Postneft, postpandemiya və postişğal....bəs deyilmiş kimi “dördüncü sənaye inqilabı”, “rəqəmsal iqtisadiyyat”, “yaşıl inkişaf” kimi çağırışlar... Bütün bunların fonunda formalaşan gələcək konyuktur və bir də biz –2 manat 30 qəpiklik telefon haqqını ödəmək üçün bank qarşısında növbə gözləyən, ya da vaksinlərdə nanoçip axtaran Azərbaycan vətəndaşları, “zoom” görüşlərdə ekranı söndürməyi bacarmasa da, Dünya Ticarət Təşkilatını barmağına doladığını düşünən kosmopolit statuslu məmurlar, ixracatı pomidor və neftdən asılı iqtisadiyyat, COVID-19 pandemiyasına ilkin və son reaksiyası “koronovirus” sözünün tələffüz qaydasını müəyyən edən akademiya...
Dördüncü sənaye ingilabı qapıdadır, biz buna hazırıqmı?
Dördüncü sənaye inqilabı nədir?
İlk dəfə 2011-ci ildə Hannover sərgisində gündəmə gətirilən, 2012-ci ildə Almanya Hökumətinin işçi qrupu tərəfindən hazırlanan və 2013-cü ildə təqdim edilən hesabatlarla açıqlanan dördüncü sənaye inqilabına transformasiya baş verməkdədir. Dördüncü Sənaye İnqilabı XXI əsrdə baş verəcək bir sıra sosial, siyasi, mədəni və iqtisadi oyanışlardan xəbər verir. Üçüncü Sənaye İnqilabının nəticəsi olan rəqəmsal texnologiyalar bazasında formalaşan dördüncü inqilab əsasən rəqəmsal, bioloji və fiziki innovasiyaların kombinasiyasından doğulur. Sənaye sürətlə inkişaf edir və süni intellekt, robotlar, özü idarə olunan nəqliyyat vasitələri, 3D (üç ölçülü) printerlər, nanotexnologiya, biotexnologiya, materialşünaslıq, enerji saxlanması və kvant hesablama kimi sahələrdə ortaya çıxan nailiyyətlər sürəti bir az da artırmaqdadır. Dördüncü Sənaye İngilabı əslində yaşamaq, işləmək və bir-birimizlə münasibətlərdə fundamental dəyişiklik, yaxud, Dünya İqtisadi Forumunun təbirincə desək, “bəşəri inkişafın yeni səhifəsidir”.
Sənaye inqilabına rəsmi baxış
Dördüncü Sənaye İnqilabı son iki ildə dövlət siyasətinin əhəmiyyətli tezislərindən birinə çevrilib. 2020-ci ilin yanvarında Davos Forumunda Azərbaycan Respublikası prezidentiylə və Dünya İqtisadi Forumunun prezidenti arasında “Azərbaycanda afilə edilmiş regional mərkəzin yaradılması ilə bağlı” niyyət protokolu imzalanıb. 2021-ci ilin yanvarında isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” adlı publik hüquqi şəxs yaradılıb. Mərkəz müvafiq sahə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, əlaqələndirməni təmin etməli, rəqəmsal iqtisadiyyat üzrə çağırışları, təşəbbüsləri izləməli, həmçinin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirməlidir.
Mart ayında Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalandı: Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzi (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradıldı.
Azərbaycan reallığı—təhlillər və rəqəmlər
BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən hazırlanan Rəqabətli Sənaye Performası - 2018 (Competitive Industrial Performance, CIP) indeksinə görə Azərbaycan 152 ölkə arasında 120-ci yerə uyğun görülüb ki, bu da regionda ən zəif göstəricidir. Üstəlik, seçilmiş ölkələr arasında yalnız Azərbaycanın mövqeyində geriləmə müşahidə olunur; 1998-ci ildə Azərbaycan siyahının 111-ci pilləsində yer almışdı (Diaqram 1).
CIP indeksi, sənayenin rəqabət qabiliyyətini ifadə edən üç ölçüsünü əks etdirən səkkiz alt göstəricidən ibarətdir:
1.Sənayedə adambaşına yaradılan əlavə dəyər,
2.Adambaşına sənaye məhsulu ixracatı,
3-4. Sənayeləşmənin intensivliyi,
5-6. İxracın keyfiyyəti,
7.Bir ölkənin dünya sənayesində yaradılan əlavə dəyərdə və
8.Bir ölkənin dünyada ixrac edilən sənaye məhsulunda payı (təsiri)
CIP indeksinin Azərbaycan üzrə bəzi indikatorları üzrə vəziyyət acınacaqlıdır. Belə ki, sənayedə (bu yazıda “sənaye” dedikdə “emal sənayesi” nəzərdə tutulur) yaradılan əlavə dəyərin iqtisadiyyatda xüsusi çəkisinə görə Azərbaycan dünyadan 140-cı yerdə, sənayenin cəmi ixracda xüsusi çəkisinə görə 147-ci, sənaye ixracının keyfiyyətinə görə isə 145-ci yerdə qərarlaşır. Bir sıra islahat xarakterli addımlar atılmasına baxmayaraq, ölkədə sənayeləşmənin intensivliyinə görə Azərbaycan dünyada 127-ci yerdə dayanır. Bütün bunlar aparılan siyasətin effektiv olmadığını göstərir.
