Aytən Məmmədova

Müstəqil jurnalist

HÜQUQİ YARDIM ÜÇÜN BÖYÜK ƏNGƏL

06.11.2017 / Məhkəmədə nümayəndəliyin məhdudlaşdırlmasından sonra şikayətlərin sayı kəskin azala bilər

Azərbaycan qanunvericiliyi məhkəmə prosesində nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırır. Milli Məclis bu məqsədlə oktyabrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişiklik edib. Ölkə prezidenti imzalayandan sonra qüvvəyə minməsi nəzərdə tutulan bu dəyişiklikdən sonra məhkəmələrdə vətəndaşların hüquqlarını yalnız Vəkillər Kollegiyasının üzvü olanlar müdafiə edə bilərlər.

İndiyə qədər belə idi ki, ancaq cinayət işlərində, bir də Ali Məhkəmə və Konstitusiya Məhkəməsində vətəndaşların hüquqlarını müdafiə edənlərin mütləq Vəkillər Kollegiyasının üzvü olması tələbi vardı. Mülki mübahisələrdə, dövlət orqanları ilə vətəndaşlar arasındakı inzibati məhkəmə çəkişmələrində isə vətəndaşları etibarnamə ilə Kollegiyanın üzvü olmayan hüquqşünaslar, hətta başqa peşə sahibləri də təmsil edə bilirdi. Bu dəyişiklikdən sonra isə müəyyən səbəblərdən Vəkillər Kollegiyasından kənarda qalmış hüquqşünasların üzünə qapılar bağlandı...

Sözügedən dəyişikliklə bağlı təşəbbüs Ali Məhkəmənin rəhbərliyindən gəlib. Nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı layihəni də Milli Məclisə onlar göndərib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Hərçənd, ölkədə vəkillərin sayına, onların bir çoxunun bilik və bacarıqlarına, iş prinsiplərinə baxanda, nümayəndəlik institutunu sıradan çıxarmaqla hüquqi xidmətin yardımın keyfiyyətini yaxşılaşdırmaq istəyi haqda deyiənlər səmimi görünmür.

Azərbaycan Avropa Şurasında ən axırıncıdı...

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda Vəkillər Kollegiyasının üzvlərinin sayı məhkəmələrdə baxılan işlərin sayına adekvat deyil. Bizim qanunvericiliyə görə, ancaq bu quruma üzv olanları “vəkil” adlandırırlar. Bu mənada, 10 milyon əhalisi olan ölkədə cəmi 936 vəkil var - hər 11 min 100 nəfərə bir vəkil düşür. Bu göstərici ilə Azərbaycan Avropa Şurasının 47 üzv ölkəsi arasında sonuncu yerdədir. Dörd milyon əhalisi olan Gürcüstanda 5 min vəkil var - 800 nəfərə bir vəkil düşür.

Azərbaycandakı 936 nəfərin də hamısı vəkil kimi fəaliyyət göstərmir, təxminən 150-yə yaxını ya bizneslə məşğul olur, ya da dövlət qulluğunda çalışır. Qalanların da cəmi 263-ü Bakıdan kənarda, regionlarda çalışır.

Hələlik 2016-cı ilə dair statistik göstəriciləri əldə etmək mümkün olmayıb. 2015-ci ildə isə Azərbaycanın birinci instansiya məhkəmələrində 260 mindən çox işə baxılıb. Bunun da təxminən 11 mini cinayət işləri, qalan 249 mini isə mülki işlər, vətəndaşlarla dövlət orqanları arasındakı mübahisələrə dair inzibati-iqtisadi məhkəmələr olub. Bu məhkəmələrin böyük əksəriyyətində vətəndaşların hüquqlarını Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar qoruyub.

Məsələnin başqa bir tərəfi odur ki, parlament ölkədə onminlərlə insana təsiri olan dəyişikliyi qəbul etməmişdən əvvəl layihənin açıq müzakirəsini keçirmədi. Hətta oktyabrın 31-də dəyişiklik qəbul olunana qədər Milli Məclisin saytında, yaxud başqa bir rəsmi mənbədə bu layihəni tapmaq, Ali Məhkəmə rəhbərliyinin Milli Məclisdən konkret nə istədiyini öyrənmək mümkün olmadı. Sadəcə, ümumi şəkildə məlum idi ki, nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırmaq istəyirlər.

Traktorçu məhkəmədə qanuni nümayəndə ola bilər, peşəkar hüquqşünas yox...

