Toğrul Vəliyev

İqtisadçı

2019-CU İLİN "STRUKTUR İSLAHATLARI"

07.02.2019 / Dəyişən dövlət qurumlarının sayı, ya da adıdır, xərclər isə...

2019-cu ilin ilk ayında ölkə gündəminə düşən mövzulardan biri struktur islahatlar oldu. Hər şey Nazirlər Kabinetinin iclasında başladı. 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan toplantıda prezident İlham Əliyev, “idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib,” dedi. İ.Əliyev dünyada əks proseslərin baş verdiyini, idarəetmənin daha yığcam, çevik, məqsədyönlü və daha az işçi ilə həyata keçirildiyini bildirdi, “Azərbaycanda isə idarəetmə sistemi şişir və buna son qoyulmalıdır,” söylədi. (Bu sözlərlə tamamilə razılaşmaq olar, çünki tək 2018-ci ildə ölkədə büdcədən maliyyəşən 10-dan çox qurum yaradılıb: DOST, İnnovasiyalar Agentliyi, Əqli mülkiyyət agentliyi, Dövlət Turizm Agentliyi, KOB İnkişafı Agentliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” PHŞ, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Diasporasına Dəstək Fondu, Aqrar Tədqiqatlar Mərkəzi və s.) Nəticə olaraq çıxışında prezident “struktur islahat” aparılacağını elan etdi. İclas yanvarın 11-i keçirildi və artıq yanvarın 14-ü islahatlarla bağlı ilk sərəncam imzalandı.

Hansı dövlət idarələri ləğv olundu?

Sərəncamlardan danışmazdan əvvəl qeyd edək ki, ölkədə hər hansı sistemi saxlamaq şərtilə islahat aparmaqdan ötrü öncə planlama lazımdır. Belə planlanma işləri 2015-2016-ci illərdə həyata keçirilmişdi. Amma o zaman ciddi dəyişiklik baş vermədi, çünki onda ixtisar məsələsi ön plana keçdi və böhran olduğundan heç kim ixtisarla razılaşmadı.

İndiki iqtisadi durum bir qədər fərqlidir. Düzdür, iqtisadiyyatda artım müşahidə olunmur, amma ciddi azalma da qeydə alınmır – staqnasiya vəziyyəti davam edir. Bu halda hökumət bazarı müəyyən qədər canlandırmalıdır. Buna isə dövlət strukturlarının ixtisarı kömək edə bilər. Ancaq gördüyümüz odur ki, indiki struktur islahatlar plansız gedir.

Yanvarın 14-də verilən sərəncamla aşağıdakı dövlət qurumları ləğv olundu:

1. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi;

2. Bilik Fondu;

3. Strateji Araşdırmalar Mərkəzi

Bir neçə qurum ictimai əsaslarla idarəolunma sisteminə keçdi:

1. Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi;

2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

3. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

4. Tarif (qiymət) Şurasının Katibliyi.

Bəziləri özünümaliyyəşdirmə sisteminə keçdilər:

1. Elmin İnkişafı Fondu;

2. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.

Beləliklə, bir sərəncamla 9 qurum dövlət büdcəsindən ayrılan maliyyədən məhrum edildi. Maraqlıdır ki, bir ay əvvəl qəbul olunan büdcə layihəsində həmin qurumların da 2019-cu il büdcəsi təsdiqlənib və onlara ümumilikdə 14 211,2 min manat ayrılıb.

Ləğv olunmuş qurumlarçün ayrılan pullar necə olacaq?

Eyni gündə ölkənin Müdafiə Sənayesi Nazirliyi də ləğv olundu və onu “Azərsilah” ASC əvəz etdi. Bu nazirlik də dövlət büdcəsindən 11154,3 min manat almalı idi (2019-cu ildə). Bəs bu büdcə vəsaitləri necə istifadə olunacaq, bilinmir. Şirkətin struktur sənədi hələ təsdiqlənməyib, amma onun da birbaşa dövlət büdcəsindən asılı olacağı bəllidir. Bu halda qurumun formasının dəyişdirilməsində bir məqsəd ola bilər, o da quruluşunun çevikləşdirilməsi və asanlaşdırılmasıdır (dövlət orqanıyla səhmdar cəmiyyətin quruluşunda böyük fərq var).

Aqrar sahədə də müəyyən islahatlar aparılıb. Belə ki, dörd qurum--

1. Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidməti,

2. Dövlət Baytarlıq Xidməti,

3. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti,

4. Baş Dövlət Texniki Nəzarət Xidməti

--əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Maraqlıdır ki, müvafiq xidmətlərin cəmi ştat vahidi 86 nəfər təşkil edirdisə, indiki agentlik aparatı işçilərinin sayı 85 olaraq təsdiqlənib. Belə çıxır ki, burda sayı azalan dövlət qurumlarıdır, işçilərin sayı dəyişmir. Yeri gəlmişkən, bu dövlət qurumları büdcədən 32990,9 min manat almalı idilər. İndi bu vəsait bir dövlət qurumunda akkumulyasiya olunacaq.

