Açıq Azərbaycan

Analitik Portal

AZƏRBAYCAN QADINA ZORAKILIĞA QARŞI KONVENSİYAYA QOŞULMUR

13.10.2019 / Ölkədə məişət zorakılığından əziyyət çəkənlərin 75 faizi qadınlardır


Kollaj Shutterstock internet saytından götürülüb.



Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərəçəkənlərin 74.9%-i qadın olub. İl ərzində məişət zorakılığı ilə üzləşən 1221 nəfər arasında qəsdən öldürülənlərin 75%-i, özünü öldürmə həddinə çatdırılanların 100%-i, əzab verilənlərin 100%-i qadınların payına düşüb.

BMT-nin Qadınlara qarşı Zorakılığa dair Qlobal Məlumat Bazasında Azərbaycan 80-ci yeri tutur. Hesablamalar zamanı ölkədə 15 yaş və yuxarı qadınlara qarşı fiziki və ya cinsi zorakılıq (partnyorları tərəfindən edilən) halları əsas götürülüb. Bu göstəricilərə görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında 2-ci yerdə olsa da, Avropa ölkələrindən 10 dəfəyədək geridə qalır. Ancaq…

İstanbul konvensiyasına imza atmayan iki ölkədən biri Azərbaycandır

İstanbul Konvensiyası kimi tanınan sənəd-- Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya 2011-ci ildə qəbul olunub. Avropa Şurasına üzv olan 47 ölkədən 45-i sənədi imzalayıb, iki ölkədən--Azərbaycan və Rusiyadan başqa.

Azərbaycanın rəsmiləri İstanbul Konvensiyası ilə bağlı görüşlərdə bu sazişə qoşulmaqda maraqlı olduqlarını, lakin prosesin zaman alacağını bildirsələr də, qoşulmama səbəblərindən ətraflı danışmırlar. Amma ölkədəki durum, qadına qarşı zorakılıqların ictimaiyyətə çatdırılması, səs-küylü açıqlamalar konvensiya məsələsini yenə gündəmə gətirib.

İstanbul Konvensiyası nələri əhatə edir?

İstanbul Konvensiyası qadınlara qarşı zorakılığı insan haqlarının pozulması və ayrı-seçkiliyin bir forması kimi tanıyır. Burada təcavüz məqsədilə təqib, məcburi evlilik, qadın sünnəti, məcburi abort və məcburi qısırlaşdırma kimi xüsusi əməllər cinayət olaraq təsbit edilir.

Konvensiya qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qadağan edir.

Sənəddə deyilir ki, həm qanunvericilikdə, həm də təcrübədə qadınlar və kişilər arasında bərabərliyə nail olmaq qadınlara qarşı zorakılığa son qoymaqdan ötrü əsas şərtdir.

Konvensiya zorakılıqla mübarizədə və onun aradan qaldırılmasında QHT və vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulayır.

Konvensiya münasibətlərdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin tədris materiallarında öz əksini tapmasını və təhsil proqramının bütün mərhələlərində təbliğini təklif edir.

Sığınacaq və dəstək xidməti

Sənəd zorakılıq qurbanlarının istifadə edə biləcəyi və bütün ölkəni əhatə edən ixtisaslaşdırılmış dəstək xidməti, mərkəz və qadınlara sığınacaqların yaradılmasını məqsəd qoyur. Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə üzrə işçi qrupu hər 200 000 əhaliyə bir mərkəzin yaradılmasını tövsiyə edir.

Konvensiya göstərilmiş cinayətlər nəticəsində dəyən zərərlərə görə kompensasiya hüququnu müəyyən edir.

“Namus cinayətləri”

Konvensiyada cinayətlərə, o cümlədən “namus cinayətləri” adlanan cinayətlərə bəraətin qazandırılmasının qəbuledilməz olduğu xüsusi vurğulanır.

“Mədəniyyət, din, adət-ənənə və ya hər hansı başqa şəxsi səbəbləri qadınlara qarşı zorakılığın və məişət zorakılığının müdafiəsi üçün istifadə etmək qəbuledilməzdir. Məhkəmə qanunların şərhi zamanı bu növ səbəbləri əsas götürməməlidir“, sənədə deyilir.

Monitorinq mexanizmi

Konvensiyaya qoşulan dövlətlərdə monitorinqlər aparılır və onlardan hesabatlar alınır. Monitorinq qrupu QHT-lərdən, vətəndaş cəmiyyətlərindən, insan haqlarının müdafiəsi üzrə milli institutlardan, Avropa Şurasının İnsan Haqları üzrə Komissarından, Parlament Assambleyasından və Avropa Şurasının və yaxud Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya (CEDAW) komitəsi kimi digər beynəlxalq təsisatların yaratdığı ixtisaslaşdırılmış qurumlardan məlumat ala bilər.

Azərbaycan İstanbul Konvensiyasına qoşulsa, nə dəyişər?

“Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti“nin sədri, gender mütəxəssisi Şəhla İsmayıl hesab edir ki, İstanbul Konvensiyası Azərbaycanda qadınlara zorakılıq hallarının qarşısını almağa çox kömək olar, sazişin maddələri məsələni köklü surətdə həll etməyə yardım edər.