Yeni qanuna görə, bundan sonra, hətta ən savadlı, peşəkar hüquqşünaslar da məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməz, amma peşəsindən asılı olmayaraq, istənilən yaxın qohuma bu səlahiyyət verilir. Başqa sözlə, dülgər, mühasib, traktorçu və s. məhkəmədə öz qohumunu təmsil edə bilər, amma nəinki ölkədə, hətta beynəlxalq miqyasda ölkənin peşəkar hüquqşünasları kimi qəbul olunan İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Aslan İsmayılov və başqaları vətəndaşların hüquqlarını müdafiə edə bilməz.

Diqqətdən kənarda qalan daha bir dəyişiklik isə müəyyən hallarda vətəndaşların Ali Məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsi ilə bağlıdır. Bundan sonra iqtisadi (biznes) mübahisələr üzrə 10 min, digər hallarda isə 2 min manatdan az olan mülki iddialar üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilə bilməz.

Deputatlar da narazıdır

Yeni dəyişikliyi təkcə praktik hüquqşünaslar, vətəndaş cəmiyyəti yox, elə Milli Məclisin üzvləri də birmənalı qarşılamayıb. Məsələn, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iddia edir ki, bu dəyişiklikdən sonra məhkəmələrdə nümayəndəlik institutu təkmilləşəcək. Onun sözlərinə görə, nümayəndəliyi özünə “peşə” edən qeyri-peşəkarların onlara etibar edilmiş səlahiyyətlərdən sui-istifadə etməsinə imkan verilməyəcək.

Amma layihənin əleyhinə səs verən digər deputat Zahid Oruc deyir ki, ölkədə Vəkillər Kollegiyasının üzvlərinin sayı həddən artıq az olduğu bir vaxtda belə dəyişiklik minlərlə insanın məhkəmələrdə müdafiəsiz qalması deməkdir: “Sadə insanları nümayəndəsiz qoymağımız yanlışdır. Hazırda məhkəmələrdə 100 minə yaxın mülki iş var. Vəkillərin sayını artırmadan bu prosesi həyata keçirmək çətin olacaq”.

Z.Oruc xatırladıb ki, vəkillərin sayına görə Azərbaycan qonşu ölkələrdən həm Gürcüstan, həm də Ermənistandan geridədir: “Bu dəyişikliyi qəbul etməklə Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyacağıq”.

Parlamentdə layihənin müzakirəsi zamanı deputat Qənirə Paşayeva da bənzər fikirlər söyləyib. Deyib ki, bu dəyişiklikdən sonra məhkəmələrdə olan onminlərlə iş cəmi 936 nəfərlik vəkil heyətinin üzərinə qoyulacaq. Onlar isə bu yükün öhdəsindən gəlmək iqtidarında deyil. Q.Paşayevanın sözlərinə görə, qısa müddətdə vəkillərin sayını 2-3 dəfə artırmaq da problemi həll etməyəcək: “Əlbəttə, nümayəndəlik institutunda dələduzqluqla məşğul olub insanları aldadanlar, zərər vuranlar var və bu, hamımızı narahat edir. Amma bir məsələni düzəltmək istəyəndə başqa bir ciddi problem yaratmaq olmaz. Ölkədə vəkillərin sayı az, məhkəmələrdəki işlərin sayı isə çoxdur. Belə vəziyyətdə vəkillər üçün seçim imkanı yaranır, kim daha yaxşı maliyyə təklif edirsə, həmin vətəndaşın işini götürəcək. Bu cür maddi səbəblər üzündən nə qədər adamların hüquqları müdafiəsiz qalacaq. Qanun qüvvəyə minənə qədər vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılmalıdır. Xüsusən bölgələrdə buna çox ciddi ehtiyac var. Paralel olaraq, bu addımlar atılmasa, ciddi problemlər ortaya çıxa bilər”.

Q.Paşayeva məhkəmələrin fəaliyyətini də tənqid edib: “Bir məsələni də etiraf etməliyik ki, məhkəmələrə inam yaranması üçün məhkəmələrin özündə də ciddi addımlara ehtiyac var. Problem birtərəfli deyil...”

“Məhkəmələrdə islahat aparılmalıdır”

Elə hüquqşünas Ramil Süleymanlı da o fikirdədir ki, son dəyişiklik vətəndaşların məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdıracaq: “Ötən il ABŞ-da mülki işlərin 27 faizini, pensiya mübahisələrinin 92 faizini məhkəmələrdə praktik hüquqşünaslar aparıb. Ümumiyyətlə, dünya praktikasında yalnız Vəkillər Kollegiyasının üzvlərindən yardım almaq anlayışı yoxdur. Hökumət iddia edir ki, hüquqi yardımın keyfiyyətini artırmaq üçün bu dəyişiklik vacibdir. Halbuki, dövlət vətəndaşın qayğısına qalırsa, onun hüquqlarının qorunmasını istəyirsə, ilk növbədə məhkəmələrdə islahatlar aparılmalıdır. Buna görə nümayəndəlik institutunu sıradan çıxarmağa gərək yoxdur”.

