Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCAN ƏN UCUZ 10 ÖLKƏ SIRASINDA

23.03.2018 / Yaşamaq Xərci İndeksinə görə son 4 ildə Azərbaycanda real qiymətlər təxminən 2 dəfə aşağı düşüb

2018-ci il üzrə dünya ölkələrinin və şəhərlərinin Yaşamaq Xərci İndeksi dərc edilib. İndeksə görə Azərbaycan 30.62 balla 107-ci yeri tutaraq araşdırmanın əhatə etdiyi 115 ölkə arasında ən ucuz onluğa daxil olub.

Qeyd edək ki, numbeo.com portalının hazırladığı bu indeksdə baza olaraq Nyu York şəhərinin qiymətləri götürülür (100). Məsələn, hansı ölkənin və ya şəhərin indeksi 120-dirsə, bu orada yaşamaq xərclərinin Nyu Yorkdan 20% baha olduğunu göstərir. Ya da ki, başqa bir ölkənin və ya şəhərin indeksi 70-dirsə, bu oradakı yaşam xərclərinin Nyu Yorkla müqayisədə 30% aşağı olduğunu iafadə edir.

Ümumiyyətlə isə Yaşamaq Xərci İndeksi istehlak malları və xidmətlərinin göstəricilərini ümumiləşdirir. Bura ərzaq məhsulları, restoran, nətliyyat və kommunal xidmətlərin qiymətləri daxildir. Bütün bu qiymətləri nəzərə alaraq, numbeo.com Ərzaq Məhsulları İndeksini, Restoran Qiyməti İndeksini, eləcə də Yerli Alıcılıq Gücü İndeksini hazırlayır və bunların əsasında isə Yaşamaq Xərci İndeksini ümumiləşdiri. Eyni zamanda portal İcarə İndeksini də hesablayır və bunu da yaşamaq xərci ilə ümumiləşdirərərk Yaşamaq Xərci üstəgəl İcarə İndeksi kimi təqdim edir.

İndeksə görə dünyanın ən bahalı 10 ölkəsi bunlardır: Bermud adaları, İsveçrə, İslandiya, Norveç, Baham adaları, Luksemburq, Danimarka, Sinqapur, Yaponiya, İsrail.Həmçinin dünyanın ən ucuz 10 ölkəsi isə belə sıralanır: Pakistan, Misir, Ukrayna, Hindistan, Tunis, Suriya, Kosovo, Gürcüstan, Azərbaycan, Banqladeş.

Qonşu Ermənistanın indeksdəki yeri 100-cü sıradır. Bu ölkədə yaşam xərci Azərbaycandan təxminən 3% bahadır. O biri qonşularımızdan Rusiya 77-ci, Türkiyə 79-cu, İran isə 95-ci sıradadır.

Onu da qeyd edək ki, portal həmçinin şəhərlərdə də Yaşamaq Xərci İndeksini hesablayıb. Paytaxt Bakı 569 şəhər içərisində 532-ci yerdədir. Tbilisidə (529) yaşamaq xərci Bakı ilə müqayisədə 0.61%, İrəvanda isə 3.95% bahadır.

Onu da qeyd edək ki, Azərbaycanın Yaşamaq İndeksi 2015-ci ildən azalmağa başlayıb. Bundan əvvəlki 2014-cü ildə Azərbaycan dünyanın 50-ci bahalı ölkəsi olub.