“Konvensiyada elə maddələr var ki, onun imzalanması istər milli, istər beynəlxalq öhdəliklərə çox da hörmət edilməyən və öhdəliklərin sənəd üzərində qaldığı Azərbaycan kimi ölkədə belə konkret addımlarla nəticələnəcək. Məsələn, konvensiyada qeyd olunan sığınacaq və infrastruktur yaradılmalıdır, bir pəncərə sistemi olmalıdır, ki, qadınlar lazımi xidmətləri bir yerdən ala bilsinlər, bürokratik əngəllər olmamalıdır. Tibbi, psixoloji xidmətlərin göstərilməsi təşkil edilməlidir... Azərbaycan bu konvensiyaya qoşulsa, belə bir infrastrukturun qurulmasının ölkə daxilində çox böyük xidməti olacaq.”

Ş.İsmayıl deyir ki, Azərbaycan İstanbul Konvensiyasına qoşulsa, qanunlardakı boşluqlara da düzəliş edilər. Çünki konvensiyanın digər qanunvericilik aktları və Cinayət Məcəlləsi ilə hormoniyası vacibdir.

Bəs konvensiyaya qoşulmağa nə mane olur?

Ş.İsmayıl konvensiyanın tətbiqinin bahalı mexanizm olduğunu, böyük maliyyə resursu tələb etdiyini, amma Azərbaycanın bu maliyyə resursunu tapmağa qadir olduğunu vurğulayır:

“Azərbaycanın indiyədək bu konvensiyaya qoşulmamasının səbəbi öhdəliklərdir. Azərbaycan konvensiyaya qoşulsa, maliyyə resursu tapılacaq, ancaq burada böyük siyasi iradə lazımdır. Məsələyə təkcə qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması məsələsi kimi yanaşmamalıyıq. Hökumət gender məsələlərinə kifayət qədər həssas yanaşır və bu konvensiyaya qoşulmağa etiraz etməz, amma qoşulsaq, böyük dəyişikliklərə ehtiyac yaranacaq, kifayət qədər böyük islahatlar tələb ediləcək. Bunlar zəncirvaridir, bir-birindən asılı məsələlərdir. Hökumətin islahatlara hazır olub-olmaması sual altındadır. Ona görə, həm maddi, həm siyasi tərəfdən bu konvensiyaya qoşulmamaq üçün kifayət qədər səbəb var.”

Mütəxəssis onu da deyir ki, Azərbaycanda qadına qarşı zorakılığı aradan qaldırmaqdan ötrü İstanbul Konvensiyasının imzalanmasını gözləməyə ehtiyac yoxdur. İndiki qanunverici bazanı əsas götürərək, bu istiqamətdə iş görmək olar.

“Təhsilsiz qadın olmamalıdır“

Millət vəkili, Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa hesab edir ki, Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılmasının yolu təhsildir.

“Qadın ixtisaslaşanda, peşəkarlaşanda, iqtisadi fərd kimi özünü ailədə müstəqil hiss edəndə öz haqqını qorumaq imkanına da nail olur. Amma qadın 15, lap 20 yaşında bir diplomla ərə gedəndə ixtisasa yiyələnə bilmir. Boşanma riski yarananda özünü ayaq üstə tuta biləcək qabiliyyəti olmur və hər cür zorakılığa dözməyə məcbur qalır. Odur ki, ölkədə təhsil almayan qadın olmamalıdır“.

F.Mustafanın fikrincə Azərbaycanda qadın haqlarının qorunması yönündə iş görülür, qanunlar qəbul edilir, lakin onların tətbiqində problem yaranır və bunun səbəbi həm də qadınların özləridir. “Bəzi proseslərdə qadınlar təşkilatlanmış halda iştirak edə bilmirlər. Buna maneələr var, amma gərək fəallıq olsun ki, maneələri aşmaq mümkünləşsin. Mental dəyərlər elədir ki, çox adam zorakılığı açıqlamaq istəmir, gizlədir. Bu da çox vaxt hüququn qorunması istiqamətində addımlar atmağa mane olur. Qadınların özlərinin zorakılığı gizlətməsi tendensiyası qalmaqdadır.”

“Milli Fəaliyyət Planı“ qəbul edilməlidir

Gender üzrə ekspert Xalisə Şahverdi hesab edir ki, Azərbaycanda qadına qarşı zorakılıqla mübarizə aparmaqdan ötrü milli fəaliyyət planı olmalıdır, çoxşaxəli, dayanıqlı fəaliyyətlər göstərilməlidir. “İşə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qrupları və qeyri-hökumət təşkilatlarının əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün məişət zorakılığı ilə mübarizə üzrə Əlaqələndirmə Şurası yaradılmalıdır.”

İstanbul Konvensiyasına gəlincə X.Şahverdinin də fikrincə saziş Azərbaycan üçün çox əhəmiyyətli olar. Ölkənin konvensiyaya qoşulmamasını mütəxəssis sənədin bəzi maddələrinin yanlış təsviriylə bağlayır.