Hesabata görə, bütün göstəricilər üzrə, o cümlədən orta və yüksək texnologiya istehsalı, bu məhsulların ixracda payı və sənayeləşmənin intensivliyinə görə 2018-ci ildə Azərbaycanda 2017-ci illə müqayisədə əhəmiyyətli geriləmələr qeydə alınıb. Halbuki, hesabat dövründə hökumət “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” kimi 5 illik proqramlar icra edirdi.
Durumu qiymətləndirmək üçün region ölkələrinə baxsaq, daha aydın mənzərə yaranır. BMT-nin Sənaye İnkişafı Təşkilatının hesabatına görə 2018-ci ildə Azərbaycanda adambaşına sənaye məhsulu istehsalı Türkiyə ilə müqayisədə 7.6 dəfə, Rusiya ilə müqayisədə 4.3 dəfə, Gürcüstanla müqayisədə 30.7% azdır. Nəticədə sənayenin ÜDM-də xüsusi çəkisinə görə ən aşağı göstərici Azərbaycana məxsusdur. Türkiyə iqtisadiyyatında hər 100 dolların 16.5 dolları sənayenin payına düşdüyü halda Azərbaycanda müvafiq göstərici 5.6 dollardır (Diaqram 2).
Durumu qiymətləndirmək üçün region ölkələrinə baxsaq, daha aydın mənzərə yaranır. BMT-nin Sənaye İnkişafı Təşkilatının hesabatına görə 2018-ci ildə Azərbaycanda adambaşına sənaye məhsulu istehsalı Türkiyə ilə müqayisədə 7.6 dəfə, Rusiya ilə müqayisədə 4.3 dəfə, Gürcüstanla müqayisədə 30.7% azdır. Nəticədə sənayenin ÜDM-də xüsusi çəkisinə görə ən aşağı göstərici Azərbaycana məxsusdur. Türkiyə iqtisadiyyatında hər 100 dolların 16.5 dolları sənayenin payına düşdüyü halda Azərbaycanda müvafiq göstərici 5.6 dollardır (Diaqram 2).
Azərbaycan, həmçinin, emal sənayesinin ixracda payına görə müqayisə etdiyimiz ölkələr arasında ən aşağı göstəriciyə (7%) malikdir. Regionda bu indikator üzrə ən yüksək göstərici Türkiyəyə aiddir. Ancaq Gürcüstan son 15 ildə həyata keçirilən liberal iqtisadi siyasət hesabına emal sənayesində ciddi uğur əldə edə bilib.
Orta və yüksək texnoloji məhsulların sənaye ixracında payına görə də Azərbaycanda vəziyyət ürəkaçan deyil. Bu məhsulların sənaye ixracında payı Azərbaycanda 26%-dir ki, bu da Rusiyadakından 3%, bənzər iqtisadi keçmişi, coörafiyanı və inkişaf tarixini paylaşan Gürcüstanla müqayisədə 8% azdır.
Sənayenin inkişaf səviyyəsi üzrə təhlillər resurs bolluğunun (resource abundance) iqtisadi inkişafçün yaratdığı riskləri nümayiş etdirir. Təhlillərdən görünür ki, karbohidrogen resurslarla zəngin Azərbaycan və Rusiya resurs qıtlığı olan Türkiyə və Gürcüstanla müqayisədə sənayeləşmə, o cümlədən emal sənayesinin inkişaf səviyyəsinə görə çox geridədir. 30 il əvvələdək oxşar iqtisadi sistemin subyekti olan Gürcüstan isə müvafiq tezisi xüsusilə möhkəmləndirir. Başqa sözlə, resurs bolluğunun zəif inkişaf səviyyəsi və insan kapitalına malik ölkələr, iqtisadiyyatlar üçün yaratdığı lənətlərdən (resource course) biri və hətta ən təhlükəlisi məhz müvəqqəti rahatlıqdan qaynaqlanan zəif şaquli və üfiqi şaxələnmədir.
Bütün bunlar o deməkdir ki, Azərbaycan nanotexnologiyaların, kvant kompüterlərin, robortların, süni intellketlərin və ağıllı fabriklərin, digital idarəetmənin öncüllük etdiyi sənaye dövrünə çox zəif, geridəqalmış, rəqabətədavamsız sənaye ilə daxil olur. Ancaq təkcə sənayenin cari vəziyyəti deyil, insan kapitalının inkişaf səviyyəsi, akademik institutların iştirakı və inkişafı, təşviqedici dövlət siyasəti, araçı institutların mövcudluğu və effektivliyi də Dördüncü Sənaye İnqilabı dövründə öncül olmaq istəyən ölkələrin inkişaf siyasətlərinin prioriteti olmalıdır. Bütün bu sadalananlar ekosistemin əvəzsiz halqalarıdır... Bu sahələrin hər biri üzrə mövcud durumu növbəti yazılarımızda daha geniş təhlil etməyə çalışacağıq.