“Hökumət fəsadları görüb fikrini dəyişəcək”

Başqa bir praktik hüquqşünas Rəşad Əliyev hesab edir ki, son dəyişikliyin fəsadı qısa müddətdə özünü göstərəcək və hökumət məsələyə yenidən baxmaq məcburiyyətində qalacaq: “Bu nə məntiqdir axı, orta təhsilli yaxın qohum məhkəmədə nümayəndə ola bilər, amma ali təhsilli hüquqşünas vətəndaşı məhkəmədə təmsil edə bilməz?! Təbii, hüquqi savadı, biliyi olmadan nümayəndəlik edənlər, dələduzlar da var. Amma bir qisim yarıtmaza görə minlərlə savadlı hüquqşünası sənətindən, çörəyindən məhrum etmək kimə lazımdır? Dəyişikliyin təşəbbüskarı - Ali Məhkəmənin sədri kassasiya instansiyasında yalnız vəkil orderi ilə iştiraka imkan verməklə onsuz kifayət qədər ciddi problem yaradırdı. Bakı bir tərəfə, rayonlarda uzağı iki-üç vəkil olur. Minlərlə insana necə hüquqi yardım göstərəcəklər? Tələm-tələsik qəbul edilən dəyişikliyin fəsadları yəqin ki, qısa müddətdə özünü göstərəcək. Düşünürəm ki, hökumət ən azı, ali hüquq təhsili olan şəxslərin məhkəmədə qanuni nümayəndə olmasına icazə veriləcək”.

Kredit bataqlığında qalan vətəndaşlar daha da “batacaq”

Beynəlxalq tədbirlərdə hüquq eksperti kimi ölkəni təmsil edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, Milli Məclis Ali Məhkəmənin layihəsinə “hə” deməklə xalqın mənafeyinə zidd addım atdı. Hüquqşünasın sözlərinə görə, 10 milyon əhali özünün müdafiəyə ehtiyacı olan bir quruma – üzvlərinin sayı təxminən 900 nəfər olan Vəkillər Kollegiyasına məhkum buraxıldı.

“Bakı və ətrafında yaşamayan 7 milyon 20 min nəfər əhalini cəmi 235 vəkil təmsil edəcək. Yəni hər 30 000 nəfəri bir vəkil təmsil edəcək. Hazırda məhkəmədə olan işləri vəkillərin sayına bölsək, hər vəkilə 500-dən çox iş düşəcək. Vətəndaşları müxtəlif hiylələrlə aldadıb kredit bataqlığına salan banklara qarşı minlərlə vətəndaşı müdafiə edən nümayəndələr olmayacaq. Həmin əhali kütləsinin əksəriyyəti rayonlarda olduğundan, onlar banklar qarşısında müdafiəsiz qalacaqlar.

Minlərlə nümayəndə işsiz qalacaq və onların minlərlə ailə üzvünün gəlir yerləri olmayacaq, ehtiyac içərisinə düşəcəklər”, - Ələsgər Məmmədli bildirib.

Onun fikrincə, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılan işlərin sayında da ciddi azalma olacaq.

Ə.Məmmədli yada salır ki, onsuz da indiyə qədər məhkəmələrdə hakimlərin hüquqa zidd hərəkətlərinə etiraz edib, müstəqil mövqe nümayiş etdirən vəkilləri elə Vəkillər Kollegiyası rəhbərliyinin əli ilə cəzalandıran, onları vəkillikdən uzaqlaşdıran hakimlər bundan sonra daha da rahatlaşacaqlar. Çünki indiyədək həmin hakimlərin Kollegiya üzvü olmayan hüquqşünaslara təsir imkanları yox idi: “Bundan əlavə, bəzi vəkillər rahatlıqla hakimlərlə münaqişədən qorxmur, vəkillikdən atılsalar da, nümayəndə kimi fəaliyyətlərini sürdürə biləcəklərini düşünüb daha ötkəm olurdular. İndi bütün vəkillər hakimlərə görə Kollegiya torbasına salınmış vəziyyətdə olacaq. Beləliklə, tam nəzarətn təmin ediləcək”.

Hökumətin əhəmiyyət vermədiyi təkliflər

Praktik Hüquqşünaslar Qrupu nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırmadan vətəndaşlara hüquqi yardımın keyfiyyətini artırmaq üçün bir sıra təkliflər hazırlayıb hökumətə təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınmış etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir. Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, etibar edilənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Amma bu təkliflər nəzərə alınmadı...