Növbəti gün—yanvarın 15-i Mədəniyyət Nazirliyi ilə bağlı sərəncam çıxdı. Bu dəfə təəcübləndirən sərəncamın birinci bəndi oldu: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilsin”. Azərbaycanda rəsmən digər kitabxanalar (məktəblərin nəzdində olanları saymasaq) mövcud deyil. Ona görə də bu əmr kitabxanaların ləğvi kimi başa düşüldü. Əslində “ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması” nəzərdə tutulub. Bəs bundan ötrü kitabxanaları niyə ləğv etmək lazımdır? İzah olunmadı. Bəlkə də gələcəkdə kitabxanaların sadəcə adının dəyişdirilməsi nəzərdə tutulub. Bu addım yalnız bu anlama gələ bilər...

Struktur islahatlar daha bir neçə gün davam etdi. Yanvarın 16-ı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda dəyişikliklər edildi. Bu dəyişikliklərə görə nazirliyin nəzdində olan 19 qurum əsasında 3 xidmət və 1 mərkəz yaradıldı və büdcədən 4 milyon manat alan Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv olunub, funksiyaları nazirliyin aparatına verildi. Bakı Kartoqrafiya Fabriki də nazirliyin nəzdinə keçirildi. Onunla birlikdə nazirliyin 13 müxtəlif qurumu (o cümlədən, Zooloji park) ləğv edildi.

Yanvarın 17-i isə daha ciddi islahatlar aparıldı. ASAN Xidmət mərkəzlərində həyata keçirilən bütün xidmətlər yalnız bu mərkəzlərə aid edildi. Yəni əgər əvvəl eyni xidmətdən həm ASAN Xidmət mərkəzində, həm də müvafiq qurumda yararlanmaq olurdusa, indi belə xidmət yalnız ASAN Xidmət mərkəzində göstərilir (şəxsiyyət vəsiqənin əldə edilməsindən başlamış notarial xidmətlərə kimi).

Eyni sərəncamla Maliyyə Nazirliyinin çərçivəsində islahatlar aparıldı. Əvvəl Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, həmçinin Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edildi. Bu qurumlar dövlət büdcəsindən 1264,5 min manat almalı idilər.

Maraqlı dəyişikliklər

Eyni sərəncamın 2-ci bəndində deyilir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılsın”. Bu dəyişikliyin hansı mənanı daşıması haqda heç bir izah verilməyib.

Yanvarın 17-də verilən sərəncamla həm də maraqlı bir ilkə imza atılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan illik vəsaitin yuxarı həddi onun tabeliyində olan qurumların büdcəyə ödədikləri dividendlər ilə məhdudlaşmalıdır. Onun tabeliyində isə “Aztelekom” MMC, “Azərpoçt” MMC, “Azərmarka” MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Bakı Taksi Xidməti” MMC və digər qurumlar var. İndiyə kimi bu qurumlar dövlət büdcəsinə dividend ödəmirdilər (ayrı hallardan başqa, ümumiyyətlə, mənfəət barədə söhbət yox idi). Əslində dövlət şirkətlərinə nəzarət edən digər dövlət qurumlarını da müvafiq sistemə bağlamaq olar.

Daha bir ilk, “hüquq mühafizə və hərbi sahələrdə” çalışan qurumlarda islahatlarla bağlı təkliflərin hazırlanmasına dair tapşırıqların verilməsidir. Bizdə bu sahə həmişə islahatlardan uzaq olub. Müvafiq təklifləri Prezident Administrasiyası üç ay ərzində hazırlamalıdır. Altı ay ərzində isə elm sistemi ilə bağlı təkliflər hazırlanmalıdır. Bunlardan başqa həm Əmək və Əhalinin Sosial müdafiəsi, həm Gənclər və İdman, həm də Təhsil Nazirliyində cüzi dəyişikliklər oldu.

İşçi problemi qalır

Bütün bu dəyişikliklərin əsas məqsədi dövlət idarəetmə sistemini bir qədər tənzimləməkdir. Amma əgər dəyişiklik bir neçə qurumun vahid qurumda birləşməsindən ibarətdirsə... Təəssüflər olsun ki, işçi sayının azaldılması da prioritet deyil və bir-birinin işini təkrarlayan işçilərin hansı pullarla saxlanılacağı bilinmir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafıyla bağlı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans zamanı İ. Əliyev deyib ki, “Dövlət qurumlarında aparılan struktur islahatları--bütün dövlət qurumlarına artıq bildirilib--iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır”. Bunu təsdiqləmək üçün bu yaxınlarda prezidentin tapşırığı ilə “Azərenerji” ASC-nin mühafizə işçiləri (müvafiq dəyişikliklərdən sonra) yenidən işə bərpa olunublar.

Demək, iqtisadiyyatımızın ən böyük problemlərindən biri – büdcədən maliyyəşən qurumlarda işçilərin çoxluğu problemi bu il də həll olunmayacaq. Rəsmi məlumata görə 1553,6 min muzdlu işçidən 888,1 mini dövlət sektorunda çalışır. Görünən odur ki, bu rəqəm azalmayacaq, hələ bəlkə də artacaq.