Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

27 İLLİK ELMAN RÜSTƏMOV DÖVRÜ BAŞA ÇATIR

12.04.2022 / Azərbaycan vətəntaşlarının yadında E.Rüstəmov ən çox manatın 2015-ci il devalvasiyası ilə yadda qaldı


Elman Rüstəmov



Milli Məclisin bu gün keçirilən iclasında Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvlüyündən azad edildi. Bununla E.Rüstəmov həm də AMB-nin sədrliyindən də azad olundu. Digər bir qərarla Taleh Kazımov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olundu(APA).

E.Rüstəmov 1992-ci ilin dekabrında Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra səlahiyyət müddəti 5 dəfə artırılıb. Ən son 2020-ci ilin aprel ayında 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdi.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.

“Elman Rüstəmovun fəaliyyətində əsas nöqsan…”

İqtisadçı Samir Əliyev yazır ki, Azərbaycanın bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmovun əl işidir: “O, 1992-1995-ci illərdə Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini, 1995-ci ildən sədri olub. Elman Rüstəmov bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə girişi mümkünsüz edilib.

Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamı bərpa olunub (2015-ci ildəki devalvasiyaya qədər). Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb, inflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib.

Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksəkliyi, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, müştərilərin hüquqlarını pozulması kimi problemlər həllini tapmayıb.

Elman Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmamasıdır. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. İqtisadiyyatı liberal olmayan ölkədə bank sektorunun liberallaşması da mümkünsüzdür”.

“Rüstəmovun başqa şəxslə əvəzlənməsi heç nəyi dəyişə bilməz”

İqtisadçı Natiq Cəfərli isə qeyd edir ki, E.Rüstəmovun başqa şəxslə əvəzlənməsi heç nəyi dəyişə bilməz: “Mərkəzi banklar nəzəriyyədə çox vacib dövlət institutudur, müstəqil, hətta hökumətə pozitiv anlamda müxalif olmalıdır. Onun fəlsəfəsi ölkədə makroiqtisadi sabitliyə nail olmaq, əlindəki alətlərlə inflyasiyaya qarşı mübarizə aparmaqdır. Mərkəzi banklar iqtisadi sistemin tənzimlənməsi üçündür, birjalara, maliyyə və səhm bazarına yön verən institutdur.

Bizdə Mərkəzi Bank müstəqildirmi? Yox. İqtisadi institutlar, səhm bazarı, valyuta bazarı varmı? Yox. Mərkəzi Bank hökuməti, məsələn, Maliyyə Nazirliyini tənqid edə bilərmi? Yox. Mərkəzi Bankın uçot dərəcəsi inflyasiya təsir edirmi? Yox.

Yəni Mərkəzi Bankda rəhbərin ismi deyil, oyun qaydaları, oturuşmuş iqtisadi model, iqtisadi institutlar önəmlidir, məmləkətdə isə belə model yoxdur”.

Devalvasiya olmayacaq demişdi, oldu

Azərbaycan vətəntaşlarının yadında E.Rüstəmov ən çox manatın 2015-ci il devalvasiyası ilə yadda qaldı. 2015-ci il fevralın 16-da AMB manatın ucuzlaşmasına start verdi. Manat hardasa 0,05 faiz uculaşdı. Fərq cuzi idi. Əvvəllər 1 dollar 0,7844 AZN idisə, AMB-nin qərarından sonra hardasa 0,7866 AZN civarında oldu. Bu xəbərdən sonra dollar almaq üçün əhali banklara, valyuta dəyişmə məntəqələrinə axışdı. Bir müddətdən sonra Mərkəzi Bankın sədri E.Rüstəmov AzTV-də çıxış etdi və bildirdi ki, manat kəskin ucuzlaşmayacaq. Ucuzlaşma ilin sonuna kimi yavaş-yavaş olacaq. E.Rüstəmovun bu çıxışından cəmi bir neçə gün sonra fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat hardasa 34 faiz ucuzlaşdı. 1 dollar 0,78 AZN-dən 1,05 AZN-ə çatdı.

Sonda E.Rüstəmovun manatın ucuzlaşması ilə bağlı AMB-nin cəmi 4 gün əvvəl AzTV-yə müsahibəsində deyirdi: “Mən bunu, özəlliklə, demək istəyirəm ki, bir çox ölkələr çox kəskin devalvasiya etdilər. Azərbaycan bu haqda heç düşünmür də. Bunun üçün heç bir əsas yoxdur. Belə bir qərar əmənətləri manatla olanlara, sahibkarların maraqlarına tam ziddir. Ona görə də biz manatı kəskin ucuzlaşması haqda heç düşünmürük də. Manat möhkəm valyutadır, onun kəskin devalvasiyası gözlənilimir. Onun arxasında Azərbaycan dövlətinin gücü, qüvvəti dayanır”.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan