Açıq Azərbaycan

Onlayn media

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BÜDCƏLƏRİ: MÜHARİBƏDƏN ƏVVƏL VƏ 2027-Cİ İLDƏ

06.11.2026 / İndi Ermənistanda adambaşına düşən büdcə gəlirləri və xərcləri Azərbaycanla müqayisədə daha çoxdur


Foto Azərtacdan götürülüb



Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsində büdcə gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində proqnozlaşdırılır. Mövcud məzənnə ilə hesablasaq, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsi gəlirlərinin 23,1 milyard ABŞ dolları, xərclərinin isə 24,9 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. Qanun layihəsi Milli Məclisə 23 oktyabr 2026-cı il tarixində daxil olub.[1]

44 günlük müharibənin baş verdiyi və koronavirus pandemiyasının yayıldığı 2020-ci ildən əvvəlki — 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 13,6 milyard dollar (23,2 milyard manat), xərcləri isə 14,8 milyard dollar (25,2 milyard manat) idi.[2] Beləliklə, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi qəbul olunarsa, son 8 ildə dövlət büdcəsinin gəlirləri 9,5 milyard dollar, yəni 70%, xərcləri isə 10,1 milyard dollar, yəni 68% artacaq.

2019-cu ilin yekununa dair rəsmi məlumata görə, Azərbaycanda qeydə alınmış əhalinin sayı 9 milyon 951,4 min nəfər olub.[3] Bu statistikaya əsaslansaq, 8 il əvvəl Azərbaycanda adambaşına düşən büdcə gəlirləri 1 369 dollar, büdcə xərcləri isə 1 489 dollar imiş.

Son rəsmi statistika Azərbaycanda əhalinin sayının 10 milyon 278 min nəfərə çatdığını göstərir.[4] Bu say əsasında hesablasaq, 2027-ci ildə Azərbaycanda adambaşına düşən büdcə gəlirləri 2 246 dollar, büdcə xərcləri isə 2 426 dollar olacaq. Bu da o deməkdir ki, son 8 ildə Azərbaycanda adambaşına düşən dövlət büdcəsi gəlirləri 64% (877 dollar), xərcləri isə 63% (937 dollar) artmış olur.

Bəs Ermənistanın dövlət büdcəsi son 8 ildə necə dəyişib?

Emənistanda da müharibə və koronavirus pandemiyası ilə yadda qalan 2020-ci ildən əvvələ – 2019-cu ilə nəzər salsaq, dövlət büdcəsinin gəlirlərinin 1 trilyon 496 milyard 463 milyon dram, xərclərinin isə 1 trilyon 648 milyard 63 milyon dram olduğunu görərik.[5] 2019-cu ildə qeydə alınan orta məzənnə (1 ABŞ dolları = 480 dram) əsasında hesablandıqda, həmin il Ermənistanın dövlət büdcəsi gəlirləri 3,1 milyard dollar, xərcləri isə 3,4 milyard dollar təşkil edib.

2027-ci il üçün açıqlanan Ermənistan dövlət büdcəsində gəlirlərin 9,98 milyard dollar (3,6 trilyon dram), xərclərin isə 11,29 milyard dollar (4,1 trilyon dram) olacağı proqnozlaşdırılır.[6]

2019-cu ilin sonunda və 2026-cı ilin sentyabr ayında Ermənistanda qeydə alınan əhali sayını nəzərə aldıqda,[7] bu ölkədə adambaşına düşən büdcə gəlirlərinin 3,1 dəfə artaraq, 1 052 dollardan 3 220 dollara, büdcə xərclərinin də eyni nisbətdə – 3,1 dəfə artaraq, 1 159 dollardan 3 640 dollara yüksələcəyi gözlənilir.

Adambaşına düşən büdcə gəlirləri Azərbaycanda 64%, Ermənistanda isə 210% artacaq

Adambaşına düşən büdcə gəlir və xərclərinin müqayisəsi göstərir ki, müharibədən əvvəl – 2019-cu ildə Azərbaycanın göstəriciləri Ermənistanla müqayisədə yüksək olub. Belə ki, 2019-cu ildə adambaşına düşən büdcə gəlirləri Azərbaycanda 1 369 dollar, Ermənistanda 1 052 dollar, büdcə xərcləri isə Azərbaycanda 1 489 dollar, Ermənistanda 1 159 dollar imiş.

8 ildən sonra – 2027-ci ilin proqnoz göstəricilərinə əsasən, adambaşına düşən büdcə gəlirlərinin Azərbaycanda 2 246 dollar, Ermənistanda 3 220 dollar, büdcə xərclərinin isə Azərbaycanda 2 426 dollar, Ermənistanda 3 640 dollar olacağı gözlənilir.

İnd artımı müqayisə edək: Rəqəmlər göstərir ki, 2019–2027-ci illərdə adambaşına düşən büdcə gəlirləri Azərbaycanda 64%, Ermənistanda 210% (3,1 dəfə) artacaq. Büdcə xərcləri isə Azərbaycanda 63% artacağı halda, Ermənistanda 210% (3,1 dəfə) artacaq.

Ermənistanda adambaşına düşən müdafiə xərcləri 2,6, Azərbaycanda isə 2,7 dəfə artır

2027-ci ildə hər iki ölkənin dövlət büdcəsindən ən çox müdafiə və milli təhlükəsizlik xərclərinə vəsait ayrılacaq.

