alternativ olması məsələsi, əlbəttə, şübhəlidir. Odur ki, mütəxəssislər kraudfandinq, sosial bondlar və s. imkanların təklif edilməsini və ya hansısa yerli maliyyəşmə mexanizmlərinin (bələdiyyə maliyyəşməsi və s.) yaradılmasını zəruri hesab edir.

İdarəetmə problemi

DB təklif edir ki, hər bir bölgədə mərkəzləşdirilmiş şəkildə, müəyyən formada idarəetmə və qeydiyyat strukturu yaradılsın. Məsələn, ASAN Xidmət binası altında bütün xidmətlərin təklif edilməsi müsbət qiymətləndirilir. Amma xidmətlər həm də elektron şəkildə təklif edilməlidir. Bu baxımdan problemlər mövcuddur. Düzdür, bir çox dövlət qurumları elektron xidmətlərin sayını ildən ilə artırır. Amma hətta müvafiq xidmətlərin elektron formada təqdim edilmə səviyyəsi və keyfiyyəti bir yana, insanlar bu xidmətlərdən çox az istifadə edir, çoxları birbaşa müraciətə üstünlük verirlər. Bəzənsə başqa variant olmur. Nümunələrdən biri Şəmkir avtovağzalında biletlərin əldə edilməsiylə bağlıdır (biletləri elektron yolla almaq imkanı yoxdur).

Vətəndaş fəallığı aşağıdır

DB qeyd edir ki, ağıllı kənd məsələsi həm də vətəndaş aktivliyi ilə bağlıdır. İcma bu işdə fəal iştirak etməli, o da qərar verməlidir. Hansısa əlavələr və ya kənardan müdaxilələr daha çox infrastruktur formasında olmalıdır (şəraitinin təminatı və s.). Qalan məsələləri icma həll etməlidir. Məhz icma özü qərar verəndə onun mövcud imkanlardan istifadə etmək imkanı artır. Qeyri-kommersiya təşkilatlarının da iştirakı vacibdir (bu barədə müvafiq sərəncamda qeyd var).

Başqa ölkələrin təcrübəsi nə deyir?

DB Aİ, Yaponiya və Cənubi Koreya təcrübələrini misal göstərir. DB-nin müşahidələrinə görə uğurlu nəticələr bir neçə vacib məqamı vurğulayır:

1) Ən uğurlu yanaşmalar istifadəçi mərkəzlidir. Başqa sözlə, birlikdə yaradılan həllərə yönəlir. Bu zaman müvafiq zonada yaşayan vətəndaşlar tələbatın müəyyən edilməsində, həllərin hazırlanmasında, yoxlanılmasında və tətbiqində iştirak edirlər. Bu, müxtəlif ölkələrdə müxtəlif formada olub. Bütün hallarda işə yerli sakinlər cəlb olunublar;

2) Rəqəmsal innovasiyalarla bərabər sosial innovasiyalar da vacibdir. Rəqəmsal innovasiyalar dəyəri aşağı salır, ancaq sosial innovasiyalar bu xidmətlərin göstərilmə keyfiyyətinə ciddi təsir edir;

3) Regional yanaşma: Ayrı-ayrı kəndləri seçmək üstünlük vermir. Maliyyə baxımdan dayanıqlı olsun deyə regionlar seçilməlidir. Bu həmçinin kompleksli inkişaf üçün zəmin olar;

4) Yerli sahibkarlara və müəssisələrə müvafiq xidmətləri təşkil etmək imkanı verilməlidir. Uğurlu nümunələr daha çox dövlət-özəl partnyorluq əsasında və yerli icmanın iştirakı ilə mümkün olub;

5) Maliyyəşmə mexanizmində alternativlər olmalıdır. Burada kraudfandinq, donor, dövlət və s. maliyyəsindən istifadə vacibdir;

6) Rəqəmsal texnologiyalarla bərabər “analoq” texnologiyaların da tətbiqi, xüsusən, tələbin formalaşmasında istifadəsi vacibdir.

Belə çıxır ki...

Ağıllı kəndi formalaşdırmaqdan ötrü inkişaf etmiş infrastruktur və yerli icmanın iştirakı lazımdır. Yerli icma bir tərəfdən müxtəlif texnologiyalardan istifadə etməli, bu texnologiyaların birlikdə istifadəsinin xərcləri azaltmasına, tranzaksiyanı sıfra endirməsinə və alıcıya çıxışı yaxşılaşdırmasına imkan verdiyini başa düşməlidir, digər tərəfdən yaşadığı şəraiti yaxşılaşdırmalıdır. Bunun əsasında ağıllı kənd qurmaq mümkündür.

Dövlət tərəfindən təhsil, səhiyyə və infrastruktur imkanları təmin edilməlidir. Dövlət həmçinin yerli sahibkarların stimullaşdırılması ilə məşğul olmalıdır.

Beləliklə, sıfırdan da ağıllı kənd tikmək mümkündür. Burada hər hansı problem yoxdur. Amma bu daha çox yeni binaya oxşayacaq. İnsanların tələbatı, onlar binaya dolduqca müəyyən ediləcək və tədricən həll olunmağa başlayacaq. Halbuki, ağıllı kənd həm də insanların öz iqtisadi imkanlarını birləşdirməsi, vahid ərazi kimi inkişafa üstünlük verməsidir. Bütün bunları insan olmayan yerdə reallaşdırmaq çətindir.

İşğaldan azad olunmuş ərazilərdə əhalinin nə ilə məşğul olacağı hələ bilinmir. Bəlkə ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olmaq istəməyəcəklər? Həm də bu mərhələyə keçmək qərarı icma tərəfindən verilməlidir. Dövlət sadəcə infrastrukturu təmin etməlidir. İndiki məqamda Zəngilanda hava limanı, dəmir yolu və s. tikintisi nəzərdə tutulur. Amma Azərbaycanın böyük hissəsində bir çox infrastruktur elementləri mövcuddur. Sadəcə onları inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq lazımdır. Yəni ağıllı kəndi artıq yaşayış mövcud olan ərazilərdə reallaşdırmaq daha uyğundur.