2027-ci ildə müdafiə və milli təhlükəsizlik istiqamətinə Azərbaycanın dövlət büdcəsindən 5,2 milyard dollar (8 milyard 816,4 milyon manat) vəsait ayrılacağı proqnozlaşdırılıb. 2019-cu ildə analoji göstərici 1,88 milyard dollar (3 milyard 187,6 milyon manat) idi. Beləliklə, adambaşına düşən müdafiə və milli təhlükəsizlik xərclərinin 2019-cu ildəki 188 dollardan 504 dollara yüksələcəyi gözlənilir. Yəni, Azərbaycanda dövlət büdcəsindən adambaşına düşən müdafiə və milli təhlükəsizlik xərcləri son 8 ildə 2,7 dəfə artacaq.

Ermənistanda dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətində ayrılan vəsait 2019-cu ildə 697,7 milyon dollar (334 milyard 872 milyon dram), bu istiqamətdə adambaşına düşən xərc isə 235 dollar olub. 2027-ci ilin dövlət büdcəsi layihəsində isə Ermənistanın müdafiə və milli təhlükəsizlik istiqamətlərinə 1,88 milyard dollar (679 milyard 50 milyon dram) vəsait ayrılması nəzərdə tutulub. Nəticədə, son 8 ildə Ermənistanda da adambaşına düşən müdafiə və milli təhlükəsizlik xərclərinin 2,6 dəfə artması gözlənilir (2019-cu ildə bu rəqəm 235 dollar idi, 2027-ci il üçün 607 dollar pronozlaşdırılır).

Dövlət borcu ilə bağlı xərclər Azərbaycanda azalıb, Ermənistanda artıb

Hər iki ölkənin dövlət büdcəsində diqqət çəkən xərc istiqamətlərindən biri də dövlət borcu ilə bağlı xərclərdir. 2019-cu ildə Azərbaycanın dövlət büdcəsindən daxili və xarici borclar üçün 1,37 milyard dollar (2 milyard 335 milyon manat) ayrılmışdı. 2027-ci ildə bu məbləğin 1,29 milyard dollar (2 milyard 200 milyon manat) olacağı gözlənilir.

Ermənistanda isə dövlət borcu ilə bağlı xərclərin 2019-cu ildə 329 milyon dollar (158 milyard dram) olduğu halda, 2027-ci ildə 1,15 milyard dollara (416 milyard 842 milyon dram) yüksələcəyi proqnozlaşdırılır.

Son 8 ildə dövlət borcu ilə bağlı adambaşına düşən xərclər Azərbaycanda 138 dollardan 125 dollara enəcəyi halda, Ermənistanda 111 dollardan 371 dollara yüksələcək.

Dramın məzənnəsi manat kimi sabit qalsaydı?

Dollarla ifadə olunan göstəricilərin bu qədər fərqlənməsində dramın dollara qarşı güclənməsi də həlledici rol oynayır. Ermənistanın milli valyutası manat kimi dollara qarşı sabit qalsaydı, aradakı fərq daha az ola bilərdi. Yəni dolların məzənnəsi 2019-cu ildəki səviyyədə qalmış olsaydı, o zaman 2027-ci ildə Ermənistanda adambaşına düşən büdcə gəlirləri təxminən 2 420 dollar, xərclər isə təxminən 2 740 dollar ola bilərdi. Amma bu rəqəmlərdən görünür ki, dramın məzənnəsi dəyişməsəydi belə, Ermənistanın göstəriciləri Azərbaycanın göstəricilərindən (2 246 və 2 426 dollar) yüksək olacaqdı.

Neft Fondundan transfertlər nəzərə alınmadan müqayisə

Yuxarıdakı rəqəmlərdən gördük ki, Ermənistanda adambaşına düşən büdcə xərcləri də, gəlirləri də Azərbaycanla müqayisədə xeyli yüksək olacaq. Azərbaycanın Neft Fondundan ediləcək transfertləri nəzərə almasaq bu fərq təxminən iki dəfədən çoxdur. 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,254 milyard manat (23,09 milyard dollar), Ermənistanın dövlət büdcəsinin gəlirləri isə 3 trilyon 603,8 milyard dram (9,98 milyard dollar) proqnozlaşdırılır. Hər iki ölkədə mövcud əhali sayını nəzərə alsaq, o zaman Azərbaycanda adambaşına düşən büdcə gəlirlərinin 2 246 dollar, Ermənistanda isə 3 220 dollar olacağı gözlənilir.

Azərbaycanın büdcə gəlirlərində Neft Fondundan ediləcək transfertlərin həcmi 11,9 milyard manat (7 milyard dollar) həcmində proqnozlaşdırılıb. Bu, ümumi büdcə gəlirlərinin 30,3%-ni təşkil edəcək. Ümumi büdcə gəlirlərində Neft Fondundan ediləcək transfertləri nəzərə almasaq, Azərbaycanda adambaşına düşən büdcə gəlirləri 1 564 dollar səviyyəsində nəzərdə tutulub. Bu isə Ermənistandakı analoji göstəricidən təxminən iki dəfə azdır.


[1] https://www.meclis.gov.az/news-layihe.php?id=2730&lang=az&par=0

[2] https://e-qanun.az/framework/41115

[3] https://www.stat.gov.az/source/demoqraphy

[4] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1&lang=az

[5] https://arlis.am/en/acts/131285?utm_source

[6] https://www.minfin.am/hy/page/petakan_byuje_2027t?utm_source

[7] https://www.armstat.am/ru/?nid=12&id=11001